Azərbaycan ərzaq təhlükəsizliyi
problemini həll edib
Bu gün qlobal enerji təhlükəsizliyinin
təmin olunmasında Azərbaycanın müstəsna rol
oynayan dövlətlərdən biri kimi çıxış
etməsi beynəlxalq miqyasda, nüfuzlu dünya təşkilatlarında
artıq dəfələrlə etiraf olunan reallıqdır. Elə
bu səbəbdəndir ki, enerji sahəsində aparıcı
dünya dövlətləri Azərbaycanla əməkdaşlığın
miqyasının genişləndirilməsinə xüsusi diqqət
yetirməklə və bunu həyata keçirdikləri siyasətin
prioritet istiqamətlərinə üstünlük verməklə
büruzə verirlər. Öz növbəsində, milli
maraqlarını daim ön planda tutan Azərbaycan enerji sahəsində
xarici tərəfdaşları ilə çox uğurlu əməkdaşlıq
quraraq bu sahədə əldə etdiyi nailiyyətləri
artırır və bütün sferalarda, o cümlədən
iqtisadiyyatda dinamik inkişafını təmin edir.
Dünya iqtisadiyyatına inteqrasiyada milli maraqlar daim əsas
götürülür
Həyata keçirilən
uğurlu siyasət nəticəsində son bir neçə
ildə Azərbaycan iqtisadi artım tempinə görə
dünyada lider statusunu qoruyur. Eyni zamanda, iqtisadi sferada həyata
keçirilən məqsədyönlü və uzaqgörən
siyasət dünyanı lərzəyə salan qlobal maliyyə
böhranının ölkəmizə təsirinin minimum həddə
qalmasını təmin edib. Bu səbəbdəndir ki, qlobal böhran
şəraitində dünya iqtisadiyyatının gerilədiyi
bir vaxtda qeyd olunan sahə üzrə ölkəmizdə yenə
də dinamik inkişaf var. Bütün bunlar bir daha Azərbaycanın
seçdiyi iqtisadi inkişaf yolunun düzgün olduğunu əyani
nümayiş etdirir. Prezident İlham Əliyev Nazirlər
Kabinetinin 2009-cu ilin birinci yarısının sosial-iqtisadi
inkişafının yekunlarına həsr olunmuş geniş
iclasında bununla bağlı bildirib: "Bizim
üstünlüyümüz ondan ibarət olmuşdur ki,
dünya iqtisadiyyatına sürətlə inteqrasiya etməklə
yanaşı, eyni zamanda öz milli maraqlarımızı
heç vaxt unutmamışıq. Biz ancaq o sahələrdə
inteqrasiya etmişdik ki, daxili iqtisadi sabitliyimizə problemlər
yaratmasın. Hər halda son bir ilin təcrübəsi onu
göstərir ki, Azərbaycanın seçdiyi yol uğurlu və
düzgün yoldur".
Qlobal iqtisadi böhran
şəraitində Azərbaycan üçün fərqləndirici
xüsusiyyətlərdən biri özünün ərzaq təhlükəsizliyini
təmin edə bilməsidir. Hazırda dünyanın elə
ölkələri mövcuddur ki, böhran başlandıqdan
sonra onların xarici iqtisadi asılılığı daha da
güclənib və belə ölkələrdə əhalinin
ərzaqla təminatında kifayət qədər ciddi problemlər
meydana çıxıb. Məsələn, Ermənistan bu sahədə
olduqca ciddi və gündən-günə artan problemlər
yaşayır. Cari ilin ilk altı ayı ərzində bu
ölkədə ümumi daxili məhsulun (ÜDM) 16,3 faiz azalması
müşahidə olunub ki, bu, Ermənistanda onsuz da bərbad vəziyyətdə
olan iqtisadiyyatın tənəzzülünün bir qədər
də sürətləndiyindən xəbər verir. Belə vəziyyətdə
isə Ermənistan hökuməti əhalinin ərzaqla təminatında
ciddi çətinlik çəkir və bu məsələdə
faktiki olaraq xarici dövlətlərdən tam asılı vəziyyətə
düşüb.
Azərbaycan isə bunun
əksinə olaraq nəinki özünün ərzaq təhlükəsizliyini
tam təmin edə bilib, həm də bir sıra strateji ərzaq
məhsullarının mühüm ixracatçılarından
birinə çevrilməyə hazırlaşır. Əlbəttə
ki, bütün bunlar ölkədə həyata keçirilən
iqtisadi islahatların və inkişaf strategiyasının məntiqi
nəticəsi kimi çıxış edir. Qarşıdakı
illərdə Azərbaycanın özünü ərzaq məhsulları
ilə təmin etməsi prosesinin daha da genişlənəcəyi
gözlənilir. Bununla bağlı Prezident İlham Əliyev
qeyd edir: "Sovet dövründə Azərbaycan heç vaxt
özünü ərzaq məhsulları ilə təmin
etmirdi. Biz ərzaq təhlükəsizliyi məsələlərini,
demək olar ki, bu il həll etmişik. Növbəti illərdə,
sadəcə, əldə edilmiş uğurlar əsasında
daha da geniş işlər aparılmalıdır. Bu məqsədlə
əlavə tədbirlər görüləcəkdir".
Əhalinin ərzaq buğdasına olan tələbatı
daxili istehsal hesabına tam ödənilir
Ərzaq təhlükəsizliyinin
təmin edilməsində Azərbaycanın əldə etdiyi
uğurlar və bu uğurların qarşıdakı dövr ərzində
daha da genişləndirilməsi olduqca vacib əhəmiyyət
kəsb edir. İlk növbədə ona görə ki, Azərbaycanın
ərzaq məhsulları ilə təminatı sahəsində
xarici asılılıq tam aradan qalxır və dünya
iqtisadiyyatında qlobal maliyyə böhranı kimi fəsadlar,
eləcə də bu qəbildən olan digər problemlər
ölkəmizdə heç bir çətinlik yaratmır. Digər
tərəfdən, Azərbaycan ərzaq təhlükəsizliyində
vacib rol oynayan məhsullarla özünü tam təmin etdikdən
sonra əlavə məhsulun ixrac edilməsi hesabına da
iqtisadiyyatını gücləndirmək imkanı qazanır.
Prezident İlham Əliyev bu məqamla bağlı bildirir:
"Öz ixrac potensialımızı daha da böyük dərəcədə
realizə etməliyik. Nəzərə almalıyıq ki,
bizim ətrafımızda kifayət qədər böyük
istehlak bazarları var və qonşu ölkələrlə Azərbaycanın
çox gözəl, işgüzar münasibətləri var,
bütün qonşu bazarlar bizim üçün
açıqdır, məhsulumuz həmin bazarlara sərbəst
şəkildə daxil olur. Azərbaycanda nə qədər
çox emal müəssisələri yaranarsa, Azərbaycanın
kənd təsərrüfatı məhsullarının
ixracı da bir o qədər çox artacaqdır".
Nüfuzlu beynəlxalq təşkilatların
hesablamalarına görə, qarşıdakı illərdə
dünyada getdikcə əhalinin ərzaq məhsulları ilə
təminində bir sıra problemlərin yaranması gözlənilir.
Məsələn, Birləşmiş Millətlər Təşkilatının
Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının
(FAO) hələ ötən ilin sonlarında
açıqladığı məlumata görə, əgər
1950-1985-ci illərdə ərzaq istehsalının illik
artımı 30 milyon ton, 1985-1995-ci illərdə 12 milyon ton təşkil
edirdisə, 2030-cu ilədək bu göstərici cəmi 9
milyon ton səviyyəsində olacaqdır. Lakin qeyd edildiyi
kimi, dünyanın əksər ölkələrindən fərqli
olaraq, Azərbaycanda ərzaq istehsalı görülən tədbirlər
nəticəsində qarşıdakı illər ərzində
də artan xətt üzrə davam edəcək. Bunun ən
ümdə səbəblərindən biri də ölkə
iqtisadiyyatının inkişafının şaxələndirilməsi,
qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirilməsidir.
Prezident İlham Əliyevin 11 fevral 2004-cü il tarixli fərmanı
ilə təsdiq edilən "Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi inkişafı Dövlət
Proqramı (2004-2008-ci illər)"nın bu məsələdə
müstəsna əhəmiyyəti oldu. Xatırladaq ki, həmin
proqram əsas məqsədinə - Azərbaycanın
rayonlarında mövcud potensialdan səmərəli istifadə
etməklə iqtisadiyyatın ayrı-ayrı sahələrinin
inkişafına, istehsal müəssisələrinin daha da
genişləndirilməsinə, ixracyönümlü məhsul
istehsalının stimullaşdırılmasına, yerli
sahibkarlığın inkişafı ilə əhalinin həyat
səviyyəsinin daha da
yaxşılaşdırılmasına, məşğulluğun
səviyyəsinin, xüsusilə gənclərin faydalı əməklə
məşğulluğunun artırılmasına nail
olmuşdur. Uğurla icra edilən bu proqram ölkə
iqtisadiyyatının ən müxtəlif sferalarının, o
cümlədən ərzaq, kənd təsərrüfatı məhsullarının
istehsalı ilə məşğul olan sahələrin
inkişafında olduqca vacib rol oynadı.
Ölkədə hərtərəfli
inkişafın davamlığını təmin etmək məqsədilə
Prezident İlham Əliyevin 14 aprel 2009-cu il tarixli fərmanı
ilə təsdiq olunmuş "Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı"nın icrasına
başlanması isə ölkəmizin ərzaq təminatı
sahəsində daha böyük nailiyyətlər əldə
etməsinə səbəb olacaq. Bunun bir çox məqamları
indidən özünü büruzə verməkdədir. Məsələn,
cari il ərzində qarğıdalı da daxil olmaqla, taxıl
istehsalının təxminən 3 milyon ton, o cümlədən
buğda istehsalının təxminən 2 milyon 200 min ton olacağı
gözlənilir. Bu, ölkə tarixində
taxılçılıq sahəsində ən yüksək nəticə
olmaqla yanaşı, 2008-ci ilə nisbətən taxıl
istehsalının təxminən 500 min ton artması və əhalinin
ərzaq buğdasına tələbatının daxili istehsal
hesabına tam ödənilməsi deməkdir. Növbəti
illər ərzində isə Azərbaycanda daha böyük həcmdə
taxıl və digər kənd təsərrüfatı məhsullarının
istehsal edilməsi gözlənilir ki, bu, artıq həmin məhsulların
ixracına başlanmasına imkan verir.
Dövlət sahibkarlara kömək edir
Bütün bunlar həm
də Prezident İlham Əliyevin 25 avqust 2008-ci il tarixli sərəncamı
ilə təsdiqlənmiş "2008-2015-ci illərdə Azərbaycan
Respublikasında əhalinin ərzaq məhsulları ilə
etibarlı təminatına dair Dövlət
Proqramı"nın uğurla icra olunduğunu göstərir.
Hazırda isə kənd təsərrüfatı məhsullarının
istehsalını bir qədər də stimullaşdırmaq və
əldə olunan məhsulun uzun müddət
saxlanmasını təmin etmək üçün bölgələrdə
daha böyük anbarların, soyuducu kombinatların tikintisi nəzərdə
tutulur. Sahibkarlığa Kömək Milli Fondundan sahibkarlara
güzəştli kreditlərin verilməsi prosesi də davam
etdirilir. Artıq nəzərdə tutulmuş məbləğin
təxminən 40 faizindən istifadə olunub. Ümumiyyətlə,
bu il sahibkarlara 130 milyon manat məbləğində güzəştli
kredit verilməsi nəzərdə tutulur.
Ötən illərdə
olduğu kimi, dövlət fermer fəaliyyəti ilə məşğul
olanların texnika və digər vəsaitlərə olan
ehtiyacının tam təmin edilməsini də həyata
keçirir. Ölkə Prezidenti İlham Əliyevin sərəncamı
ilə yaradılmış "Aqrolizinq" Açıq Səhmdar
Cəmiyyətinin fəaliyyətinin daha da genişlənəcəyi
gözlənilir. O da faktdır ki, bu qurumun aqrar sahəni
müasir texnika ilə müntəzəm təchiz etməsi kənd
təsərrüfatında dönüş yaradır.
Torpaq mülkiyyətçilərinə
məxsus maşın-traktor parkında "Aqrolizinq"
ASC-nin 55 aqroservis filialı və 105 mexanikləşdirilmiş
dəstəsi tərəfindən texniki xidmət, təmir və
nizamlama işləri görülür, onlardan səmərəli
istifadə üsulları öyrənilir, tövsiyələr
verilir. Bunun nəticəsində respublikada maşın-traktor
parkından istifadə xeyli yüksəlmişdir. Fəaliyyətə
başladığı 2005-ci ildən "Aqrolizinq" ASC tərəfindən
745 ədəd taxılyığan kombayn, 2250 ədəd
traktor, 132 ədəd ekskavator, 5690 ədəd müxtəlif
təyinatlı kənd təsərrüfatı
maşınları və qoşqular, 7 süd zavodu, 13 soyuducu
kamera, 7 qarışıq yem zavodu, 7 adda 294 ton pestisid, 237 min
ton mineral gübrə, 770 baş damazlıq heyvan, 7189 ton
yüksək reproduksiyalı buğda toxumu gətirilərək
kənd təsərrüfatı məhsulları
istehsalçılarının istifadəsinə
verilmişdir. 2007-2009-cu illərdə Gəncə Avtomobil
Zavodundan 1190 ədəd "Belarus" markalı traktor
alınmışdır. Bu ilin sonunadək daha 192 ədəd
traktor alınacaq. Bu, həm də ölkədə
maşınqayırma sənayesinin inkişafını
göstərir. Prezident İlham Əliyev "Aqrolizinq"
ASC-nin fəaliyyətinə toxunarkən demişdir: "Əgər
biz "Aqrolizinq"i yaratmasaydıq, fermerlər hansı pulun
hesabına o texnikanı ala bilərdilər? Bu gün Azərbaycanda
istehsal olunan traktorlar iş yerlərinin açılmasına,
yeni sənaye sahəsinin yaranmasına xidmət göstərir.
Beləliklə, Azərbaycan sənayesi üçün yeni
sahə yaradılır. "Aqrolizinq"in yaradılması,
deyə bilərəm ki, kənd təsərrüfatının
inkişafında ciddi dönüş etdi. Ondan sonra əlavə
tədbirlərin görülməsi nəticəsində,
subsidiyaların verilməsi nəticəsində biz əkin sahələrini
böyük dərəcədə genişləndirə
bilmişik. Gübrənin alınması, yanacağın, toxumların
alınması - bütün bunlar Azərbaycan dövləti tərəfindən
həll olunan məsələlərdir".
Dövlət tərəfindən
fermerlərə əkin sahələrinə görə
subsidiyalar verilməsi, yanacaq-sürtkü, gübrə və
sair alınmasına görə edilən maliyyə
yardımları, güzəştlər də kənd təsərrüfatı
məhsulları istehsalının artmasında mühüm rol
oynayır. Bu da Azərbaycanın ərzaq təhlükəsizliyinin
daha etibarlı şəkildə təmin olunmasına şərait
yaradır.
Bütün bunlar isə
əhalinin pul gəlirlərinin əhəmiyyətli dərəcədə
artması fonunda baş verir. Aparılan hesablamalar göstərir
ki, bu ilin ilk altı ayında ölkədə ümumi
inflyasiya 3,7 faiz təşkil edib, ərzaq malları üzrə
inflyasiya isə cəmi 2,1 faiz olduğu halda bu il əhalinin
pul gəlirləri 19 faiz artıb və real gəlirlər təxminən
15-16 faizə bərabər olub.
İqtisadi inkişaf
tempinə görə dünya üzrə lider olan Azərbaycan
qlobal böhran şəraitində ərzaq təhlükəsizliyini
də tam təmin edib. Bu, böhranın dünya
iqtisadiyyatında yaratdığı fəsadların
qarşıdakı dövr ərzində Azərbaycana təsirlərinin,
demək olar ki, hiss edilməyəcəyindən xəbər
verir. Həmçinin qeyd edilənlər bundan sonrakı
müddətdə Azərbaycan iqtisadiyyatının daha
yüksək templə inkişaf edəcəyini əyani
nümayiş etdirir.
Rasim BAYRAMOV
Azərbaycan.- 2009.- 9
sentyabr.- S. 2.