Tükənməz Muğanın sözü-söhbəti

 

Məşhur Avropa səyyahı A.Berje Qafqazda olarkən 1862-ci ildə elmi ekspedisiya ilə Muğan düzünə gəlib. Bir il sonra o yazıb: "Təsəvvür etmək mümkündür ki, Muğanda həyat əvvəllər necə də qaynar imiş, burada əkinlər, kəndlər və hətta şəhərlər hansı səviyyədə olmuşdur". Tarixçi alim Abdulla Fazili "Atropatena e.ə. IV əsr, b. eranın VII əsri" adlı əsərində Muğanın qədim dövrdə Atropatena və Alban dövlətinin mühüm tərkib hissəsi olduğunu yazıb. Akademik Ziya Bünyadov da "Azərbaycan VII-IX əsrlərdə" adlı monoqrafiyasında bu fikri təsdiq edib. "Muğan" sözünün qədim "muğ" tayfasının adından götürüldüyünü də buraya əlavə etsək, bu bölgənin qədim yurd yerlərindən biri olması haqqında aydın təsəvvür yaranır.

Təbii ki, belə qədim yaşayış məskəninin özünəməxsus zəngin ədəbiyyatı olmaya bilməzdi. Muğanda yazılı ədəbi örnəklərin yaranması tarixi ən azı XVI-XVII əsrlərə söykənir. Burada XVIII əsrdə Nişat Şirvani, XIX əsrdə Qasım Həsənoğlu, Yaqub Ədib, Mirzə Aslanoğlu, Məşədi Əmrah (Salyan), Mirzə Baxış Nadim (Hacıqabul), el şairəsi Ağcaqız (Neftçala) və başqa bu kimi söz ustalarının yazıb-yaratması onların yaşadığı dövrə qədər bu bölgədə ədəbiyyatın əsrlərlə yol gəldiyini və adıçəkilən qələm adamlarının yaradıcılığında zirvəyə yüksəldiyini göstərir. Qədim tarixə malik olan bu zəngin mühit XX əsrdə də yüksələn xətt üzrə inkişaf edib. Fəaliyyətinin miqyası bütün türk dünyasını əhatə edən Əli bəy Hüseynzadənin də məhz bu mühitdə doğulub böyüməsi təsadüfi deyildi. Bu cür dəyərli söz ustalarının, mütəfəkkirlərin Muğanda doğulması, onların çoxunun məhz Muğan ədəbi-mədəni və ictimai mühitində yetişməsi və yazıb-yaratması, onların qoyduğu ənənənin bu gün də davam etdirilməsi AYB-nin Muğan bölməsinin yaranmasını zəruriləşdirən səbəblərdən biri oldu. Digər tərəfdən, bu bölgədə yaranan ədəbi nümunələr və müəlliflərinin çoxu son onilliklərdə onlardan asılı olmayan səbəblərdən rayon çərçivəsində tanınmaqla kifayətlənirdi.

Muğan hər zaman istedadlar yurdu olmuşdur. Bölgənin elmi, ədəbi mədəni potensiala malikliyi burada daima müxtəlif yönümlü qurumların o cümlədən, ədəbi birliklərin, son illərdə isə daha genişmiqyaslı ədəbi qurumun yaranmasını zəruri etmişdi. Bölmənin mərkəzi kimi Salyanın seçilməsi isə təsadüfi deyildi. Bu məqamda bir məsələni qeyd etmək gərəkdir. Zəngin ədəbi-mədəni kökləri olan Salyanda hələ 1945-ci ildə mərkəzi kitabxananın müdiri işləyən Feyzi Məmmədzadənin rəhbərliyi ilə ədəbi məclis yaranıb. Sonralar Azərbaycan ədəbiyyatında xüsusi yeri çəkisi olan Xəlil Rza Ulutürk, Ağacavad Əlizadə, Əliağa Kürçaylı, Oqtay Rza kimi şairlər ilk qələm təcrübələrini məhz bu ədəbi məclisdə sınamışdılar.

1971-ci ildə Salyanda Azərbaycan Yazıçılar Birliyinin səyyar plenumu keçirilib. Bu mühüm hadisə bölgədə ədəbi mühiti bir qədər də canlandırıb. Həmin ilin fevralında Salyanda nəşr olunan "Qələbə" qəzetinin redaksiyasında "Kürün töhfəsi", Neftçalada "Xəzər nəğmələri" ədəbi birlikləri yaranır. "Kürün töhfəsi" ədəbi birliyinə - Neftçalada "Xəzər nəğmələri" ədəbi birliyi yaranana qədər - Soltan Abbas, sonralar Balaş Nuri, Zabil Pərviz və Namiq Hacıheydərli rəhbərlik etmişlər. "Xəzər nəğmələri" ədəbi birliyinə isə yarandığı gündən indiyə qədər Neftçalada yaşayan istedadlı şair Soltan Abbas başçılıq edir. Son illərdə Muğan bölgəsində yaranan ədəbi örnəklərin miqyası və ədəbi mühitin qaynarlığı artıq ədəbi birliklər çərçivəsinə sığmayıb daha genişmiqyaslı qurumun - AYB Muğan bölməsinin yaranmasına səbəb oldu.
2008-ci ilin iyulunda Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, birinci katibi Fikrət Qoca başqa ziyalılar və qələm adamlarının iştirakı ilə AYB-nin Muğan bölməsinin yaradılması ideyasını gerçəkləşdirdilər. Salyan Rayon İcra Hakimiyyətində keçirilmiş AYB Muğan bölməsinin təsis konfransı uzun müddət bu tədbirə qatılanların yaddaşlarından silinməyəcək qədər mühüm ədəbi hadisə oldu.

Muğan bölgəsi zəngin və ən azı bir neçə əsrlik şifahi xalq yaradıcılığı ənənələrinə də malikdir. Təəssüf ki, bu ərazinin mədəniyyəti, şifahi xalq yaradıcılığı, etnoqrafiyası bu günədək ardıcıl şəkildə araşdırılmamışdır. Burada yaranan xalq yaradıcılığı nümunələrinin bir sıra regional özəllikləri var. Təqdirəlayiqdir ki, Muğan bölməsinin sədri Namiq Hacıheydərli hələ 1997-ci ildən başlayaraq bu bölgədə yaşayan yaşlı nəsildən bayatı nümunələri toplayır.

Azərbaycanın digər bölgələrindən fərqli olaraq, burada yaranan bayatı nümunələrinin çoxunda "əziziyəm", "eləmi", "mən aşıq" kimi bayatılar üçün xarakterik olan başlanğıc formalardan istifadə edilməmişdir.

 

Yaylağım Savalandı,

Tərlanım ovalandı.

Nə dərdim candan gedər,

Nə yaram sağalandı.

 

Yaxud, XIX əsrin ikinci yarısında Neftçalada yaşayıb-yaratmış Ağcaqız adlı el şairəsi deyirdi:

 

Ağcaqız mələr qoyun,

Yatağa gələr qoyun,

Canım bir dərdə düşüb,

Adımı "mələr" qoyun.

 

Əlbəttə, bu dövrdə yaranan ədəbi-bədii nümunələrin sənətkarlıq xüsusiyyətləri ayrıca söhbətin mövzusudur.

XX əsrin ortalarından başlayaraq Azərbaycanın tanınmış qələm adamlarının, o cümlədən Səməd Vurğun, Rəsul Rza, Süleyman Rüstəm, Əhməd Cəmil, Nəbi Xəzri, Mehdi Hüseyn, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Hüseyn Arif, Xəlil Rza Ulutürk, Qabil və digər bu kimi böyük düşüncə sahiblərinin Hacıqabula, Şirvana, Salyana və Neftçalaya səfərləri, onların Muğanda geniş ictimaiyyət nümayəndələri ilə keçirdiyi görüşlər, burada yazıb-yaradan insanlara istiqamət verməklə bərabər, onların milli düşüncə üzərində daha möhkəm qərar tutmalarına stimul yaratmışdı. Muğanda Aşıq Bəylər, Aşıq Qurbanxan, Aşıq Pənah, Aşıq Alxan, Aşıq Əziz, Aşıq Qurban, şairlərdən Xeybər İgidəliyev, Sabir Almazov, Miryusif Mirnəsiroğlu, Zivər Ağayeva (Hacıqabul), Novruz Demanlı, Yaqub Salman, Böyükağa Sadıqzadə, Babulla Səlimov, Ağayar Ozan, Mətləb Ağa (Şirvan), Cəfər Mehdi, Balaş Nuri, Hacı Salman Səlyani, Məhəmməd Rza Xəlilbəyli, Nizami Göydərəli, Təyyar Nəsirli, Fəxrəddin Becanoğlu, Tofiq Kərim, Firdovsi Sarvanlı, Rafiq Hüseynli (Salyan), Soltan Abbas, Narınc Xatun, Zabil Pərviz, Zərxanım Ülvi, Narıngül Sadiq, Tacəddin Musalı, Cəmaləddin Babayev, İmamverdi Zeynalov, İbrahim Nurlu, Müzəffər Məzahim (Neftçala) və digər söz adamları əsrlərlə tarixə malik şifahi xalq yaradıcılığı ənənələri üzərində köklənmiş milli düşüncəli qələm sahibləridir. Onlardan bəziləri haqq dünyasına qovuşsa da, bu gün yazıb-yaradan qismi zəngin milli ənənələrə dayanaraq uğurla yaradıcılıqlarını davam etdirməkdədirlər. Bu məqamda bir adı xüsusi hörmət və ehtiramla çəkməli oluruq: İmamverdi Əbilov. Bu dəyərli ədəbiyyatşünas alim Muğanda milli ruhun dirçəlişində və ədəbi-analitik düşüncənin yüksəlişində xüsusi xidmətləri ilə yanaşı bir neçə onillik ədəbi mühitin qaynarlığını təkbaşına təmin etmişdir. Onun yaratdığı ədəbi ocağın işığına Azərbaycanın, eləcə də Türkiyənin görkəmli şair və yazıçıları, söz-sənət sahibləri dəfələrlə toplaşıblar.

Göründüyü kimi, son onilliklər Muğan ədəbi mühiti diqqəti cəlb edəcək qədər qaynar günlərini yaşayır. Güman ki, bu qaynar və məhsuldar ədəbi mühitin Ümumazərbaycan ədəbiyyatına verəcəyi yeni-yeni töhfələrin şahidi olacağıq. AYB-nin Muğan bölməsi mümkün imkanlar çərçivəsində ədəbi-ictimai həyatda fəal iştirak etməyə, bölgədə yaşayan ədəbi qüvvələrlə sıx əlaqə saxlamağa, yazarların yubileylərinin keçirilməsinə, onların cəmiyyətin quruculuq işlərində rolunun artırılmasına və yaradıcılıqlarından müəyyən nümunələrin ədəbi orqanlarda nəşrinə çalışır. Qurumun rəhbəri, 2008-ci il üzrə Prezident təqaüdçüsü Namiq Hacıheydərli bildirir: "Muğan bölməsinin təşkilatçısı olduğu, dəvət aldığı və qatıldığı tədbirlərin sayı çoxdur. Salyan rayon "Qələbə" qəzeti redaksiyasında "Muğanda çağdaş ədəbi proses və Muğan bölməsi AYB-nin 75 illiyi qarşısında" mövzusunda keçirdiyimiz tədbir, Stokholmda yaşayan yazıçımız Eluca Atalı ilə görüş, Dünya Türk Gəncləri Birliyinin VIII Liderlər toplantısına qatılmağımız, ziyalı və iş adamı İlham İsmayılovun rəhbərlik etdiyi ATXƏM İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən milli qurtuluş gününə həsr olunmuş tədbirdə iştirakımız və sair bu qəbildən olan tədbirlər sırasındadır. AYB Muğan bölməsinin sədri kimi bu yaxınlarda Krımda keçirilən XIV Türk Dünyası Gənclik Günləri və qurultayında iştirakı da bölməmizin uğurlarındandır. Yəni, AYB-nin Muğan bölməsi ədəbi və ictimai həyatımız üçün faydalı ola biləcək nəyi etmək mümkünsə, onu gerçəkləşdirməyə çalışıb. Qarşıdakı aylarda və illərdə bölgəmizin ədəbi-mədəni həyatı üçün zəruri hesab etdiyimiz bəzi layihələri və bir müddət öncə dövlət qeydiyyatına alınan "Muğan" jurnalının nəşrini gerçəkləşdirmək arzusundayıq".

AYB-nin Muğan bölməsi Salyanda fəaliyyət göstərsə də, burada şölələnən ədəbi ocağın nuru Hacıqabul, Şirvan və Neftçalada yaşayan qələm sahiblərinin də yaradıcılıq yolunu işıqlandırmaqdadır. Bölgənin müxtəlif ünvanlarından qanadlanan arzu və istəklər bir məcraya yönəlir: Ümumazərbaycan ədəbiyyatına ləyaqətlə xidmət etmək. Dövlət müstəqilliyimizi qazandıqdan sonra ədəbiyyatın inkişafı üçün də yeni üfüqlər açıldı. Ədəbiyyat aləminin səmərəli və mükəmməl fəaliyyət göstərməsi üçün də dövlət tərəfindən hər cür diqqət və qayğı göstərilir.

Təkcə bir faktı göstərmək lazımdır. AYB-nin bütün bölmə rəhbərləri 2008 və 2009-cu illər üzrə Prezident təqaüdünə layiq görülüblər. Qarşıdan isə Azərbaycan Yazıçılar Birliyinin 75 illik yubiley təntənəsi gəlir...

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2009.- 4 sentyabr.- S. 5.