İkiçayarasında
daş, mərmər, ağac və metal kimi materiallar olmasa da,
Şumerdə heykəltəraşlıq çox yüksək
səviyyədə inkişaf etmişdir. Arxeoloji
qazıntılar zamanı yüzlərlə heykəllər,
heykəlciklər və müxtəlif fiqurlar
tapılmışdır. Onların diqqətlə
araşdırılması göstərir ki, şumerlər hələ
İkiçayarasına gəlməmişdən qabaq daş,
mərmər, ağac və metaldan istifadə etməyi
bacarırlarmış. Bunu bir fakt da təsdiqləyir ki, onlar
daşı, mərməri və metalı çox uzaq yerlərdən
gətirirdilər. Hətta metal gətirdikləri ölkəni
"dünyanın qurtaracağı" mənasında
"Aralı" adlandırırdılar ki, bu ölkənin
indiki Ural olduğunu təkzib etmək üçün
heç bir arqument yoxdur.
İndi qəti şəkildə
demək olar ki, daşın olmadığı bir ölkədə
yaşayan əhali daşdan heykəl yonmağı heç
vaxt ağlına gətirməzdi. Deməli, şumerlər
İkiçayarasına gəlməmişdən qabaq
daşı tanıyır, onu yonmaq, yazmaq və s. kimi işləri
bilirlərmiş. Bu vərdişləri onlar
İkiçayarasında qazanmayıblar.
İkinci bir məsələyə
də diqqət yetirmək lazımdır ki, heykəltəraşlıq
çox mürəkkəb və mükəmməl sənətdir.
Daşdan heykəl yonmaq üçün təbiətdə
mövcud olan bütün daş növlərini tanımaq,
onların özünəməxsus xüsusiyyətlərini
bilmək lazımdır. Bunun üçün də uzun vaxt -
əsrlər, min illər tələb olunurdu. Heç bir
şübhə yoxdur ki, heykələ qədər daşlarla
çox işləmək lazım gəlmişdir. Buna isə
Şumerdə şərait yox idi. Sözsüz ki, insanlar ilk dəfə
daş üzərində yazı yazmış, müxtəlif
şəkillər çəkmişlər. Bu yolla daşları
tanıyıb öyrənmiş, daşla işləmək vərdişlərinə
yiyələnmişlər. Nəhayət, daşdan istifadənin
mümkünlüyünə əmin olduqdan sonra ondan heykəllər
yonmaq məqsədilə istifadə etməyə
başlamışlar. Bütün bu işləri görmək,
daşla işləmək vərdişlərinə yiyələnmək
üçün insanlar daşı bol olan bir yerdə
yaşamalı idilər. Bunları düşündükcə
Qobustan qayaları üzərindəki yazı və şəkillər,
Orxan-Yenisey abidələri, Azərbaycanın əksər
dağlıq bölgələrində vaxtı ilə
sayı-hesabı bilinməyən daşdan
hazırlanmış qoç heykəlləri
(qoçdaşlar) gözlərimiz önündə
canlanır. İnsanların daş üzərində yazı
yazmaq, şəkillər çəkmək, daş yonmaq vərdişləri
Qobustandan başlamışdır. Bu fikri söyləməyə
Qobustanın qədimliyi daha çox əsas verir. Hazırda
dünyada Qobustanın yaşıdı olan ikinci bir mədəniyyət
yoxdur. Digər tərəfdən, son araşdırmalar
şumerlərin əcdadlarının Qobustanda, Bakıda və
Bakı ətrafında yaşadıqlarını təsdiqləyir.
Ümumiyyətlə, ilk insanlar Absu-Xəzər dənizinin
sahillərində doğulmuş, min illər boyu artıb
çoxaldıqca buradan Orta Asiyaya, Ön Asiyaya, Volqaboyuna,
Sibirə və s. yayılmışlar. Hazırda bu fikri
təsdiqləyən onlarla
təkzibolunmaz arqument
üzə çıxarılmışdır.
Tanrı heykəlləri:
Şumer heykəltəraşları ilk heykəlləri öz
Tanrılarının şərəfinə
hazırlamışlar. Bunların arasında Şumerin sevgi, məhəbbət,
uşaq doğumu, nəsil artımı və məhsuldarlıq
tanrısı İnannanın heykəlləri xüsusi maraq
doğurur. Onun hazırda bir neçə heykəli
tapılımışdır. Həmin heykəllərdən
birində İnanna qucağında körpə uşaq
tutmuşdur ki, bu da onun, həqiqətən, sevgini, məhəbbəti,
uşaq doğumunu və nəsil artımını himayə
etdiyini göstərir. Uşaq özü sevginin, məhəbbətin
meyvəsidir. Dünyada heç bir şey sevgisiz, məhəbbətsiz
artıb çoxalmır, məhsul vermir. "İnannanın
yeraltı dünyaya enməsi" adlandırılmış
mifdən göründüyü kimi, İnanna yeraltı
dünyaya gedir ki, bu zaman yer üzündə hər şey
quruyur, soğulur, bardan kəsilir. Ağaclar çiçək
açmır, meyvə vermir, bitkilər solur. Hətta heyvanlar
da doğmurlar. Çünki sevgi və məhəbbət
tanrısının nəfəsi onlara dəymir. İnanna bu
dünyada yoxdur. Deməli, İnannanın uşağı
qucağında tutması onun bir tanrı kimi öz
funksiyasına necə məsuliyyətlə, bəlkə də
qayğı və sayğıyla, çox ciddi
yanaşdığını ifadə etmişdir. Bu heykəli
hazırlayan heykəltəraş öz fikrini ifadə etmək
üçün maraqlı bir kompozisiya qurmuş, gözəl
sənət əsəri yaratmışdır.
Başqa bir heykəldə İnanna
pilot paltarında təsvir
edilmişdir. Onun bu heykəli qədim
İnannanın da
qanadlı təsvirləri var. Pilot paltarında qanad olmasa da,
heykəl bütövlükdə uçuşla
bağlıdır. Buradan bir məsələ də
aydınlaşır ki, qanad tanrıların bədən
üzvü olmamasıdır. Onu istədikləri vaxt
soyunub-geyinirlərmiş.
Heykəlin öndən
görünüşü adi paltar geyinmiş bir insana daha
çox oxşayır. İnanna əlində bir qab
tutmuşdur. Onu gülqabı hesab edirlər, ancaq küpəyə,
yaxud gil sərnicə də oxşatmaq olur. İnannanın
ayaq barmaqlarının beşi də, sağ əlinin isə
dörd barmağı aydın görünür və insan
barmağından qətiyyən seçilmir. Sağ əlinin
baş barmağı qabın arxasında olduğuna görə
görünmür.
Heykəlin arxadan
görünüşü tamam başqa təsir
bağışlayır. Paltarın arxasında kürək
nahiyəsində bir neçə çarpaz
bağlanmış kəmər və bir ucu həmin kəmərlərə
bərkidilib, digər ucu açıq buraxılmış
qayış görünür ki, bütün bunlar onu pilota
oxşadır. Bundan başqa, İnannanın
başındakı papaq da pilot papağının eynidir.
Papağın qulaqlarındakı səsqəbuledici aparat da
aydınca görünür.
Şumer heykəltəraşlarının
gəlib bizə çatmış ən maraqlı əsərlərindən
biri də qədim Eşnunna şəhərindən
tapılmışdır. 1932-ci ildə Eşnunnada
qazıntı aparan Henri Frankfort və Seton Lloyd gizli bir anbarda
12 heykəllə üzləşdilər. Bu heykəllər
hazırda Çikaqo Universitetinin muzeyində saxlanılır
və mütəxəssislər ona beş min il yaş
vermişlər.
Alimlər bu heykəlləri insanlara aid edirlər.
Ancaq burada bir qədər tələskənliyə yol
verildiyi, 12 heykəlin bir ansambl şəklində öyrənilmədiyi,
müəyyən məsələlərin diqqətdən yayındığı
aydın görünür. Birinci, heykəllərin sayına -
12 rəqəminə diqqət yetirmək lazımdır.
Şumer panteonunda tanrıların üçlüyü,
yeddiliyi, on ikiliyi və əlliliyi mövcud olmuşdur. Bütün
məsələlər mahiyyətindən asılı olaraq
üç, yeddi, on iki, yaxud əlli tanrının
yığıncağında həll edilmişdir. On iki
sayı məhz bununla bağlıdır. İkinci, heykəllərin
böyüklüyü-kiçikliyi diqqətdən
yayınmamalıdır. Şumer panteonunda hər bir
tanrının nüfuz rəqəmi olmuşdur. Məsələn,
baş tanrı Anın rəqəmi 60, ikinci tanrı Enlilinki
50, üçüncü tanrı Enkininki 40 və s. idi. Ansambla
daxil edilmiş 12 heykəlin böyük-kiçikliyi məhz
bu nüfuz rəqəmlərinə uyğundur. Ən
böyük heykəl, sözsüz ki, baş tanrının,
ondan kiçiyi ikinci tanrının, ondan kiçiyi də
üçüncü tanrınındır. Deməli,
Şumer panteonunda 12-yə daxil olanlar tanrıların
nüfuzca, mövqecə tutduqları sıra ansamblda heykəllərin
boyu ilə göstərilmişdir. Hər bir heykəl
böyüklüyünə görə ansamblda neçənci
yeri tutursa, on ikilikdə həmin sırada duran tanrıya məxsusdur.
Şumerdə
aparılmış arxeoloji qazıntılar zamanı
tapılmış tanrı heykəlləri, heykəlcikləri
və büstləri çoxdur. Şumerlər yaxşı
bilirdilər ki, onlar tanrının himayəsində
yaşayırlar. Ona görə tanrılarına inanır,
sevir və onlara heykəl yapıb evlərində
saxlayırdılar. Şumerlərdə bir inam da var idi ki, pis
ruhlar, şər qüvvələr tanrılardan qorxurlar,
onların olduqları evə girmirlər. Ona görə də
evlərin qapı və pəncərələrinin
üstünə, həmçinin arkalara tanrı heykəlcikləri
və büstləri qoyurdular. Bu heykəlcik və büstlərin
qoyulduğu qapı və pəncərələrdən evə
girmək istəyən pis ruhlar onları görüb
qaçırdılar. Bu inam Azərbaycanda da 1920-ci ilə qədər
çox güclü olmuşdur.
Bakının qədim
binalarının qapı və pəncərələrinin
üstündə çoxlu büstlər var. Onlar insan yox,
tanrı büstləridir. Məsələn, İstiqlaliyyət
küçəsində, İçərişəhər
metrosu ilə üzbəüz binada bütün pəncərələrin
üstündə qadın, yaxud kişi başı var. Bunlar
qoruyucu ruhlardır. Qadın başı tanrı
İnannadır. Bu, şübhəsizdir. Çünki
İnanna sevginin, məhəbbətin, uşaqların himayəçisi
idi. Onun büstünü pəncərələrin
üstünə qoymaqla uşaqları bəd ruhlardan
qoruyurdular. Kişi başları Enkinin, yaxud onun
oğlanları Dunnuzu və Ningişzidin ola bilər. Enki həyatı
yaratmışdır. Onun oğlanları həyat
ağacını qoruyurdular. Görünür, insanlar öz həyatlarını
pis ruhlardan qorumaq üçün yaşadıqları evlərin
qapı və pəncərələrinin üstünə
öz tanrılarının büstlərini qoyurdular.
İslam SADIQ,
filologiya elmləri namizədi
Azərbaycan.- 2009.- 6 sentyabr.- S. 5.