Təhlükəsizliyimizin keşiyində dayananlara həsr edilmiş miniatür kitab
"İndiqo" nəşriyyatında
çapdan çıxmış yeni miniatür kitab Azərbaycan
milli təhlükəsizlik orqanlarının 90 illiyinə həsr
edilmişdir. Bu nəşr Azərbaycan Respublikası Milli Təhlükəsizlik
Nazirliyi və Respublika "Kitab" cəmiyyəti tərəfindən
hazırlanmışdır.
"Azərbaycan
Respublikası milli təhlükəsizlik orqanları-90"
adlanan miniatür (40 x 45 mm) kitabda təhlükəsizliyimizin və
ölkədə sabitliyin keşiyində sayıq dayanan
orqanların fəaliyyətinin mahiyyətini təşkil edən
maraqlı materiallar toplanmışdır.
Kitabın forzasında
verilmiş Azərbaycanın xəritəsində ölkəmizin
tarixi və mədəni abidələri əks edilmişdir. Kitabın
ilk səhifələrində ulu öndər, ölkəmizdə
milli təhlükəsizlik orqanlarının
formalaşmasında çox böyük rol oynamış Heydər
Əliyevin və onun işini uğurla davam etdirən Prezident
İlham Əliyevin portretləri, ölkəmizin təhlükəsizliyinin
etibarlı qarantı olan bu mühüm xidmətin əhəmiyyəti
barədə ümummilli liderin və dövlətimizin
başçısının söylədikləri dəyərli
fikirlər verilmişdir.
Məlum olduğu kimi,
1997-ci ildə Prezident Heydər Əliyevin Sərəncamı
ilə (Sərəncamın mətni kitabda verilir) mart
ayının 28-i milli təhlükəsizlik orqanlarının
peşə bayramı günü elan edilmişdir. Bu il
martın 28-də xalqımız Azərbaycanda xüsusi xidmət
orqanlarının yaradılmasının 90 illiyini qeyd etdi. Bu
münasibətlə Prezident İlham Əliyevin milli təhlükəsizlik
orqanlarının şəxsi heyətinə müraciəti də
miniatür nəşrə daxil edilmişdir. Müraciətdə
qeyd edilir ki, xüsusi xidmət orqanları Azərbaycanın
siyasi və iqtisadi maraqlarının təmin edilməsində
konstitusiya quruluşunun müdafiəsində, kəşfiyyat
və əks-kəşfiyyat sahəsində, transmilli cinayətkarlığa
qarşı mübarizədə və bir sıra başqa sahələrdə
böyük uğurlar qazanmışlar.
Dövlətimizin
başçısı xarici ölkələrin xüsusi xidmət
orqanlarının bu yubiley mərasiminə gəlmiş
yüksək vəzifəli nümayəndələri ilə
görüşmüşdür. Görüşdə Azərbaycan
Respublikası xüsusi xidmət orqanlarının uğurlu fəaliyyəti
və beynəlxalq əməkdaşlığın
mühüm rolu barədə söhbət olmuşdur. Rusiya
Federal Təhlükəsizlik Xidmətinin direktoru, ordu
generalı Aleksandr Bortnikov həmin görüşdəki
çıxışında görkəmli dövlət xadimi
və siyasi xadim, unudulmaz Heydər Əliyevin xatirəsinə
ehtiramını bildirərək vurğulamışdır ki,
Azərbaycan xalqının ümummilli lideri bütün
ölkələrin təhlükəsizlik orqanlarının
ilk növbədə beynəlxalq terrorizmə qarşı
mübarizə sahəsində sıx əməkdaşlığına
böyük əhəmiyyət verirdi.
345 səhifəlik
miniatür nəşrdə xüsusi xidmət
orqanlarının 90 illik yubileyinə həsr edilmiş təntənəli
mərasimdə Azərbaycan milli təhlükəsizlik naziri
Eldar Mahmudovun çıxışının mətni
verilmişdir. Nazir ölkəmizdə xüsusi xidmət
orqanlarının yaradılması tarixindən bəhs edərək
Azərbaycan xalqının ümummilli liderinin bu orqanların
təşəkkülündə əvəzsiz rolunu qeyd
etmiş, bu sahədə yaranmış nəcib ənənələrə
əməl etməyin, onları davam etdirməyin və zənginləşdirməyin
vacibliyini vurğulamışdır.
Kitaba daxil edilmiş digər
çıxışlar, o cümlədən Azərbaycan milli
təhlükəsizlik orqanlarının veteranı
Zülfüqar Tağıyevin çıxışı da
böyük maraqla qarşılanmışdı.
Təntənəli
yubiley mərasiminin iştirakçıları Azərbaycan
Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə
müraciət qəbul etmişdilər. Miniatür kitabda həmin
müraciətin mətni verilmişdir.
Yeni nəşrdə
Milli Təhlükəsizlik Nazirliyinin N saylı hərbi hissəsində
ulu öndər Heydər Əliyevin abidəsinin
açılışı münasibətilə
keçirilmiş mərasim, hərbi hissənin
Döyüş Bayrağının təntənəli şəkildə
meydana gətirilməsi, habelə Prezident İlham Əliyevin
Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzinin
əsaslı təmir edilmiş binası ilə tanış
olması haqqında da məlumat verilir.
Azərbaycan və rus
dillərində 150 nüsxə tirajla çap olunmuş miniatür
kitab yüksək zövqlə seçilmiş 36 rəngli
fotoşəkil ilə illüstrasiya edilmişdir.
Əminik ki,
"Kitab" cəmiyyətinin yorulmaz sədri, Milli Təhlükəsizlik
Nazirliyi yanında fəaliyyət göstərən dövlət
komissiyalarından birinin üzvü Zərifə Salahovanın
fəal iştirakı ilə hazırlanmış yeni nəşr
miniatür kitab həvəskarlarının böyük
marağına səbəb olacaqdır.
AzərTAc
Azərbaycan.- 2009.- 6 sentyabr.- S. 2.