Tap və Tapqaraqoyunlu kəndləri
nankor qonşulardan bir güllə məsafəsində yerləşir.
Vaxt olub həftələrlə,
aylarla bu yerlərə od-alov ələnib. İndi də
ara-sıra qəfil atəşlər açılır.
Ölən də olur, yaralanan da. Neçə-neçə
binaya güllə izləri "xal" salıb. Kəndin mərd
camaatı isə hünərlə, qeyrətlə
yaşayır. Bircə nəfər belə doğma ata-baba
yurdunu tərk etmir. Əhali əkin-biçinlə məşğul
olur, yeni evlər tikir, ictimai binalar ucaldır, körpülər,
keçidlər salır. Doğma yurd sevgisini, torpağa sədaqətini,
Vətənə məhəbbətini nümayiş etdirir.
Bu günlərdə
Tapqaraqoyunluda nəcib bir işin şahidi olduq. Kəndin ən
baxımlı guşəsində dövlət bayrağı
meydanı yaradılır. Kəndin şair oğlu Knyaz Əsgərov
deyir ki, biz Azərbaycan dövlətinin, Milli ordumuzun qüdrətinə,
qətiyyətinə inanırıq. İnanırıq ki,
yaxın vaxtlarda belə bir bayraq Xankəndidə də
qaldırılacaqdır.
Goranboy Azərbaycanın
qədim torpağı, mərd insanlar diyarıdır. Məşhur İpək yolu bu
yerlərdən keçir. Goran torpağı abidələrlə,
kurqanlarla zəngindir. Ənənəsi böyük, əhalisi
hünərlidir. Bu yerlər tarixin hər sınağından
zəfərlə çıxıb. Doxsanıncı illərin
o müdhiş günlərində Goranboy sərhəd
zonasında alınmaz qala kimi dayanıb. Erməni
işğalçıları bir qarış belə torpaq
qopara bilməyiblər. Əksinə, Aşağı Ağcakənd,
Gülüstan bölgələri nankorlardan biryolluq təmizlənib.
Qanlı döyüşlərdə yüzlərlə şəhid
verildi, neçə-neçə insan əlil oldu, doqquz nəfər
Milli Qəhrəman adına layiq görüldü, dörd nəfər
"Azərbaycan Bayrağı" ordeni ilə təltif
edildi. Goranboy illər, əsrlər boyu, bax, bu cür
mübarizə apardı, mühafizə olundu, nəhayət,
milli istiqlala qovuşdu. İndi də rayon əhalisi ürəklə,
can-başla qurub-yaradır.
Dədə Qorqud
demişkən, torpağı ki qorudun, gərək onu əkib-becərəsən,
bol məhsul yetirəsən, gülüstana çevirəsən.
Goranboylular bu həyat həqiqətini
çox gözəl bilirlər. Goran torpağı barlı-bəhrəli,
min nemətli, bol-bərəkətlidir. Rayonun
iqtisadiyyatında bitkiçilik və heyvandarlıq əsas yer
tutur. Dövlətin gündəlik qayğısı sayəsində
hər sahədə məhsuldarlıq ilbəil artır.
Cari ilin altı
ayının yekunları müzakirə edilərkən bu barədə
maraqlı faktlar çox səsləndi. Rayon icra hakimiyyətinin
başçısı Elşən Abasov dedi ki, Prezident
İlham Əliyevin qayğısı və köməyi sayəsində
Goranboy sürətlə inkişaf edir. Xüsusən rayonun
taxılçıları daha böyük uğurlar
qazanırlar. Goranboy suyu qıt olan rayondur. Daşqınlar da
ciddi ziyan vurdu. Buna baxmayaraq sahələrdə bol məhsul
yetişdirildi. Rayonda ilk dəfə olaraq hər hektardan 29,6
sentner məhsul götürüldü. Başqa sözlə
desək, anbara doxsan min tona yaxın taxıl verildi. Kənd təsərrüfatının
digər sahələrində də uğurlar ürəkaçandır.
Goranboyda kənd təsərrüfatı
ilə yanaşı sənaye də sürətlə
inkişaf edir. Sahibkarlara
güzəştli kreditlər verilir. Onların sərbəst
fəaliyyəti üçün hər şərait
yaradılır. Nəticədə köhnə müəssisələr
bərpa olunur, yeniləri tikilir. Regionların sosial-iqtisadi
inkişafı Dövlət Proqramına uyğun olaraq Fəhralı
kəndində şirniyyat məmulatı sexi, gön-dəri
emalı müəssisəsi, Qaşaltı-Qaraqoyunlu kəndində
sanatoriya-müalicə obyekti, Xanqərvənddə istirahət
mərkəzi, Muzdurlarda günəbaxan tumunun
qablaşdırılması sexi, Kürəkçay vadisində
qum-çınqıl müəssisəsi açılıb,
onlarca təhsil, səhiyyə, mədəniyyət, rabitə
obyekti inşa edilib.
Goran torpağı
yeraltı, yerüstü sərvətlərlə zəngindir.
Xüsusən bu yerlərin
gipsi hər yanda tanınır. Burada "Gilan-Holdinq"in
Safıkürd və Muzdurlar gips emalı zavodları, habelə
alçipan müəssisəsi fəaliyyət göstərir.
"Gilan"da yeni məhsul - gips-karton lövhələri
hazırlanır. Bu, Qafqaz regionu üzrə gips-karton istehsal edən
yeganə müəssisədir. Xammal əsasən Rusiyadan,
Türkiyədən və İrandan gətirilir. Almaniyalı
iş adamlarının iştirakı ilə istehsal olunan
lövhələr təkcə respublikamızda deyil, xarici
ölkələrdə də tanınır.
Müəssisənin fəaliyyəti
getdikcə genişlənir. Yaxın vaxtlarda burada əlavə
istehsal sahələrinin yaradılması, yeni sexlərin
açılması gözlənilir. Müəssisə tam gücü
ilə işləyəndə azı üç yüz nəfər
işlə təmin olunacaq və ildə səkkiz milyon ədəd
müxtəlif ölçüdə gips-karton lövhələri
istehsal ediləcəkdir. Digər müəssisələrin də
fəaliyyəti aybaay, ilbəil genişlənir.
Bütün bunların
nəticəsində məhsul buraxılışının həcmi
getdikcə çoxalır. Son beş ildə rayonun büdcəsi
3,5 dəfə artıb. Əhalinin pul gəliri 2003-cü ildəkinə
nisbətən üç dəfə çoxalıb. Gəlir,
qazanc artdıqca rayonda abadlıq-quruculuq işlərinin də
miqyası yeni vüsət alır. Təkcə son bir neçə
ay ərzində otuz milyon manatlıq tikinti-abadlıq işləri
görülmüşdür ki, bunun da 5,6 milyon manatı əhalinin
təşəbbüsü ilə, daxili imkanlar
hesabınadır. Əgər 2003-cü ildə tikintiyə
yönələn investisiyanın həcmi 1,4 milyon manat idisə,
cari ilin birinci yarısında bu rəqəm 23 milyon manata
çatmışdır. Rayonun inkişaf sürəti bax belədir!
Goranboy çox
mühüm strateji mövqedə yerləşir. Bakı-Qazax
magistralının xeyli hissəsi rayonun ərazisindən
keçir. Rayon barədə ilk təəssürat bu yolda
başlanır. Elə buna görə də magistral yol boyunca,
o cümlədən Dəliməmmədli şəhərinin,
Cinliboluslu, Borsunlu, Nadirkənd, Xoylu, Nizami kəndlərinin ərazisindən
keçən sahələrdə genişmiqyaslı təmir-bərpa
işləri aparılır, yöndəmsiz köşklər
sökülür, milli üslublu, müasir görkəmli xidmət
mərkəzləri yaradılır. Xüsusən Goran
dördyol ayrıcındakı bir-birindən
yaraşıqlı obyektlər sərbəst ticarət
zonasına bənzəyir.
Veysəlli kəndi
yaxınlığında isə 596 məcburi
köçkün ailəsi üçün yeni qəsəbə
inşa olunur.
Goranboyun bir xüsusiyyətini
ayrıca qeyd etmək istəyirik. Rayonların çoxunda bəzən
hansısa bir qəsəbənin, bir kəndin,
yaşayış məntəqəsinin yolunu,
yönünü tapmaq asan olmur. Goranboyda isə hər yerdə
ünvan-məlumat lövhələri göz oxşayır. Hər
addımbaşı sağa-sola daxili yollar ayrılır. Hər
yolun başında da səliqəli lövhələr vurulub.
Yol hara gedir, qəsəbənin, kəndin, bələdiyyənin
adı, ünvanı...
Rayonun mərkəzi indi
əsl inşaat meydanına bənzəyir. Son illərdə burada çox
böyük işlər görülür. Uşaq intellekt mərkəzi,
şahmat məktəbi, kitabxana-informasiya mərkəzi istifadəyə
verilib. Gənclər parkı, Cəfər Cabbarlı
meydanı salınıb. Ağsaqqallar evi açılıb.
Qarabağ əlillərinə fərdi evlər,
ayrı-ayrı təşkilatlar üçün müasir
görkəmli inzibati binalar tikilib.
Altı hektar sahəni bəzəyən
Heydər Əliyev parkı əsl seyrəngaha çevrilib. Burada ulu öndərin abidəsi
ucalıb. Xatirə muzeyi fəaliyyət göstərir. Bu
yaxınlarda parkda genişmiqyaslı bərpa işləri
aparılıb. Ətrafa milli ornamentli dayaq-hasar çəkilib.
Mövcud fəvvarələr yenidən qurulub. Şəhərin
müxtəlif küçələrinə asfalt
örtüyü döşənib. Səkilər düzəldilib,
onlarca binanın fasad hissəsinə milli ornamentli daş
üzlük çəkilib. Çox yerdə
işıqlandırma sistemi təzələnib. Ağaclar,
gül-çiçək əkilib, yaşıllıqlar
salınıb.
Əhalinin sosial
qayğıları həmişə diqqət mərkəzindədir.
İllər boyu
hamını narahat edən içməli su, elektrik enerjisi və
təbii qaz problemləri həll olunub. Murov-Goranboy su kəmərinin
xeyli hissəsi əsaslı təmir edilib. Sərhəd
bölgəsində yerləşən Tap, Tapqaraqoyunlu,
Qaşqalaaltı Qaraqoyunlu, Qasımbəyli kəndlərinə
və digər yerlərə içməli su çəkilib.
Bir neçə bulaq kompleksi istifadəyə verilib. I Dövlət
Proqramında rayon üzrə beş mühüm məsələ
nəzərdə tutulmuşdu. Hamısı uğurla yerinə
yetirildi. II Dövlət Proqramında isə görüləcək
işlərin miqyası xeyli genişlənib. Yaxın illərdə
rayonda on üç bölmə üzrə abadlıq-quruculuq
tədbirləri həyata keçiriləcəkdir.
Cari ilin sonunadək Rus
Borisi kəndində 180 şagird yerlik məktəb
binasının tikintisinə başlanacaq, növbəti illərdə
isə mərkəzi xəstəxana əsaslı təmir ediləcək,
Gigiyena və Epidemiologiya Mərkəzi, Əzizbəyov,
Qaradağlı, Muzdurlar, Aşağı Ağcakənd,
Balakürd, Qasımbəyli, Yeniyol, Hacallı, Qaramusalı və
Qırıqlı tibb məntəqələri, habelə on
yeddi kənddə sahə baytarlıq məntəqəsi
üçün inzibati binalar tikiləcək, küçələr,
yollar boyu genişmiqyaslı abadlıq işləri aparılacaqdır.
Sahələrin su təminatını
yaxşılaşdırmaq məqsədilə Kürəkçayda
tutumu on milyon kubmetr olan su anbarının inşası, habelə
onlarca subartezian quyusunun qazılması, beş min hektar sahədə
irriqasiya işlərinin aparılması üçün tədbirlər
görülür. İlin
sonunadək Goranboy şəhərində su təchizatı və
kanalizasiya sistemlərinin yenidən qurulması işlərinə
də başlanacaqdır.
Goranboylular Şəmkirçay
su anbarının inşasını səbirsizliklə
gözləyirlər. Bu
barədə dövlətimizin başçısı
İlham Əliyevin qayğı və diqqətini xüsusi dəyərləndirirlər.
Dünyanı iqtisadi böhran bürüdüyü bir
dövrdə belə bir obyektin inşasına dörd yüz
milyon manat vəsaitin yönəldilməsi hamının
ürəyindən xəbər verir. Dəryaçanın
suyu digər qonşu rayonlarla bərabər Goran
torpağına da yeni həyat gətirəcəkdir.
Bir sözlə, sərhəd
bölgəsində mərd-mərdanə dayanan Goranboy rayonu
yaşayır, tərəqqi edir. Əhalinin əhvali-ruhiyyəsi yüksəkdir.
Adamlar dövlətimizin daxili və xarici siyasətini,
xüsusən Qarabağ torpağının azad olunması
yolunda atılan addımları diqqətlə izləyir və
ürəkdən dəstəkləyirlər.
Altı ayın
yekunları müzakirə olunarkən rayonun iqtisadi-sosial həyatının
daha bir sıra sahələrindən də geniş söhbət
açıldı. Çıxış
edənlər qarşıda duran vəzifələrdən, həlli
vacib problemlərdən danışaraq müxtəlif təkliflər
irəli sürdülər. Yekdilliklə qeyd olundu ki, bu yerlərdə
doğma diyarın daha da çiçəklənməsi
üçün sistemli surətdə tədbirlər
görülür. Rayon hər sahədə sürətlə
inkişaf edir. Faktlar göstərir ki, ötən müddət
ərzində Goranboy daha bir boy ucalıb.
Əhməd İSAYEV
Azərbaycan.- 2009.- 5 sentyabr.- S. 4.