Tibbdə muğamlarla müalicə səmərəli
üsuldur
İnsanlar qədim
zamanlardan müxtəlif müalicə üsullarından, o
cümlədən otlardan, dərman preparatlarından, türkəçarələrdən
istifadə etməklə sağlamlıqlarını təmin
etmişlər.
Musiqinin müalicəvi
təsiri isə insanlara çox-çox əvvəllərdən
məlumdur. Musiqi ilə müalicə metodu eramızdan əvvəl
ikinci yüzillikdə Çində tətbiq edilmişdir. Bu
ölkənin bir sıra xüsusi xəstəxanalarında xəstəliklər
musiqi alətlərinin köməyi ilə müalicə
olunurmuş. Bu üsulun xəstəliklərin müalicəsində
böyük rol oynadığı artıq sübuta
yetirilmişdir. Tarix elmləri doktoru Fərid Ələkbərlinin
"Şərqin min bir sirri" kitabında musiqi ilə
müalicənin tarixi, bu barədə Səfiəddin Urməvi,
Əbdülqədir Marağayi, Əbdüllətif
Şirvani, Əbu Nəsr əl-Fərabi, Məhəmməd əl-Xarəzmi,
Əbu Reyhan Biruni, Əbu Əli İbn Sina və bu kimi məşhur
alimlərin fikirləri, eyni zamanda, onların əsərləri
haqqında yazılanlar öz əksini tapmışdır. Bütün
bunlar musiqi terapiyasının həm Azərbaycanda, həm də
digər ölkələrdə qədim dövrlərdən tətbiq
edildiyini bir daha təsdiqləyir.
Hazırda musiqi
terapiyasından dünyanın əksər ölkələrində
istifadə edilir. Bu üsulla müalicə kifayət qədər
öyrənilmiş və geniş yayılmışdır.
Lakin musiqi ilə diaqnostika üsulu az adama bəllidir. Bu
diaqnostik üsul ilk dəfə tibb elmləri doktoru, professor
Rafiq Təhməzov tərəfindən öyrənilmişdir.
İdeya alimdə 1994-cü ildə Çində olarkən
yaranmış və orada U-SİN nəzəriyyəsi ilə
tanış olmuşdur. Çin təbabətində
xüsusi yeri olan bu nəzəriyyəyə görə, təbiət
ilk əsas beş ünsürdən - ağac, od, torpaq, metal və
sudan ibarətdir. Həmin ünsürlərlə insan
orqanları, emosiyalar, musiqi, rənglər arasında müəyyən
uyğunluqlar var. Belə ki, ağacla qaraciyər və öd
kisəsi, odla ürək və nazik bağırsaq, torpaqla
dalaq və mədə, metalla ağciyər və yoğun
bağırsaq, su ilə böyrək və sidik kisəsi
arasında energetik bağlılıq olduğu artıq bəllidir.
Nəzəriyyəçilərin fikrincə, qaraciyər və
öd kisəsinin əsas rəngi yaşıl, ürək və
nazik bağırsağınkı qırmızı, dalaq, mədə
və mədəaltı vəzinki sarı, ağciyər və
yoğun bağırsağınkı ağ, böyrək və
sidik kisəsininki qaradır. Bu rənglər hansı
orqanın xəstə olmasından asılı olaraq insan dərisinin
rəngində özünü göstərir. Həmçinin
beş ünsür nəzəriyyəsinə görə, xəstəliklə
əlaqədar adamların rəng seçimində də
müəyyən qanunauyğunluqlar var.
Çin nəzəriyyəçiləri
xəstə orqanlara görə insanlara xas olan emosiyaları da
aydınlaşdıra bilirlər. Məsələn, Çin
araşdırmaçılarının fikrincə, qaraciyərdəki
problemlər qəzəbdən yaranır. Ürək, qan-damar
sistemi xəstəliklərindən əziyyət çəkənlərin
əsas emosiyası isə sevincdir. Dalaq, mədə və mədəaltı
vəzidə yaranan narahatlığa fikir, dərd səbəb
olur. Həmçinin qorxu böyrəyi, qəm, kədər,
qüssə isə ağciyəri zədələyir.
Qədim Çin təbabətində
notlar və musiqi ilə xəstəliklərin müalicəsi
əsas yerlərdən birini tutur. Bunu Çində olarkən
müşahidə edən professor R.Təhməzov Bakıya
qayıtdıqdan sonra Alim Qasımov, Asif Kərimov və
Elşən Mənsurov kimi professional musiqiçilərlə
yeni eksperimental diaqnostik metodun yaradılması barədə məsləhətlər
aparır. Professor bununla bağlı 2004-cü ildə Asif Kərimovla
birlikdə Çinə səfər edərək bu ölkənin
qədim musiqisini səsləndirə bilən sənətkarların
köməyindən istifadə etmişdir. Onlar notları səsləndirdikcə
A.Kərimov tsjaonun fa-diyez, çjinin lya, gumun re, şanın
mi, yuyun si notu olduğunu müəyyənləşdirmişlər.
Daha sonra həmin notlar üzərində
"Bayatı-Şiraz", "Bayatı-Qacar",
"Bayatı-türk", "Uşşaq" və
"Çahargah" kimi gözəl muğamlar
yazılmışdır. Yazılan hər muğam fraqmenti təxminən
20 saniyə davam edir.
Diaqnoz qoyularkən xəstə
həmin muğamları dinləyir, hansı xoşuna gəlirsə,
ona uyğun orqanın xəstəliyini təyin etmək olur. Beləliklə,
dünyada ilk dəfə U-SİN prinsiplərinə uyğun
olaraq ayrı-ayrı orqanların notlara və muğam fraqmentlərinə
maksimal həssaslığı öyrənilməklə
ölkəmizdə yeni diaqnostik üsul-muğam
diaqnostikası yaradılmışdır.
Azərbaycan.- 2009.- 5 sentyabr.- S. 5.