Prezident İlham Əliyev Azərbaycan Dövlət Akademik Opera Balet Teatrında aparılacaq əsaslı təmir yenidənqurma işlərinin eskiz layihəsi ilə tanış olmuşdur

 

Sentyabrın 9-da Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında aparılacaq əsaslı təmir və yenidənqurma işlərinin eskiz layihəsi ilə tanış olmuşlar.

Paytaxtımızın mərkəzində yerləşən bu möhtəşəm sənət ocağının səhnəsində uzun illər klassik və müasir əsərlər tamaşaya qoyulmuşdur. Opera və Balet Teatrının binası təxminən 100 il bundan əvvəl inşa edilmişdir. O vaxtdan etibarən milli opera sənətində baş verən mühüm hadisələr bu bina ilə bağlı olmuşdur. Teatrda Azərbaycan və dünya bəstəkarlarının ən məşhur əsərləri səhnələşdirilmişdir.

Opera və Balet Teatrına istər keçmiş SSRİ məkanında, istərsə də dünya miqyasında şöhrət qazandıran yalnız zəngin repertuar olmamışdır. Bu teatr binasının divarları arasında Azərbaycan vokal sənətinin bir çox parlaq nümayəndəsi yetişib şöhrət qazanmışdır. Teatr bu gün də Azərbaycanın möhtəşəm sənət məbədi missiyasını uğurla davam etdirir.

Məhz buna görə də Prezident İlham Əliyevin tapşırığına əsasən teatr binasının tamamilə yenidən qurulması layihəsi hazırlanmışdır.

Dövlətimizin başçısına və xanımına binada aparılacaq əsaslı təmir və yenidənqurma işlərinin birinci mərhələsinin eskiz layihəsi təqdim olundu.

Bildirildi ki, layihəni İtaliyanın "Ekstra" şirkəti Mədəniyyət və Turizm Nazirliyinin Tikilən Obyektlərin Birləşmiş Müdiriyyəti ilə birgə hazırlamışdır.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva təmir-bərpa işlərində istifadə ediləcək İtaliya istehsalı olan tikinti materiallarının nümunələrinə baxdılar. Bir-birini tamamlayan rəngli materiallar binanı daha baxımlı edəcəkdir.

Sonra dövlətimizin başçısı layihənin maketinə baxdı. Məlumat verildi ki, teatrın binası, səhnəsi, tamaşa zalı əsaslı şəkildə yenidən qurulacaq, əlavə yeni inzibati korpus inşa olunacaqdır. Zal səhnənin yenidən qurulmasına İtaliyadan peşəkar ustalar cəlb ediləcəkdir. Səhnə ən müasir çevik texnologiya əsasında qurulacaq, akustika sistemi müasir standartlara uyğunlaşdırılacaq, avadanlıq dünyanın ən məşhur şirkətlərindən alınacaqdır.

Prezident İlham Əliyev teatrın yenidənqurmadan sonrakı vəziyyətini əks etdirən videoçarxa baxdı. Videoçarxda binanın yeni görkəmi əks olunmuşdur.

Teatrın binası dünyanın ən tanınmış sənət ocaqları ilə müqayisə oluna biləcək səviyyəyə çatdırılacaqdır. Bu, eyni zamanda, Azərbaycanda teatr sənətinə marağın artmasında mühüm rol oynayacaqdır. Teatrın yenidən qurulan binası gündən-günə abadlaşan və gözəlləşən paytaxtımıza xüsusi yaraşıq verəcəkdir.

İlkin layihə 6 ay ərzində təkmilləşdiriləcək və bundan sonra yenidənqurma işlərinə başlanacaqdır.

Prezident İlham Əliyev təmir-bərpa işlərinin yüksək keyfiyyətlə və vaxtında yerinə yetirilməsi ilə bağlı tapşırıqlarını verdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 10 sentyabr.- S. 1.