Alla Puqaçova: Bakı dünyada ən beynəlmiləl şəhərdir
Bakıda səfərdə
olan SSRİ-nin və Rusiya Federasiyasının xalq artisti Alla
Puqaçova jurnalistlərə müsahibəsində demişdir
ki, Bakıda olmağımdan çox şadam. Qayğısız
gəncliyimin ən şirin və sevincli anları Azərbaycanda
keçmişdir. Burada mənim çoxlu dostlarım
olmuşdur. Azərbaycan xalqı öz qonaqpərvərliyi və
genişürəkliliyi ilə məni hər zaman heyrətləndirmişdir.
Mən həmişə demişəm ki, Bakı ən beynəlmiləl
şəhərdir. İllər ötsə də, bu hiss məndə
hələ də yaşayır.
Şəhərdə
aparılan tikinti işləri məni heyran edir. Görülmüş
işləri alqışlayır, Azərbaycan Prezidentinə təşəkkür
edirəm. Qısa müddət ərzində Bakıda bu qədər
dəyişikliyin olmasına ürəkdən sevinirəm. Şadam
ki, sizin insanları yaxşı nümunə göstərirlər,
gəncləriniz də çox fəaldırlar.
Bakıda verəcəyi
konsertdən danışan A.Puqaçova bildirmişdir ki,
konsertdən əvvəl tamaşaçı
qarşısında böyük məsuliyyət hiss edirəm
və onların ümidlərini doğrultmağa
çalışacağam. Mənim
çıxışım kiçik bir tamaşa kimi olacaq,
ancaq istisna hal ola bilər. Tamaşaçılardan isə istəyim
odur ki, Bakıda son konsertimdə ifa edəcəyim
mahnıların hər birini ürəklərinə
yazsınlar və ömürlük özlərində
saxlasınlar. Bir daha vurğulamaq istərdim ki, bu, mənim
Bakıda sonuncu çıxışımdır.
Ancaq səfərimin son
olacağını demirəm, çünki qonaq kimi qəbul
etsəniz, sevinə-sevinə yenə də gələrəm.
A.Puqaçova
vurğulamışdır ki, ulu öndər Heydər Əliyevin
iştirakı ilə keçirilən konsertlər ən
yaddaqalan konsertlərim olmuşdur. O, zalda olanda mən daha da
ruhlanırdım. Mən onu çox sevirdim, o çox gözəl
insan idi.
Azərbaycan.- 2009.- 5 sentyabr.- S. 2.