Muğam Teatrında
keçirilən bir mərasimdə qara sazı sinəsinə
sıxıb "Osmanlı divanı"nı çalan
Çingiz Mehdioğlu hamını simlərin
qopardığı tufanın sehrinə salmışdı.
Yüzilliklərin dizlərini
qatlayıb döyüş meydanlarından qanadlanan bu
möcüzəli hava türkün cəngavərliyindən,
qalibiyyətindən, düşmənə üstün gələ
bilən şücaətindən bir dastan
danışırdı. Çingizin çalğısına
məftunluq təkcə bu deyildi. O, həm də çox qeyri-adi
bir ifa tərzi ilə seçilirdi. Sanki sinəsindəki nə
köhnə saz idi, nə də onu dilləndirən insan əlləri.
İlahinin bir möcüzəsi idi.
Sevindirici haldır ki,
bir zamanlar laqeydliklə üzləşmiş aşıq sənəti
bu gün dünya səviyyəsində yeni addımlar ataraq
növbəti zirvələri fəth edir. Azərbaycan
aşıqlarının səsi bu gün Avropadan gəlir.
Çingiz Mehdioğlu da elə Avropanı dolaşaraq
doğma Azərbaycana qəlbi dolu, sinəsi sazlı gəlib.
O, 1962-ci ildə Güney Azərbaycanın Xudafərin bölgəsinin
balaca bir kəndində doğulub. Əmisi aşıq
Eynulladan sazın sirrini, sehrini öyrənib və bir gün
qohum-əqrəba görüb ki, Çingiz sinəsində
saz qədim el havalarını dilə gətirib. Həyatı
enişli-yoxuşlu məqamlardan keçən Çingiz
Mehdioğlunu təkcə Cənubi Azərbaycanda deyil,
dünyanın bir çox ölkəsində yaxşı
tanıyırlar. O, vaxtilə "Dalğa" adlı
çalğı qrupu yaradaraq bitib-batmaqda olan el
havalarını bərpa etməyə
çalışmışdır. Bir tərəfdən də
sazın yeni və mükəmməl fəaliyyətinə rəvac
verə bilmişdi. "Dalğa" çalğı qrupu
1996-cı ildən başlayaraq müxtəlif ölkələrdə
keçirilən musiqi yarışmalarında, festivallarda
iştirak edərək dörd dəfə ardıcıl olaraq
birinci yeri qazanmışdır. Çingiz Mehdioğlu
1992-1998-ci illərdə tək ifaçı kimi birinci yerləri
əldə etmişdir.
Qədim saz havaları
ilə Avropanı dolaşan təbrizli qardaşımız
Almaniyada, Hollandiyada, İspaniyada keçirilən
Uluslararası folklor çalğı yarışmasında da
həmişə yüksək yerləri tutmuşdur. Onun
Kanadaya olan səfəri daha unudulmaz idi. Çingizə qulaq
asan tamaşaçılar sazdan qopan məlahətli sədanın
sehrinə düşərək heyrət içində
qalmışdılar. Onlar saza yaxından baxır, əllərinə
alır, simlərinə toxunur, təəccüb içində
deyirdilər: "Bu alətdən bir orkestrin səsi
çıxır".
Kanadalılar
Çingizi "Sehrli barmaqlı
çalğıçı"
adlandırmışdılar.
Çingiz
Mehdioğlunun sazla olan səfərinin coğrafiyası həddən
artıq genişdir. O, demək olar ki, bütün ölkələri
dolaşıb. Amma onun üçün iki məkan daha əziz
və doğmadır: Azərbaycan və Türkiyə. O, bu
ölkələrdə öz qan qardaşları,
soydaşları ilə görüşür, sazı sinəsinə
daha ürəklə və ilhamla sıxaraq "Misri",
"Heyratı" ifa edir. "Sarı gəlin"
havasını isə daha şövqlə və inamla
tamaşaçılara yetirir.
Aşıq
Daşqının sazla bağlı bir qoşmasında deyilir:
Girmişəm,
içimdə polad qəfəsə,
Çıxmaq istəmirəm
hər gələn səsə.
Səsim dənizləri
diskindirməsə,
Ulus demə mənə,
sel demə mənə.
Çingiz Mehdioğlu təkcə
saz ustadı deyil. O, həm də
araşdırmaçıdır. Ötən on il ərzində
violonçel, tar, kamança, gitara kimi alətləri dəqiq
öyrənərək araşdırmış, bütün
bunları bir-birinə qarşılıqlı olaraq
tutuşdurmuş və sonda əski qopuzla bağlı
dünya standartlarına uyğun metod və bilik kitabı
yazmışdır. Ç.Mehdioğlu həm də sazın
ikinci, üçüncü sıra tellərinin hər birinə
bir bənd tel artırmaqla çalğının səs
yayımını genişləndirmiş, sazdan daha artıq
yararlanma yollarını əyani şəkildə ortaya
qoymuşdur. Bu isə sazın yeni texniki imkanlarının
üzə çıxarılması deməkdir. Əlbəttə,
Çingizin ürəyində saza o qədər böyük
məhəbbət var ki... Özü yaxşı deyir: "Mən
sazı barmaqlarımla çalmıram. Sadəcə olaraq,
texniki vərdişləri yerinə yetirirəm. Sazı dinləndirən
sinəmdəki ürəkdir".
Tez-tez Bakıya gələn
Çingiz Mehdioğlunun bir neçə dəfə Dövlət
Filarmoniyasında konserti olub. Mərasimlərdə, tədbirlərdə
məmnuniyyətlə iştirak edir. Onu Naxçıvanda da
çox sevirlər. Tez-tez bu bölgəyə dəvətlər
alır. İndi saz və qədim el havaları ilə
bağlı yeni kitab üzərində işləyir.
Folkloşünas-alim
Elxan Məmmədlinin fikridir: "Çingizə qulaq asanda
adamın varlığında qəribə bir ruh yaranır. Özünü
döyüş meydanında hiss edirsən. Sanki əlinə
silah alıb düşmən üzərinə getməyə
hazır olursan. Dədə-babadan belədir. Sazla qılınc
həmişə qoşa fəaliyyət göstərib".
Elə özü də saz havalarını belə dəyərləndirir:
Bürüsəm
Aynalı, Qafqaz dağını,
Çağırsam
döyüşə hər bir yağını,
Əsdirə bilməsəm
el bayrağını,
Külək demə mənə,
yel demə mənə!
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2009.- 6 sentyabr.- S. 5.