Ünvanlı sosial yardım aztəminatlı ailələrin rifahını yaxşılaşdırıb
Respublikamızda həyata
keçirilən sosial-iqtisadi siyasətin başlıca məqsədlərindən
biri vətəndaşların həyat səviyyəsinin
yüksəldilməsi və əhalinin sosial müdafiəsinin
təmin edilməsidir. Son bir neçə ildə
iqtisadiyyatın inkişafında əldə edilən nailiyyətlər
bu məqsədin uğurla reallaşmasına şərait
yaradıb.
Bütün
kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsinin
gücləndirilməsi, əhalinin aztəminatlı təbəqələrinə
kömək göstərilməsi, yoxsulluğun aradan
qaldırılması Azərbaycanda dövlət siyasətinin
başlıca istiqamətlərindən biridir. Prezident
İlham Əliyevin sosial siyasətinin fəlsəfəsi də
ondan ibarətdir ki, ölkədə aztəminatlı, yoxsul
insan olmasın. Fərəhli haldır ki, iqtisadiyyatda həyata
keçirilən köklü islahatlar bu sferada dinamik və
davamlı inkişafı təmin etməklə bərabər,
əhalinin sosial-iqtisadi vəziyyətinin
yaxşılaşdırılmasına geniş imkanlar
açıb. İqtisadi inkişaf, maliyyə
imkanlarının çoxalması adekvat olaraq xalqın sosial
rifahının, güzəranının daha da
yaxşılaşdırılması, sosial problemlərin həlli
istiqamətində atılan addımların real nəticələri
ilə müşayiət olunmaqdadır. Prezident İlham Əliyevin
sosial sahəyə diqqət və qayğısının nəticəsidir
ki, son illərdə dövlət büdcəsi təsdiq
olunarkən ali maliyyə sənədində
sosialyönümlülük prioritet olaraq qalır. Məhz
dövlət başçısının qətiyyətli
siyasətinin sayəsində ölkədə yoxsulluğun səviyyəsi
13 faizə endirilib.
Əhalinin güzəranının
yaxşılaşması yalnız əməkhaqlarının,
pensiya və müavinətlərin artması ilə
yekunlaşmır. Son illərdə yüzlərlə yeni
müəssisənin yaradılması və bərpa
olunması nəticəsində 800 minə yaxın yeni iş
yeri açılıb ki, bu da əhalinin sosial vəziyyətini
xeyli dərəcədə yüksəldib. Ümumiyyətlə,
işsizliyin aradan qaldırılması həmişə əhalinin
sosial güzəranını yaxşılaşdıran
mühüm amillərdən biri kimi dəyərləndirilib.
Burada önəmli hadisələrdən biri də odur ki,
ölkəmizdə əhalinin işsizlik və digər sosial
problemləri yalnız paytaxtda deyil, ucqar rayonlarda da həllini
tapır.
İqtisadi inkişaf həm
də sosial sferada çoxşaxəli islahatlar aparmağa, bir
sıra ölkələrdə təcrübədən
uğurla çıxmış təkmil sosial mexanizmləri tətbiq
etməyə imkan verir. Bu mexanizmləri, azad bazar
iqtisadiyyatı prinsiplərini tam şəkildə tətbiq
etməklə yanaşı, sosial problemlərin də həllinə
nail olan Azərbaycan Prezidentinin məqsədyönlü siyasəti
daha böyük perspektivlərə hesablanıb. "Azərbaycanda
sosial-ədalət prinsipləri tam şəkildə bərqərar
olmalıdır. İnsanları narahat edən problemlər
aradan qaldırılmalıdır. Biz hamımız insanlara
böyük diqqət və qayğı ilə münasibət
bəsləməliyik. Prezidentdən tutmuş, onun yerlərdəki
nümayəndələrinə qədər hamımız bu
amala qulluq etməliyik. Azərbaycanın hərtərəfli
inkişafı, əlbəttə ki, həm ölkəmizi
gücləndirəcək, həm yeni iş yerlərinin
açılmasına imkan yaradacaq və insanların
yaşayış səviyyəsini
yaxşılaşdıracaqdır", - deyə Prezident
İlham Əliyev bildirib
Son bir neçə ildə
pensiyaçıların, təqaüdçülərin, əlillərin,
şəhid ailələrinin, Milli qəhrəmanların ailələrinin,
qaçqın və məcburi köçkünlərin, digər
sosial kateqoriyaların sosial müdafiəsi ilə bağlı
çoxlu sayda hüquqi aktların qüvvəyə minməsi
bu sahədə ciddi dəyişikliyə səbəb olub. Həmçinin
əməkhaqlarının və aztəminatlı ailələrə
verilən müavinətlərin artırılması sahəsində
bir sıra mühüm tədbirlər həyata keçirilib.
Pensiya sisteminin təkmilləşdirilməsi, fərdi
uçot sisteminin tətbiq olunması bu sahədə müsbət
irəliləyişlər yaradıb.
Ölkədə
ünvanlı dövlət sosial yardımı sisteminin işə
düşməsi aztəminatlı ailələrin
rifahının yaxşılaşmasına təkan verib.
Ünvanlı sosial yardımın məqsədi aztəminatlı
ailələrin sosial müdafiəsinin təmin edilməsindən
ibarətdir. "Ünvanlı dövlət sosial
yardımı haqqında" qanunun qüvvəyə minməsindən
qısa müddət ötməsinə baxmayaraq, onun
ünvanlılıq, ədalətlilik, bərabərlik kimi
prinsiplərinə əməl olunmaqla müsbət nəticələr
əldə edilib. Bu yardımın verilməsi minlərlə
ailənin sosial vəziyyətinin yaxşılaşmasına səbəb
olub. Minimum əməkhaqqının, pensiya və müavinətlərin
davamlı olaraq artırılması ilə yanaşı,
ünvanlı sosial yardım mexanizminin tətbiqi nəticəsində
ölkədə adambaşına düşən orta aylıq
gəlirlər davamlı olaraq artmaqdadır.
Hazırda ünvanlı
sosial yardım alan ailələrin sayı bu sistemin tətbiqinə
başlandığı 2006-cı illə müqayisədə
3,4 dəfə çoxalıb. Xatırladaq ki, Azərbaycanda
ünvanlı sosial yardım 2006-cı ilin aprelindən tətbiq
olunur. Həmin il 48 min ailə bu sosial müdafiə
formasından bəhrələnirdi. 1 iyun 2009-cu il tarixinə
olan məlumata əsasən, Azərbaycanda 179 mindən
artıq ailə dövlətdən ünvanlı yardım
alır. Bu müddətdə bir ailəyə ödənilən
yardımın orta aylıq məbləği 2,2 dəfə, hər
ailə üzvünə düşən yardımın orta
aylıq məbləği 2,2 dəfə, yardım alan ailələrin
bir yaşadək olan uşaqlarına ödənilən
müavinətin məbləği 2 dəfə, ehtiyac
meyarının həddi 2 dəfə artıb. Ölkədə
hər ailəyə düşən ünvanlı
yardımın orta aylıq məbləği 98,19 manat, hər
ailə üzvünə düşən ünvanlı
yardımın orta aylıq məbləği isə 21,56
manatdır.
Yardım təyin olunan
ailələrdən 40,8 faizi 3 və daha çox
uşağı olan, 0,5 faizi müharibə əlili olan, 12,7
faizi digər səbəblərdən əlil olmuş, 8,9
faizi isə məcburi köçkün ailələrin
üzvləridir.
Ünvanlı sosial
yardımla əhatə olunmuş ailələrdən 77,8 faizi
dövlətdən ilk dəfə yardım alanlardır.
Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyində ünvanlı sosial
yardım alan vətəndaşlarla bağlı korporativ məlumat
bankı yaradılıb. Məqsəd dövlət büdcəsindən
maliyyələşən yardımların təyinatında
şəffaflığın təmin olunması və bu sahəyə
nəzarəti gücləndirməkdir. Məlumat bankı yerlərdə
ünvanlı sosial yardım almaq üçün əhalidən
daxil olan müraciətlərin daha dəqiq
araşdırılmasına imkan verir.
Aztəminatlı əhaliyə
dövlət qayğısını əks etdirən göstəricilər
içərisində ayrı-ayrı qrup vətəndaşlara
müxtəlif güzəştlərin və imtiyazların
verilməsi xüsusi qeyd edilməlidir. Son bir neçə ildə
sosial müdafiəyə ehtiyacı olan şəxslərin
maddi rifahının yaxşılaşdırılmasına
yönəldilən tədbirlərlə yanaşı,
onların bəzi zəruri tələbatlarının ödənilməsi
üçün də dövlət büdcəsindən
ayrılan vəsaitlərin miqdarı artırılıb.
Bununla da müharibə əlilləri və şəhid ailələri
üçün yaşayış evlərinin tikintisi,
onların minik avtomobilləri ilə təmini sürətlənib,
əlillərin sanatoriya-kurort müalicəsinin təşkili,
minlərlə ailəyə hər il pulsuz dərman preparatlarının
verilməsi yeni mərhələyə qədəm qoyub.
Əhalinin sosial durumunun
yaxşılaşması ölkədə sabitliyə və
davamlı inkişafa təminatdır. Bugünkü
uğurlarımızın memarı ulu öndər Heydər Əliyevin
layiqli davamçısı, ümummilli mənafelərimiz
naminə yürütdüyü qlobal, çevik siyasətlə
ölkədə və beynəlxalq miqyasda böyük
nüfuz qazanmış Prezident İlham Əliyevdir. Dövlət
başçısının siyasi kursu davamlı olaraq əhalinin
sosial rifahını yüksəltməyə hesablanıb.
Azərbaycan.- 2009.- 3 sentyabr.-
S. 1.