Qərbin etibarlı enerji
təminatçısı
Zəngin karbohidrogen
ehtiyatlarına malik olan Azərbaycanın Avropanın enerji təminatında
rolunun artması dünya dövlətlərinin, xüsusən
də Qərbin bu sahədə ölkəmizlə əməkdaşlığa
daha çox meyillənməsinə səbəb olmaqdadır. Təsadüfi
deyil ki, enerji təhlükəsizliyi məsələsində
Qərb dövlətlərinin təmsilçilərinin
ölkəmizlə təmasları daha intensiv xarakter
daşımaqdadır.
Azərbaycanın iştirakı olmadan regionda yeni
enerji layihələrinin reallaşdırılması
mümkün deyil
Enerji resurslarının
nəqlində uzaqgörən və milli maraqlara uyğun siyasət
həyata keçirən Azərbaycanın əhəmiyyətini
artıran daha bir məqam onun Mərkəzi Asiyanın
karbohidrogen ehtiyatlarının alternativ marşrutlarla dünya
bazarlarına çıxarılmasında əsas tranzit
ölkələrdən biri statusunu daşımasıdır. Bu
gün Azərbaycanın iştirakı olmadan Mərkəzi
Asiyadan başlayaraq Qafqazı keçməklə Türkiyə
və Avropa istiqamətində enerji layihələrinin
reallaşdırılması mümkün deyil. Elə buna
görədir ki, böyük bir coğrafi məkanda yeni enerji
layihələrinin, o cümlədən Qərbin böyük
ümidlə baxdığı "Nabukko" layihəsinin
reallaşmasında Azərbaycan əsas açar rolunu oynayan
dövlət kimi qəbul olunmaqdadır.
O da danılmazdır ki,
"Nabukko" layihəsinin meydana gəlməsinin əsas səbəbi
məhz Azərbaycanın həyata keçirdiyi enerji siyasəti
olub. Bununla bağlı Prezident İlham Əliyev
bildirmişdir: "Azərbaycan Xəzərdən Qərbə
gedən boru kəmərlərinin tikintisini başlayan ölkə
oldu. Məhz bizim təşəbbüslərimiz və işlərimiz
əsasında bu gün biz "Nabukko", Türkiyə-Yunanıstan-İtaliya,
Transadriatik qaz kəmərləri və digər layihələr
haqqında danışa bilərik, çünki biz
bütün zəruri ilkin işləri artıq yerinə
yetirmişik. Bu gün nəhəng neft və qaz ehtiyatları,
müasir infrastruktur, boru kəmərləri və önəmli
məkanda yerləşən Azərbaycan əlbəttə ki,
regional enerji təhlükəsizliyi və Avropanın enerji təhlükəsizliyində
mühüm rolunu davam etdirir. Avropa Azərbaycanın böyük tərəfdaşıdır".
Ölkəmizin sərhədlərindən
kənarda da açıq etiraf olunur ki, "Nabukko" layihəsinin
reallaşması istiqamətində Azərbaycan böyük
işlər görüb. Məsələn, amerikalı
konqresmen Robert Veksler Türkiyə səfəri zamanı
bununla bağlı verdiyi açıqlamada qeyd edir ki,
sözügedən layihənin həyata keçirilməsi
üçün Azərbaycan çox ciddi addımlar atıb:
"Birləşmiş Ştatlar "Nabukko" layihəsinin
reallaşmasında olduqca maraqlıdır və bu layihəni
dəstəkləməklə yanaşı, onun
iştirakçılarına hərtərəfli kömək
edəcək. Bizim tərəfdaşlarımız olan Azərbaycan
və Türkiyə layihənin reallaşması
üçün çox iş görüb və ABŞ daim
onları dəstəkləyəcək. İndi əsas olan
yerində durmamaq və bu istiqamətdə işləri davam
etdirməkdir. Məhz bizim bir çox məsələlərdə
birgə səylərimiz Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin
inşasına kömək etdi. Hesab edirəm ki,
"Nabukko" layihəsinin reallaşmasına da nail
olacağıq".
ABŞ-ın Avrasiya
enerji məsələləri üzrə xüsusi nümayəndəsi
Riçard Morninqstarın da bu məsələ ətrafında
verdiyi açıqlamalar xüsusi diqqət cəlb edir. Xatırladaq
ki, Riçard Morninqstar avqustun 27-də Prezident İlham Əliyevin
qəbulunda da olub. Görüş zamanı Azərbaycan ilə
ABŞ arasında energetika sahəsində əməkdaşlıq,
Avropanın enerji təhlükəsizliyi və regional əməkdaşlıq
məsələləri ilə bağlı fikir mübadiləsi
aparılıb.
Cənab Morninqstar bildirir
ki, Xəzər regionundan dünya bazarlarına
enerjidaşıyıcılarının nəql edilməsində
alternativ marşrutların təmin edilməsi baxımından
Azərbaycan ən vacib rollardan birini oynayır. Onun sözlərinə
görə, tranzit baxımından da Azərbaycan olduqca əlverişli
mövqedədir: "Əvvəla, Azərbaycan özü
malik olduğu enerji resurslarını Türkiyə və
Avropaya nəql edir. İkinci bir tərəfdən Azərbaycan
tranzit ölkədir, Qazaxıstan nefti Xəzər dənizi
vasitəsilə bu dövlətin ərazisindən keçərək
dünya bazarlarına nəql olunur. Onu da qeyd etmək istəyirəm
ki, biz Azərbaycan, Gürcüstan və Türkiyədən
keçən nəqliyyat yollarının etibarlı və təhlükəsiz
olmasına əminik".
Azərbaycan Avropa və Qərb üçün vacib
ölkədir
ABŞ Atlantik
Şurasının nəzdindəki Avrasiya Energetika Mərkəzinin
direktoru vəzifəsini icra edən Aleksandros Peterson da bildirib
ki, Xəzər regionunda enerji istehsalçısı kimi Azərbaycan
Avropa və Qərb üçün vacib ölkədir:
"Özü də təkcə ona görə yox ki, Azərbaycan
böyük enerji ehtiyatlarına malikdir. Həm də onun
üçün ki, Türkmənistan, Qazaxıstan və
Özbəkistan daxil olmaqla Xəzərin şərq sahillərində
və Orta Asiyadakı enerji ehtiyatlarına açar rolunu
oynayır. Azərbaycan həmçinin Qərbə nefti
Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəql etdiyi, eləcə
də "Nabukko" qaz kəməri layihəsinin reallaşmasında
ən perspektivli ölkə olduğu üçün əhəmiyyətlidir".
ABŞ dövlət
katibinin siyasi məsələlər üzrə
keçmiş məsləhətçisi Mark Qrossman Azərbaycanın
"Nabukko" boru kəmərinin təbii qazla təmin edilməsində
potensial tədarükçülərdən biri olduğunu
qeyd edir. Onun sözlərinə görə, cari ilin iyul
ayında "Nabukko" layihəsinə dair Ankarada imzalanan
hökumətlərarası saziş dünyada enerji təhlükəsizliyinin
təmini üçün çox vacib əhəmiyyət
daşıyır: "Avropa bazarı üçün də
enerji təhlükəsizliyi problemi daim əsas olacaq".
Xatırladaq ki, Azərbaycanla
Avropa İttifaqı arasında strateji enerji tərəfdaşlığı
haqqında Memorandum imzalanıb. Bu, Avropa İttifaqı ilə
Azərbaycan arasında münasibətlərin daha da uğurla
inkişaf etməsində mühüm rol oynamaqda, eləcə
də ölkəmizin bundan sonra da Avropa ilə həyata
keçiriləcək birgə layihələrdə, o cümlədən
"Nabukko" layihəsində birgə iştirakda
maraqlı olduğunu əyani nümayiş etdirən
faktorlardan biridir.
ABŞ rəsmilərinin
yuxarıda qeyd edilən açıqlamaları isə enerji təhlükəsizliyinin
təmin olunmasında Azərbaycana nə qədər
böyük ümidlərlə
yanaşıldığının göstəricisi hesab
olunur. Əslində, Azərbaycanın dünya bazarlarında
mühüm və etibarlı enerji təchizatçısına
çevrilməsi ABŞ-da ən yüksək səviyyədə
də xüsusi olaraq vurğulanıb. ABŞ dövlət
başçısı Barak Obama Bakıda keçirilən on
altıncı Beynəlxalq Xəzər neft-qaz sərgisi və
konfransı ilə bağlı Prezident İlham Əliyevə
göndərdiyi məktubda yazır: "Azərbaycan beynəlxalq
şirkətlərin iştirakı ilə enerji
ehtiyatlarının işlənilməsinin sürətli tərəqqi
və ən qabaqcıl texnologiya ilə nəticələnməsinin
nümunəsidir. 90-cı illərin ortalarında neft və
qaz yataqlarının işlənilməsi üçün
beynəlxalq sərmayəçilərin Azərbaycana dəvət
edilməsi, Şərq-Qərb Enerji Dəhlizinin, o cümlədən
Bakı-Tbilisi-Ceyhan neft boru və Cənubi Qafqaz qaz boru kəmərlərinin
reallaşması Sizin xüsusi nailiyyətinizdir. Üç
ölkənin ərazisindən keçən, yüzlərlə
kilometr məsafəni qət edən və bir çox beynəlxalq
enerji şirkətini bir araya gətirən həmin layihələr
yorulmaz fəaliyyət və əməkdaşlıq sayəsində
nəyə nail oluna biləcəyini əks etdirir. ABŞ bu
mühüm layihələri həyata keçirən Azərbaycan
və digər iştirakçılarla tərəfdaş
olmaqdan iftixar hissi keçirir".
Azərbaycan hələ uzun müddət Avropanın
enerji təchizatçısı olacaq
Göstərilənlər
Azərbaycanın ABŞ, Avropa və digər dünya dövlətləri
üçün enerji təhlükəsizliyi sferasında nə
dərəcədə əhəmiyyətli rol
oynadığını açıq meydana qoyur. O da xüsusi
olaraq qeyd edilməlidir ki, Azərbaycan Qərblə təkcə
enerji yox, həm də digər sahələrdə əlaqələrin
qarşılıqlı maraqlara söykənən əsaslarla
möhkəm zəmində inkişafı istiqamətində fəal
siyasət həyata keçirməkdədir. Bu, Azərbaycanın
mövcud enerji strategiyası ilə yanaşı, ümumilikdə
həyata keçirdiyi xarici siyasətin kifayət qədər
düzgün və uzaq məqsədlərə
hesablandığını göstərən başlıca
amillərdən sayılır.
Bununla yanaşı,
uğurlu xarici siyasət, o cümlədən enerji
strategiyası ölkəmizin nəinki regionda, hətta daha
böyük coğrafi məkanda lider dövlət statusuna yiyələnməsinə
və bu statusun daha da möhkəmlənməsinə səbəb
olmaqdadır. Digər tərəfdən Azərbaycanın həm
özünün nəhəng enerji ehtiyatları, həm də
Mərkəzi Asiyadan Avropa istiqamətində göndərilə
biləcək karbohidrogen məhsullarının nəqlində
mühüm tranzit rolu oynaması dünya dövlətlərinin
ölkəmizə diqqətinin artması ilə müşayiət
edilməkdədir.
Konkret olaraq Azərbaycanın
özünün Qərb ölkələrilə mövcud
enerji, o cümlədən təbii qaz sahəsində əməkdaşlıq
səviyyəsi isə olduqca yüksək dəyərləndirilir.
Bunu Barak Obamanın Prezident İlham Əliyevə göndərdiyi
məktubda söylənilən fikirlərdən də aydın
görmək mümkündür: "Biz regional təchizatın
şaxələndirilməsinə yardım etmək məqsədilə
təbii qaz yataqlarınızın işlənilməsinə
yönəlmiş səylərinizi dəstəkləyirik. Həm
Sizin ölkəniz, həm də qonşularınız bundan bəhrələnəcəkdir.
Biz karbohidrogen sektorunuzun işlənilməsi sahəsində
işləri bu cür davam etdirməyinizi
alqışlayırıq. Bu prosesin nəticəsində
regional inkişaf və əməkdaşlıq, o cümlədən
qlobal enerji təhlükəsizliyi güclənəcəkdir,
eyni zamanda bütün Azərbaycan vətəndaşlarının
arzu və tələbatlarını təmin etmək
üçün çox dəyərli bir imkan
yaranacaqdır".
Sadalananlar fonunda daha bir
vacib məqam da ondan ibarətdir ki, Azərbaycanın malik
olduğu karbohidrogen yataqları hələ uzun müddət
ölkəmizin bu sahədə tərəfdaş dövlətləri,
o cümlədən Avropanı enerji ehtiyatları ilə
etibarlı şəkildə təmin etməyə imkan verir. Belə
ki, Azərbaycanda ən minimal hesablamalara görə, qaz
ehtiyatları 2 və orta hesabla 5 trilyon kubmetr səviyyəsindədir.
Neft ehtiyatlarının isə ən azı 100 ilə bəs
edəcəyi proqnozlaşdırılır. Bütün bunlar
o deməkdir ki, Azərbaycan uzun illər bundan sonra da enerji sahəsində
çox önəmli və strateji tərəfdaş kimi
öz rolunu oynayacaq və bu rol getdikcə artacaq.
Azərbaycanın enerji
sferasında uğurlu siyasətinin daha bir göstəricisi isə
onun bu sahədə təkcə Qərb yox, Rusiya və
İran kimi qonşu dövlətlərlə də
yaxşı münasibətlər qura bilməsidir. Sonuncu iki
dövlətlə Azərbaycanın həm neft, həm də
təbii qaz sahəsində uğurlu əməkdaşlığı
mövcuddur və bu əməkdaşlığının
miqyası günü-gündən genişlənməkdədir.
Bütün bunlar bir
daha onu göstərir ki, Qafqazda reallaşdırılan enerji
layihələrində başlıca rol oynayan Azərbaycan həm
də tranzit əhəmiyyətinə görə
dünyanın diqqətini özünə cəlb edib.
Yaranmış bu vəziyyətdən
məharətlə istifadə edən Azərbaycan regionda lider
statusunu gücləndirməklə yanaşı, dünya
arenasında mövqelərini də əhəmiyyətli dərəcədə
möhkəmləndirməkdədir.
Rasim BAYRAMOV
Azərbaycan.- 2009.- 6
sentyabr.- S. 1.