Elmə həsr edilən həyat

 

AMEA-nın Radiasiya Problemləri İnstitutunun laboratoriya müdiri, fizika-riyaziyyat elmləri doktoru Rəhim Səlim oğlu Mədətovun 60 yaşı tamam olur.

O, Şəki şəhərində dünyaya göz açmış, orta təhsilini orada almış, sonra 1966-cı ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə qəbul olmuşdur. Ali təhsilini bitirib 2 il Dəvəçi Rayon Təhsil Şöbəsində işləmişdir. 1973-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda elmi işçi vəzifəsində fəaliyyətə başlamış və hazırda Radiasiya Problemləri İnstitutunda laboratoriya rəhbəri vəzifəsində çalışır. Elmi fəaliyyətinin ilk dövründə alternativ enerji mənbələrindən biri olan günəş enerjisinin elektrik enerjisinə fotoelektrik üsulu ilə çevrilməsi istiqamətində tədqiqatlar aparmışdır. Onun elmi fəaliyyətinin əsas istiqaməti radiasiya fizikasının aktual problemlərindən olan yarımkeçirici materiallarda radiasiya effektlərinin müəyyən edilməsi və onların əsasında yeni praktiki təkliflərin hazırlanmasına həsr edilmişdir. Bu istiqamətdə aparılan tədqiqat işləri və elmi layihələr respublikanın əsas elmi-texniki inkişaf proqramına daxil edilmişdir.

Bu məqsədlə Fizika İnstitutunda sintez edilmiş yeni xüsusiyyətlərə malik yarımkeçirici maddələrin xassələrini araşdırmış və onların əsasında strukturların alınma texnologiyasının yaradılması ilə məşğul olmuşdur. İlk tədqiqatlar nəticəsində R.Mədətov germanium-silisium bərk məhlulu əsasında pilləli p-n keçidi struktur əsasında yeni tipli günəş elementinin hazırlanma texnologiyası yaratmış və bu, ixtira kimi qəbul edilmişdir.

1977-ci ildə EA-nın Radiasiya Tədqiqatları Sektoruna elmi işçi vəzifəsinə təyin edilən R.Mədətov elmi tədqiqat işlərində özünü nəzəri və praktiki cəhətdən hazırlıqlı eksperimentator kimi göstərmişdir.

1981-ci ildə "Germanium-silisium bərk məhlulu əsasında hazırlanmış fotodiodların fotoelektrik xassələri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib SSRİ Ali Attestasiya Komitəsinin qərarı ilə fizika-riyaziyyat elmləri namizədi adına layiq görülmüşdür. Onun 1982-1985-ci illər ərzində əldə etdiyi elmi nəticələr Azərbaycan və SSRİ EA-nın müxtəlif mükafatları ilə qiymətləndirilmişdir.

1992-ci ildə R.Mədətov "Germanium-silisium bərk məhlulu əsasında hazırlanmış p-n keçidlərdə fotovoltanik və radiasiya effektləri" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş və fizika-riyaziyyat elmləri doktoru adını almışdır. 1994-cü ildən yarımkeçiricilərin radiasiya fizikası laboratoriyasının rəhbəridir.

R.Mədətov 120 elmi məqalənin, o cümlədən 15 müəlliflik şəhadətnaməsinin, 2 patentin müəllifidir, 4 elmlər namizədi hazırlamışdır. Beynəlxalq elmi əməkdaşlıq treninq kurslarında iştirak etmiş və müvafiq sertifikatlara layiq görülmüşdür.

R.Mədətov pedaqoji fəaliyyətlə də məşğul olur. Onun rəhbərliyi ilə H.Əliyev adına Təhsil Kompleksinin, Naxçıvan və Bakı Türk liseylərinin şagirdləri 2005-2008-ci illər ərzində Beynəlxalq Ekoloji olimpiadalarda elmi-layihələrlə iştirak etmiş və onlar 1 gümüş, bir neçə qızıl və bürünc medallara layiq görülmüşlər.

O, Azərbaycan MEA-nın, eyni zamanda, Radiasiya Problemləri İnstitutunun ictimai işlərində də fəal iştirak edir. 1994-cü ildən RPİ-nin Elmi Şurasının üzvü seçilmişdir. 1993-cü ildən institutun Elmi Şurasının və həmkarlar təşkilatı idarə heyətinin, 2006-cı ildən isə Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komitəsində Ekspert şurasının üzvü və elmi katibidir.

R.Mədətova elmi yaradıcılıqda yeni-yeni uğurlar diləyirik.

 

 

Adil QƏRİBOV,

AMEA-nın müxbir üzvü,

əməkdar elm xadimi,

kimya elmləri doktoru, professor

 

Azərbaycan.- 2009.-  5 sentyabr.- S. 5.