Prezident İlham Əliyev paytaxt yollarında aparılan yenidənqurma təmir-bərpa işləri ilə tanış olmuşdur

 

Sentyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı yollarında aparılan yenidənqurma və təmir-bərpa işləri ilə tanış olmuşdur.

Azərbaycanın hər bir yerində abadlıq və quruculuq işlərinin aparılması Prezident İlham Əliyevin yürütdüyü siyasətin mühüm hədəflərindəndir. Paytaxtda yol-nəqliyyat sisteminin təkmilləşdirilməsi, yeni yolötürücülərinin tikilməsi, magistral yolların salınması, yeraltı keçidlərin istifadəyə verilməsi sosialyönümlü tədbirlər olmaqla, həm də ölkəmizin iqtisadi qüdrətinin nümayişi baxımından əlverişli imkanlar açır.

Dövlətimizin başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq, Bakının küçə və prospektlərində əsaslı şəkildə yenidənqurma və təmir-bərpa işləri davam etdirilir. Yusif Səfərov küçəsindən başlayaraq Üzeyir Hacıbəyli və Puşkin küçələri, Azadlıq prospekti də daxil olmaqla, bütün yollara dünya standartlarına uyğun ikiqat asfalt döşənmişdir.

Prezident İlham Əliyevə məlumat verildi ki, asfalt örtüyünün üzərinə iki millimetr qalınlığındakı yol-nişanlama xətlərinin çəkilişində istifadə edilən boya Fransa istehsalıdır və uzunmüddətlidir. Gecələr işıq saçan bu xətlər nəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinə müsbət təsir göstərəcəkdir. Qeyd olunmuşdur ki, bütün yol boyu səkilərə qranit döşənmişdir. Bu cür qranit paytaxt yollarında ilk dəfə istifadə olunur. Yola asfalt döşənməzdən əvvəl bütün kommunikasiya xətləri, kanalizasiya sistemi də yeniləşdirilmişdir. Bu zaman Almaniya istehsalı olan avadanlıqdan istifadə edilmişdir. Küçələrdəki işıq dirəkləri təzələnmişdir. Cavanşir körpüsündə təmir-bərpa işləri aparılmışdır.

Üzeyir Hacıbəyli küçəsində aparılan təmir işləri ilə maraqlanan Prezident İlham Əliyevə məlumat verildi ki, ətrafdakı binaların fasadları da milli ornamentlərə uyğun yenidən bərpa olunur.

Qeyd edilmişdir ki, təmir işləri Zərifə Əliyeva küçəsində, Neftçilər, Parlament və Hüseyn Cavid prospektlərində də aparılır.

Müasir standartlara uyğun aparılan bu işlər gündən-günə gözəlləşən paytaxtımızın simasına xüsusi yaraşıq verəcəkdir. Bu işləri Prezident İlham Əliyevin tapşırıqlarına əsasən Bakı Şəhəri İcra Hakimiyyəti həyata keçirir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 8 sentyabr.- S. 1.