Alla Puqaçova Bakıya gəlmişdir
SSRİ-nin və Rusiya
Federasiyasının xalq artisti Alla Puqaçova sentyabrın 3-də
Bakıya gəlmişdir. Heydər Əliyev adına Beynəlxalq
Hava Limanında müğənnini Mədəniyyət və
Turizm Nazirliyinin və mətbuatın nümayəndələri
qarşılamışlar.
Hava limanında jurnalistlərin
suallarını cavablandıran məşhur müğənni
Bakıya növbəti səfərindən məmnun
olduğunu bildirərək demişdir: "Bakıda
olmağımdam xoşbəxtəm. Qayğısız gəncliyimin
ən şirin və sevincli anları Azərbaycanda
keçmişdir. Burada mənim çoxlu dostlarım
olmuşdur. Demək istəmirəm ki, bu, mənim səhnədə
sonuncu konsertimdir".
Yaxın gələcəkdə
özünü kinoda, teatrda sınayacağını söyləyən
A.Puqaçova "radio Alla" kimi layihələr üzərində
işlədiyini söyləmişdir.
A.Puqaçova
sentyabrın 4-də Heydər Əliyev Sarayında geniş
konsert proqramı ilə çıxış edəcəkdir.
Müğənninin 60 illik yubileyinə həsr olunmuş
"Apreldən-aprelə" adlı dünya turnesi çərçivəsində
keçirilən tədbir yeni mövsümün ilk konserti
olacaqdır.
Rusiya səhnəsinin
primadonnası Bakıda olduğu müddətdə "Buta
Palace"də də konsert verəcəkdir.
AzərTAc
Azərbaycan.- 2009.- 4 sentyabr.- S. 3.