Azərbaycan Prezidenti İlham Əliyev AMEA-nın Akademiya şəhərciyindəki parkın əsaslı təmir yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olmuşdur

 

Sentyabrın 9-da Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Azərbaycan Milli Elmlər Akademiyasının Akademiya şəhərciyindəki parkın əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olmuşlar.

Dövlətimizin başçısına parkda görülmüş işlər barədə ətraflı məlumat verildi.

Bildirildi ki, 2 hektara yaxın ərazisi olan parkda yenidənqurma işləri mükəmməl layihə əsasında reallaşdırılmış, milli memarlıq üslubu ilə beynəlxalq təcrübə böyük peşəkarlıqla uzlaşdırılmışdır. Buradakı rəngarənglik orijinal mənzərə yaradır. Parkın gəzinti sahələri tamamilə yenilənmiş, bu ərazilərə xaricdən gətirilmiş 950 kvadratmetrdən çox qranit və ağ mərmər döşənmiş, 870 kvadratmetr sahədə yaşıllaşdırma işləri görülmüşdür. Hollandiyadan gətirilmiş 10 mindən çox dekorativ güldən müxtəlif kompozisiyalar yaradılmışdır.

İstirahət ocağının mərkəzində diametri 24 metr olan fəvvarə parka xüsusi yaraşıq verir. Fəvvarənin avtomatik qaydada işləyən su nasosu İtaliya və Almaniya istehsalıdır. Parkın yenidən qurulmuş suvarma sistemi də avtomatik qaydada işləyir. Yaşıllıqların suvarılması və fəvvarə üçün su 55 metr dərinliyə qazılmış yeni quyudan təmin olunur.

Parkda müasir işıqlandırma sistemi quraşdırılmış, yeni oturacaqlar qoyulmuşdur.

Yenidənqurma işlərini Prezident İlham Əliyevin tapşırığı və tövsiyəsi əsasında Bakı Şəhər İcra Hakimiyyəti həyata keçirmişdir. Burada görülən işlər Azərbaycanda aparılan yenidənqurma tədbirlərinin miqyası, yüksək keyfiyyəti və ardıcıl xarakter daşıması barədə dolğun təəssürat yaradır.

Görülmüş işlərlə yaxından tanış olan Prezident İlham Əliyev əlavə tapşırıq və tövsiyələrini verdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 10 sentyabr.- S.1.