Qızıl-gümüş məskəni, ozan-aşıq diyarı Gədəbəy

 

Bu yerlər, adətən, kartofun vətəni kimi tanınırdı. Gədəbəyin kartofuna doğrudan da söz ola bilməz. Amma indi zaman başqadır. Həyatın axarı, insanların yaşayış tərzi, iqtisadiyyatın yönümü dəyişir. Gədəbəy həm də qızıl-gümüş məskəni və ozan-aşıq diyarı kimi ad çıxarıb.

 

Əvvəlcə qızıl-gümüş haqqında

 

Əvvəllər Gədəbəyin emblemində ikinci çörək sayılan kartofun təsvirini verməyi təklif edənlər, indi deyirlər yox, gərək bir tərəfdə qızıl, bir yanda da saz olsun! Bu, heç də təsadüfi deyildir. Dağlar diyarı Gədəbəy bu qoşa qanadla ucalır: sərvəti və sənətilə.

Bu yerlərin tarixi böyük, taleyi mürəkkəb olmuşdur. Hələ neçə yüz il bundan əvvəl Gədəbəyin yeraltı sərvətinin sorağı hər yana yayılmışdı. İlk əvvəl alman sahibkarları gəldilər. 1849-cu ildə mis filizi kəşf edildi. 1855-1856-cı illərdə misəritmə zavodu tikildi. 1865-ci ildə müəssisə yenidən quruldu. 1883-cü ildə isə ikinci obyekt - Qalakənd misəritmə zavodu inşa edildi. Sənayenin inkişafı bu yerlərə yeni ab-hava gətirdi. Gədəbəy şəhərinin təməli qoyuldu.

Gədəbəy-Qalakənd arasında ensiz dəmir yolu xətti çəkildi. Misi elektrik üsulu ilə əritmək üçün Qalakənddə su elektrik stansiyası tikildi. Gədəbəyin sərvəti dünya bazarına çıxarıldı. Bilənlər deyirlər ki, XIX yüzilliyin sonlarında Rusiya imperiyasında istehsal edilən misin dörddə bir hissəsi Gədəbəy-Qalakəndin payına düşürdü. Yadellilər mislə bərabər həm oğrun-oğrun qızıl-gümüş əldə edirdilər. Adı bizim, dadı özgənin, sərvət bizim, qazanc-gəlir onların. Beləcə, aylar, illər keçdi.

Yalnız Azərbaycanda müstəqillik əldə olunandan sonra Gədəbəyin sərvəti xalqın ixtiyarına verildi. Hamı çox yaxşı bilir ki, bu sahədə ümummilli lider Heydər Əliyevin xidmətləri əvəzsizdir. 1996-cı il fevralın 5-də "Azərbaycan Respublikasının bir sıra qızıl yataqlarının kəşfiyyatı və işlənməsi barədə" ulu öndərin imzaladığı sərəncam milli sərvətlərin millətin istifadəsinə verilməsi sahəsində mühüm rol oynadı. 2005-ci ilin fevral ayından etibarən Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti yeni yataqların axtarışına, kəşfiyyat-qazma işlərinə başladı.

Ulu öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən dövlət başçısı İlham Əliyev 2006-cı il noyabrın 1-də Gədəbəyə səfəri zamanı mədənçilərlə söhbət etdi, onlara müəyyən tövsiyə və tapşırıqlar verdi. Nəhəng obyekt dövlətimizin başçısının qayğısı və köməyi sayəsində vaxtında işə salındı. 2009-cu ilin may ayının 26-da cənab İlham Əliyev Gədəbəy qızıl-mis emalı zavodunun fəaliyyətə başlaması ilə bağlı mərasimdə iştirak etdi.

Beləliklə, dağlar diyarı Gədəbəyin tarixində yeni mərhələ başlandı. İldə 1,5 milyon ton qızıl filizi istehsal edə bilən zavod işə salındı. Mütəxəssislər deyirlər ki, "Gədəbəy" yatağında bir ton torpaqdan 1,7 qram qızıl alınır. İstehsal prosesi zamanı əldə olunan gümüş və mis də təmizlənərək satışa çıxarılır. Dağların əvəzsiz sərvəti olan qızıl-gümüş bu yerlərin simvoluna, onun rəmzi qoşa qanadlarından birinə çevrilir.

Bəs ikinci qanad necə?

Ulu Gədəbəy torpağının bir xarakterik cəhəti də var. Bu yerlər alimlərin, şairlərin, aşıqların, söz-sənət ustalarının məskənidir. Miskinli Vəlinin, şair Cavadın, aşıq Ədilin, Şınıxlı Məhəmmədin, Daryurdlu aşıq Şəmilin və başqalarının sözləri dillər əzbəridir.

Gədəbəydə el şənliklərinin, toyların, məclislərin yaraşığı olmuş, el-obada dərin hörmət qazanmış Alnavatlı zurnaçı İsmayıl Qocaoğlu, dəfçi Əli, Azaf Şəmili, balabançı Salman (Daryurdlu), züvçü Seti Qələndər bu gün də hörmətlə anılırlar. Ənənə yaşayır, yeni-yeni çalarlarla zənginləşir.

İcra hakimiyyətinin başçısı Kamran Rzazadə deyir ki, rayonumuz böyük, fəaliyyət dairəsi genişdir. Gədəbəy kartofçuluqla, maldarlıqla, səfalı dağları, saf təbiəti, qədim abidələri ilə ad çıxarıb. İndi isə geniş miqyaslı abadlıq, quruculuq işləri hər yanı bürüyüb. İqtisadiyyat ilbəil yüksəlir, sosial problemlər ardıcıl surətdə həll olunur. Bununla yanaşı, saz-söz sənəti bizim iftixarımız, qürur yerimizdir. El sənəti bu yerlərdə nəsillərin qanından, canından gəlir. Rayonda sazı olmayan ev, ailə çətin tapılar. Nəfis şəkildə çap edilən "Gədəbəy şairləri və aşıqları" kitabında yüzlərlə saz və söz ustasından söhbət açılır. Dağlar diyarı sənətkarların sayına görə yox, sambalına, səriştəsinə görə şöhrətlənir. Elə ailə ocağı, nəsil-kök var ki, onlarca aşıq yetirib. Hamısı da kamil.

İsfəndiyar Rüstəmov da onlardan biridir. Dəfələrlə böyük səhnələrdə məharətlə çıxış edib. Ölməz Ələsgərin 150 illik yubileyində medalla təltif olunub, Moskvada, Özbəkistanda, Türkiyədə, İranda, Dağıstanda başqa yerlərdə diplom fəxri fərmanlar alıb. Ümumittifaq festivalında qızıl medala layiq görülüb. Prezident təqaüdçüsü, əməkdar mədəniyyət işçisidir.

İsfəndiyarın ən böyük xidmətlərindən biri budur ki, sazı-sözü yaşatmaqla yanaşı, həmişə aşıq sənətinə geniş qayğı diqqət göstərir. Onun yaratdığı Gədəbəy aşıqlar ansamblına hələ 1981-ci ildə "Xalq aşıqları kollektivi" adı verilib. Özü həmin vaxtdan mədəniyyət evində aşıqlar ansamblının rəhbəri bədii quruluşçusu vəzifəsində çalışır. Rayonun elə tədbiri, elə mərasimi, elə şənliyi olmaz ki, onu kamil sənətkarlar öz gözəl ifaları ilə bəzəməmiş olsunlar. Aşıq İsfəndiyarın 70 illik yubileyi, Saratovka kəndində açıq havada qurulan Qurbani saz söz məclisi rayonun xalq istedadlarına, gənc ifaçılara kütləvi baxış oldu. Gədəbəy aşıqları indi bütün respublikada, eləcə ölkəmizin hüdudlarından kənarda da tanınırlar.

Bir fakt xüsusilə diqqəti cəlb edir. Respublikamızın birinci xanımı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə YUNESKO-nun qapılarının aşıq sənətinin üzünə geniş açıldığı indiki dövrdə Fransada çıxış etmək üçün ölkəmizdən gedən beş sənətkarın üçü Gədəbəydən idi. Nemət Pənahlı, Altay Məmmədov və Qəzənfər Quliyev ozan-aşıq sənətinin incəliklərini Parisdə məharətlə nümayiş etdirdilər.

Xarakterik cəhətlərdən biri budur ki, rayonda kamil, təcrübəli aşıqlarla yanaşı, bu ulu sənətin yolunda yeni addımlar atan yeniyetmələrə, gənclərə də xüsusi diqqət və qayğı göstərilir. Təsadüfi deyildir ki, ölkə başçısı İlham Əliyevin Gədəbəy səfəri zamanı kamil sənətkarlarla yanaşı, 9 yaşlı Pərviz Cəfərov da salamlamışdı. Ali qonağın qarşısında Pərvizin məharətlə ifa elədiyi "Sarıtel"i hamı hərarətlə alqışladı.

Həmin gün dövlətimizin başçısı İlham Əliyevin xeyir-duası ilə səfalı bir guşədə aşıq musiqi məktəbinin təməli qoyuldu. Bu mühüm obyektdə tikinti işlərini Regionların İnkişafı İctimai Birliyinin sifarişi ilə "Lider monolit" şirkəti tərəfindən həyata keçiriləcəkdir. İkimərtəbəli bina üçün Heydər Əliyev parkının qərb hissəsində təqribən dörd min kvadratmetr yer ayrılıb. Binanın inşası üçün 1,5 milyon manat vəsait buraxılıb. Burada otuz iş yeri açılacaq, hər il iki yüz gənc oğlan və qız aşıq sənətinin sirlərinə yiyələnəcəkdir.

Aşıqların ifasını dinləyərək ətrafı seyr edən Prezident İlham Əliyev dedi: "Gədəbəydə çox böyük aşıq məktəbi var... Onsuz da siz bu sənəti yaşadırsınız, onsuz da bu sənət nəsildən-nəslə keçir. Bax bu uşağın da, mənə dedilər ki, böyükləri də, əcdadları da aşıq sənəti ilə məşğul idilər. Onsuz da bu sənət Azərbaycanda yaşayır və yaşayacaqdır. Ancaq biz istəyirik ki, şərait yaxşı, müasir səviyyədə olsun. Musiqi məktəbi gözəl olsun. Xarici görünüşü də. Yeri də çox yaxşı seçilmişdir. Bura Gədəbəy şəhərinin mərkəzidir, parkın üstüdür, buranın çox gözəl təbiəti var, buradan gözəl mənzərə açılır... Ümid edirəm ki, bina yaxın zamanda tikiləcəkdir".

Bəli, ölkəmizdə ilk dəfə olaraq Gədəbəydə aşıq musiqi məktəbi yaradılır. Bu, heç də təsadüfi deyildir. Axı Qarabağ muğamın beşiyidirsə, Gədəbəy aşıqlar diyarıdır. Bu o deməkdir ki, dağlar diyarının sərvəti də boldur, sənəti də...

 

 

Əhməd İSAYEV

 

Azərbaycan.- 2009.- 6 sentyabr.- S. 3.