XX əsrdə Azərbaycan
xalqının bəşəriyyətə bəxş etdiyi
nadir şəxsiyyətlərdən biri, dünya şöhrətli
siyasətçi və təcrübəli dövlət rəhbəri,
ulu öndərimiz Heydər Əliyevin bənzərsiz
ömür yolu, zəngin ictimai və siyasi fəaliyyəti
tariximizdə mühüm, şərəfli və
böyük bir mərhələ təşkil etmişdir. Onun
gərgin fəaliyyəti və uzaqgörənliyi nəticəsində
Azərbaycanda vətəndaş cəmiyyəti və
hüquqi dövlətin əsası qoyulmuş və
respublikamız demokratik, hüquqi, dünyəvi dövlət
quruculuğu yolu ilə əzmlə irəliləyərək
öz müstəqilliyini daha da möhkəmləndirmişdir.
Müasir Azərbaycan
dövlətinin banisi Heydər Əliyev tərəfindən əsası
qoyulmuş iqtisadi inkişaf strategiyasının həyata
keçirilməsi bu gün möhtərəm Prezident
İlham Əliyev tərəfindən çox böyük
uğurla davam etdirilir. Ötən dövr ərzində Azərbaycan
yeni dünya düzənində özünə layiqli yer
tutmuşdur. O da danılmaz həqiqətdir ki, bu gün qlobal
enerji-kommunikasiya layihələrinin əsas
iştirakçısı kimi ölkəmiz regionda,
ümumilikdə Avropada əsas söz sahiblərindən
biridir.
Ümummilli liderimiz Heydər
Əliyevin yeni neft strategiyasının tərkib hissəsi olan
Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri və
Bakı-Tbilisi-Ərzurum əsas ixrac qaz boru kəməri
reallığa çevrilərək Xəzərin karbohidrogen
ehtiyatlarının dünya bazarlarına
daşınmasını təmin etməkdədir. Azərbaycanın
bu gün Avropanın enerji təhlükəsizliyinin əsas təminatçılarından
birinə çevrilməsi hamımızda qürur hissi
oyadır və dövlətimizin beynəlxalq mövqelərinin
möhkəmlənməsinə xidmət edir.
Enerji təhlükəsizliyi
məsələsinin bu gün müstəqil dövlətlər
üçün nə dərəcədə böyük
problem olmasını qonşu ölkələrin nümunəsində
dəfələrlə müşahidə etmişik. Bu problem
bir çox hallarda ölkələrin müstəqilliyini təhdid
edən, inkişafına maneə yaradan çox ciddi əngələ
çevrilir. Azərbaycan isə nəinki bu cür problemlərdən
uzaqdır, üstəlik, respublikamız regionun və
Avropanın enerji təhlükəsizliyinin təminatında əsas
tərəfdaşlardan biri kimi çıxış edir.
Ölkə
iqtisadiyyatının və əhalinin enerji resurslarına olan
tələbatının daha dolğun ödənilməsini təmin
etmək bu gün Azərbaycan Respublikası Prezidentinin
yanacaq-enerji kompleksinin qarşısında qoyduğu əsas vəzifələrdən
biridir. Xüsusilə respublikanın regionlarının dinamik
inkişafını və bununla əlaqədar elektrik enerjisinə
tələbatın artım sürətini nəzərə
alaraq yeni güclərin yaradılması əsas strateji məsələlərdən
biridir.
Müasir dövlətimizin
banisi Heydər Əliyevin müəllifi olduğu yeni neft
strategiyasının, eləcə də elektroenergetika sahəsində
dövlət siyasətinin uğurla həyata keçirilməsi
nəticəsində Azərbaycan artıq özünün
enerji təhlükəsizliyini tam təmin etməklə bərabər
neft, qaz və elektrik enerjisi ixrac edən ölkəyə
çevrilmişdir. Bütövlükdə son dövrləri
Azərbaycanın elektroenergetika sənayesi üçün əsaslı
yüksəliş və yeni inkişaf mərhələsi kimi
xarakterizə etmək olar.
Prezident İlham Əliyevin
şəxsi təşəbbüsü və
qayğısı sayəsində bu illər ərzində
ölkədə 9 elektrik stansiyası tikilmişdir ki, bunun da əksəriyyəti
regionların payına düşür. Naxçıvan Muxtar
Respublikasında yeni tikilmiş elektrik stansiyasının
hesabına artıq Türkiyəyə elektrik enerjisinin
ixracına başlanılmışdır. Sumqayıt şəhərində
müasir buxar-qaz yeni istilik elektrik stansiyasının tikilib
istifadəyə verilməsi Abşeron iqtisadi regionunun elektrik
enerjisi ilə etibarlı təmin edilməsinə səbəb
olmuşdur. Hazırda bu işlərin davamı olaraq Şirvan
şəhərində, Dəvəçi və Füzuli
rayonlarında da yeni elektrik stansiyalarının tikintisi davam
etdirilir. Bundan əlavə, son illər paytaxt əhalisinin
elektrik enerjisinə olan tələbatını ödəmək
məqsədilə Bakı şəhərində 104,4
MVt-lıq və Qaradağ rayonunda 300 MVt-lıq "Səngəçal"
modul tipli elektrik stansiyaları tikilib istismara verilmişdir. Ölkənin
elektroenergetika sisteminin dayanıqlığının təmin
edilməsi məqsədilə nəzərdə tutulmuş tədbirlərin,
ötürücü və paylayıcı elektrik şəbəkələrinin
yenidənqurulması işlərinin uğurla həyata
keçirilməsi əhalinin və sənayenin elektrik enerjisi
ilə fasiləsiz təminatına imkan yaratmışdır.
Məlum məsələdir
ki, ənənəvi enerji mənbələri tükənməz
deyildir, zaman keçdikcə onların azalması prosesi
baş verir. Bu amil və onlardan istifadə zamanı ətraf
mühitə külli miqdarda zərər vurulduğunu nəzərə
alaraq dünya ölkələrində (ABŞ, Yaponiya,
Almaniya, Finlandiya, Kanada, İspaniya, Çin və s.) ekoloji cəhətdən
təmiz enerji mənbələrindən (günəş,
külək enerjisi, kiçik SES-lər, termal sular, biokütlə
enerjisi) geniş istifadə olunur. Dünya üzrə istehsal
edilən elektrik enerjisinin 15 faizə yaxını alternativ və
bərpa olunan enerji mənbələrindən istifadə edilməklə
əldə edilir, onun isə 80 faizi biokütlədən
alınan enerjidir. Günəş enerjisinin birbaşa elektrik
enerjisinə çevrilməsi də dünya praktikasında
geniş yayılmışdır və inkişaf etmiş
ölkələrdə energetikanın əsas istiqamətlərindən
biri hesab olunur. Son 10 ildə külək enerjisindən istifadə
etməklə elektrik enerjisi istehsalı on dəfədən
çox artmışdır.
Ölkəmizin yerləşdiyi
əlverişli coğrafi mövqe və iqlim şəraiti
imkan verir ki, dünyanın inkişaf etmiş ölkələrində
olduğu kimi, respublikamızda da ekoloji cəhətdən təmiz
və bərpa olunan alternativ enerji mənbələrindən
geniş istifadə edilsin. Belə mənbələrdən
istifadə edilməsi istilik enerji stansiyalarında yandırılan
böyük miqdarda yanacağa qənaət edilməsi və ətraf
mühitə atılan zərərli maddələrin
miqdarının nisbətən azaldılması ilə nəticələnər.
Həmçinin, təbii potensialların elektrik və istilik
enerjisi istehsalına cəlb edilməsi elektroenergetikanın gələcək
inkişafı istiqamətində mütərəqqi dəyişikliklər
etməyə də imkan yaradacaq.
Ənənəvi enerji
növləri sahəsində malik olduğumuz zəngin
potensial ölkəmizin tələbatına tam cavab versə də,
perspektiv inkişaf baxımından mütləq alternativ və
bərpa olunan enerji mənbələrindən istifadə
istiqamətində dövlət başçısı cənab
İlham Əliyev tərəfindən qarşıya daha konkret
vəzifələr qoyulmuşdur. Azərbaycan
Respublikasının Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin
tamhüquqlu üzvü olması barədə
tapşırıq və bu təşkilatın Nizamnaməsini
imzalaması da məhz möhtərəm Prezidentin bu sahənin
inkişafına göstərdiyi böyük diqqətin ifadəsidir.
Belə ki, Azərbaycan Prezidentinin müvafiq sərəncamına
əsasən, cari il yanvarın 26-da Bonn şəhərində
təsis edilmiş Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin
Nizamnaməsini Azərbaycan Respublikası adından imzalamaq səlahiyyəti
Azərbaycan Respublikasının sənaye və energetika
nazirinə verilmiş və sərəncamdan irəli gələn
vəzifələrin icrası ilə əlaqədar Almaniya
Federativ Respublikasının paytaxtı Berlin şəhərində
bu mötəbər təşkilatın Nizamnaməsi
imzalanmışdır.
Beynəlxalq Bərpa
Olunan Enerji Agentliyinin (İRENA) əsas məqsədi bərpa
olunan enerjinin qlobal səviyyədə geniş və
davamlı istifadəsinə təkan verməkdən ibarətdir.
İRENA həmçinin inkişaf etmiş və inkişaf
etməkdə olan ölkələr üçün əməkdaşlıq
çərçivələrinin müəyyən
olunmasını nəzərdə tutur. Eyni zamanda, İRENA
davamlı inkişaf nöqteyi-nəzərindən bərpa
olunan enerjinin hərtərəfli, geniş tətbiqi və
istifadəsini əsas məqsəd kimi müəyyənləşdirib.
İRENA-nın əsas vəzifələri sırasında bərpa
olunan enerji və enerji səmərəliliyi məsələlərinə
birgə sistemli yanaşmada meydana çıxan milli prioritetlərə
yardımların təmin olunmasıdır. Onu da qeyd edim ki, Azərbaycan
İRENA-nın Nizamnaməsini imzalayan 93-cü dövlət
olmuşdur.
Bu ilin iyun aynda Misirin
Şarm əl-Şeyx şəhərində
keçirilmiş Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin
sessiyasındakı çıxışımda da möhtərəm
Prezidentin tapşırığına uyğun olaraq
respublikamızın Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin
fəaliyyətini tamamilə dəstəklədiyini və bu təşkilatın
qarşıya qoyduğu vəzifələrin həyata
keçirilməsi yolunda bütün imkanlardan istifadə
olunacağını bildirdim. Belə bir fikri də
iştirakçı ölkələrin təmsilçilərinin
diqqətinə çatdırdım ki, son illər Azərbaycan
Respublikası tərəfindən alternativ və bərpa
olunan enerji növlərindən səmərəli istifadə
sahəsində bir sıra mühüm addımlar
atılmış və bu məsələyə diqqət
dövlət siyasəti səviyyəsinə
qaldırılmışdır.
Ölkəmizdə
alternativ və bərpa olunan enerji mənbələrini
istismara cəlb etməklə enerji resurslarından istifadənin
səmərəliliyini yüksəltmək və Azərbaycan
Respublikası Prezidentinin 2004-cü il 21 oktyabr tarixli sərəncamı
ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında
alternativ və bərpa olunan enerji mənbələrindən
istifadə olunması üzrə Dövlət
Proqramı"ndan irəli gələn məsələlərin
ardıcıl və səmərəli həyata keçirilməsini
sürətləndirmək məqsədilə Sənaye və
Energetika Nazirliyinin tərkibində Alternativ və Bərpa
Olunan Enerji Mənbələri üzrə Dövlət
Agentliyinin yaradılması haqqında Azərbaycan Prezidentinin
imzaladığı 16 iyul 2009-cu il tarixli fərmanın əhəmiyyəti
olduqca yüksəkdir. Təsadüfi deyil ki, möhtərəm
Prezident Nazirlər Kabinetinin 2009-cu ilin birinci
yarısının yekunlarına həsr olunmuş
iclasındakı çıxışında da bu məsələnin
həllinin böyük əhəmiyyətini qeyd etmişdir:
"Biz alternativ enerji mənbələrini yaratmağa
çalışmalıyıq. İlk növbədə
kiçik çaylarda mini su-elektrik stansiyaları tikilməlidir.
Bununla yanaşı, biz
külək və günəş enerjisindən də səmərəli
istifadə etməliyik. Günəş də, külək də
bizdə kifayət qədərdir. Biz bu təbii imkanlardan səmərəli
istifadə etməliyik. Bu sahəyə həm yerli, həm də
xarici özəl şirkətləri cəlb etmək olar. Bu
yaxınlarda mən Alternativ Enerji Mənbələri üzrə
Dövlət Agentliyinin yaradılması haqda sərəncam
imzalamışam. Biz bu sahəyə çox ciddi diqqət yetirməliyik".
Dövlət
başçısının bu qərarı həm də
milli energetikanın tərəqqisi naminə həyata
keçirilən məqsədyönlü siyasətin məntiqi
nəticəsidir. Təsadüfi deyil ki, möhtərəm
Prezidentin imzaladığı fərmanda dünya təcrübəsində
geniş yayılmış alternativ enerji mənbələrindən
(günəş, külək, termal sular enerjisindən,
kiçik çaylar və s.) istifadə və daha da
inkişaf etdirilməsi öz əksini tapmışdır. Şübhəsiz
ki, ekoloji cəhətdən təmiz alternativ və bərpa
olunan enerji mənbələrindən istifadə edilməsi
respublikamızda istilik elektrik stansiyalarında yandırılan
böyük miqdarda yanacağa qənaət edilməklə həm
də ətraf mühitə atılan zərərli
tullantıların miqdarının azaldılmasına imkan verəcəkdir.
Mühüm əhəmiyyət kəsb edən bu fərmanın
icrası enerjiyə qənaət və ekologiya sahəsində
nəzərdə tutulmuş tədbirlərin həyata
keçirilməsinə güclü təkan verəcəkdir.
Bununla əlaqədar olaraq Prezident İlham Əliyev enerji təhlükəsizliyinin
təmin olduğunu və əlavə elektrik enerjisinin
qonşu ölkələrə ixrac edilməsini nəzərə
alaraq Sənaye və Energetika Nazirliyinə tapşırıq
vermişdir ki, bundan sonra alternativ enerji mənbələrinin
yaradılması, ilk növbədə, kiçik çaylarda
mini su-elektrik stansiyalarının tikilməsi, Tovuz çay su
elektrik stansiyasının tikintisinə ciddi fikir verilməsi, gələn
ilin büdcəsində bu tikintiyə müəyyən vəsaitin
nəzərdə tutulması, külək və günəş
enerjisindən səmərəli istifadə etmək
üçün işlərin görülməsi, bu sahəyə
yerli və xarici özəl şirkətlərin də cəlb
olunması, gələn ildən başlayaraq dövlət
büdcəsi hesabına pilot layihələr kimi külək
və günəş enerjisindən istifadə etmək
üçün əməli-praktik işlərin
görülməsi tezliklə həyata keçirilsin.
Xüsusi olaraq qeyd etməliyəm
ki, Azərbaycan Prezidentinin 21 oktyabr 2004-cü il tarixli sərəncamı
ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında
Alternativ və bərpa olunan enerji mənbələrindən
istifadə olunması üzrə Dövlət Proqramı"
çərçivəsində bir sıra müvafiq tədbirlər
həyata keçirilir, respublikamız bu sahədə
ayrı-ayrı ölkələrin təcrübəsini diqqətlə
öyrənir, təhlillər aparır və beynəlxalq
qurumlarla sıx əməkdaşlıq edir.
"Azərbaycan
Respublikasında Alternativ və bərpa olunan enerji mənbələrindən
istifadə olunması üzrə Dövlət
Proqramı"nda öz əksini tapan tapşırıqlarla
yanaşı, son dövrlər möhtərəm Prezidentin
imzaladığı digər dövlət proqramlarında da
alternativ və bərpa olunan enerji mənbələrindən
istifadə ilə bağlı konkret müddəalar var.
Azərbaycan
Respublikası Prezidentinin 14 aprel 2009-cu il tarixli fərmanı
ilə təsdiq edilmiş "Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı" nda bu vacib məsələyə
geniş yer ayrılmışdır. Yeni regional inkişaf
proqramında alternativ və bərpa olunan enerji mənbələrindən
istifadənin genişləndirilməsi də nəzərdə
tutulur ki, bu da ölkənin enerji təhlükəsizliyinin təminatına
mühüm töhfələr verəcək. Bu məqsədlə
ölkənin ayrı-ayrı regionlarında günəş və
külək enerjisi istehsal edən qurğuların
inşası planlaşdırılır. Məsələn,
ilkin təcrübə kimi Naxçıvan iqtisadi rayonuna daxil
olan Ordubad və Culfa rayonlarının Arazboyu düzənlik ərazilərində
külək elektrik qurğuları, eləcə də muxtar
respublikanın ayrı-ayrı yerlərində günəş
enerjisi ilə qidalanan müasir tipli elektrik stansiyaları
tikilib istismara veriləcək.
Bütün bu tədbirlərin
reallaşdırılması isə qeyd etdiyim kimi, ölkənin
elektroenergetika sisteminin dayanıqlığının tam təmin
edilməsinə gətirib çıxaracaq ki, bu da öz
növbəsində istehlakçıların elektrik enerjisi ilə
fasiləsiz təmin edilməsinə imkan yaratmaqla bərabər,
qarşıdakı illərdə Azərbaycanın elektrik
enerjisi üzrə ixrac potensialını daha da genişləndirəcək.
Təsadüfi deyil ki,
son illərdə bu sahədə aparılan elmi-tədqiqat
işləri nəticəsində külək, günəş
və biokütlədən enerji alınması sahəsində
bir sıra layihələr hazırlanmış, təcrübə-sınaq
qurğuları yaradılmışdır. Günəş
enerjisinin faydalı iş əmsalının
artırılması sahəsində mühüm elmi-tədqiqat
işləri görülmüş, ölkənin külək
kadastrı işlənib hazırlanmış, Abşeron
yarımadasında irimiqyaslı külək enerjisi
qurğularının inşası üçün ərazilər
seçilmiş və bu ərazilərdə külək
enerjisinin fiziki və energetik parametrləri təyin
edilmişdir.
"Azərbaycan
Respublikasında Alternativ və bərpa olunan enerji mənbələrindən
istifadə olunması üzrə Dövlət
Proqramı"nda nəzərdə tutulan tədbirlərin
yerinə yetirilməsini təmin etmək məqsədilə Sənaye
və Energetika Nazirliyində Koordinasiya Şurası
yaradılmışdır ki, bu da yarandığı vaxtdan
etibarən respublikada alternativ və bərpa olunan enerji mənbələrinin
müəyyən edilməsində və onun prioritetliyinin əsaslandırılmasında
müntəzəm işlər yerinə yetirir.
Həyata keçirilən
işlərdən biri kimi, Asiya İnkişaf Bankı ilə
Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi
arasında imzalanmış alternativ enerji mənbələrinin
istifadəsi barədə müqavilə mühüm əhəmiyyət
kəsb edir. Bu çərçivədə kiçik su
elektrik stansiyalarının inşası layihəsinin həyata
keçirilməsi üçün Asiya İnkişaf
Bankı tərəfindən İsveçrənin
"N-tech" şirkəti
məsləhətçi seçilmişdir. Bu layihə
çərçivəsində kiçik su elektrik
stansiyalarının quraşdırılması
üçün müvafiq ərazilər seçilmiş və
layihənin texniki-iqtisadi əsaslandırılması
hazırlanmışdır.
BMT-nin İnkişaf
Proqramı çərçivəsində Azərbaycan
Respublikası ərazisində kiçik su elektrik
stansiyalarına texniki yardım layihəsi və külək
enerjisi potensialının araşdırılması layihələri
həyata keçirilir. Layihəni dəstəkləyən
Norveç hökuməti Azərbaycan Respublikasında
kiçik su elektrik stansiyalarının inkişafına dair
qanunları Avropa standartlarına uyğunlaşdırmaq və
bu sahəyə sərmayənin cəlb edilməsini sadələşdirmək
məqsədi daşıyır.
BMT-nin İnkişaf
Proqramı çərçivəsində olan digər bir
layihə Azərbaycanda külək enerjisi potensialının
araşdırılmasından ibarətdir. Yəni, külək
enerjisinin istifadəsi üçün müvafiq zonaların təyin
edilməsi və bu zonalarda külək enerjisinin istifadə
olunmasının həyata keçirilməsidir. Qeyd edək
ki, Quba rayonunun Xınalıq kəndində alternativ enerji mənbələrindən
istifadə etmək üçün "Ekoenergetika
Akademiyası" ilə birgə müvafiq ərazilərin
seçilməsi və avadanlıqların
quraşdırılması məqsədilə bir sıra tədqiqat
işləri aparılmışdır. Həmçinin,
"Quba rayonunun Xınalıq kəndinin elektrik enerjisi və
qaz təchizatı üçün alternativ enerji mənbələrindən
istifadə etməklə hibrid sisteminin yaradılması"
layihəsinin ilkin texniki-iqtisadi əsaslandırılması
hazırlanmışdır.
Azərbaycan
dünyanın inkişaf etmiş ölkələri ilə əməkdaşlığını
və dünya iqtisadiyyatına inteqrasiyasını nəzərə
alaraq iqtisadi cəhətdən inkişaf etmiş ölkələr
tərəfindən həyata keçirilən və perspektivi
olan enerji siyasətindən kənarda qala bilməz. Nəzərə
almalıyıq ki, təbii sərvətlər hesabına
alınan enerjidən fərqli olaraq alternativ enerji mənbələri
tükənməzdir və buna gələcəkdə tələbat
daha da artacaqdır. Qeyd olunanlarla yanaşı, alternativ və
bərpa olunan enerji mənbələrindən səmərəli
istifadənin özünəməxsus çətinlikləri
də var. Təsadüfi deyil ki, texnologiyanın ən son
nailiyyətlərinin tətbiq olunduğu müasir
dünyamızda istehsal olunan enerjinin hələ ki, yalnız
13,5 faizi alternativ və bərpa olunan enerji mənbələrinin
payına düşür.
Həmin enerjinin isə
79,9 faizi biokütlənin, 16,4 faizi suyun, 3,2 faizi geotermal, 0,3
faizi günəşin və 0,2 faizi küləyin payına
düşür. Dünyada, bu sahənin inkişafı
"Ozon qatının qorunması haqqında Vyana
Konvensiyası" (1985), "Ozon qatını dağıdan
maddələr haqqında Monreal Protokolu" (1987) və
Protokola düzəlişlər (London - 1990, Kopenhagen - 1992,
Monreal - 1997), "Dayanıqlı inkişaf haqqında"
BMT-nin XXI əsrin gündəliyi konfransı (Rio-de Janeyro -
1992), Avropa ölkələrinin ətraf mühit nazirlərinin
konfransı (Lyusem - 1993), "Dayanıqlı energetika və
parnik effekti yaradan qaz tullantılarının azaldılması
haqqında Kioto Protokolu"nun (1997) prinsiplərinə əsaslanmışdır
ki, Azərbaycan Respublikası da bu sənədlərə tərəfdaş
çıxmışdır.
Karbohidrogen xammalından
istifadədə qənaətə və zərərli maddələrin
tullantılarının azalmasına ənənəvi enerji
növlərini bərpa olunan enerji mənbələri ilə
tədricən əvəzləməklə nail olmaq
mümkündür. Azərbaycanda tüstü
qazlarının (parnik effekti yaradan qazlar) əsasını
karbon qazı təşkil edir ki, onun da emissiyasının 97
faizi energetikanın payına düşür. Hesablamalara əsasən,
birbaşa təsirli tüstü qazlarının
emissiyasının dəyişmə dinamikasına görə
2000-2025-ci illərdə onun həcmi artacaq. Digər tərəfdən
onu da nəzərə almaq lazımdır ki, qeyd etdiyimiz kimi,
karbohidrogen xammalı ehtiyatları tükənməz deyil və
nə zamansa bütün dünya bu problemlə üz-üzə
qalmalı olacaq.
Aparılan hesablamalara əsasən,
alternativ və bərpa olunan enerji mənbələrindən
istifadə etməklə yaxın perspektivdə
respublikamızda istehsal olunan elektrik enerjisinin 5-7 faizini, istilik
enerjisinin isə 10 faizə qədərini bu mənbələr
hesabına ödəmək mümkündür. Azərbaycan
öz coğrafi mövqeyinə görə günəş
enerjisi ehtiyatları ilə zəngindir. Xüsusilə,
Abşeron yarımadasında və Xəzər dənizinin sahilboyu
ərazisində günəş işığının
müddəti il ərzində 2500, Naxçıvan Muxtar
Respublikasında isə 2900 saata bərabərdir. Hesablamalar
göstərir ki, muxtar respublikanın enerji
ehtiyatlarının təxminən yarısını alternativ
enerji mənbələrsi hesabına ödəmək mümkündür.
Külək enerjisinə
gəldikdə isə məlumdur ki, Abşeron yarımadası
və Xəzər dənizinin sahilboyu ərazisində il ərzində
azı 270 gündən artıq güclü küləklər
əsir. Maraqlıdır ki, 500 kVt gücə malik olan bir
külək elektrik stansiyası daş kömür
stansiyası ilə müqayisədə 750-1250 ton karbon
qazının, 3-6 ton digər zərərli maddələrin
emissiyasının qarşısını alır. Abşeron
yarımadasında külək qurğularının tətbiqi
ölkə iqtisadiyyatına mühüm töhfə
olacaqdır. Bu ərazidə külək enerjisindən
genişmiqyaslı istifadə ümumi enerji balansının 20
faizini təmin edər və bu qədər də üzvi
yanacağa qənaət olunar. 20 il ərzində külək
enerjisindən istifadə etməklə 2,4 milyon ton mazuta qənaət
etmək olar ki, bu da 7,5 milyon ton karbon qazının atmosferə
atılmasının qarşısını almaq deməkdir.
Bərpa edilən enerji
mənbələri ilə məşğul olan mütəxəssislərimiz
də bu sahənin inkişaf perspektivlərinə böyük
ümidlə baxırlar. Əsas məsələ isə
ölkədə alternativ və bərpa olunan enerji mənbələrindən
istifadə sahəsinə kapital qoyuluşu üçün
hüquqi bazanın yaradılmasıdır. Bərpa olunan
enerji mənbələrindən istifadənin özünəməxsus
xüsusiyyətlərindən irəli gələn bir sıra
səbəbləri - ənənəvi təcrübənin
yoxluğunu, peşəkarların azlığını,
müasir texnologiya və reklamların
çatışmamasını, rəqabət qabiliyyətinin
aşağı səviyyəsini, xaricdə istifadə olunan
avadanlıqlar haqqında informasiyanın
qıtlığını, ümumiyyətlə, sistemli
infrastrukturun zəifliyini nəzərə alaraq qeyd etmək
istəyirəm ki, gələcəkdə bizim bu sahədə
görəcəyimiz işlər hələ çoxdur.
Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin 16 iyul 2009-cu il tarixli fərmanı
ilə Sənaye və Energetika Nazirliyinin tabeliyində
yaradılmış Alternativ və Bərpa Olunan Enerji Mənbələri
üzrə Dövlət Agentliyinin yuxarıda qeyd olunmuş məsələləri
vaxtında və yüksək keyfiyyətlə yerinə yetirəcəyini
əminliklə bildiririk.
Natiq ƏLİYEV
Azərbaycan Respublikasının
sənaye və energetika naziri
Azərbaycan.- 2009.- 3 sentyabr.- S.4.