Vacib olan məsələlərdən
biri məcburi köçkünlərin yaşayış səviyyəsinin
yaxşılaşdırılması və məşğulluğunun
artırılması Dövlət Proqramının
icrasıdır. Biz böyük sosial məsələnin həllinə
nail ola bilmişik. İndi Azərbaycanda bir dənə də
çadır şəhərciyi yoxdur və növbəti
proqramda soydaşlarımızın yataqxanalardan, hərbi hissələrdən,
məktəblərdən, digər yararsız binalardan
köçürülməsi məsələsi dayanır.
İlham Əliyev
İnkişaf tempinə
görə seçilənlər cərgəsində yer alan və
bir çox hallarda bu məsələdə dünya dövlətlərinin
siyahısına başçılıq edən, mövcud
olduğu regionun lideri statusunu daşıyan Azərbaycan ərazi
bütövlüyünün bərpası probleminin həlli
istiqamətində də mühüm nailiyyətlər əldə
etməkdədir. Artq dünya birliyi birmənalı şəkildə
Azərbaycanın ərazi bütövlüyünü
tanımaqda, Ermənistanı işğalçı dövlət
kimi qəbul etməkdədir.
Ancaq təəssüflə
qeyd olunmalıdır ki, bəzən ədalətsizliyin
şahidi olduğumuz müasir dünyamızda beynəlxalq
hüquq prinsiplərini ən kobud şəkildə pozan və
Azərbaycan ərazilərinin 20 faizini işğal altında
saxlamaqda davam edən təcavüzkar Ermənistana hələ
də dünya miqyasında lazımi cəza tətbiq edilmir.
Azərbaycan ordusu zəfər zərbəsinə tam
hazırdır
Bu gün kifayət qədər
güclənən Azərbaycan öz ordusu ilə Ermənistanın
dərsini verməyə və onu istənilən an
işğal etdiyi ərazilərindən çıxarmağa
qadirdir. Prezident İlham Əliyev bununla bağlı
bildirmişdir: "Bu gün Azərbaycan ordusunun vəziyyəti
elədir ki, qarşıda duran istənilən vəzifəni
uğurla icra edə bilər. Bizim bütün səylərimiz
bir məqsədə xidmət edir - Azərbaycanın ərazi
bütövlüyü bərpa olunsun, işğalçı
qüvvələr ölkəmizin zəbt edilmiş
torpaqlarından çıxarılsın.
Bildiyiniz kimi, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı danışıqlar davam edir,
danışıqlarda bizim mövqeyimiz birmənalıdır,
dəyişməzdir. Bizim mövqeyimiz bütün beynəlxalq
normalara əsaslanır və beynəlxalq təşkilatlar tərəfindən
qəbul edilmiş qətnamələr və qərarlar əsasında
qurulubdur və məsələ bu hüquqi müstəvidə
öz həllini tapa bilər. Azərbaycanın ərazi
bütövlüyü bərpa edilməlidir, zəbt
olunmuş bütün torpaqlar işğalçılardan azad
edilməlidir".
Hələlik
münaqişənin çözümündə hərbi
gücdən istifadə son variant hesab olunur, Azərbaycan dinc
yolla məsələnin çözümünə
çalışır. Ermənilərin Azərbaycanın bu
böyük jestindən nəticə
çıxarmayacağı təqdirdə isə, onların
ordumuzun endirəcəyi zərbənin gücünü
dadmaları qaçılmaz olacaq. Belə halda isə zəfər
zərbəsini görmək, onda iştirak etmək hər bir
azərbaycanlının ən böyük arzusudur.
Bu hisslə yaşayan,
öz yurd-yuvalarından didərgin salınan qaçqın və
məcburi köçkünlər doğma ata-baba
ocaqlarının başına yenidən
yığışacaqları günü böyük həsrətlə
gözləyirlər. Bu həsrətə dözə bilməyib
dünyasını dəyişənlərin ruhu isə
çoxdan o yerlərdə dolaşmaqdadır. Qaçqın
və məcburi köçkünlərin böyüyüb
boya-başa çatdıqları torpaqlarına yenidən
ayaqları dəyməyənədək, tarixi yurdlarından kənarda
dünyaya gələn və doğulduğu gündən məcburi
köçkün adını daşıyan uşaqların
bu yerlərin havasından udmayanadək ruhların harayı
davam edəcək. Azərbaycanın müxtəlif bölgələrinə
səpələnmək məcburiyyətində qalan
qaçqın və məcburi köçkünlərin
gözlərində isə həmişə bir qəmli
baxış gizlənəcək, vətən həsrəti
ürəklərini göynədəcək.
Qaçqın və məcburi köçkünlər
daim dövlət qayğısının əhatəsindədir
Bu insanların həyat
şəraitinin və sosial təminatının
yaxşılaşdırılması istiqamətində
dövlət səviyyəsində kifayət qədər
böyük işlər görülüb, onlar
üçün yeni və bütün şəraiti olan qəsəbələr
salınıb. Lazımi infrastrukturla təmin edilən belə
qəsəbələrdə məcburi köçkünlərin
əkin-biçinlə məşğul olması
üçün həyətyanı sahələr də
ayrılıb. Bu proses indi də böyük vüsətlə
davam etməkdədir. Təkcə bir faktı qeyd etmək
kifayətdir ki, Azərbaycan hökuməti 16 ildə
qaçqın və məcburi köçkünlər
üçün 2 milyard dollar məbləğində vəsait
xərcləyib. Həmin müddət ərzində beynəlxalq
təşkilatlar tərəfindən bu məqsədlə cəmi
759 milyon dollar vəsait xərclənib.
Azərbaycan
Respublikası Prezidentinin sərəncamı ilə 2004-cü
il iyulun 1-də təsdiq olunmuş "Qaçqınların
və məcburi köçkünlərin yaşayış
şəraitinin yaxşılaşdırılması və məşğulluğunun
artırılması üzrə Dövlət
Proqramı"nın icrası isə müvəffəqiyyətlə
həyata keçirilir. 2004-cü ildən başlayaraq
qaçqın və məcburi köçkünlər
üçün respublikamızın müxtəlif bölgələrində
yeni yaşayış qəsəbələrinin
inşasına başlanıb. Belə qəsəbələrdə
müasir standartlara cavab verən məktəblər, uşaq
bağçaları, inzibati binalar, poçt şöbələri,
tibb məntəqələri, həkim ambulatoriyaları və
digər bu qəbildən olan obyektlər də fəaliyyət
göstərməkdədir. Ümumilikdə isə ölkənin
ayrı-ayrı şəhər və rayonlarında
qaçqın və məcburi köçkün ailələri
üçün 61 yeni qəsəbə salınmış,
150-dən artıq təhsil, 50-yə yaxın səhiyyə,
30-dan artıq rabitə müəssisəsi, onlarla mədəniyyət
ocağı tikilib istifadəyə verilmiş, müvafiq
infrastruktur yaradılmışdır. Hazırda məcburi
köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət
şəraitinin yaxşılaşdırılması istiqamətində
işlər ardıcıl davam etdirilir. Bunun ən bariz
nümunələrindən biri də Prezident İlham Əliyevin
daha 700-ə yaxın məcburi köçkün ailəsi
üçün yeni çoxmərtəbəli
yaşayış binalarının tikilməsinə dair cari
ilin sentyabrın 2-də imzaladığı sərəncamdır.
Qeyd edək ki, bu məqsədlə 2009-cu il dövlət
büdcəsində nəzərdə tutulmuş Azərbaycan
Respublikası Prezidentinin Ehtiyat Fondundan Qaçqınların
və Məcburi Köçkünlərin İşləri
üzrə Dövlət Komitəsinə üç milyon
manat vəsait də ayrılacaq.
Dövlət başçısının sərəncamı
Dağlıq Qarabağ əhalisi tərəfindən
böyük sevinclə qarşılanıb
Dövlətin daim
yüksək qayğısını üzərində hiss edən
qaçqın və məcburi köçkünlərin ən
böyük istəyi doğma yurdlarına
qayıtmalarıdır. Bununla bağlı artıq onlar
özləri də əməli fəaliyyətlərini genişləndirməkdə,
dövlətin bu istiqamətdə həyata keçirdiyi siyasətə
dəstək olmağa çalışmaqdadırlar. Bu mənada
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı
icmasının hazırkı rolu və fəaliyyəti
xüsusilə qeyd edilməlidir.
Bu faktdır ki, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli və
azərbaycanlıların öz doğma yurdlarına
qayıtmaları istiqamətində həyata keçirilən
tədbirlərdə Dağlıq Qarabağ bölgəsinin
azərbaycanlı icmasının rolu əhəmiyyətli dərəcədə
artmaqdadır. 65 min nəfərdən çox insanı birləşdirən
icma cari ildə özünün ilk qurultayını
keçirmiş, "Azərbaycan Respublikası Dağlıq
Qarabağ bölgəsinin azərbaycanlı icması" kimi
yeni, təşkilati baxımdan möhkəmlənmiş
ictimai birliyə çevrilmiş, idarəetmə
strukturlarını yaratmışdır.
Birliyin icmadaxili və
beynəlxalq ictimaiyyət arasında genişmiqyaslı fəaliyyətinin
daha səmərəli qurulması üçün istifadəsində
olan mənzil-qərargahın əsaslı təmiri və zəruri
avadanlıqlarla təchiz edilməsi məqsədilə
Prezident İlham Əliyevin bu il avqustun 31-də
imzaladığı sərəncam məcburi
köçkünlər tərəfindən böyük
sevinclə qarşılanıb. Xatırladaq ki, həmin sərəncama
əsasən, 2009-cu ilin dövlət büdcəsində nəzərdə
tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan
"Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin
azərbaycanlı icması" ictimai birliyinin mənzil-qərargahının
əsaslı təmiri və zəruri avadanlıqlarla təchiz
edilməsi məqsədilə iki milyon manat məbləğində
vəsait ayrılmışdır.
Buna münasibət
bildirən Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı
icmasının rəhbəri, Şuşa Rayon İcra Hakimiyyətinin
başçısı Bayram Səfərov qeyd edir ki, Prezident
İlham Əliyevin sərəncamı təmsil etdiyi bölgənin
əhalisi tərəfindən böyük sevinclə
qarşılanıb: "Bunu mənə edilən zənglər,
görüşə gələn insanların səsləndirdiyi
fikirlər də açıq göstərir və onlar
Prezidentə öz minnətdarlıqlarını ifadə edirlər.
Bu, məcburi köçkünlərə olan yüksək
diqqətin daha bir nümunəsidir. Məcburi
köçkünlərə münasibət, eyni zamanda öz
doğma yerlərimizə qayıdacağımızın tezləşəcəyinə
dair inamı bir daha artırır".
Artıq qərargahın
təmiri istiqamətində müəyyən işlərin
görüldüyünü qeyd edən Bayram Səfərovun
sözlərinə görə, icmanın beynəlxalq əlaqələrinin
güclənməsi istiqamətində də müvafiq işlər
görülməkdədir. Qarşıdakı dövr ərzində
icma bu məsələ ilə bağlı fəaliyyətini
daha da genişləndirəcəkdir.
Bayram Səfərov qeyd
edir ki, xarici ölkələrə və beynəlxalq təşkilatlara,
o cümlədən BMT-nin, Avropa Şurasının Azərbaycandakı
nümayəndələrinə təqdim olunmaq
üçün məktublar hazırlanıb, onlarla
görüşlər nəzərdə tutulub. Burada əsas məqsəd
həm Qarabağ həqiqətlərini bir daha xarici ölkə
diplomatlarının nəzərinə çatdırmaq, həm
də icmanın işi ilə bağlı onları məlumatlandırmaqdır.
Struktur baxımından
icmanın fəaliyyətində ciddi işlər
görülüb. Bayram Səfərovun sözlərinə
görə, bu gün icmanın idarə heyətində
artıq akademiklər, professorlar, universitet rektorları, Milli Məclisin
deputatları, rayon icra hakimiyyətinin
başçıları və Dağlıq Qarabağdan olan
digər görkəmli şəxslər təmsil olunurlar:
"Hazırda idarə heyətinin 22 üzvü var. Halbuki əvvəllər
onların sayı cəmi 3 nəfər idi. Fəaliyyətimiz
kifayət qədər genişlənir. Ancaq icmanın əsas
arzusu və işi Dağlıq Qarabağ əhalisinin öz
yerlərinə qayıtmasıdır. Dağlıq Qarabağ ətrafındakı
7 rayon da ermənilər tərəfindən zəbt olunub.
Onlar Dağlıq Qarabağa heç bir aidiyyəti olmadan
işğala məruz qalıblar. Bu rayonların əhalisi
doğma yurdlarına dönməlidirlər".
Dağlıq Qarabağın azərbaycanlı
icması burada əzəldən məskunlaşan ermənilərlə
birgə yaşamağa hazırdır
Dağlıq
Qarabağın erməni icması ilə
görüşün tərəfdarı olan Bayram Səfərov
bildirir ki, belə görüşlər zamanı bir daha orada
yaşayan ermənilərə həqiqətin nə olduğu
anladılmalıdır: "Ermənilər bilirlər ki, bu
yerlər Azərbaycanın tarixi torpaqlarıdır. Ona görə
də Şuşada, Qarabağın digər bölgələrində
yaşayış yoxdur. Bu yerlər
dağıdılmış və olduqca bərbad vəziyyətdədir.
Ermənilər burada məskunlaşmağın mənasız
olduğunu bilirlər və həmin torpaqların Azərbaycana
qayıdacağını gözəl anlayırlar. Biz
onları başa salmaq istəyirik ki, bu prosesi tezləşdirməliyik.
Həmçinin onlar Azərbaycanın inkişafından xəbərdardır,
biz bu inkişafı onlara bir daha izah edərək Azərbaycan
vətəndaşları kimi bu inkişafdan yararlana biləcəklərini
başa salmaq istəyirik. Əzəldən Dağlıq
Qarabağda olan ermənilərlə birgə sülh şəraitində
yaşamağa hazırıq. Bunun üçün ermənilər
Azərbaycan qanunlarına hörmət etməlidirlər və
bu, onların borcudur. Biz onları Azərbaycan vətəndaşları
kimi qəbul etməyə hazırıq".
Onu da bildirək ki,
Dağlıq Qarabağın azərbaycanlı icması
sözügedən bölgədən olan əhalinin yenidən
siyahıya alınmasını istəyir. Bayram Səfərov
qeyd edir ki, bölgədən olan əhalinin sayı 65 min nəfər
göstərilsə də, əslində onların sayında
artım var: "Bu səbəbdən biz əhalinin
siyahısının dəqiqləşdirilməsini istəyirik.
Artıq bununla bağlı müəyyən işlər
görülməkdədir. Biz müasir mənzil-qərargahla
təmin olunduqdan sonra bu proses bir qədər də sürətlənəcək.
Çünki, yeni mənzil qərargahda qeyd olunan prosesi həyata
keçirmək üçün bütün lazımi şərait
olacaq".
Dağlıq
Qarabağın azərbaycanlı icmasının rəhbərinin
sözlərinə görə hələlik bu məsələdə
əsas çətinlik bölgədən olan insanların
respublikanın hər yerinə səpələnməsidir:
"Yenidən onlar siyahıya alınmaya cəlb edilməli və
yoxlanmalıdır. Biz bu prosesi mümkün qədər tez həyata
keçirməyə çalışırıq".
Şuşa əhalisi köçkünlük şəraitində
də dövlət proqramlarının icrasında fəal
iştirak edirlər
Qarabağın tacı
sayılan, təbii gözəlliyi, xarı bülbülü,
zəngin meşələri, şəlalələri, tarixi-mədəni
abidələri, "Cıdır düzü", İsa
Bulağı, Turş suyu ilə bir vaxtlar təkcə sakinlərini
yox, respublikanın bütün bölgələrindən,
xaricdən gələn qonaqların könlünü
oxşayan Şuşanın əhalisi hazırda Azərbaycanın
59 rayonunda, ümumilikdə isə 220 yaşayış məntəqəsində
məskunlaşıblar.
Dövlət
qayğısı ilə əhatə olunmuş bu insanlar
özləri də müxtəlif əmək fəaliyyəti
ilə məşğuldurlar. Bayram Səfərov bildirir ki,
icra hakimiyyəti Şuşa rayonu əhalisinin
qayğısına qalınması istiqamətində üzərinə
düşən bütün vəzifələri tam məsuliyyətilə
yerinə yetirməyə çalışır: "Müxtəlif
yaşayış məntəqələrində olan insanlarla
daim əlaqə saxlanılır, onların problemləri
öyrənilib həll edilir. Lakin onların əsas istəyi
doğma yurdlarına qayıdışdır".
İcra
başçısının sözlərinə görə,
Ağdam rayonu ərazisində Mirzələr Qış deyilən
ərazidə Şuşanın kənd təsərrüfatı
ilə məşğul olan əhalisi üçün 2010-cu
ildə yeni qəsəbənin tikintisi
planlaşdırılır: "Qəbələdə 40 ailənin
məskunlaşması üçün yeni mənzillərin
tikintisi aparılır. Ümumiyyətlə, qayğı
böyükdür. Qaçqınların və Məcburi
Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsi tərəfindən digər rayonlarda
da müvafiq işlər görülür. Dövlət səviyyəsində
dünyanın heç bir yerində qaçqınlara olmayan
qayğı Azərbaycanda məcburi köçkünlərə
göstərilir".
Xatırladaq ki, cari il
iyunun 5-də Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı
icmasının ilk qurultayı keçirilib. Qurultay nümayəndələri
tərəfindən Prezident İlham Əliyevə
ünvanlanmış müraciətdə qeyd olunurdu: "Siz
qaçqın və məcburi köçkünlərin məişət
şəraitinin yaxşılaşdırılması,
onların məşğulluğunun təmin olunması, təhsil,
səhiyyə və digər ehtiyaclarının ödənilməsi
kimi vacib məsələləri daim diqqət mərkəzində
saxlamısınız. Sizin sərəncamınızla Dövlət
Neft Fondundan ilk xərclər məhz bu məqsədlər
üçün ayrılmış, qısa müddət ərzində
respublika ərazisindəki bütün çadır şəhərcikləri
ləğv edilmiş, məcburi köçkünlər yeni
salınmış qəsəbələrə
köçürülmüşlər. Hazırda məktəblərdə,
yataqxanalarda, istismar müddəti başa çatmış
tikililərdə və digər yerlərdə müvəqqəti
məskunlaşmış ailələrin mənzil-məişət
şəraitinin yaxşılaşdırılması,
onların məşğulluğunun təmin olunması istiqamətində
konkret işlər görülür".
Bir məqamı da qeyd
edək ki, Şuşa rayonunun əhalisi məcburi
köçkünlük şəraitində yaşamasına
baxmayaraq, ölkə Prezidenti tərəfindən təsdiq
edilmiş dövlət proqramlarının icrasında fəal
iştirak edir. Bayram Səfərov qeyd edir ki, onlar "2008-2015-ci
illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq
məhsulları ilə etibarlı təminatına dair Dövlət
Proqramı"nda nəzərdə tutulmuş vəzifələrin
həyata keçirilməsi istiqamətində bütün
imkanlardan maksimum istifadə edirlər. Rayonun kənd təsərrüfatı
sahəsində çalışan əhalisi tərəfindən
27 667 baş xırdabuynuzlu, 2 266 baş iribuynuzlu, 6 831 ədəd
quş və 110 arı ailəsi saxlanılır. Şuşalılar
onlara ayrılan ərazilərdə 3 730,5 hektar sahədə
taxıl, 377,6 hektarda yonca, 123,5 hektarda tərəvəz, 61
hektarda bostan məhsulları və 235,7 hektarda xəsil əkmişlər.
Rayonun icra başçısı qeyd edir ki, taxılın
vaxtında və itkisiz yığılması
üçün müvafiq tədbirlər həyata
keçirildiyindən yığım iyul ayının
ortalarında başa çatdırılmışdır:
"Bu il 3730,5 hektar sahədən 6 040,4 ton taxıl
yığılmışdır. Bu da ötən illə
müqayisədə 3 666 ton çoxdur".
Bütün bunlar
göstərir ki, 17 ildən bəri məcburi
köçkün həyatı yaşamalarına baxmayaraq,
qarabağlılar əzmkarlıqlarını qorumaqda, fəaliyyətlərini
genişləndirməkdədir. Bu insanların ən
böyük arzusu doğma torpaqlarına qayıtmaqdır.
Onlar bir nəfər kimi ölkənin ərazi
bütövlüyünün bərpası uğrunda
canlarından keçməyə də hazırdır. Ölkə
hakimiyyətinin Dağlıq Qarabağ münaqişəsinin
həlli üçün həyata keçirdiyi siyasəti tam
dəstəkləyən məcburi köçkünlər
Ali Baş Komandanın döyüş əmrinə də hər
zaman müntəzir olduqlarını bildirirlər.
Rasim BAYRAMOV
Azərbaycan.- 2009.- 5 sentyabr.- S. 3.