Azərbaycan ordusu istənilən ekstremal şəraitdə
düşməni məhv etməyə qadirdir
Sentyabrın 4-də Azərbaycan
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant
Eldar Sabiroğlu kütləvi informasiya vasitələrinin
nümayəndələri üçün mətbuat
konfransı keçirdi. Müdafiə Nazirliyi rəhbərliyinin
KİV-lə əlaqələrin dərinləşdirilməsinə
böyük önəm verdiyini deyən Eldar Sabiroğlu
axırıncı mətbuat konfransından ötən
müddət ərzində orduda görülmüş işlərlə
bağlı məlumatları diqqətə
çatdırdı.
Müdafiə Nazirliyinin
qoşun növlərinin və birləşmələrinin
müasir hərbi texnika və silah-sursatla təchizatı
prosesinin uğurla davam etdiyini deyən Eldar Sabiroğlu qeyd etdi
ki, bu gün Azərbaycan Silahlı Qüvvələri Cənubi
Qafqazın ən güclü və qüdrətli ordusudur. Bunu
beynəlxalq təşkilatlar, hərbi institutlar və ekspertlər
də təsdiq edirlər.
Eldar Sabiroğlu bildirdi
ki ki, Azərbaycan ordusunda 2007-ci ildən başlayan struktur dəyişikliklərinin
nəticəsində onun quru qoşunları, hərbi dəniz
və hərbi hava qüvvələri müasir standartlara
uyğunlaşdırılmışdır. Bu dəyişikliklər ordunun
çevik və operativ idarə edilməsində müsbət
rol oynayır. Müdafiə Nazirliyi Aparatında həyata
keçirilən struktur dəyişiklikləri isə başa
çatmaq üzrədir.
Eldar Sabiroğlu bu il
iyunun 24-də - Azərbaycan Silahlı Qüvvələrinin
yaradılmasının 91-ci ildönümü ərəfəsində
keçirilən irimiqyaslı birgə əməliyyat-taktiki təlimindən
də ətraflı söz açdı. Bildirdi ki, təlimi ölkə
Prezidenti, Ali Baş Komandan İlham Əliyev izləyib və
bunu çox yüksək qiymətləndirib. Təlimdə 4
min nəfərdən çox şəxsi heyət, 99 tank, 55
zirehli döyüş maşını, 123 artilleriya sistemi, 12
döyüş təyyarəsi, 12 döyüş vertolyotu və
5 nəqliyyat döyüş vertolyotu iştirak edib. Bu təlim
bir daha göstərdi ki, Azərbaycan ordusunun döyüş
hazırlığı həqiqətən yüksək səviyyədəddir,
istənilən ekstremal şəraitdə düşməni məhv
etməyə qadirdir. Təlimin əsas mərhələsində
birləşmə və hissələrin döyüş tətbiqi
və silah sistemlərinin real atışları həyata
keçirilmiş, müxtəlif güc strukturlarının
birləşmə və hissələri arasında
qarşılıqlı əlaqə nümayiş
etdirilmişdir.
Mətbuat konfransında
bildirildi ki, Azərbaycan ordusunun beynəlxalq əlaqələri
də yüksələn xətlə inkişaf etməkdədir.
Azərbaycanın
dünyanın 52 ölkəsi ilə hərbi sahədə əlaqəsi
var. Bu, çox böyük göstəricidir. 26 ölkə
ilə hərbi sahədə müxtəlif sənədlər
imzalanıb. Bu onu sübut edir ki, Azərbaycan ordusu müasir
standartlara yiyələnməklə və beynəlxalq əlaqələrini
inkişaf etdirməklə müasir hərbi təcrübələrin
əldə edilməsində misilsiz uğurlar
qazanmışdır. Hazırda 23-ə yaxın ölkə ilə
hərbi sahədə sənədlərin
razılaşdırılması prosesi gedir. Yaxın vaxtlarda
bu sənədlərin bir neçəsi reallaşacaq.
Ötən müddətdə
Azərbaycan Müdafiə Nazirliyinin hərbçiləri
"Sülh naminə tərəfdaşlıq" proqramı
və "Fərdi tərəfdaşlığın əməliyyat
planı" çərçivəsində keçirilən
tədbirlərdə da fəal iştirak ediblər.
Mətbuat konfransında
hərbi təhsil məsələlərinə də toxunuldu.
Eldar Sabiroğlu bildirdi
ki, hazırda ölkəmizdə hərbi təhsil effektiv
inkişaf mərhələsinə qədəm qoymuşdur.
Bunun nəticəsidir ki, Azərbaycanın bütün hərbi
təhsil müəssisələrində - Heydər Əliyev
adına Azərbaycan Ali Hərbi Məktəbində, Hərbi
Dənizçilik Məktəbində və Hərbi Təyyarəçilik
Məktəbində azərbaycanlılarla yanaşı
müxtəlif dövlətlərdən olan kursantlar da təhsil
alırlar. Bu, çox qürurverici bir haldır.
İnanırıq ki, gələcəkdə
Azərbaycanın hərbi təhsilinə xarici ölkələrdə
maraq daha da artacaq.
Son aylarda cəbhə xəttində
erməni birləşmələri tərəfindən atəşkəsin
müntəzəm olaraq pozulması davam edib. Ermənilər
199 dəfə Azərbaycan Silahlı Qüvvələrinin
mövqelərini atəşə tutmuşlar. Atəşkəs
rejiminin pozulması intensiv şəkildə cəbhənin
Xocavənd, Goranboy, Ağdam və Tərtər istiqamətlərində
baş verib.
Ötən aylarda ATƏT-in
fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin
bilavasitə iştirakı ilə qoşunların təmas xəttində
4 dəfə monitorinq keçirilib. Ağdamın Mərzili və Əfətli,
Füzulinin Qaraxanbəyli və Goranboyun Borsunlu kəndləri
yaxınlığında keçirilən monitorinqlər
insidentsiz başa çatıb.
Eldar Sabiroğlu ötən
müddət ərzində bəzi təəssüfləndirici
hadisələrin də baş verdiyini diqqətə
çatdırdı.
Müdafiə Nazirliyinin
daim deputatlar və qeyri-hökumət təşkilatlarının
nümayəndələri ilə də sıx əməkdaşlığın
qurulmasına böyük önəm verdiyini və onların
cəbhə xəttindəki hərbi hissələrə səfərlərini
təşkil etdiyini deyən Eldar Sabiroğlunun sözlərinə
görə, bu yaxınlarda əsasən müxalifəti təmsil
edən deputatlar və QHT təmsilçiləri N saylı hərbi
hissədə olub və oradan çox gözəl təəssüratla
ayrılıblar. Diqqəti
cəlb edən əsas məqam ondan ibarətdir ki, deputatlar və
QHT təmsilçiləri hansı hərbi hissəyə getmələrini
özləri müəyyənləşdirirlər.
"Müdafiə Nazirliyi bu cür əməkdaşlığın
gələcəkdə daha da inkişaf etdirilməsinə
çalışacaq. Yaxın günlərdə isə
jurnalistlərin cəbhə xəttindəki hərbi hissələrə
səfərinin təşkil edilməsi nəzərdə
tutulur. Nazirlik buna vacib məsələ kimi baxır. Biz istəyirik
ki, mətbuatla Müdafiə Nazirliyi arasında elə
körpü yaradılsın ki, onu istənilən inciklik nə
zəiflədə, nə də uçura bilsin" - deyə
Eldar Sabiroğlu əlavə etdi.
Eldar Sabiroğlu onu da
bildirdi ki, bu gün Azərbaycan ordusunun güclənməsini
şərtləndirən əsas amil ölkəmizin iqtisadi
qüdrətinin artmasıdır. Azərbaycan ordusu getdikcə inkişaf
edəcək və hədəfdə duran əsas məsələ
torpaqlarımızın işğaldan azad edilməsidir. Bunun
məsuliyyəti Azərbaycan əsgərlərinin çiyinləri
üzərindədir. Hələlik siyasi danışıqlar
gedir və ümid edirik ki, bu uğurla yekunlaşacaq. Əks təqdirdə
Azərbaycan ordusu öz üzərinə düşən vəzifəni
dövlətimizin lazım bildiyi anda mütləq yerinə
yetirəcəkdir. Buna heç bir şübhə
olmamalıdır.
Rəşad CƏFƏRLİ
Azərbaycan.- 2009.- 5 sentyabr.- S. 2.