Prezident İlham Əliyev
Hacıqabulda kərpic
zavodunun açılışında
iştirak etmişdir
Sentyabrın 3-də
Prezident İlham Əliyev Hacıqabulda kərpic zavodunun
açılışında iştirak etmişdir.
Zavodun kollektivi dövlətimizin
başçısını hərarətlə
qarşıladı.
Azərbaycan Prezidenti
zavodu işə saldı, müəssisə ilə yaxından
tanış oldu, istehsal prosesini izlədi.
Məlumat verildi ki, yeni
zavodun inşasına "R-Turan" MMC-nin sifarişi ilə
ötən ilin iyulunda başlanmışdır. İnşaat
işləri yerli şirkətlər tərəfindən
yüksək səviyyədə həyata
keçirilmişdir. Müəssisənin tikintisində ayda
orta hesabla 220 işçi çalışmışdır. Zavodun
ümumi sahəsi 5 hektardır. Buraya qapalı istehsalat korpusu,
inzibati bölmə və mehmanxananın yerləşdiyi bina,
avtomobil dayanacağı və digər yardımçı
binalar daxildir.
Əraziyə asfalt
döşənmiş, yaşıllıq zolaqları
salınmış, 5 min ağac əkilmişdir. Yerli və
xarici müştərilərin istirahəti də diqqətdə
saxlanılmışdır. Bunun üçün ərazidə
ümumi sahəsi 600 kvadratmetr olan 28 yerlik mehmanxana inşa
edilmişdir. Zavodun inzibati bölməsi də yüksək səviyyədə
tərtib olunmuşdur. Bölmənin foyesində ümummilli
lider Heydər Əliyev və Prezident İlham Əliyevin fəaliyyətləri
barədə fotostendlər yaradılmışdır.
Zavodun istehsal sahəsinin
elektrik və təbii qazla təminatı tam həll
olunmuşdur. Bu məqsədlə ayrıca yarımstansiya
tikilmiş, əraziyə 4,5 kilometrlik elektrik, 4 kilometrlik qaz xətləri
çəkilmişdir. Müəssisəni fasiləsiz elektrik
enerjisi ilə təmin etmək üçün ayrıca
generator quraşdırılmışdır. İstehsal
zamanı yaranan qazların ətraf mühitə zərər
vurmaması üçün texniki tədbirlər
görülmüşdür. Zavodda, ofisdə və mehmanxanada
mərkəzləşdirilmiş havalandırma sistemləri
yaradılmışdır. Zavodda videomüşahidə sistemi
də vardır.
Müəssisənin fəaliyyətini
Bakı ilə yanaşı, Çexiyadan da izləmək
olar. Bu əməliyyatı mobil telefon vasitəsilə də həyata
keçirmək mümkündür.
Yeni zavodun
inşasına 3,5 milyon, maşın və mexanizmlərin
alınmasına 700 min manat vəsait xərclənmişdir. Yaponiya,
İtaliya, Almaniya, Polşa və Çexiya istehsalı olan
müasir avadanlığın
quraşdırıldığı müəssisənin illik
istehsal gücü 30 milyon şərti kərpicdir. Burada
gündə 8 çeşiddə 300 ton bişmiş kərpic
istehsal edilir. Gələcəkdə istehsal gücünün
artırılması nəzərdə tutulur. İstehsalatda 75
nəfər daimi işlə təmin olunmuşdur.
İkinövbəli iş rejimi tətbiq edildikdən sonra
işçilərin sayını artırmaq nəzərdə
tutulur. Xammalın götürüldüyü ərazinin
zavoda yaxın olması hazır məhsulun maya dəyərinin
aşağı olmasına imkan verir. Müxtəlif
ölçülərdə kərpiclərin kəsilməsi
və qəlibdən çıxan kərpiclərin qurğuya
yığılması proseslərini robotlar yerinə yetirir. Zavodun
Almaniya istehsalı olan 4 yük avtomobili də vardır. Bu
maşınlar kərpici özüboşaldan kranlarla təchiz
olunmuşdur.
Azərbaycanda ilk dəfə
bu müəssisədə istehsal ediləcək böyük
ölçülərdə və yeni növ kərpiclər
həm divar, həm də tavan üçün nəzərdə
tutulur. Zavodun bütün fəaliyyəti mərkəzləşdirilmiş
proqramla robotlar vasitəsilə həyata keçirilir. Zavodda
avtomatik aerodinamika sistemi quraşdırılmışdır.
Bundan əlavə,
zavodda elektrik enerjisinə qənaət edən konvertor sistemi
yaradılmışdır, müəssisə tək
kompüterdən idarə olunur. İstehsal prosesində baş
verə biləcək qüsur dərhal aşkar edilir və
avtomatik surətdə aradan qaldırılır. Bazar günlərində
isə zavod xüsusi proqramlı avtopilotla çalışır.
Zavodda yaradılan şərait dünya standartları səviyyəsində
məhsul istehsal etməyə imkan verir. Burada məhsulun keyfiyyətini
yoxlamaq üçün laboratoriyalar da
yaradılmışdır.
Hazır məhsulun
satışı ilə bağlı bir neçə yerli
inşaat şirkəti ilə müqavilə imzalanmışdır.
Məhsulun xarici bazara da çıxarılması
üçün konkret tədbirlər görülür. Bəzi
ölkələrin şirkətləri ilə
danışıqlar aparılmışdır və artıq
müəyyən nəticələr vardır.
Prezident İlham Əliyev
istehsal sexinin idarəetmə mərkəzi ilə də
tanış oldu. Bildirildi ki, sexdəki bütün
avadanlıq və robotların fəaliyyəti bu mərkəzdən
idarə olunur.
Zavodun fəaliyyəti
ilə tanış olan dövlətimizin
başçısı kollektivlə görüşdü. Prezident
İlham ƏLİYEV müəssisənin işçilərini
təbrik edərək dedi:
- Gözəl zavodun
açılışı münasibətilə sizi təbrik
edirəm. Azərbaycanda son illər ərzində bir neçə
kərpic zavodu tikilmişdir. Amma bu kərpic zavodu o biri
zavodlardan fərqlənir. Burada tam avtomatlaşdırma sistemi
qurulub. Mən gəzdim, baxdım, gördüm ki, burada ən
müasir texnologiya tətbiq olunub, müəssisə yüksək
keyfiyyətlə tikilib. Burada quraşdırılan robotlar,
yeni avadanlıq, kompüter texnologiyaları müasirlikdir,
yenilikdir, Azərbaycanın inkişafıdır, istehsal mədəniyyətidir.
Azərbaycanda istehsal
artır, sənaye istehsalı bu il də artıb. Baxmayaraq ki,
dünyada əksər ölkələrdə sənaye
istehsalı aşağı düşür, Azərbaycanda
artım vardır. Kərpic zavodunun tikintisi o deməkdir ki,
inşaat sektorunun inkişafı davam edir. Əgər belə
olmasaydı, kərpic zavodunun tikintisinə ehtiyac olmazdı.
Çox şadam ki, belə gözəl zavod Hacıqabulda
tikilib. Bölgələrin, regionların inkişafı
sürətlə gedir və belə yeni, gözəl müəssisələrin
yaradılması bizim regional proqramın uğurla
icrasını təmin edir.
Azərbaycanda son illər
ərzində minlərlə yeni müəssisə
yaradılıb, yerli istehsal artıb, idxal azalıb. Biz
özümüzü demək olar ki, kənd təsərrüfatı
məhsulları ilə maksimum dərəcədə təmin
edirik. Azərbaycanda inşaat materialları istehsal olunur, yeni sənaye
sahələri yaradılır. Çox sevindiricidir ki, bu
müddətdə, bu mərhələdə Azərbaycanda
yaradılan yeni istehsal sahələri artıq dünyanın ən
yüksək standartlarına cavab verir. Əminəm ki, bu kərpic
zavodu dünyanın ən inkişaf etmiş ölkələrindəki
oxşarlarından fərqlənmir. Burada yüksək istehsal
keyfiyyəti, istehsal mədəniyyəti mövcuddur. Böyük
investisiyalar qoyulub, bu maşınlar çox bahalı
maşınlardır.
Tikintiyə də böyük investisiyalar qoyulubdur.
Bu onu göstərir
ki, yerli sahibkarlar tam əmindir, Azərbaycanda iqtisadi inkişaf davam edəcək, Azərbaycanda
ictimai-siyasi vəziyyət
həmişəki kimi
çox yüksək
səviyyədə olacaqdır.
Siyasi sabitlik iqtisadi inkişafın başlıca
şərtidir.
Ölkəmizin
regionlarının inkişafı bizim bütün iqtisadi və
siyasi potensialımızı gücləndirir.
Mən bir daha sizi bu
gözəl hadisə münasibətilə ürəkdən
təbrik etmək istəyirəm və sizə işinizdə
uğurlar arzulayıram.
* * *
Sonda Prezident İlham Əliyev
zavodun kollektivi ilə xatirə şəkli çəkdirdi.
AzərTAc
Azərbaycan.- 2009.- 4 sentyabr.- S. 2, 3.