Çin Azərbaycan ilə əməkdaşlığın bütün sahələrdə genişlənməsində maraqlıdır

 

Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri ilə xüsusi layihə çərçivəsində görüşlər davam edir.

Sentyabrın 4-də Çinin Azərbaycandakı səfiri Çjan Yannyan mərkəzin qonağı olmuşdur.

"Müasir regional geosiyasət kontekstində Azərbaycan-Çin münasibətləri" mövzusunda keçirilmiş "dəyirmi masa"da ölkələrimiz arasında əlaqələr əsas müzakirə mövzusu olmuşdur.
Mərkəzin rəhbəri Elxan Nuriyev demişdir ki, bu görüşlərin əsas məqsədi regionda və dünyada baş verən prosesləri müzakirə etmək, regional və ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparmaqdır.

Azərbaycan ilə Çin arasında münasibətlərin qədim tarixindən danışılmış, münasibətlərimizin mövcud durumu yüksək qiymətləndirilmiş, qədim İpək Yolunun bərpasının ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin daha da genişlənməsində mühüm rol oynayacağı bildirilmişdir.

Səfir demişdir ki, Azərbaycan Çin üçün vacib strateji tərəfdaşdır və ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə əlaqələr yüksələn xətlə inkişaf edir. Çin Azərbaycan ilə bütün sahələrdə münasibətlərin bundan sonra da inkişafında maraqlıdır.

Diplomat diqqətə çatdırmışdır ki, 2008-ci ildə Çin ilə Azərbaycan arasında ticarət dövriyyəsi 800 milyon ABŞ dolları məbləğində olmuşdur. Azərbaycanda 15-dək tanınmış Çin şirkəti fəaliyyət göstərir. Çin şirkətləri tərəfindən Azərbaycan iqtisadiyyatına 500 milyon ABŞ dolları məbləğində sərmayə qoyulmuşdur.

Ölkələrimiz arasında münasibətləri daha da genişləndirmək üçün böyük potensialın olduğunu qeyd edən Ç.Yannyan, Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci ildə Çinə dövlət səfərini və keçən il Pekin Olimpiadasını izləmək üçün bu ölkədə olarkən Çinin dövlət rəhbərliyi ilə səmərəli görüşlər keçirdiyini xatırlatmışdır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinə toxunan səfir bildirmişdir ki, Çin münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun həllinə tərəfdardır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 5 sentyabr.- S. 2.