...Əcaib bir hal: bu
vaxta qədər müxtəlif mövzuda yazaraq
çeşidli "predmet"ləri kifayət qədər
asanlıqla işıqlandıra, ünlü sənət
adamlarımızın "portret"lərini kağız
üzərində həvəslə çəkə bildiyim
halda, həmkarım, həmfikrim, çiyindaşım, tələbəlik
dostum İlham Rəhimli haqqında yazmaqda çətinlik
çəkirəm. Fikirləşirəm ki, bunun səbəbi
"mövzu"nun çətinliyi deyil, çünki
İlham Rəhimlinin elmi yaradıcılığı həmişə
gözümün qabağında olub və hətta yeri gələndə
ondan yetərincə faydalanmışam da...
Düşünürəm
ki, yazımın "predmet"i də məndən
ötrü qapalı deyil, çünki İlham Rəhimlinin
milli teatrşünaslığımızda illər boyu
yorulmadan gördüyü işlər həm onun
çoxsaylı (maşallah!) kitablarında öz parlaq əksini
tapıb, həm də teatr icmamız tərəfindən
layiqincə dəyərləndirilib. O ki qaldı İlham Rəhimlinin
"portret"inə, ilk baxışdan onun
yaradılmasında da məndən ötrü problem
olmamalı idi. Çünki tələbəlik illərimizdə
bir auditoriyada oturduğumuz günlərdən ta bugünə
qədər "İlham Rəhimli fenomeni"nin, ya da indi dəbdə
olan sözlə desək, imicinin mədəniyyətimizdə
formalaşmasının canlı şahidi olmuşam. Di gəl
ki, İlham Rəhimli haqqında yazı yazmaq
üçün qələmə əl uzadanda qəribə
bir duyğu əlimi havadaca saxladı. Etiraf edim ki, uzun müddət
bu anlaşılmaz, amma çox sərt olan basqının səbəbini
anlaya bilmirdim. Ona görə də bu ovsundan qurtulmaq xeyli vaxt
mümkün olmadı...
Nə
başınızı ağrıdım, bir müddət bu
cür müəmmalı və naqolay durumda bulunduqdan sonra
bunun səbəbini qəfildən (belə şeylər
yalnız qəfildən baş verir...) anladım: bu, 60 rəqəmi
idi ki, məni canlı insan İlham Rəhimlidən
yabançılaşdıraraq onu "araşdırma
predmeti"nə, "yazı mövzusu"na,
"portret-oçerk qəhrəmanı"na çevirdi. Belə
hallarda vəziyyətin doğru-dürüst səbəblərini
tapmaq işin yarısıdır: mən də ilk öncə
sevgili dostum, həmkarım, canlı insan İlham Rəhimli
haqqında düşündüm, düşüncələrimi
qələmə aldım, aşağıdakılar
alındı.
* * *
İlham Rəhimlinin
fenomenal yaddaşı var: bir dəfə eşitdiyi və ya
oxuduğu mətləbi illər keçəndən sonra da
necə var, nöqtəsinə-vergülünəcən təkrarlayır,
özü də mənbəyini - yəni haradan oxuyub və ya
haradan eşidib - dəqiq göstərir. Yaddaşının
bu keyfiyyəti onun akademik düşüncəsinə son dərəcə
müsbət təsir göstərir. Belə ki, İlham Rəhimli
Azərbaycan milli teatrının tarixini vahid bir "mətn"
kimi beynində quraşdırıb və bu tarixin səhifələrini
"ağ ləkə"lərdən təmizləyib
kağıza köçürür. Bu əməliyyat da məhz
yaddaşının zənginliyinə görə,
çoxumuzdan fərqli olaraq, onun tərəfindən rahatca
gerçəkləşdirilir. Çünki ona lazım olan
"material" yaddaşındadır, yaddaşında
olmayanları isə haradan axtarıb tapmağı çox
gözəl bilir. Onu da əlavə edim ki, İlham Rəhimli,
eyni zamanda, teatr icmamızda baş vermiş hadisələri,
olayları, adları, tarixləri kompüter dəqiqliyi ilə
yaddaşının müvafiq "fayl"ına yazıb,
elmi işindən ötrü lazım gələndə
asanlıqla üzə çıxarıb istifadə edir.
Bir teatrşünas kimi
İlham Rəhimlinin yazdığı çoxsaylı
kitabları ümumiləşdirib, onları milli
teatrımızın yazılı yaddaşı adlandırmaq
olar və yalnız bu işi gördüyünə görə
ona teatr icmamızın sonsuz təşəkkürü və
minnətdarlığı düşür!
İlham Rəhimli,
çoxlarımızdan fərqli olaraq, heyrətamiz
işgüzarlığı ilə seçilir. Onun maraq dairəsinin
genişliyini nəzərə alanda işgüzarlığının
səciyyələrinə həsəd aparmamaq mümkün
deyil. Məişət və məişətlə
bağlı sahələrə toxunmadan onun elmi,
yaradıcı, pedaqoji fəaliyyətinin "saat
yükü"nün bütün normativləri
aşdığını təsdiq etməyə məcburuq.
Eyni zamanda, üç-dörd əsər üzərində
işləyən, tələbələrini
tapşırıqlarla "yükləyən", yeni
ideyaların tezislərini hazırlayan, müxtəlif
toplantılarda həmişə eyni həvəslə
çıxış edən İlham Rəhimlini kimsə
yorğun görməyib, ondan "yoruldum-bıkdım"
sözlərini eşitməyib...
Altmış
yaşlı adamın bu cür işgüzarlığının
səbəblərini axtaranda mən, ilk növbədə, onun
güclü "daxili mühərriyini"
aşkarlayıram. Bu,
çoxlarımızda o qədər də güclü olmayan
həyat eşqi və bəzilərimizdə gözgörəsi
çatışmayan yeniyetmələrə xas maraqdır.
İlham Rəhimli üçün hər yeni mövzu... hadisə...
insan... problem və s. sözün əsl mənasında,
yenidir. Və o, xalis tədqiqatçılara xas olan
"acgözlük"lə öyrənməyə,
araşdırmağa, düzüb-qoşmağa, öncə
yaddaşına, sonra isə kağıza köçürməyə
başlayır. Biz - onun həmkarları İlham Rəhimlinin
bu keyfiyyətini bəzən zarafata salıb dilə gətirsək
də, əslində, həmkarımızın
işgüzarlığını yüksək dəyərləndiririk:
axı onun yorulmaz fəaliyyətinin nəticələrindən
(məqalələrindən, kitablarından,
çıxışlarından, öz aramızdakı
söhbətlərindən...) yetərincə
faydalanırıq. Düzdür, heç də hər zaman
İlham Rəhimliyə buna görə təşəkkür
və minnətdarlığımızı bildirmirik. Odur ki,
fürsətdən istifadə edib həmkarlarımın
adından İlham Rəhimliyə borclu olduğumuzu etiraf edirəm
(bunu deməkdən çəkinmirəm, həm də ona
görə ki, atalar demişkən, "borclu borclunun
sağlığını istər").
İlham Rəhimlinin
düşüncəsi və işgüzarlığı dəmir
kimi möhkəm və civə kimi hərəkətli məntiqə
bağlıdır. Təbii
ki, məntiq deyəndə, mən eyni zamanda, həm adi, həm
də elmi məntiqi nəzərdə tuturam. İlham Rəhimlinin
"adi" dediyim məntiqi bu adamın torpağına, elinə-obasına,
milli mədəniyyətinə, dadlı-duzlu sözünə,
aşıq havasına, segah yanğısına bütün
varlığı ilə bağlı olmasından
qaynaqlanır. Elmi məntiqin əsaslarını isə o, ali
məktəbdə əlaçı olduğu zaman Cəfər
Cəfərov, Mehdi Məmmədov, İslam İbrahimov kimi bənzərsiz
zəka sahiblərindən öyrəndiklərini yorulmadan
inkişaf etdirdi, həyat təcrübəsi ilə zənginləşdirdi
və onun ən yüksək səviyyəsini
yazdığı əsərlərdə sərgilədi. Bir
alim kimi İlham Rəhimlinin özəlliyi də məhz onun
hər iki məntiq növündən tədqiqatlarında eyni
zamanda faydalanmasıdır. Başqa cür ola da bilməz,
çünki, məsələn, dastanın dramaturji təzahürlərini
araşdırdıqda həm dastanın özəl məntiqi
qurğusunda və həm də
teatrşünaslığın formal məntiqi sistemində,
eyni zamanda, əməliyyatlar aparmamaq mümkün deyil. Demək
artıqdır ki, İlham Rəhimli hər iki məntiqi aləmdə,
balıq suda üzən kimi, rahat hərəkət edir...
Bu gün ustad
teatrşünas-alim zirvəsinə yetən İlham Rəhimlinin
saysız-hesabsız elmi və publisistik əsərlərindən
aydın görünən bir üslubi özəlliyə həmişə
heyran olmuşam. Məncə,
bu özəllik onun düşüncəsinin konseptual dəqiqliyi
ilə bədii təxəyyülünün sintezindən
qaynaqlanır. Onun yazılarında kateqorial və bədii
söz sehrbaz məharətilə bir-birinə
"calanır", bir-birini gücləndirir, biri digərinin
bərqində əvvəllər özündə
görünməyən mənaları büruzə verir.
İlham Rəhimlinin mətnlərinə diqqətlə
yanaşanda görürsən ki, həm ayrıca məqalə,
həm irihəcmli monoqrafiya, həm də bütövlükdə
külliyyatı hansısa birbaşa səslənməyən,
amma həmişə duyulan özəl ritm üzərində
qurulub. Hərdən mənə elə gəlir ki, İlham Rəhimli
yalnız bədii təxəyyülünü işə
salıb bir çox yazarların əsərlərindən geri
qalmayan maraqlı romanlar yaza bilər. Amma həməncə
anlayıram ki, İlham Rəhimli bunu heç vaxt etməyəcək,
çünki düşüncəsinin təməlində,
necə də olsa, güclü konseptual dəyərlər
durur. Bununla yanaşı, söylədiyim fikri mütləq həqiqət
saya bilmirəm, çünki İlham Rəhimli zaman-zaman
gözəl tərcümələr edir, ssenarilər və səhnələşdirmələr
yazır. Görünür ki, bununla, el diliylə desək,
nasirlik "qurdunu öldürməyə"
çalışır...
Allahdan gizli deyil, bəndədən
də gizli olmamalıdır. Hələ tələbəlik
illərində əla oxumaqla yanaşı, gənc İlham Rəhimli
ali məktəbimizin çərçivəsində ictimai fəaliyyətə
meyilli idi və bu sahədə də, belə demək olarsa, ilk
vərdişlərini tələbə ikən əldə
etdi. İlham Rəhimlinin bioqrafiyası tədqiqatçıdan
ötrü çox maraqlı faktlarla zəngindir. Bu adam erkən
yaşlarından vəzifələrdə
çalışıb, həmişə iyerarxiya və
subordinasiya şərt və tələblərinə nizam və
həssaslıqla cavab verib. Bu məqamı məmur fəaliyyətini
seçmiş bir çox tələbə
yoldaşlarımızın davranışında görmək
çətin deyil. İlham Rəhimlinin timsalında isə
çətinlik bu adamın məmurluq, idarəçilik sahəsində
şəxsi ləyaqətini və yaradıcı
potensialını itirməməsi ilə bağlılıqda
yaranır. Görünür ki, bədii təxəyyül onu
tam mənada məmur olmaqdan qoruyur, daxili nizam isə onun
"komanda şəraiti"ndə səmərəli
işini təmin edir. Hər halda, mən bu fikri İlham Rəhimlinin
milli media və mədəniyyət sahəsindəki qırx
illik fəaliyyətinə arxalanıb deyirəm. Səhv də
edə bilərəm, amma İlham Rəhimlinin xasiyyətinin
psixoloji mürəkkəbliyi mənim üçün
danılmazdır...
Hərdən mənə
elə gəlir ki, İlham Rəhimli uşaq və yeniyetmə
çağlarının arzularında özünü teatr və
kino aləmində görürdü. Təbii ki, o vaxtlar onun rejissor peşəsindən
xəbəri yox idi və odur ki, balaca İlham
özünü teatr və kino aktyoru obrazında təsəvvür
edirdi. Bu mənim təxminimdir, özü isə deyir ki, bəs
uşaqlıqdan rəssam olmaq istəyibdir və ovaxtkı M.Əliyev
adına Teatr İnstitutuna da təsadüfən daxil olubdur.
Ona inanmamağa əsasım yoxdur. Amma bu adamın ta gənc
yaşlarından qəlbən incəsənətə - teatra,
kinoya, rəssamlığa, musiqiyə bağlı olması
şəksizdir. Buna sübut İlham Rəhimlinin qırx illik
bir zaman kəsiyində Azərbaycan mədəniyyətinə
və incəsənətinə sədaqətlə xidmətidir.
İnstitut illərini
deyə bilmərəm, amma əminəm ki, sonrakı illərdə
teatr, kino, musiqi və rəssamlıq sahələriylə
birbaşa təması nəticəsində İlham Rəhimli
sənəti və sənətçini sevdi, onun qədrini
bildi, dərindən anladı və ömrünü bu sahəyə
həsr etdi. Aydın məsələdir
ki, teatrı, kinonu, musiqini, rəssamlığı, bir
sözlə, incəsənəti sevənlər çoxdur.
Amma İlham Rəhimli kimi zərgər olub milli mədəniyyətimizin
"zər"inin qədrini bilənlər, etiraf edək ki,
azdır. Nə yaxşı ki, mədəniyyət və incəsənət
xadimlərimiz, hökumət və dövlət nümayəndələrimiz
bu müqtədir alim-sənətkarın da qədrini bilir...
İlham Rəhimli ilə
qırx illik zaman kəsiyində mürəkkəb bir yolun
yoldaşı olmaqla onun haqqında, ələlxüsus da
insani keyfiyyətlərini açıqlayan faktlardan çox
danışa bilərəm... Elə o da mənim haqqımda... Amma biz ikimiz də
"köhnə məktəb"in yetirmələri
olduğumuzdan mətbuatda bu gün dəbdə olan
"şok açıqlamalar" verməyi özümüzə
rəva bilmirik. Neyləyək, beləyik də... İlham Rəhimli
haqqında yalnız poetik irsimizdən parafrazlarla danışa
bilərəm. Bax, belə: o, dostuna dost, düşməninə
yamandır... Onun tanrısı gözəllikdir, sevgidir; o,
xeyirə-şərə yarayan mərd adamdır və o, bir də
təkrarlayım, zər qədrini bilən zərgərdir.
Demə, istənilən
rəqəmlərin ovsunundan qurtulmağın bir yolu
varmış. O da istənilən
rəqəmin arxasında canlı insanı görməkdir.
Bunu, nəhayət ki, anlayaraq ruh rahatlığıyla və səmimi-qəlbdən
həmkarım, həmfikrim, çiyindaşım, sevgili dostum
İlham Rəhimlini 60 yaşı münasibətilə öz
adımdan təbrik edirəm, öz varlığı və
yaradıcılığı ilə mənə xoş söz
demək imkanını verdiyinə görə ona sonsuz təşəkkürlərimi
bildirirəm.
Qoy bu kiçik
"portret" də mənim sevgili dostuma yubiley hədiyyələrimdən
biri olsun.
Məryəm ƏLİZADƏ,
sənətşünaslıq doktoru, professor
Azərbaycan.- 2009.- 8 sentyabr.- S. 8.