Təhsil işçilərinin respublika konfransı keçirilmişdir

 

Sentyabrın 5-də "Gülüstan" sarayında rəhbər təhsil işçilərinin ənənəvi respublika konfransı keçirilmişdir.

Konfransda Baş nazirin müavini Elçin Əfəndiyev, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, Prezident Administrasiyası humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev, Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi Əli Əhmədov, deputatlar, nazirlik və dövlət komitələrinin nümayəndələri, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq qurumların təmsilçiləri, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri, rayon və şəhər təhsil şöbələrinin müdirləri iştirak edirdilər.

İştirakçılar əvvəlcə Azərbaycan təhsilinin nailiyyətlərindən bəhs edən kitab sərgisinə baxmışlar.

Məktəblilərin ifasında Azərbaycan Respublikasının Dövlət himni səslənmişdir.

Təhsil sahəsində dövlət siyasətini əks etdirən videoçarx nümayiş etdirilmişdir.

Aparıcıları uşaq parlamentinin üzvləri olan konfransda təhsil naziri Misir Mərdanov "2008-2009-cu dərs ilinin yekunları və 2009-2010-cu dərs ilində qarşıda duran vəzifələr" mövzusunda məruzə etmişdir.

Nazir ölkəmizdə təhsilin inkişafı üçün hərtərəfli şərait yaradıldığını vurğulayaraq demişdir ki, son illər respublikanın təhsil sistemində davamlı inkişafa yönəlmiş əsaslı infrastruktur dəyişikliklərinin baş verməsi, inkişafyönümlü proqram və layihələrin həyata keçirilməsi dövlətimizin başçısının təhsilə müntəzəm diqqət və qayğısı sayəsində mümkün olmuşdur.

Prezidentin bu yaxınlarda "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələri qaliblərinin mükafatlandırılması haqqında Sərəncam imzalaması həmin qayğının bariz nümunəsidir. Bu addım məktəbin və müəllimin statusunun yüksəldilməsinə yönəlmişdir.

Yüksək diqqətə görə təhsil işçiləri adından dövlətimizin başçısına dərin minnətdarlığını bildirən M.Mərdanov demişdir ki, bugünkü tədbirdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə təhsil sahəsində həyata keçirilmiş islahatların əsas istiqamətlərindən söz açılacaq, mövcud problemlər təhlil ediləcək, onların həlli yolları barədə fikir mübadiləsi aparılacaqdır.

Dövlətimizin başçısı cari ildə də təhsil sahəsini diqqət mərkəzində saxlamış, il ərzində müxtəlif sərəncam və fərmanlar imzalamışdır. Bir neçə istiqamət üzrə dövlət proqramları təsdiq edilmişdir.

Ötən il YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ilk dəfə olaraq ölkəmizdə "Dünyada savadlılığın dəstəklənməsi" mövzusunda YUNESKO-nun regional konfransı keçirilmişdir. Tədbirdə dünyanın 150-dən çox ölkəsini təmsil edən ekspertlər iştirak etmişlər.

Dünyanı cənginə almış iqtisadi böhrana baxmayaraq, Azərbaycan hökuməti təhsilin inkişafına əvvəlki illə müqayisədə 238 milyon manat çox vəsait ayırmışdır. Dövlətimizin başçısının təhsil işçilərinə göstərdiyi diqqət və qayğısı sayəsində 2008/2009-cu illərdə 247 nəfər təhsil işçisi müxtəlif fəxri adlara, o cümlədən 154 nəfər "Azərbaycan Respublikasının əməkdar müəllimi" adına layiq görülmüşdür. İl ərzində ən yaddaqalan hadisələrdən biri isə uzun illər müzakirə olunan "Təhsil haqqında" Qanunun qəbul olunmasıdır.

Məktəbəqədər təhsildən bəhs edən nazir 2007-2010-cu illəri əhatə edən "Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı"nı, sənəddə dünya təcrübəsinə uyğun olaraq, 5 yaşlı uşaqların icbari məktəbəqədər təhsilə cəlb olunmasının nəzərdə tutulduğunu xatırlatmışdır. O demişdir ki, bu il 320 yerlik iki uşaq bağçası inşa edilmişdir. Bakı şəhərində 20, Sumqayıt şəhərində isə 1 uşaq bağçası əsaslı təmir olunmuşdur. Yeni dərs ilində 16 məktəbəqədər tərbiyə müəssisəsi istifadəyə veriləcəkdir. Son 20 ildə ilk dəfə olaraq 37 adda təlim vəsaitləri hazırlanaraq uşaq bağçalarına çatdırılmışdır.

Orta təhsilin vəziyyətindən danışan nazir məktəb tikintisini xüsusi vurğulamışdır. Məlumat vermişdir ki, 2008/2009-cu tədris ilində ümumilikdə 52 min 462 yerlik 179 yeni məktəb binası, 42 məktəbdə isə 15 min yerlik əlavə korpuslar tikilərək istifadəyə verilmişdir. Bununla yanaşı, 118 məktəb binası əsaslı təmir olunmuş, 293 məktəbin istilik sistemi bərpa edilmişdir. Bütün bunlar Prezidentimizin "Uşaqlar yaxşı məktəblərdə oxumalı, müəllimlər də yaxşı məktəblərdə işləməlidirlər" tələbinin yerinə yetirilməsinin real nəticələridir.

Məktəblərin infrastrukturunun yeniləşdirilməsi və təhsilin inkişafı sahəsində Heydər Əliyev Fondunun xidmətləri də xüsusi vurğulanmışdır.

Qeyd edilmişdir ki, fondun təşəbbüsü ilə hər il yüzlərlə məktəbli yeni tədris ilinə yeni sinif otağında qədəm qoyur. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva təhsil ocaqlarının yeniləşməsinə xüsusi əhəmiyyət verir. Təhsilin inkişafına dəstək Heydər Əliyev Fondunun fəaliyyətinin prioritet istiqamətlərindəndir. Fondun reallaşdırdığı ən möhtəşəm layihələrdən biri "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsidir. Son illər ərzində bu proqram çərçivəsində 280-dən artıq məktəb binası tikilmişdir. Artıq layihənin ikinci mərhələsinə başlanmışdır. Bu layihə sayəsində yüzlərlə məktəb yenidən bərpa olunmuş, ən müasir avadanlıq və kompyuterlərlə təchiz edilmişdir. Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə hər yeni dərs ilinin əvvəlində birinci sinif şagirdlərinə çanta və dərs ləvazimatının paylanması artıq ənənəyə çevrilmişdir. 2004-cü ildən başlayaraq fond hər il qaçqın və məcburi köçkün ailələrindən olan uşaqları, eləcə də Gürcüstanda yaşayan soydaşlarımızı yeni tədris ilində dərs vəsaitləri ilə sevindirir. Rusiya Federasiyası, Hollandiya, Türkiyə və Rumıniyada yaşayan məktəbli soydaşlarımız da belə hədiyyələr alırlar. Heydər Əliyev Fondu elm və təhsil sahəsinə qrantların ayrılması, xüsusi istedadlı şagirdlərə, tələbələrə və alimlərə təqaüdlərin verilməsinə də xüsusi diqqət ayırır. Fondun prezidenti, Mehriban xanım Əliyevanın ideyaları ilə gerçəkləşən hər bir işin təməlində insanlara olan sevgi hiss olunur. Xalq bu məhəbbəti görür və qiymətləndirir.

Nazir Azərbaycan məktəblilərinin beynəlxalq olimpiadalarda qazandığı uğurlardan, bu uğurları artırmağın vacibliyindən, xüsusi istedada malik uşaqların yaradıcılıq potensialının inkişafı naminə görülən işlərdən, vahid məktəbli formasının tətbiqindən söz açmış, dərsliklərlə bağlı məsələlərə toxunmuşdur. Qeyd edilmişdir ki, son illər bu sahəyə xüsusi diqqət yetirilir. 2008-ci ildə 4 milyondan çox dərslik çap edilərək şagirdlərə paylanmışdır. 2009-/2010-cu tədris ilində isə 4 milyon 256 min dərs vəsaiti çap edilərək şagirdlərə çatdırılacaqdır. Hazırda birinci sinif şagirdləri üçün dərsliklər yeni kurikulum əsasında çap edilmişdir. Ötən il ilk dəfə olaraq, Heydər Əliyev Fondunun dəstəyi ilə 130 adda 1,4 milyon ədəd əyani tədris vasitələri qısa müddətdə çap edilərək məktəblərə çatdırılmışdır. Bu il Azərbaycanın peşə təhsili tarixində ilk dəfə olaraq texniki peşə məktəblərinin şagirdləri üçün 8 fənn üzrə dərslik hazırlanaraq çap edilmişdir.

Məlumat verilmişdir ki, 2009/-2010-cu tədris ilindən başlayaraq, eksperiment kimi, Azərbaycanın üç ali məktəbində "Təhsilin əsasları" fənninin tədrisinə başlanılacaqdır. İlk dəfə olaraq Azərbaycan Müəllimlər İnstitutunun, Azərbaycan Dövlət Pedaqoji Universitetinin və Gəncə Dövlət Universitetinin ibtidai təhsilin metodikası və pedaqogikası fakültələrində bu fənn tədris ediləcəkdir.

Diqqətə çatdırılmışdır ki, artıq 43 nəfər azərbaycanlı gənc xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsilini başa vuraraq Vətənə qayıtmışdır. Onlar Azərbaycanda öz ixtisaslarına uyğun işlə təmin edilmişlər. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində dünyanın nüfuzlu ali məktəblərinə qəbul olunmuş tələbələrin sayı cari ildə 304 nəfərə çatdırılmışdır. Hazırda Azərbaycan gəncləri 20-dən çox ölkənin tanınmış ali məktəblərində təhsillərini davam etdirirlər.

Məruzədə təhsil sisteminin informasiyalaşdırılmasından, bu sahədə həyata keçirilən layihələrdən, milli təhsil portalının yaradılmasından, müəllimlərin hərtərəfli hazırlığı üçün görüləcək işlərdən danışılmışdır.

Məktəblərdə İKT-nin tətbiqi ilə bağlı xeyli iş görülmüşdür. Yola saldığımız dərs ilində bu sahədə 10 mindən çox müəllimə təlim kursları keçirilmişdisə, bu il onların sayı 18 minə çatdırılacaqdır. Nazirlik dünyanın məşhur şirkətləri "Microsoft" və "İntel"in rəhbərləri ilə memorandum imzalamışdır. Bu memorandumun əsas məqsədi hər şagirdə bir noutbuk prinsipidir. Artıq 1-6-cı sinif şagirdləri üçün 100 ədəd noutbuk Azərbaycana göndərilmişdir. İlin sonunda şagirdlərə 400 noutbuk hədiyyə ediləcəkdir. İki il ərzində isə bunların sayı 4 minə çatdırılacaqdır.

Yeni dərs ilində xarici dillərin, xüsusilə rus və ingilis dillərinin tədrisinə ciddi yanaşılacaqdır. Ötən ildən Böyük Britaniyanın "British Council" təşkilatının dəstəyi ilə bu işə başlanılmışdır. Bakının 7 məktəbində 1-ci və 5-ci siniflərdə xarici dillərin öyrənilməsinə ayrılan saatlar 2 dəfədən çox artırılacaqdır. Cari ildən Azərbaycanın 50 məktəbində rus dilinin mütəmadi şəkildə xarici dil kimi öyrədilməsi layihəsinə də başlanacaqdır.

Konfransda çıxış edən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirmişdir ki, ilboyu ali və orta ixtisas təhsili məktəblərinə tələbə qəbulunun nəticələrinə əsasən, təhsilin həm ölkə səviyyəsində, həm də ayrı-ayrı bölgələr və məktəblər üzrə göstəriciləri, abituriyentlərin fənlər üzrə nəticələri, müxtəlif ixtisas qruplarına meyil və maraqları, ali məktəblərə qəbulolma göstəriciləri, yüksək və zəif göstəricili rayonlar və məktəblər faktiki materiallar əsasında daha əhatəli şəkildə təhlil edilmişdir.

M.Abbaszadə statistik məlumatları diqqətə çatdıraraq bildirmişdir ki, 2009-cu ildə ali məktəblərə qəbul imtahanlarında 107347 abituriyent iştirak etmişdir. Onlardan 97006-sı Azərbaycan bölməsinin, 10341-si isə rus bölməsinin payına düşür. Ali məktəblərə 28498 nəfər, o cümlədən 24463-ü Azərbaycan, 4035-i isə rus bölməsinə qəbul olunmuşdur.

Ənənəvi olaraq, ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticə göstərən gənclərlə TQDK-da görüşlər təşkil edilmişdir.

Tədbirdə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın təqaüdçüsü Emin Hüseynov, Nərimanov rayonundakı 182 nömrəli körpələr evi-uşaq bağcasının müdiri Ulduz Məmmədova, Bakı şəhər 6 nömrəli məktəb-liseyinin ibtidai sinif müəllimi Gülşən Orucova, "Azərbaycanda peşə təhsilinin təkmilləşdirilməsi" layihəsinin eksperti Fuad Dərgahlı, Azərbaycan Texniki Universitetindən texnika elmləri doktoru Sübhan Namazov, 23 nömrəli orta məktəbin müəllimi Solmaz Abdullayeva çıxış edərək təhsil sahəsində baş verən yeniliklərdən və qarşıda duran vəzifələrdən danışmışlar.

Bildirilmişdir ki, insan kapitalının inkişafı üzrə Azərbaycan Respublikasının dövlət siyasəti kompleks xarakter daşıyır və "Neft-qaz gəlirlərinin idarə olunması strategiyası", "Məşğulluq strategiyası", "Gənclər və idman siyasəti" və digər komponentlərdən ibarətdir. Bu komponentlər arasında ən əhəmiyyətlisi xaricdə təhsil üzrə Dövlət Proqramıdır. Təkcə onu demək kifayətdir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən keçirilən son müsabiqələrdə iştirak etmiş xarici təhsilli namizədlərin xüsusi çəkisi 26 faiz artmışdır.

Konfransda məktəbəqədər təhsil müəssisələrinin işinin təkmilləşdirilməsi məqsədi ilə bir neçə təklif irəli sürülmüşdür. Təklif edilmişdir ki, məktəbəqədər uşaq müəssisələrinə psixoloq ştatı əlavə edilsin və bu müəssisələrdə uşaqlar üçün mövcud qida normalarına yenidən baxılsın; qabaqcıl təcrübəni digər məktəbəqədər təhsil müəssisələri ilə bölüşməyə imkan yaradan, müasir tələblərə cavab verən məktəbəqədər təhsil müəssisələrində müxtəlif təmayüllü resurs mərkəzləri yaradılsın.

Sonda 2008/2009-cu dərs ilində ilk dəfə olaraq keçirilmiş "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin qaliblərindən bəhs edən "İlk 50 ən yaxşı məktəb, 100 ən yaxşı müəllim" kitabı builki nominantlara təqdim edilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 6 sentyabr.- S. 2.