Hacıqabul rayon Uşaq
Tibb Mərkəzi istifadəyə verilmişdir
Sentyabrın 3-də
Hacıqabul rayon Uşaq Tibb Mərkəzinin
açılışı olmuşdur.
Azərbaycan Prezidenti
İlham Əliyev mərasimdə iştirak etmişdir.
Mərasimə
toplaşan səhiyyə işçiləri, ictimaiyyətin
nümayəndələri dövlətimizin
başçısını böyük hörmət və
ehtiramla, hərarətli alqışlarla
qarşıladılar.
Prezident İlham Əliyev
uşaq xəstəliklərinin qarşısının
alınması, profilaktikası məqsədi ilə tikilən
mərkəzin açılışını bildirən
lenti kəsdi və səhiyyə ocağı ilə
yaxından tanış oldu.
Təməli 2007-ci ilin
avqustunda Prezident İlham Əliyev tərəfindən qoyulan
Hacıqabul rayon Uşaq Tibb Mərkəzinin ümumi sahəsi
5 min kvadratmetr, ikimərtəbəli binanın sahəsi isə
688 kvadratmetrdir. Müasir standartlara uyğun inşa edilmiş
səhiyyə ocağının ayrıca qazanxanası, su
anbarı və elektrikpaylayıcı generatoru vardır. Mərkəzin
həyətyanı sahəsi abadlaşdırılmış,
yaşıllıq zolağı salınmış, tibb müəssisəsinə
gələn yola asfalt döşənmiş, yeni
işıqlandırma sistemi
quraşdırılmışdır.
Mərkəzin tikintisində
yerli və xarici ölkələrdən gətirilmiş
inşaat materiallarından və avadanlıqdan istifadə
olunmuşdur. Ümumilikdə, 250 kvadratmetr əraziyə
qranit, 150 kvadratmetr sahəyə isə mərmər
döşənmişdir.
Uşaq Tibb Mərkəzinin
birinci mərtəbəsində poliklinika, stomatologiya, cərrahiyyə,
oftalmologiya, travmatologiya şöbələri, nevropatoloq, LOR həkim
kabinetləri, manipulyasiya, peyvənd, masaj, fizioterapiya və
yeniyetmələr otaqları yerləşir. İkinci mərtəbədəki
15 çarpayılıq stasionar şöbədə isə qəbul,
prosedur otaqları, yeməkxana vardır.
Mərkəzdə
uşaqlar üçün əyləncə otağı və
bufet də fəaliyyət göstərir.
Dövlətimizin
başçısına məlumat verildi ki, Uşaq Tibb Mərkəzində
17 həkim və 30 nəfərdən ibarət orta tibb heyətinin
işləyəcəyi nəzərdə tutulmuşdur. Mərkəz
Hacıqabul rayonu ilə yanaşı qonşu rayonların da əhalisinə
xidmət göstərəcəkdir.
Mərkəzin fəaliyyəti
ilə tanış olan dövlətimizin
başçısı səhiyyə ocağının
kollektivi ilə görüşdü. Prezident İlham ƏLİYEV
onları təbrik edərək dedi:
- Bu gözəl Uşaq
Tibb Mərkəzinin açılışı münasibətilə
sizi ürəkdən təbrik edirəm, sizə uğurlar
arzulayıram. Bu gözəl mərkəz ən yüksək
standartlara malikdir. Dünyada mövcud olan ən gözəl
avadanlıq burada vardır və quraşdırılıb. Mərkəz
keyfiyyətlə tikilib və əminəm ki, uşaqlara burada
çox gözəl tibbi xidmət göstəriləcəkdir.
Hacıqabul rayonunda səhiyyə məsələlərinin həlli
uğurla gedir.
Xəstəxana istifadəyə
verilibdir, indi isə Uşaq Tibb Mərkəzi. Elə etməliyik
ki, bütün rayonlarda, bütün yaşayış məntəqələrində,
Azərbaycanda səhiyyənin səviyyəsi yüksək
olsun və buna nail oluruq. Azərbaycanın müxtəlif yerlərində,
müxtəlif bölgələrində ən müasir,
gözəl xəstəxanalar tikilir, ən gözəl
avadanlıqla təchiz edilir və insanlara yaxşı tibbi
xidmət göstərilir.
Eyni zamanda, belə
gözəl xəstəxananın həkimlərin iş şəraitinin
yaxşılaşdırılması üçün də
öz rolu olacaqdır. Çünki həkimlər də gərək
yaxşı şəraitdə işləsinlər, xəstələr
yaxşı tibbi xidmət almalıdırlar.
Azərbaycanda səhiyyə
sistemində növbəti illərdə də vacib addımlar
atılacaqdır. İldən-ilə səhiyyəyə
ayrılan xərclər artır, infrastruktur yeniləşir,
Bakıda və bütün bölgələrdə çox
böyük elmi mərkəzlər yaradılır və bu
proses davam edir. Biz elə etməliyik ki, növbəti bir
neçə il ərzində Azərbaycanda səhiyyə
sisteminin bütün infrastrukturunu lazımi səviyyəyə
gətirək. Son illər ərzində
görülmüş işlər deməyə əsas verir
ki, biz buna nail olacağıq. Çünki görülən
bütün işlər göz qabağındadır. Azərbaycanın
ən ucqar rayonlarında ən müasir, dünya səviyyəli
tibb ocaqları yaradılır. Bu, hər bir ölkənin
ümumi inkişaf imkanlarını göstərir. Azərbaycanın
səhiyyə sisteminə ayrılan vəsaitin və göstərilən
diqqətin timsalında hamı görür ki, güclü
iqtisadiyyat güclü sosial siyasətin təməlidir.
Azərbaycan
iqtisadiyyatı çox güclüdür. Bu böhranlı
aylara, - bütün dünyanı maliyyə böhranı
bürüyüb, - baxmayaraq, Azərbaycan iqtisadiyyatı irəliyə
gedir. Bu ilin altı ayında təxminən 4 faiz iqtisadi
artım vardır. Bizim büdcə gəlirlərimiz də
lazımi səviyyədədir, büdcə xərcləri də
vaxtında icra olunur. Sosial siyasətin uğurla davam etdirilməsi
üçün əlbəttə ki, Azərbaycanda iqtisadi
islahatlar davam etdirilməlidir.
Son illər ərzində
bütün bölgələrdə böyük quruculuq
işləri aparılır. Bütün bölgələrdə
müasir infrastruktur - məktəblər, tibb ocaqları,
elektrik stansiyaları yaradılır, yollar, qaz xətləri,
su kəmərləri çəkilir, yəni insanın
yaşaması üçün hər şey edilir. Biz bu
inkişafı Hacıqabul rayonunun timsalında da
görürük. Rayonda son beş il ərzində müxtəlif
məhsulların buraxılışı üç dəfə
artıb, ümumi iqtisadi artım vardır. Bəzən bizdə
- Azərbaycanda iqtisadi uğurlarımızı enerji sektoru ilə
bağlayırlar. Amma baxın, Azərbaycanda qeyri-neft sektoru
neft sektorundan daha böyük templərlə artır. Nə
üçün?! Çünki biz öz imkanlarımızdan
səmərəli istifadə edə bilmişik, infrastruktur
layihələrinə vəsait ayırmışıq. Kənd
təsərrüfatının, sahibkarlığın
inkişafı üçün böyük vəsaitlər
ayrılır, yardımlar edilir və beləliklə, Azərbaycan
iqtisadiyyatı hərtərəfli inkişaf edir. Bu, hər
bir ölkənin uğurunun təməlində dayanan məsələdir.
O ki qaldı sosial siyasətə,
bu, artıq ölkələrin prioritetlərindən
asılıdır. Biz bazar iqtisadiyyatı şəraitində
yaşayırıq və bazar iqtisadiyyatının
qanunları bəzən çox sərt olur. Ancaq biz bazar
iqtisadiyyatının bütün prinsiplərini Azərbaycanda
tətbiq etməklə yanaşı, elə etməliyik ki,
güclü sosial müdafiə, sosial siyasət, insanlara
qayğı olsun, belə gözəl tibb ocaqları tikilib
istifadəyə verilsin. Bu da Azərbaycanda vardır və mən
heç şübhə etmirəm ki, növbəti illərdə
ölkəmiz daha da inkişaf edəcək, daha da güclənəcəkdir.
Demək olar ki, dünyanı bürümüş maliyyə
böhranı Azərbaycana çox az təsir göstərdi.
Bunun da köklü səbəbləri var - düzgün
iqtisadi siyasət, siyasi sabitlik, xalqla iqtidar arasında olan
birlik və ölkəmizdə mövcud problemlərin
vaxtında həlli.
Mən çox şadam
ki, yenidən Hacıqabuldayam. Mən iki il bundan əvvəl
sizinlə bərabər bu gözəl uşaq mərkəzinin
təməlini qoymuşam və çox şadam ki, iki ildən
sonra bu mərkəzin açılışında sizinlə
bərabər iştirak edirəm. Sizi bu gözəl hadisə
münasibətilə bir daha ürəkdən təbrik edirəm
və sizə uğurlar arzulayıram.
* * *
Həkim Aynur Qasımzadə
dövlətimizin başçısına təşəkkür
edərək dedi:
- Cənab Prezident, icazə
verin Sizi Hacıqabul sakinləri və tibb işçilərimiz
adından salamlayım.
Cənab Prezident, xoş gəlmisiniz!
Bu gün rayonumuz
sevinc içərisindədir.
Xüsusilə, biz tibb işçilərinin
sevinci hədsizdir.
Çünki bu gün rayonumuzda
müasir avadanlıqla təchiz olunmuş bu möhtəşəm
Uşaq Tibb Mərkəzinin açılışıdır.
Əziz Prezident, iki il əvvəl
Sizin xeyir-duanızla təməli qoyulan və bu gün
açılışına toplaşdığımız
Uşaq Tibb Mərkəzinin bizlərə bəxş etdiyi
sevinci heç vaxt unutmayacağıq. Mərkəzin
"Uşaq ili" elan olunan 2009-cu ildə istifadəyə
verilməsi bütün körpələr üçün ən
böyük töhfədir. Bizlərə bəxş etdiyiniz
sevincə görə bütün həkim ordusu adından, eləcə
də rayonumuzun sakinləri adından Sizə dərin minnətdarlığımızı
bildiririk.
Əziz Prezident, Sizin
atdığınız hər bir addım, qəbul etdiyiniz hər
bir qərar Azərbaycanın işıqlı gələcəyinə
yönəlmişdir. Biz "gələcək" deyəndə
sağlam körpələrimizi nəzərdə tuturuq. Bu
gün biz bir həkim ordusu kimi söz veririk ki, bütün
körpələrimizin sağlamlığı naminə hər
bir çətinlikdən mərdliklə
çıxacağıq. Əziz Prezident, mənə verilən
bu imkandan istifadə edərək, səhiyyəmizin, təhsilimizin
və mədəniyyətimizin inkişafına göstərdiyi
misilsiz xidmətlərinə, nəcib əməllərinə
görə bütün xalqın sevimlisi Heydər Əliyev
Fondunun prezidenti Mehriban xanıma öz dərin təşəkkürümüzü
bildiririk.
Əziz Prezident, Sizin
tapşırığınız və böyük köməyinizlə
inşa olunan bu müasir sağlamlıq ocağında
müxtəlif uşaq xəstəliklərinin müalicəsi
və diaqnostikası üçün hər cür imkan və
şərait vardır. Biz hacıqabullular Sizi daim dəstəkləyir,
hər addımınızı bəyənirik və Sizi
çox sevirik.
* * *
Sonda Prezident İlham Əliyev
kollektivlə xatirə şəkli çəkdirdi.
AzərTAc
Azərbaycan.- 2009.- 4 sentyabr.- S. 1, 2.