Azərbaycan Prezidenti İlham Əliyev məşhur Rusiya müğənnisi Alla Puqaçovanın konsertində olmuşdur

 

Sentyabrın 4-də Heydər Əliyev Sarayında Rusiya estradasının ulduzu, SSRİ-nin və Rusiya Federasiyasının xalq artisti Alla Puqaçovanın konserti olmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva konsertdə olmuşlar.

Saraya toplaşanlar dövlətimizin başçısını və xanımını hərarətlə qarşıladılar.

Müğənni dəfələrlə uğurla çıxış etdiyi ölkəmizin möhtəşəm sarayında "Apreldən-aprelə" dünya turnesi çərçivəsində "Məhəbbət haqqında röyalar" adlı konsertində repertuarındakı həm retro, həm də yeni mahnıları ifa etdi.

Bakıya növbəti səfərinə görə hədsiz xoşbəxt olduğunu deyən müğənni paytaxtımızda gəzintiyə çıxdığını, şəhərimizin daha da gözəlləşdiyini söylədi. "Siz xoşbəxtsiniz ki, Bakınız belə inkişaf edir, gözəlləşir. Bakıda müsbət mənada baş verən dəyişikliklər məni ürəkdən sevindirir. Vurğunu olduğum Bakının inkişafına görə Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm", - deyən müğənni bu konsertin onun Bakıda pərəstişkarları ilə sonuncu görüşü olduğunu bir daha bəyan etdi. Dedi ki, gələcəkdə fəaliyyətini kino, teatr və radioda davam etdirəcəkdir.

Bənzərsiz ifası, səmimi ünsiyyəti ilə tamaşaçıları həmişə məftun edən Alla Puqaçovanın budəfəki çıxışı da konsert boyu dəfələrlə alqışlarla qarşılandı.

Konsertdən sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Alla Puqaçova ilə görüşdü.

Prezident İlham Əliyev Azərbaycan ilə Rusiya arasında mədəni əlaqələrin inkişafında xüsusi xidmətlərinə görə Alla Puqaçovaya respublikamızın ali mükafatını - "Dostluq" ordenini təqdim etdi.

Konsertin maraqlı keçdiyini qeyd edən dövlətimizin başçısı Alla Puqaçovaya gələcək fəaliyyətində yeni-yeni uğurlar və cansağlığı arzuladı.

Məşhur müğənni ordenə görə dövlətimizin başçısına dərin minnətdarlığını bildirdi.

Alla Puqaçova yenidən Azərbaycanda, Bakı şəhərində olmağından böyük məmnunluq hissi keçirdiyini bildirdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.-5 sentyabr.- S. 1.