Gənc nəslin sağlamlığı dövlətin prioritet vəzifələrindəndir

 

Yeni dərs ilindən respublikamızın bütün təhsil ocaqlarında gigiyenik təhsil və tərbiyənin tədris proqramına salınması nəzərdə tutulur. Bu məqsədlə Azərbaycan Dövlət Tibb Universitetinin mütəxəssisləri tərəfindən hazırlanmış "Azərbaycanda orta ümumi təhsilin yeniləşdirilməsi və maarifləndirilmə texnologiyasının tibbi-gigiyenik cəhətləri", "Məktəblilərin gigiyenik tərbiyəsi üzrə metodik göstəriş" və "Məktəblilərin gigiyena və sağlamlıq üzrə biliyini artırmaq üçün", "Sağlam həyat tərzi uğrunda" adlı tədris vəsaitləri hazırlanmış və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir.

Yeni dərsliklərdə təqdim olunan mövzular və metodik tövsiyələr təhsil haqqında, habelə yeni qəbul olunmuş bədən tərbiyəsi və idman haqqında qanunlarda geniş əksini tapmışdır. Yeni dərsliklərin hazırlanmasında xüsusi xidmətləri olan tibb elmləri doktoru, professor Maqsud Qasımov bu addımı təhsil sahəsində aparılan islahatların mühüm tərkib hissəsi hesab edir:

- Dərsliklərə salınmış mövzular məktəb həkimləri, fizika, anatomiya, biologiya, kimya, fiziologiya, zoologiya, botanika və idman müəllimləri tərəfindən tədris ediləcək. Biz gigiyenistlər və səhiyyə təşkilatçıları yaxşı başa düşürük ki, gənclərin fiziki və mənəvi inkişafı, yüksək ideallar ruhunda tərbiyəsi praqmativ fənlərin tədrisini zəruri edir.

Hər il məktəblərdə aparılan tibbi müayinələr uşaqlar və yeniyetmələr arasında bəzi xroniki xəstəliklərin, dayaq-hərəkət orqanlarının pozulması hallarının, dişlərin kariyes xəstəliklərinin və digər fəsadların hələ də azalmadığını göstərir. Məhz buna görə məktəblilərin sağlam həyat tərzi keçirmələri, gigiyena və sanitariya sahəsində müəyyən bilik və vərdişlərə yiyələnmələri günün aktual problemi kimi ortaya çıxır. Uşaqların fiziki inkişaf göstəricilərinin öyrənilməsi, tibbi müayinələrə cəlb edilməsi, müalicənin vaxtında aparılması və digər vacib məsələlər məktəblərə təqdim etdiyimiz yeni dərs vəsaitlərində geniş şərh olunmuşdur. Tövsiyələrdə irəli sürülən müddəalar paytaxt məktəblərində aparılan tibbi müayinələrin nəticələrinə, uşaqların sağlamlıq vəziyyəti barədə materialların təhlilinə əsaslanır. Bədən tərbiyəsinin sağlamlaşdırıcı əhəmiyyəti, məktəblilərin əqli əməyinin gigiyenası, politexnik təhsilin gigiyenası, yoluxucu xəstəliklərin profilaktikası, qidalanma gigiyenası, cinsi tərbiyə, yoluxucu xəstəliklər və islamda profilaktik təbabət, ətraf mühitin təmizliyi və digər mövzuların tədrisi şagirdlərin daha sağlam böyümələri, müasir mədəniyyət və davranış qaydalarına yiyələnmələri üçün mühüm stimul olacaq.

Professor Maqsud Qasımov bildirir ki, metodik tövsiyələr məktəblilərin sağlamlığını qorumaq, onların həyati təhlükəsizliyini təmin etmək, şagirdlərin tədris şəraitində xəstəliklərə tutulma riskinin dərəcəsini azaltmaq üçün səmərəli tədbirlər kompleksi yaradılmasına xidmət edir.

 

 

A.CABBARLI

 

Azərbaycan.- 2009.- 8 sentyabr.- S. 8.