Hacıqabul Mədəniyyət evi yenidən qurulmuşdur

 

Ötən əsrin ortalarında inşa olunan Hacıqabul Mədəniyyət evinin binası əvvəllər dəmiryolçular klubu kimi fəaliyyət göstərmişdir. Uzun müddət baxımsızlıq üzündən yararsız vəziyyətə düşmüş mədəniyyət evi 10 il idi ki, fəaliyyət göstərmirdi. Prezident İlham Əliyev 2007-ci ilin avqustunda Hacıqabul rayonuna səfəri çərçivəsində bu mədəniyyət evinin yenidən qurulması layihəsi ilə tanış olandan sonra Mədəniyyət və Turizm Nazirliyinə bu binanın əsaslı şəkildə təmir edilməsi ilə bağlı tapşırıqlarını vermişdir. 2008-ci ilin mayında başlanmış təmir-bərpa işləri qısa müddətdə başa çatdırılmışdır. İkimərtəbəli bina müasir tələblərə uyğun yenidən qurulmuşdur. Mədəniyyət evində xanəndəlik, rəqs və digər dərnəklər fəaliyyət göstərir. Binanın həyətyanı sahəsində yaşıllaşdırma işləri aparılmış, çoxlu ağac və dekorativ güllər əkilmişdir.

Mədəniyyət evində yenidənqurma və konstruksiya dəyişikliyi nəticəsində müasir tələblərə cavab verən 340 nəfərlik tamaşa zalı, qrim, rejissor və inzibati otaqlar tamamilə yeniləşmiş, müasir avadanlıqla təchiz edilmişdir. Tamaşa zalının səhnəsində müasir işıqlandırma və səs sistemləri quraşdırılmışdır. Avadanlıq Yaponiya, İtaliya, Almaniya və ABŞ-dan gətirilmişdir.

Prezident İlham Əliyev binanın foyesində ümummilli lider Heydər Əliyevə həsr olunmuş guşəyə baxdı. Foyedə Azərbaycan filmlərindən fraqmentləri əks etdirən fotoşəkillər asılmışdır.
Dövlətimizin başçısı mədəniyyət evindən səmərəli istifadə edilməsi ilə bağlı tövsiyələrini verdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 4 sentyabr.- S. 2.