Dünya problemlərinin həllinə fəlsəfənin verə biləcəyi töhfə

 

1986-cı ildə Türkiyənin fəlsəfə cəmiyyəti tərəfindən təşkil olunmuş beynəlxalq seminar belə bir aktual mövzuya həsr edilmişdi: "Fəlsəfə dünya problemləri qarşısında". On yeddi il sonra, 2003-cü ilin avqustunda fəlsəfə üzrə keçirilmiş XXI Ümumdünya Konqresi də eyni mövzu ilə bilavasitə bağlı olmuşdu. Hər iki hadisəni və bu arada həyata keçirilmiş digər tədbirləri vaxtilə (1982-ci ildə) YUNESKO-nun 1982-1989-cu illər üçün hazırladığı "Ortamüddətli plan"ında vurğulanan vəzifələrin reallaşması istiqamətində təsirli addım kimi qiymətləndirmək olar. Elə həmin planın ortaya çıxması ilə əlaqədar beynəlxalq elmi və siyasi diskussiyalara "dünya problemləri" ifadəsi gətirilmişdir. Ciddi fəlsəfi refleksiyaya duyulan zərurət də bu planda öz əksini tapmışdır. Lakin əfsuslar olsun ki, 1982-ci ildən keçən müddət ərzində nə dünya problemləri azalmış, yaxud da həllini tapmış, nə də fəlsəfə ümumbəşəri problemlərin çözülməsində, ölkələrin və xalqların taleyinin müəyyənləşməsində təsirli söz sahibinə çevrilmişdir. Əksinə, bir tərəfdən dünya problemləri daha da mürəkkəbləşmiş, çoxalmış və kəskinləşmiş, digər tərəfdən isə "müdriklik elmi" sayılan fəlsəfə günbəgün küncə sıxışdırılaraq dar intellektual dairənin "özləri üçün" təfəkkür üsuluna çevrilmişdir. İndiki halda "nə üçün belə olmuşdur" sualını lüzumsuz bilirəm. Sadəcə olaraq, onu deyim ki, fəlsəfə və xüsusən filosof üçün belə vəziyyət heç də yeni deyil. Bu, bir növ, ənənəviləşmiş haldır. Filosofun "faciəvi" vəziyyətdə olduğunu hələ qədim və sonrakı dövrlərin mütəfəkkirləri əbəs yerə qeyd etməmişlər.

Faciə heç onda da deyil ki, filosof ətraflı anlanılmayıb, ideyalarına laqeyd münasibət göstərilib və nəticədə o, faktiki olaraq, tənha qalıb. Əsl faciə ondadır ki, uzun müddət mütəfəkkir fikrinə, müdrik sözə kar-kor qalan insanlar, böyük sosial qruplar, ölkə və xalqlar, bir qayda olaraq tənəzzülə doğru "irəliləyiblər", rasional, sağlam və həqiqi olandan qaçaraq irrasional, xəstə və yalan olandan yapışıblar. Fəlsəfənin və filosofun proseslərin gedişinə pozitiv təkan və istiqamət vermək imkanı məqsədyönlü və ya qeyri-iradi surətdə alınıb ki, nəticədə bu, hətta bəşəri fəlakətlə yekunlaşıb. Xatırladım ki, keçən əsrin 30-cu illərində Hitler nasional-sosializmi, ümumiyyətlə, "fəlsəfənin sonu"nu elan etmişdi, çünki bu doktrinanın müstəqil fəlsəfi fikri həzm etməyə qabiliyyəti yox idi.

Müasir dünya artıq elə "nöqtə"yə çatıb ki, nəinki professional filosoflar, zəmanəmizin tanınmış fikir sahibləri, həmçinin bir çox içtimai-siyasi xadimlər, dövlət başçıları cərəyan edən proseslərə fəlsəfənin bilavasitə müdaxiləsini olduqca zəruri hesab edirlər. "Fəlsəfə işə qarışmalıdır!" - fikri son illər xüsusilə tez-tez səslənir. Bu elmin, əvvəllər olduğu kimi, kənarda qalıb rahat-rahat, ağıryana öz ənənəvi problemləri ilə, hansısa kateqoriya və prinsiplərlə bağlı müntəzəm mübahisələr aparması və s. bu gün qətiyyən onun missiyasına, verə biləcəyi faydaya adekvat deyil. Dünyada yaranmış vəziyyətin düzgün dərki və şərhi fəlsəfəsiz mümkün deyil. Sosial zamanın olduqca sürətləndiyi, ziddiyyətlər, dramatizmlər silsiləsinin şiddətləndiyi bir dövrdə fəlsəfi refleksiyaya güc vermədən, fəlsəfənin kateqorial-instrumental potensialından səmərəli istifadə etmədən dünya problemlərini təhlil müstəvisinə cıxarmağın özü səhvdir, daha dəqiq desək, ziyanlıdır. Başqa sözlə, dünyanın taleyi məsələsi, bəşəriyyətin gələcəyi problemi siyasətçilərin, hərbçilərin, transmilli korporasiya və şirkətlərin, maliyyə mərkəzlərinin inhisarından çıxmalı, müdrikliyə və mütəfəkkirliyə, mahiyyətlərə daha dərindən nüfuz edə bilən, hadisələrə yalnız korporativ, yaxud şəxsi və qrup maraqlarından deyil, obyektiv, daha əhatəli və humanist mövqedən yanaşan subyektlərə-aktorlara yer verilməlidir.

Qeyd edim ki, analoji fikirlər XXII Dünya Fəlsəfə Konqresində (30 iyul - 5 avqust 2008-ci il, Seul, Koreya) də səslənmişdir. "Bu gün fəlsəfəni yenidən düşünərkən" adı altında keçirilmiş Seul Konqresi, bütün mövzu rəngarəngliyinə baxmayaraq, bir daha dünya problemlərinin həllində fəlsəfənin rolunu önə çəkmişdir. Hələ tədbirin açılışında konqresin prezidenti Peter Kemp iştirakçılara müraciətində demişdir: "Axı fəlsəfə həm də sağlam zəkanın yolgöstərənidir. Və o, yalnız bu şərtlə yaşaya bilər ki, bizim zamanımızda bəşərriyyətin məhz nələr üzərində diqqətini cəmləməli olduğu rasional diskussiyalarını yeniləşdirməyi bacarsın. Deməli, bu gün fəlsəfəni yenidən düşünmək - bəşəriyyətin mövcud durumuna münasibətdə bizim fəlsəfi idrak qabiliyyətimizi yenidən sınağa çəkmək deməkdir" (Kemp Peter. XXII Dünya Fəlsəfə Konqresinin iştirakçılarına müraciət "Fəlsəfə və sosial-siyasi elmlər" jurnalı, 2008, ¹ 4 (22), s.147). Onun fikrincə, fəlsəfə bəşəriyyətin məskun olduğu dünyanın daha yaxşısını təklif edə, sülh və rifahı təminatlandıran dünya düzənini yaratmaq üçün bizim səylərimizi ruhlandıran qüdrətli Söz kimi fəaliyyət göstərə bilər.

Bəs, konkret olaraq, fəlsəfənin bəşəri problemlərin həllində rolu nədən ibarət olmalı, yaxud ibarətdir?

Bu rolların əsas bir qrupu konseptual məsələlərlə bağlıdır ki, burada da, ilk növbədə, "dünya problemləri" anlayışına aydınlıq gətirmək lazımdır. Tanınmış filosof, Beynəlxalq Fəlsəfə Cəmiyyətləri Federasiyasının prezidenti İ.Kuçuradi bura iki növ problemi aid edir. "Bunlardan biri müəyyən faktlarla - bu gün bəşəriyyətin bir tam kimi çatdığı sivilizasiya səviyyəsinə baxmayaraq, həmin bu bəşəriyyətin əhəmiyyətli hissəsinin mövcud olduğu dalanların müxtəlif aspektlərilə: aclıq, müalicə oluna biləcək xəstəliklərdən ölüm faizinin yüksəkliyi, savadsızlıq, əsas hüquqların müdafiəsi sahəsində ayrı-ayrı insanlar və qruplar arasında kəskin fərqlər, işgəncələr və s. ilə bağlıdır". İkinci tip "dünya problemləri"nə İ.Kuçuradi həmin bu faktlarla əlaqədar ortaya çıxan gümanları, yaxud dalanlardan gözlənilən çıxış yollarını aid edir. Bu kateqoriyaya, onun fikrincə, inkişaf, sülh, insan hüquqları, demokratikləşmə kimi problemlər daxildir.

Daha sonra İ.Kuçuradi göstərir ki, bu iki tip bəşəri problemin tədqiqi (həm qoyuluş üsulu, həm də həlli yolları cəhətdən) müxtəlif növ idraki fəaliyyət tələb edir: məsələn, faktlar səciyyəsi daşıyan problemləri izah etmək lazımdır, nəzərdə tutulan həlli yollarını isə əsaslandırmaq. İzah etmək və əsaslandırmaq - epistemioloji fəaliyyətin iki müxtəlif növüdür. Alimin fikrincə, faktın düzgün diaqnozunu qoymaq fəlsəfənin ümdə vəzifələrindən biridir. Nəhayət, İ.Kuçuradi "dünya problemləri" məfhumuna belə tərif verir: "Dünya problemləri - ayrı-ayrı ölkələrdə və bütövlükdə dünyada sosial, iqtisadi, siyasi münasibətlərin necə qurulmasından asılı olaraq yaranan hadisələrin spesifik çarpazlaşmasından törəyən faktlardır". İ.Kuçuradinin baxışları ilə ümumən razılaşsaq da, fəlsəfənin konseptual məsələlərlə bağlı roluna dair bir sıra ciddi əlavələr etmək istərdim.

Konseptuallıqdan söhbət gedirsə, ilk növbədə hissədən (faktdan) yox, tamdan (faktlar sisteminin özündən, bu sistemin məğzindən, ontoloji məzmun-mahiyyətindən və buna müvafiq qnoseologiyadan) danışılmalıdır. Əfsuslar olsun ki, filosof belə yanaşmır, həqiqətən də müasir dünya problemlərinin substansiyasını təşkil edən mövzuya, demək olar ki, toxunmur.

Faktlar ümumi bir tamın (substansiyanın) təzahürləridir, tamın öz-özünə münasibətinin və özündənkənara (tam - ətraf mühit) proyeksiyasının nəticəsi olaraq ortaya çıxan "məhsul"dur. Onlar, filosofun dediyi kimi, bəşəriyyətin böyük bir hissəsinin gəlib düşdüyü dalanların müxtəlif aspektləri, qəfildən yaranan "özündəşeylər" deyil. O ki qaldı "dalanlara", dərindən düşünən hər kəs bunların yalnız bəşəriyyətin bir hissəsinə (filosof, yazısından göründüyü kimi, bura yoxsul, əzilən, günahsız qırılan və digər bu qəbildən olan insan qruplarını, xalqları və regionları aid edir) şamil edilməsinə razı olmaz, çünki, necə deyərlər, "varlının da öz dərdi var". "Dalanlar" ifadəsini işlətmək olar, bəlkə də zəruridir, ancaq onlar hər bir insanın, hər bir sosial, siyasi, dini, və s. qrupun, bütöv dünyanın tərkibində olan xalqların və ölkələrin "qismətidir". Heç bir şəxs, qrup, xalq və ölkə bu məsələdə imtiyazlı deyil və hansısa sirli qüvvə tərəfindən indulgensiya almayıb. Məsələ, həqiqətən, qlobal, hətta deyərdim ki, total xarakter daşıyır.

Digər tərəfdən: bəli, aclıq, səfalət, hüquqların pozulması, tibbi yardımsızlıqdan çoxlu ölüm halları (faktlar) var və bu gün onlar olduqca diqqəti çəkən, ürək ağrıdan, həllinə insanları, dövlətləri səsləyən problemlərdir. Dünya da onlara həssas olmalı, həllinə çalışmalıdır. Lakin bu problemlər müasir dünyanın bilavasitə səciyyəvi problemləri deyil. Belə ki, onlar yüz il, üç yüz il və min il bundan qabaq da mövcud olub. Heç kim elə tarixi dövr göstərə bilməz ki, həmin zaman kəsiyində tam firavanlıq təmin edilsin, aclıqdan, soyuqdan, müalicəsizlikdən ölən olmasın. İkinci bir tərəfdən, bu problemləri təkrar-təkrar sadalamağın fəlsəfi refleksiyanın konseptual müstəvidə rolunun həyata keçirilməsinə nə dəxli var? Əslinə qalsa, burada fəlsəfəlik də bir şey yoxdur, xüsusən də hansısa anlaşılmayan, mücərrəd "konseptuallıq" yüksəkliyindən yerə enmək istəməyən fəlsəfəçilik üçün. Elə A.Eynşteyn, V.Heyzenberq, B.Rassel, G.Qess, M.Şoloxov və bir çox görkəmli şəxsiyyətlərin nümunəsini davam etdirərək dünya xalqlarına, dövlət başçılarına, parlamentlərə, nəhayət, BMT-yə müraciət etmək, məsələlərə ciddi münasibət göstərilməsini xahiş və tələb etmək daha məqsədəuyğun olardı.

Dünya dərdi, həqiqətən, insan dərdidir və bu dərd yalnız bir parça çörəyin olub-olmamasından ibarət deyil. Azmı vaxtlar, günlər olub ki, adamlar bir qara çörək parçasını bölüşdürüb, ancaq xoşbəxt olublar, süfrə arxasından sevgi-məhəbbətlə durublar, insanlıqlarını itirməyiblər?! Yox, məsələ yalnız və mütləq olaraq maddi təminat çətinliklərində, fizioloji məqamlarda deyil. Problematiklik ifrat dərəcədə maddiləşmiş və sürətlə maddiləşməkdə davam edən sivilizasiyanın həm lokal, həm də qlobal miqyasda ruha, ideal olana, müqəddəs sayılana divan tutmasında, sırf maddiyyat prizmasından insanları sayıb-seçməsində, çeşidləməsindədir.

Əgər nəzərə alsaq ki, sivilizasiyalaşmaq müəyyən mənada və xeyli dərəcədə mədəniyyətləşmədir, onda məntiqi olaraq deyə bilərik: müasir dünyada maddiləşmiş və maddiləşməkdə davam edən qlobal "mədəniyyətləşmə" həyata keçirilir. Mən vaxtilə bu "mədəniyyət"i "monstr-mədəniyyət" adlandırmışdım. İndi isə, düzü, fikirləşirəm: tamamilə assosial, antiinsani mahiyyət daşıyan, məqsədyönlü surətdə günbəgün ictimai və fərdi şuurda entropiyanı (nizamsızlığı, destruksiyanı, çürüməni və s.) artıran, hiss və zövqləri qəbahətlər istiqamətində formalaşdıran bir dəhşətli fenomen-prosesin adında, ümumiyyətlə, "mədəniyyət" sözünü işlətmək nə qədər düzgündür? Elə, bəlkə, "monstr-mədəniyyətsizlik" ifadəsi daha uyğun gəlir?!

Müasir dünyanın səciyyəvi, ən təsiredici problem-faktından söhbət gedirsə, mən, ilk növbədə, məhz "monstr-mədəniyyətsizlik" problemini və onun kökündə dayanan əsas səbəbləri qeyd edərdim. Ən başlıca səbəb isə budur: ifrat dərəcəsinə çatmış, məqsədli surətdə təşviq və təbliğ olunan "kapital-gəlir ideologiyası". Bu ideologiya artıq dünya xalqlarını öz təsiri altına almış, insanların düşüncə və həyat tərzinə hakim kəsilmiş və dayanmadan insanlar, xalqlar, ölkələr üzərində öz nəzarətini həyata keçirməkdədir. Nəzarətin və faktiki olaraq, total idarəetmənin həyata keçirilməsində əsas rol kütləvi informasiya vasitələrinə, xüsusən də TV-yə ayrılıb. Müasir TV, faktiki olaraq, öz üzərinə həm idarəetmə, həm də nəzarət funksiyalarını götürüb. Dünya kapitalının bütün ölkələrə qənim kəsilmiş mənfəətçi siyasəti ilk növbədə, TV və siyasi texnologiyalar vasitəsilə elə intensiv, sistemli şəkildə həyata keçirilir ki, artıq qlobal miqyaslı "telekütlə"nin mövcudluğundan danışmaq olar. İxtisasından, yaşından, sosial mənşəyindən, dini mənsubiyyətindən, cinsindən və s. asılı olmayaraq, hər bir telekütlə üzvü cəmiyyətlə, insanlarla manipulyasiya aləti, deqradasiya və destruksiya elementidir. Telekütlə bir dəhşətli alətə çevrilərək yaranmış situasiyanın konservasiyasına, mövcud vəziyyətin sonsuz prolonqasiyasına qulluq edir.

Fəlsəfi-konseptual mövqedən yanaşsaq, söhbət, əslində nədən gedir, hansı qlobal problem və yaxud səbəblər dünyanı cəhənnəmə doğru aparmaqdadır?

Bütün tarixi keşməkeşlərə, qanlı müharibə və inqilablara baxmayaraq, indiyə qədər bəşəriyyətin hərəkət dinamikası bir aparıcı və ümdə "proqram"ın reallaşdırılmasına xidmət edib: ibtidaidən, sadədən aliyə doğru, primitiv düşüncədən yüksək elmi idraka doğru. Yüz min illər ərzində Mütləq Varlıq çalışıb ki, primitiv, intellektsiz məxluqdan, canlıların bir növündən düşünən və bu düşüncə qabiliyyətini artıran, yüksək zövq və zəka sahibi olan varlıq formalaşdırsın. İnsan məhz bu proqram-məqsədin, əsrlərlə davam edən təkamülün nəticəsi, məhsuludur. Böyük Yaradıcı belə zərurəti müvafiq bilib: adi canlıdan intellekt, şüur, təfəkkür daşıyıcısı olan İnsan formalaşdırmaq. Müasir dünyada nə baş verir? O baş verir ki, insanı ali, artıq əldə etdiyi səviyyədən bəsit duyğular və instinktlər səviyyəsinə endirmək cəhdi reallaşdırılır. Bir növ, indiyədək gedilən yolu bəşəriyyətə "tərsinə oxutmaq" (özü də zorən, məkr və inadkarlıqla!) istəyirlər, adını isə qloballaşmanın obyektiv, ayrılmaz atributu qoyurlar. Həqiqətənmi bəşəriyyət belə atributa, bu vicdansız və vicdansızlaşdıran qloballaşmaya möhtacdır? Əsla yox! Bu, yalnız və yalnız bir qrup başını itirmiş, lakin böyük səlahiyyətlərə malik ekstremistlərə, dünya xalqlarına divan tutan supergüclərə, onların antibəşəri siyasətindən bəhrələnənlərə, bütün dünya üzrə öz mafiya şəbəkələrini yaratmış korporasiya və şirkətlərə lazımdır, hakimiyyətə gəlmək üçün və yaxud hakimiyyətdə qalmaq naminə bir göz qırpımında təmsil etdiyi xalqın milli maraqlarını qurban verən, onların suveren hüquqlarının qəddarcasına tapdalanmasına hazır olan psevdodemokratlara və yalançı vətənpərvərlərə gərəklidir. Və bu mağara instinktlərindən, qeyri-insani canbirliyindən qaynaqlanan gərəklər ucbatından məqsədli surətdə cürbəcür alçaq məxluqlardan "milli qəhrəman"lar hazırlanıb, hansısa bir qrup avantüristə "kart-blanş" verilib, hiyləgərlik və kəmsavadlıq nümunəsi olan adamlar ortaya çıxarılıb, gecə-gündüz onların vasitəsilə insanlara qarşı informasion pressinq, düşüncələri lümpenləşdirmə siyasəti həyata keçirilib.

"Soyuq müharibə" qurtarsa da, dünyanın mütərəqqi inkişafının təminatçısı ola biləcək yeni "davranış kodeksi" ortaya qoyulmur. Əksinə, beynəlxalq münasibətləri indiyədək az-çox tənzimləyən norma və prinsiplər də kobudcasına pozulur. Bu mənada, xüsusi narahatlıq doğuran problemlərdən biri suverenlik məsələsidir. Hazırda suverenliyin həm fəlsəfi-siyasi anlamında və onun beynəlxalq hüquq səviyyəsində şərhində, həm də dövlətlərarası əlaqələr sistemində təminatlanaraq praktiki reallaşmasında kəskin ziddiyyətlər özünü göstərməkdədir. Xüsusən də ABŞ-ın İraqa qarşı təcavüzü suverenlik məsələsində problematikliyi olduqca qabartmışdır.

Suverenlik ideyası bir prinsip kimi öz ilk təsbitini təxminən 360 il bundan əvvəl, 24 oktyabr 1648-ci ildə, Vestfal sülh müqaviləsinin bağlanması ilə tapmışdır. Həmin saziş mövcud beynəlxalq münasibətlər sisteminin başlanğıcını qoymuşdur. O vaxtdan keçən müddətdə, bütün keşməkeşlərə baxmayaraq, suverenlik prinsipi yenilməz qalmışdır. Bu mənada ki, heç bir dövlət və ya ölkə başçısı bu prinsipi, özlüyündə bir ideya dövlətlərarası münasibətlərin etiraf olunmuş norması kimi şübhə altına almamışdır. Əksinə, suverenlik prinsipi beynəlxalq münasibətlər sisteminin dünyagörüşü əsaslarının mühüm tərkib hissəsi kimi təqdir edilmişdir. Bununla belə, əməli hərəkətlər, praktiki davranışlar səviyyəsində suverenlik prinsipinə dəfələrlə qəsd edilmiş, onun təminatlanmasında və həyata keçirilməsində ayrı-seçkiliyə, ikili standartlara, açıq-aşkar laqeydliyə yol verilmişdir. Sözdə, nəzəri müstəvidə təqdir olunan əməli fəaliyyətdə pozulmuşdur, bəzən də - çox qəddarcasına. Bir sözlə, suverenlik ideyasını reallıqlarla tutuşdurduqda qaneedici uzlaşmanın yoxluğunu etiraf etməmək mümkün deyil. Son illərdə ideya və reallıqlar arasında baş verən ziddiyyətlər, barışmazlıqlar nəinki azalmış, əksinə, daha da artmış və şiddətlənmişdir. Və bu gün həm Qərbdə, həm də Şərqdə suverenliklə bağlı problematiklik bir çoxlarını düşündürməyə başlamışdır.

Məsələn, tanınmış rus alimi Vladislav İnozemtsev "XXI əsr dünya nizamı haqqında bir neçə hipotez" əsərinin "Suverenlik, demokratiya, insan haqları: uzlaşmayan üçlük" adlı birinci hissəsində mövcud beynəlxalq əlaqələr sisteminin dərin böhranını qeyd edərək suverenlik prinsipinə yenidən baxılması zərurətini göstərir. Problemin gündəmə gətirilməsi, xüsusi araşdırmaya ehtiyaclı olması fikrini tam dəstəkləyərək bildirmək istərdim ki, onun əsaslandırmağa çalışdığı bir çox mülahizə ilə razılaşmaq qeyri-mümkündür. O, başlanğıcdan səhv müddəalardan çıxış edərək və yanlış idraki üsulllardan "bəhrələnərək" ümumən qəbuledilməz, olduqca ziyanlı fikirlər irəli sürür. Məsələn, V.İnozemtsevin qəti qənaətinə görə, "əgər beynəlxalq ictimaiyyət insan haqlarının müdafiəsini özünün məqsədi kimi etiraf edirsə, suverenlik prinsipini öz gücünü itirmiş elan etmək lazımdır", yox, "əgər beynəlxalq ictimaiyyət suverenlik prinsipini qəbul edirsə, yalnız kollektiv təhlükəsizlik haqqında sazişin bağlanılması zəruridir".

O, ağlasığmaz bir inadkarlıqla vurğulayır ki, suverenitet hec də demokratiyanın, insan hüquq və azadlıqlarının təmin olunmasını nəzərdə tutmur, yəni bu üçlük bir araya gələn deyil. Saxta, deyərdim ki, olduqca səthi və mürtəce arqumentlərə söykənərək formulə etdiyi psevdomövqelərin qarşılıqlı dolaşıqlıqlarında itib-batan V.İnozemtsev nəticədə belə bir fikir söyləməyə məcbur olur: "Təəssüflər olsun ki, yeni dünya nizamının yaranması üçün nə birinci, nə də ikinci yanaşmanın reallaşdırılması sualına cavab vermək mümkündür". Bu, bir tərəfdən, alim-nəzəriyyəçinin öz təfəkkürünün məhsulu olan psevdosuallar qarşısında acizliyinin özü tərəfindən üstüörtülü etirafıdırsa, digər tərəfdən, həm Rusiya ziyalılarının təsirli sözə malik konkret nümayəndəsinin, həm də bütövlükdə Rusiya ictimai fikrinin reaksion ab-havaya tutulmasının, imperiyapərəstliklə zəhərlənməsinin sübutudur. Heç də təəccüblü deyil ki, V.İnozemtsev suverenlik hüququnun bütün ölkə və xalqlara şamil edilməsində müasir beynəlxalq münasibətlər sisteminin ən başlıca qəbahətini görür. Onun açıqca söylədiyi fikir bundan ibarətdir: dünya xaosa yuvarlanır, burada isə əsas günahkarlar o kəslərdir ki, bütün ölkələri beynəlxalq ictimaiyyətin suveren üzvü kimi tanımışlar və hər bir xalqın özünəlayiq hökumət (siyasi hakimiyyət) təşkil etməsini alqışlamışlar. V.İnozemtsevin bu fikrinin məntiqi davamı, konkret olaraq, o deməkdir ki, Rusiya kimi "suverenlik hüququna layiq olanlar", tarixən imtiyazlılar bundan sonra da suverenliyə aparan qapıları bağlamalı, başqa dövlətlərin işinə qarışmalı, hətta siyasi hakimiyyətlərini seçib müəyyənləşdirməlidirlər. Bu "nəzəriyyəçi"yə görə, sən demə, dünyanı xaosa aparan insanların və xalqların hüquqlarının təmin edilməməsi yox, bu hüquqların etiraf olunması və həyata keçirilməsidir.

Müasir dünya ədalətə, rasional tələblərə cavab verən yeni "davranış kodeksi"nə ehtiyaclıdır, deməli, ilk növbədə beynəlxalq əlaqə və münasibətləri tənzimləyən beynəlxalq hüququn özünə yenidən baxılmalıdır. Həm bütövlükdə, həm də müxtəlif kontekstlərdə, səviyyə və aspektlərdə, o cümlədən suverenlik prinsipi kontekstində.

Dövrümüzün görkəmli filosofu Yurgen Habermas "Beynəlxalq hüququn keçmişi və gələcəyi barədə mübahisə. Milli kontekstdən postmilli kontekstə keçid" əsərində yazır: "Problem artıq onda deyil ki, millətlərarası münasibətlərdə ədalət, ümumiyyətlə, mümkündürmü? Ondadır ki, belə ədaləti həyata keçirmək üçün hüquq yararlı vasitədirmi?.. Liberal və qlobal müdaxiləyə malik böyük dövlət beynəlxalq hüququn prosedurlarını öz əxlaqi arqumentləri ilə əvəzlədiyi bir zamanda beynəlxalq hüquq hələ də hansısa rol oynayırmı?"

Y.Habermas yaranmış situasiyadan çıxış yolunu beynəlxalq münasibətlərin kosmopolit hüquq istiqamətində konstitusionallaşdırılmasında görür, beynəlxalq siyasətdə milli kontekstdən postmilli kontekstə keçidin artıq özünü bildirən və bir zərurət kimi gələcəkdə tam reallaşmaya qadir proses olduğunu əsaslandırmağa çalışır. Bu mövqedən çıxış edən alim İmmanuil Kantın konstitusionalizasiya proyektinin, kosmopolitik ideya üzərində qurulsa da, məhdudluğunu, qeyri-reallığını (sosial zamanın cərəyanı, bəşər tarixinin inkişafı baxımından) qeyd edir. Kant, Y.Habermasın fikrincə, "öz dövrünün uşağı kimi" üç mühüm faktoru görə bilməmişdir:

1) Yeni tarixi şüurun yüksəlişinə və mədəni fərqlərin anlaşılmasının artmasına hissiyyatsız qalan Kant XIX və XX əsrlərin millətçilik potensialının partlayışını öncədən görə bilməzdi.

2) Avropa sivilizasiyasının və irqinin üstünlüyü fikri ilə buxovlanmış Kant o faktın nəticələrini nəzərə almırdı ki, beynəlxalq hüquq bir neçə imtiyazlı xristian millətinin ölçüsü üzrə "biçilib-tikilmişdir" - bütün yerdə qalan dünya kolonizasiya və missionerlik üçün açıq qaldığı halda, yalnız bunlar bir-birinə bərabər tərəf kimi baxırdılar.

3) Kant, həmçinin beynəlxalq hüququn ümumi xristian mədəniyyətinin hüquqdankənar fonunda asılılığını anlaya bilməmişdir; bunun hesabına, heç olmasa, zorakılığı hökumətlərarası məhdud müharibələr çərçivəsində saxlamaq mümkün olmuşdur.

Bütün bu "ləkələr", Habermasa görə, beynəlxalq hüququn kosmopolit hüququna çevrilməsi perspektivinə hesablanmış Kant proyektinin çatışmazlıqlarını göstərir ki, sonrakı dövrlərdə onlar özlərini tam aydınlığı ilə büruzə vermişlər.

Habermas problemlərlə bağlı bir səciyyəvi baxışa da - Karl Şmittin mövqeyinə də ciddi nəzər yetirir. Qısaca formulə etsək, K.Şmitt, ümumiyyətlə, kosmopolit hüquq ideyasının beynəlxalq münasibətlər sistemində reallaşmasını mümkün hesab etmir. Şmittin qənaətinə görə, millətlər üçün hüquq və ədalətin hər bir anlayışı həmişə mübahisəli olacaq, burada heç vaxt konsensus baş tutan deyil. O, bu fikrində israrlıdır ki, millətlər arasında antaqonizm daim mövcud olacaqdır. Qeyd edim ki, K.Şmittin mövqeyini daha realist sayan və bölüşdürən şəxslər olduqca çoxdur. Y.Habermas isə Şmittin kontrarqumentlərini ciddi hesab etsə də, onunla razılaşmaq istəmir və opponentinin yanaşmasını "siyasi ekzistensializm"in bir növü sayır.

Y.Habermasın şəxsiyyətinə, yaradıcılığına böyük hörmət bəsləməklə yanaşı, düşünürəm ki, yaranmış tarixi şəraitdə və gələcək ən azı yüzillik perspektivdə K.Şmittin mülahizələrinin özünü doğruldacağı daha inandırıcı görünür. Bir az da dəqiq deyə bilərik: beynəlxalq hüquqda ciddi dəyişikliklərə zərurət vardır, lakin bu dəyişiklikləri millətlərin, necə deyərlər, üzərindən sıçramaqla, sivilizasion-mədəni məxsusluqları hansısa mücərrəd ümumi qazanda əritməklə, kosmopolit fəlsəfi əsas (guya ki!) yaratmaqla əldə etmək mümkün deyil. Əks halda, dəyişikliklər cəhdi, sadəcə olaraq, vaxt və intellektual enerji itkisinə, proseslərin tamamilə çərçivədən çıxmasına, beynəlxalq miqyaslı xaosun qarşısıalınmaz dərəcədə tüğyan etməsinə və deməli, dünyanın məhvinə gətirib çıxara bilər. Yeni davranış kodeksinə, adekvat beynəlxalq hüquq sisteminə yol elə ilk növbədə millətləşmədən, xalqların millətləşməyə olan ehtiyacından və onların bu istiqamətdə yaşayıb-yaratmaq hüququnun etirafından və təminatından keçir. Bəli, bu gün və gələcək üçün elə bir yenidən işlənilmiş, kamil beynəlxalq hüquq sistemi lazımdır ki, dövlətlər, ölkələr, xalqlar vahid dünyada vahidləşə, daha da yaxınlaşa bilsinlər, "ümumi eşitmə", "ümumi görmə", "ümumi anlama" qabiliyyətlərinə və imkanına malik olsunlar, bir sözlə, universallığa doğru getsinlər, yaxşı mənada "kvantitativlik" (Karl Yaspers) əldə etsinlər. Bununla belə, böyük mütəfəkkir Konfutsinin irəli sürdüyü və tarixin dəfələrlə təsdiq etdiyi, zamana və məkana nəzərən universal xarakterli mühüm bir prinsipi - müxtəliflik vasitəsilə vahidliyə cəhd və onu əldə etmək prinsipini unutmamalıyıq (Çinlilər bu prinsipi xe termini ilə ifadə edirlər).

K.Yaspersin başqa məqsədlə istifadə etdiyi anlayışlardan yararlanaraq deyə bilərik: xalqların "kvantitativliyi" naminə onların "kvalitativliyinə" daha həssas və qayğıkeş olmaq gərəkdir.

Hər bir xalq öz daxili strukturlaşmasına, fərqləndirici xüsusiyyətlərinə, ənənə və keçdiyi sivilizasion yola, tarixin qalın qatlarına gedən köklərə malikdir, öz həyati qayda-qanunlarında, təfəkkür və əxlaq tərzində özünü anlayır, fəaliyyət göstərir və güc toplayır, bu səviyyədən də dünyanı özünün refleksiya, əlaqə, əməkdaşlıq, ünsiyyət obyektinə çevirir, başqa xalqlarla tərəf-müqabillik edir, ya dostluq, ya da düşmənçilik münasibətində olur və s. Bütün bu şeylərin üzərindən keçərək xəyali bir fəzada (özlüyündə pozitiv element və motivlər də daşısa!) kosmopolit ideyanı reallaşdırmaq olarmı? Əsla yox! Ən yaxşı halda yer üzərindəki insanlardan nəsə qatmaqarışıq bir toplum, lap aşağı şüur səviyyəsində qımıldanıb-tərpənən kor və kar kütlə yaratmaq olar ki, onun da heç beynəlxalq hüquq deyilən nəyəsə ehtiyacı qalmaz - nə bu hüququn köhnəsinə, nə də təzəsinə. Pis halda isə onsuz da ayaq üstə güc-bəla ilə dayanan dünyanı "nokaut"a göndərmək olar ki, yer üzündən, mərhum A.S.Toynbi demişkən, Afrika piqmeyləri - neqritosları da daxil olmaqla insan nəsli silinsin. Xatırladım ki, həmin Toynbi fəlakətin bu son nəticəsini heç də istisna etməmiş, onu tamamilə mümkün saymış və həyəcan təbili çalaraq bəşəriyyətə müraciət etmişdir: "Bizə, bizim nəslə çağırış ondan ibarətdir ki, tarixin belə yozumunun baş tutmaması üçün əlimizdən gələn bütün mühüm olan şeyləri edək". Bu gün klassik məktəbin böyük tarixçisinin həyəcan dolu çağırışı daha aktual və güclü səslənir.

Müasir insanın günbəgün yaşadığı çətinliklər içərisində yüksək mənəvi-psixoloji gərginliyi, insani münasibətlərdə təəssübkeşliyin və istiliyin itməsini, oriyentir rolunu oynayan bir çox ənənəvi dəyər və meyarların sarsıntıya uğramasını, həyat tərzində instrumental-maddi amillərin təsirinin artmasını və s. qeyd etməmək mümkün deyil. Bunlar son nəticədə psixotokslara, ağır keçən streslərə, ruhi xəstəliklərə, müxtəlif pozğunluqlara, narkomaniya və alkoqolizmin geniş yayılmasına, cinayətlərin artmasına gətirib çıxarır, insan həyatının keyfiyyətini aşağı salmaqla onu daha da dəyərsizləşdirir.

Gərginlik, müxtəlif növ streslər həm yoxsulu, həm də varlını müşayiət edir. Maddi cəhətdən təmin olunmuşlar başqaları ilə kəskin və artan rəqabət vəziyyətində olurlar və əldə etdiklərini itirmək qorxusu ilə yaşayırlar, perspektivin qeyri-müəyyənliyindən təlaş, həyəcan keçirirlər. Yoxsullar isə, öz növbəsində, təminatsızlıqdan irəli gələn qorxu altında yaşayırlar, son dolanışıq yerlərini itirməkdən, xəstəliklərə düçar olmaq ehtimalının böyüklüyündən, əsl mənada, cəhənnəm əzabı çəkirlər. Ümumi götürdükdə, müasir insanların əksəriyyəti gələcəyə inam hissinin yoxluğu halında yaşayır.

Bazar fundamentalizmi, "kapital ideologiyası" elə bir maddiləşmiş dünya və elə "iqtisadi adam" yaratmışdır ki, hər bir individ kiməsə rəqibə, düşmənə, yaxud da kimin üçünsə qurbana çevrilmişdir. Biri o birindən daha çox mənfəət götürmək, onu öz quluna çevirmək istəyir. Biri digərini özünə tabe etmək, sındırmaq, nəyəsə məcbur etmək, kiminsə müstəqilliyini əlindən almaq ovqatı, sanki, ümumi bir marağa çevrilmişdir. Bunun üçün hər cür üsullar və vasitələr işə salınır: açıq-aşkar və birbaşa zorakılıqdan tutmuş üstüörtülü təzyiqlərə qədər. Faktiki yanaşdıqda, əksər insanlar maddiləşmiş dünyanın girovudurlar, kapital diktəsi altında həm azadlıqlarını, həm də həqiqi seçimlərini itirmişlər. Bütün bunlar müasir insan həyatının qeyri-humanistliyinə, "mən"ən tənəzzüldə olmasına dəlalət edir; özgələşmə bir kütləvi ictimai hadisə kimi bu həyatın atributuna çevrilmişdir, ona qənim kəsilmişdir.

Tamahkarlıq, eqoizm və başqa mənəvi-əxlaqi qəbahətlər fəsadlar mövcud olan belə mühitdə daha da stimullaşır. "İqtisadi adam" ruhi fəzilətlərdən imtina edir, onun üçün maddi dəyərlər (göstəricilər), iqtisadi status (prestij) hər şeydən yüksəkdə durur. Həyatın mənası və gözəlliyi əşya-əmlak toplamaqdan, sərvət yığımından ibarət olur.

Dünyada günbəgün formalaşan absurd həyat tərzinə və dinamikasına uyğun olaraq hətta elm, incəsənət və bədii ədəbiyyat mənfur əşya-əmlak toplusuna, maddi sərvətlərə və onların sahiblərinə tabe etdirilir. Belə olduqda, daha çox məzmunsuz, ideyasız, ictimai yükünə görə mənasız və hətta birbaşa ziyanlı "əsərlər", "mədəniyyət nümunələri" bolluğu bütün sərhədləri aşır, get-gedə daha çox zövqləri ibtidailəşən istehlakçı tələbini ödəməyə başlayır. Heç bir sosial-fəlsəfi, elmi yükü, bədii orijinallığı olmadığı halda, onlar həqiqi yaradıcılığı, mədəniyyəti ortadan çıxarmaqdadır. Mənfəətdar, cır təfəkkürün məhsulu olan bu fəlakətgətirici "əsər" və "nümunə"lər yalnız bir məqsəd güdür - kommersiya maraqlarını təmin etmək, öz mahiyyətinə uyğun "bazar mühiti" formalaşdırıb idarə etmək. Yeni, guya mütərəqqi iqtisadiyyatın və yaşayış tərzinin pretorları sayılan bu "əsər" və "nümunə"lərin müəllifləri, sponsorları artıq müxtəlif vəzifələri də tutmaqdadırlar. Elmdə, incəsənətdə, mədəni sahədə yalnız kommersiya maraqları ilə yaşayan və fəaliyyət göstərən adamların vəzifə başına keçməsi isə o deməkdir ki, vəziyyət daha da pisləşə, qarşısıalınmaz ola bilər, çünki istər-istəməz bu adamlar həmin sahələrdə aparılan siyasətə bilavasitə təsir etmək imkanı qazanırlar. Belə təsirin nəticəsində həyata keçirilən siyasətin nədən ibarət olması isə, yəqin ki, əvvəlcədən düşünən insanlar üçün məlumdur.

Amerikasayağı ekspansionist qloballaşmanın bütün dünyaya yaymaq istədiyi homogen, daxilən boş, əxlaqi-mənəvi vektoru olmayan "monstr-mədəniyyət"in istilası nəticəsində tarixi-irsi ənənələrimiz, ictimai dəyərlərimiz faktiki olaraq müdafiəsiz qalmışdır. Avropalaşma adı altında ibtidai, bəsit stereotiplər, instinktlər aqressiyası mənəvi-ruhi həyatımızı fəth etməkdədir.

Fikrimcə, belə vəziyyətə - milli özünüifadədən, intellektin mənəvi-əxlaqi gücündən, ruhlandırıcı enerjidən, məsuliyyət və vicdan hissindən xali "mədəniyyət"ə dözümlülük göstərmək heç də düzgün yanaşma deyil. Əks halda, heç şübhə yoxdur ki, insanlarımızın ruhi, mənəvi-psixoloji inkişafının sağlam əsasları dağıdılacaq, onların insani potensialının durmadan tükənməsinə, yox olmasına yol açılacaq. İnsani intellektual-ruhi-mədəni resurslar dağıdıldıqdan sonra isə hansısa milli maraqların, milli mənafeyin reallaşmasından söhbət gedə bilməz. Mütərəqqi modernləşmə və tərəqqi hər zaman və hər yerdə yalnız milli maraqların reallaşması, milli özünüdərkin pozitiv inkişafı zəminində mümkündür.

Müasir dünyanın formalaşdırdığı "iqtisadi adam", acgöz korporasiya və şirkətlər, transmilli mafiya şəbəkələri təbiətin özünə durmadan ölümcül zərbələr endirməkdədir. Təbiətə antirasional münasibət irrasional şüuru, düşüncəni doğurur və əksinə, irrasional şüur epidemiyası təbiətə olan antirasional münasibəti daha da kəskinləşdirir. Təbiət bütövlükdə istifadə olunan və israfçılığa məruz qalan xalis materiyaya müncər edilir.

Belə situasiyada həqiqi fəlsəfi əqlin bəşəriyyətə təklif etdiyi səmərəli qulluq həm də ondan ibarət ola bilər ki, zəfər çalmaqda davam edən instrumental, qeyri-humanist düşüncə ifşa olunsun, Tanrı işığına can atan bəşəriyyət alverçi ruhundan təmizlənsin. Bəşəriyyət yeni "davranış kodeksi"nə ehtiyaclıdır. Onun nicatı qarşılıqlı fayda verən və humanizmin artmasına xidmət edən qlobal sinergizmdədir.

 

 

Əbülhəsən ABBASOV,

AMEA-nın Fəlsəfə, Sosiologiya

və Hüquq İnstitutunun şöbə müdiri,

fəlsəfə elmləri doktoru, professor

 

Azərbaycan.- 2009.- 4 sentyabr.- S. 4.