Azərbaycanın bütün bölgələrində quruculuq
işləri davam etdirilir
Azərbaycan dövləti
iqtisadi yüksəliş mərhələsini yaşayır. Ölkəmizdə
böyük uzaqgörənliklə həyata keçirilən
iqtisadi inkişaf xətti bugünkü
uğurlarımızı şərtləndirmişdir. Qlobal
enerji-kommunikasiya layihələrinin
reallaşdırılması, əhalinin firavan həyatının
təmin olunmasına hesablanan çoxsaylı dövlət
proqramlarının uğurla icrası, özəl sektorun ildən-ilə
inkişafı qarşıda daha böyük perspektivlər
açır. Ölkəmizin bütün regionlarında davam
etdirilən tikinti-abadlıq işləri Azərbaycanı daha
da qüdrətli dövlətə çevirməkdədir.
Prezident İlham Əliyevin
imzaladığı "Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi inkişafı Dövlət
Proqramı (2009-2013-ci illər)" respublikamızda yeni bir
inkişaf mərhələsinin əsasını qoydu. Dövlət
proqramında ölkə iqtisadiyyatının mühüm sahəsi
olan kənd təsərrüfatının dinamik inkişaf
etdirilməsi, əhalinin sosial həyat səviyyəsinin daha
da yüksəldilməsi, yeni infrastrukturların
yaradılması istiqamətində kompleks tədbirlərin
görülməsi nəzərdə tutulub. Regionların
sosial-iqtisadi inkişafına dair II Dövlət
Proqramının ugurla icrası növbəti beş ildə
bölgələrdə yaşayan əhalinin maddi rifah
halının, sosial-məişət şəraitinin əhəmiyyətli
dərəcədə yaxşılaşdırılmasına
imkan yaradacaqdır.
Dövlət
proqramında hər bir iqtisadi rayonun spesifik xüsusiyyətləri
nəzərə alınmış və buna adekvat tədbirlərin
görülməsi nəzərdə tutulmuşdur. Sosial-iqtisadi
sahədə davamlı inkişafı təmin etmək məqsədilə
2009-2013-cü illəri əhatə edən II Dövlət
Proqramının təsdiq edilməsi qarşıdakı illərdə
investisiya mühitinin daha da
yaxşılaşdırılması, qeyri-neft sektorunun
inkişafının sürətləndirilməsi,
sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi
kimi mühüm vəzifələrin həyata keçirilməsinə
əlverişli şərait yaradacaqdır.
Son illər xarici
investisiyaların əsasən qeyri-neft sektoruna yönəldilməsi
ölkəmizdə bu sahənin sürətli
inkişafından xəbər verir. Dünya iqtisadiyyatına
inteqrasiya yolu seçmiş Azərbaycan bu gün regionun lider
dövləti olaraq iqtisadi potensialını ildən-ilə
artırmaqla inkişaf etmiş ölkələr səviyyəsinə
yüksəlməkdədir. Aqrar sektorun xarici ticarət
dövriyyəsi 2006-cı ildə 706 milyon, 2007-ci ildə 1,2
milyard dollar təşkil edirdisə, 2008-ci ildə bu rəqəm
1,3 milyard dollara yaxın olmuşdur.
İnvestisiyaların təşviqi üçün
respublikada münbit səraitin yaradılması,
daxili və xarici sərmayəni stimullaşdıran səmərəli
metodlardan istifadə edilməsi, xarici kapital qoyuluşunun başlıca istiqamətinin
regionların, qeyri-neft
sektorunun inkişafına
yönəldilməsi istiqamətində
görülən kompleks
tədbirlər müsbət
nəticələr vermişdir.
Bu ilin yeddi
ayında əsas kapitala yönəldilən
daxili investisiyaların
həcmi xarici investisiyaları üstələyib.
Belə ki, əsas kapitala yönəldilən vəsaitin
82,7 faizini daxili, 17,3 faizini isə xarici investisiyalar təşkil edib. Daxili investisiya
əvvəlki ilin müvafiq dövrünün
səviyyəsinə nisbətən
6,8 faiz artıb
və bu investisiyanın 69,7 faizi dövlət, 30,3 faizi qeyri-dövlət mülkiyyətinə
məxsus müəssisələrin
payına düşür.
Cari ilin yeddi ayında əsas
kapitala yönəldilən ümumi investisiyanın 73,3 faizindən
qeyri-neft, 26,7 faizindən isə neft bölmələrində
istifadə edilib ki, bu da əvvəlki ilin müvafiq
dövrü ilə müqayisədə qeyri-neft bölməsinə
yönəldilən investisiyanın həcminin 4,5 faiz
çoxalması deməkdir.
Prezident İlham Əliyevin
apardığı iqtisadi siyasətin məqsədyönlülüyü,
obyektiv gerçəkliyə adekvatlığı, bu siyasətin
ölkənin milli mənafelərini əks etdirməsi
respublikanın hər bir vətəndaşında gələcəyə
böyük inam və əminlik yaradır. Ölkə
başçısının bölgələrə hər səfəri,
görülən işlərlə tanış olması və
qarşıya çıxan məsələlərin yerindəcə
həlli üçün müvafiq tapşırıq və
tövsiyələrini verməsi vətəndaşlar tərəfindən
böyük ruh yüksəkliyi ilə
qarşılanmaqdadır.
Ölkə
başçısının bu günlərdə Hacıqabul
rayonuna səfəri də mühüm sosial obyektlərin
açılışı ilə əlamətdar olmuşdur. Prezident
İlham Əliyev Hacıqabul rayonunda Uşaq Tibb Mərkəzinin,
kərpic zavodunun açılışında iştirak
etmiş, əsaslı yenidənqurma və bərpa işlərindən
sonra istifadəyə verilən rayon mədəniyyət evi ilə
tanış olmuş və xoş təəssüratlarını
bölüşmüşdür. 2007-ci ilin avqustunda tikintisinə
başlanan və müasir tələblər səviyyəsində
inşası uğurla başa çatdırılan Uşaq
Tibb Mərkəzi Hacıqabul rayonu ilə yanaşı,
qonşu rayonların da əhalisinə yüksək tibbi xidmət
göstərəcəkdir.
Hacıqabul Kərpic Zavodu ən müasir avdanlıqlarla təchiz
olunmuşdur. İllik istehsal gücü 30 milyon şərti kərpic
olan zavodda gün ərzində 8 çeşiddə 300 ton
bişmiş kərpic istehsal olunur. Qeyd edək ki, Azərbaycanda
ilk dəfə bu müəssisədə istehsal ediləcək
böyük ölçülərdə və yeni növ kərpiclər
həm divar, həm də tavan üçün nəzərdə
tutulur. Zavodun bütün fəaliyyəti mərkəzləşdirilmiş
proqramla robotlar vasitəsilə həyata keçirilir.
Hacıqabulda istifadəyə verilən sosial obyektlərdə
insanlar yüksək maaşlı işlə təmin
edilmişlər. Prezident İlham Əliyev Hacıqabul rayonuna
səfəri zamanı bildirmişdir: "Azərbaycan
iqtisadiyyatı çox güclüdür. Bu böhranlı
aylara - bütün dünyanı maliyyə böhranı
bürüyüb - baxmayaraq, Azərbaycan iqtisadiyyatı irəliyə
gedir. Bu ilin altı ayında təxminən 4 faiz iqtisadi
artım vardır. Bizim büdcə gəlirlərimiz də
lazımi səviyyədədir, büdcə xərcləri də
vaxtında icra olunur. Sosial siyasətin uğurla davam etdirilməsi
üçün, əlbəttə ki, Azərbaycanda iqtisadi
islahatlar davam etdirilməlidir. Son illər ərzində
bütün bölgələrdə böyük quruculuq
işləri aparılır. Bütün bölgələrdə
müasir infrastruktur - məktəblər, tibb ocaqları,
elektrik stansiyaları yaradılır, yollar, qaz xətləri,
su kəmərləri çəkilir, yəni, insanın
yaşaması üçün hər şey edilir. Biz bu
inkişafı Hacıqabul rayonunun timsalında da
görürük. Rayonda son beş il ərzində müxtəlif
məhsulların buraxılışı üç dəfə
artıb, ümumi iqtisadi artım vardır. Bəzən bizdə
- Azərbaycanda iqtisadi uğurlarımızı enerji sektoru ilə
bağlayırlar. Amma baxın, Azərbaycanda qeyri-neft sektoru
neft sektorundan daha böyük templərlə artır. Nə
üçün?! Çünki biz öz imkanlarımızdan
səmərəli istifadə edə bilmişik, infrastruktur
layihələrinə vəsait ayırmışıq. Kənd
təsərrüfatının, sahibkarlığın
inkişafı üçün böyük vəsaitlər
ayrılır, yardımlar edilir və beləliklə, Azərbaycan
iqtisadiyyatı hərtərəfli inkişaf edir. Bu, hər
bir ölkənin uğurunun təməlində dayanan məsələdir".
Azərbaycanın
bütün bölgələrinin tarazlı inkişafı
aparılan iqtisadi siyasət xəttinin
düzgünlüyündən xəbər verir. Dünyanı
cənginə almış maliyyə böhranına baxmayaraq,
Azərbaycan iqtisadiyyatında artım tempinin qorunub
saxlanması görülən qabaqlayıcı tədbirlər
nəticəsində mümkün olmuşdur. İqtisadiyyatımızda
qarşıdakı illərdə də inkişafın
davamlı olacağı barədə nüfuzlu beynəlxalq
qurumların verdikləri proqnozlar bir daha bu iqtisadi siyasətə
alternativin olmadığını sübuta yetirir.
E.HACIALIYEV
Azərbaycan.- 2009.- 9
sentyabr.- S. 1.