Ölkəmizdə uğurlu gənclər
siyasəti həyata keçirilir
Hər bir ölkədə
dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi,
gələcəyin etibarlı təminatı intellektual səviyyəli
potensial kadrların yetişdirilməsindən, gənclərin
cəmiyyətin bütün sferalarında iştirakından,
onların aparıcı qüvvəyə çevrilməsindən
çox asılıdır. Əsası ümummilli lider Heydər
Əliyev tərəfindən qoyulmuş dövlət gənclər
siyasətinin Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan
gəncləri ictimai-siyasi, sosial-mədəni və digər
sahələrdə fəal iştirak edirlər. Gənclərlə
iş sahəsində görülən tədbirlər Azərbaycan
gəncliyinin inkişafına təkan vermiş, onların cəmiyyətdə
özlərini təsdiq etməsində böyük rol
oynamışdır. Artıq respublikamızda fəaliyyət
göstərən gənclər təşkilatları, ictimai
birliklər ölkəmizdə vətəndaş cəmiyyətinin
qurulmasına töhfələrini verirlər. Belə təşkilatlardan
olan "İRƏLİ" İctimai Birliyinin sədri Ceyhun
OSMANLInın söhbəti də elə bu barədədir.
- Azərbaycanda
bütün sahələr üzrə qazanılan nailiyyətlər
dövlətimizin iqtisadi-siyasi potensialını, ümumi
inkişaf səviyyəsini əks etdirən əsas
meyarlardandır. Ölkəmizdə gənc nəslin mənəvi-ideoloji
tərbiyəsinə, onların sağlamlığının
qorunmasına xüsusi qayğı ilə yanaşılır.
Prezident İlham Əliyev gənclərə malik olduqları
qabiliyyət və intellektual imkanlar müqabilində geniş
meydan verməyin tərəfdarı kimi bu təbəqəyə
daim böyük diqqət və qayğı göstərir. Ölkəmizin
qüdrətli dövlətə çevrilməsi naminə gənclərin
imkanlarından daha dolğun istifadə edilməsi, həmçinin
bunun üçün əlverişli şəraitin
yaradılması gənclər siyasətinin əsasını
təşkil edir. Gənc nəslin fiziki, sosial və mənəvi
inkişafını təmin edən fəaliyyət sahələrinin
istiqamətləndirilməsi, gənclərin dünya dəyərlərinə
yiyələnmələri və digər məsələlər
qarşıda duran əsas vəzifələrdəndir. Ümummilli
lider Heydər Əliyev 1995-ci ilin martında ölkə gəncləri
ilə görüşərək onların sağlam ruhda tərbiyə
almaları və əsl vətəndaş kimi yetişmələri
naminə əlindən gələni əsirgəməyəcəyini
bildirdi. 2 fevral 1996-cı ildən ulu öndər Heydər Əliyevin
təşəbbüsü ilə gənclərin
forumlarının keçirilməsi, ölkədə gənclər
gününün qeyd olunması, gənclərimizin problemlərinin
həllinə yönələn fərman və sərəncamların
verilməsi, onların dövlət quruculuğu prosesinə cəlb
edilməsi, müvafiq qanunların qəbulu deyilənləri
reallığa çevirdi.
Əsası ümummilli
lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət
gənclər siyasəti Azərbaycan gəncliyinin gələcək
inkişafında dərin izlər buraxdı. Ulu öndərin
2 fevral 1997-ci il tarixdə imzaladığı fərmana əsasən,
fevralın 2-si Azərbaycan Gəncləri Günü elan
edildi. Ümummilli lider, bundan əlavə, gənclər sahəsində
dövlət siyasətinin uğurla həyata keçirilməsi
məqsədilə zəruri qanunvericilik bazasının
formalaşdırılmasını da təmin etdi. 1996-2002-ci
illərdə qəbul olunmuş "Bədən tərbiyəsi
və idman haqqında", "Gənc istedadlar
üçün xüsusi təqaüdlərin təsis edilməsi
haqqında", "Azərbaycanın gənc istedadlarına
dövlət qayğısı haqqında", "Dövlət
gənclər siyasəti haqqında" qanun, fərman və
sərəncamlar, habelə "Gənc ailə"
proqramı, "Gənclərdə vətənpərvərlik
və vətəndaşlıq hisslərinin yüksəldilməsi
haqqında", "İstedadlı yeniyetmələrin və
yaradıcı gənclərin sosial, iqtisadi və s. problemlərinin
həllinə yönəlmiş, onların öz qabiliyyətlərini
inkişaf etdirmələrinə kömək edən Dövlət
Proqramı", "Ordudan tərxis olunmuş gənclərin
məşğulluğu" Dövlət Proqramı bu qəbildəndir.
Qanunlar, fərman, sərəncam və dövlət
proqramları gənc nəslin mütəşəkkil qüvvə
kimi formalaşmasına, mənəvi-ideoloji cəhətdən
tam yetkinləşməsinə, sosial problemlərinin həllinə,
faydalı məşğulluğunun təmin olunmasına təsir
göstərdi.
Müasir Azərbaycan gəncliyi
inkişafının yeni mərhələsinə qədəm
qoyub. Prezident İlham Əliyev tərəfindən uğurla
davam etdirilən dövlət gənclər siyasətinin
düzgünlüyünü bu sahədə
qazanılmış uğurlu nəticələr də təsdiqləyir.
Ölkəmizdə beynəlxalq səviyyəli yarışlar
təşkil olunur, idmançılarımız hər il
müxtəlif idman növləri üzrə keçirilən
Avropa və dünya çempionatlarında iştirak edərək
uğurlu nəticələrə imza atırlar. Vaxtilə
müxtəlif səbəblər üzündən
respublikamızı tərk etmiş idmançılar vətənə
qayıdaraq ölkəmizin idman şərəfini uca tutur,
üçrəngli bayrağımızı göylərə
qaldırırlar.
Respublikamızda həyata
keçirilən dövlət gənclər siyasəti gənclərin
hərtərəfli inkişafını, onların cəmiyyət
həyatında fəal iştirakını təmin etməkdədir.
Bu siyasət çox geniş bir spektri - gənclərin təhsili,
tərbiyəsi, sağlamlığı, intellektual və mənəvi
inkişafı, asudə vaxtının səmərəli təşkili,
cəmiyyətin bütün sahələrində fəal
iştirakı ilə bağlı məsələləri əhatə
edir. Artıq Azərbaycan gəncliyi cəmiyyətin
inkişafında fəal sosial təbəqəyə
çevrilmişdir. Ölkə gəncləri demokratikləşmə
prosesində fəal iştirak edir, mədəniyyət, incəsənət,
elm və digər sahələrdə parlaq nailiyyətlər
qazanır, dövlətçilik ənənələrini daim
uca tutur, çoxşaxəli islahatların
reallaşdırılmasında yaxından iştirak edirlər.
Prezident İlham Əliyevin
gənclərin potensialından ölkənin mənafeyi naminə
tam və düzgün istifadə olunması, onların
faydalı məşğulluğunun təmin edilməsi,
dövlət idarəçiliyi sistemində
iştirakının gerçəkləşdirilməsi məqsədilə
2005-ci il avqustun 30-da imzaladığı "Azərbaycan Gəncliyi
Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq
edilməsi haqqında" sərəncamı da gənclərə
dövlət qayğısının artırılması məqsədinə
xidmət edir. Sərəncamda ölkəmizdə gənclərlə
bağlı dövlət siyasətinin əsas istiqamətləri
açıqlanmışdır. Gənclərin və yeniyetmələrin
vətənpərvərlik, vətəndaşlıq tərbiyəsinin
daha da gücləndirilməsi, onların məşğulluğunun
təmin edilməsi, sahibkarlıq fəaliyyətlərinə
kömək göstərilməsi, sosial problemlərinin həlli,
o cümlədən yaradıcı və istedadlı gənclərə,
gənc ailələrə dövlət
qayğısının artırılması, mənzil şəraitlərinin
yaxşılaşdırılması, gənclərin dövlət
quruculuğu işlərinə geniş cəlb olunması və
bu kimi məsələlər proqramda əksini
tapmışdır.
Proqrama uyğun olaraq gənclərin
sosial müdafiəsi, məşğulluğunun təmin edilməsi,
yaradıcılıq axtarışlarının
stimullaşdırılması, milli ruhda təlim-tərbiyəsi,
hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi,
sağlam həyat tərzinin təbliği istiqamətində
tədbirlər həyata keçirilir. Dövlət
başçısının fərmanı ilə Gənclər
və İdman Nazirliyi 2006-cı ildə yenidən təşkil
edilmiş, gənclər siyasətinin əsas icra orqanı
qarşısında yeni vəzifələr qoyulmuşdur. Azərbaycanda
gənclər günü ilə bağlı hər il silsilə
tədbirlərin təşkil olunması, təhsil və digər
sahələrdə yüksək nailiyyət qazanmış gənclərin
xüsusi mükafatlarla təltif edilməsi, gənclər tərəfindən
təqdim olunmuş layihələrin maliyyələşdirilməsi,
istedadlı tələbə və gənclərin beynəlxalq
müsabiqələrdə, konfrans-seminarlarda
iştirakının təmin edilməsi, müxtəlif istiqamətlər
üzrə yarışların keçirilməsi deyilənlərə
sübutdur.
Ölkəmizdə
uğurla həyata keçirilən dövlət gənclər
siyasəti gələcək nəslin intellektual səviyyəsinin
artmasına da olduqca müsbət təsir göstərir. Təhsil
sahəsində aparılan islahatlar da gənclər siyasətinin
ən vacib istiqamətlərindən biridir. Azərbaycanın
müxtəlif bölgələrində müasir standartlara
cavab verən məktəb binaları tikilib istifadəyə
verilmiş, orta və ali təhsil ocaqları müasir
avadanlıqlarla təchiz edilmişdir. Hər il xarici ölkələrdə
təhsil almağa göndərilən gənclərin sayı
artır. Bu da Azərbaycanda intellekt kapitalının
inkişafına xidmətin ən mühüm amillərindəndir.
Elmi müəssisələrin, məktəblərin
kompüterləşdirilməsi, gənc vətəndaşlarımızın
virtual dünyaya çıxışının təmin edilməsi,
onların informasiya texnologiyaları ilə işləmək vərdişlərinə
yiyələnmələri üçün atılan məqsədyönlü
addımlar Azərbaycanda insan kapitalının inkişafı
baxımından böyük əhəmiyyət
daşıyır.
Gənclər təşkilatlarının fəaliyyətinə verilən
dövlət dəstəyi
özünün yeni mərhələsinə qədəm
qoyub.
Ölkəmizdə gənclər
təşkilatlarına, ictimai birliklərin fəaliyyətinə
yaradılmış əlverişli mühit müxtəlif layihələri
həyata keçirməyə təkan verir. Həyata
keçirilən layihələr arasında bələdiyyə
seçkilərinə hazırlıq məsələsi də
var. Biz bələdiyyələrdə gənclərimizin daha fəal
iştirakına çalışırıq. Buna görə
də gəncləri payızda keçiriləcək
seçkilərdə aktiv olmağa dəvət edirik. Bu layihədən
sonra gənclər üçün qış universiteti layihəsini
həyata keçirəcəyik.
Ölkəmizdə gənc
nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında
layiqli təbəqə kimi iştirakının təmin
olunması, milli adət-ənənələrə, saf dəyərlərə
bağlılığı üçün dövlət səviyyəsində
bütün zəruri tədbirlər həyata keçirilir. Azərbaycan
gəncliyi bu diqqət və qayğını yüksək dəyərləndirməklə
yanaşı, öz məsuliyyətini dərk edir və
Prezident İlham Əliyevin müəyyənləşdirdiyi
strateji vəzifələrin uğurla həyata keçirilməsinə,
respublikamızın dinamik inkişaf edən qüdrətli
dövlətə çevrilməsi prosesinə öz töhfəsini
verməyə çalışır.
Anar RASİMOĞLU
Azərbaycan.- 2009.- 9
sentyabr.- S. 2.