Bakı daha bir beynəlxalq tədbirə ev
sahibliyi edir
Azərbaycan paytaxtı
öz ənənəsinə sadiq qalaraq daha bir beynəlxalq tədbirə
ev sahibliyi edir.
Bu dəfə Bakı
sakinləri və Azərbaycan paytaxtının qonaqları
dünyanın tanınmış nəşriyyatlarının,
kitab evlərinin çap məhsulları ilə tanış
olacaqlar.
Sentyabrın 10-dan 12-dək
"Bakı - İslam mədəniyyətinin paytaxtı -
2009" layihəsi çərçivəsində
keçiriləcək Birinci Bakı beynəlxalq kitab sərgi-yarmarkasında
iştirak etmək üçün artıq şəhərimizə
dünyanın 20-dən çox ölkəsindən qonaqlar gəlmişlər.
Muzey Mərkəzinin
qarşısında bu möhtəşəm kitab
bayramının iştirakçısı olan dövlətlərin
bayraqları dalğalanır. Mərkəzin daxilində isə
əsl bayram əhval-ruhiyyəsi hökm sürür. Burada
zövqlə hazırlanmış müxtəlif stendlərdə
2007-ci ildən bu günədək ölkəmizdə nəşr
olunmuş kitablar, dərsliklər, jurnallar sərgilənir.
Muzeyin birinci mərtəbəsində
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
müvafiq sərəncamı ilə nəşr olunmuş
kitablar, həmçinin Mədəniyyət və Turizm
Nazirliyinin təşəbbüsü ilə çap
edilmiş nəşrlər yer almışdır. Burada
"Azərbaycan dünya çapında", "Yaddan
çıxmaz Qarabağ" adlı bölmələr
yaradılmışdır.
Heydər Əliyev
Fondunun müxtəlif səpkili nəşrlər
kolleksiyası sərgini daha da zənginləşdirəcəkdir.
Fond Azərbaycan həqiqətlərindən, Qarabağ
müharibəsinin əsl mahiyyətindən və onun
yaratdığı humanitar fəlakətdən, erməni təcavüzü
nəticəsində dağıdılmış tarixi-mədəni
abidələrimizdən bəhs edən kitabları müxtəlif
dillərdə nəşr etdirməklə dünya ictimaiyyətinə
obyektiv informasiya çatdırmağa çalışır.
Heydər Əliyev
Fondunun dəstəyi ilə milli mənəvi
qaynaqlarımız, tarixi keçmişimiz, tanınmış
şəxsiyyətlər haqqında nəşr edilən
kitabları gənc oxucu auditoriyası üçün zəngin
mənbə hesab etmək olar. Fond Azərbaycanın klassik
yazıçılarının, tədqiqatçı alimlərin
əsərlərini müxtəlif dillərdə nəşr
etdirir, xarici ədəbiyyat nümunələrinin dilimizə
çevrilərək nəşr olunmasına dəstək
verir. Bütün bunlar bir daha sübüt edir ki, Heydər Əliyev
Fondunun son illərdə nəşr etdirdiyi kitablar belə beynəlxalq
sərgilərdə Azərbaycanın haqq işinə dəstək
verməklə yanaşı, məmləkətimizin
tanıdılmasına, sevilməsinə əvəzsiz xidmət
göstərir.
Üç gün davam
edəcək Birinci Bakı beynəlxalq kitab sərgi-yarmarkasında
ABŞ, Fransa, İran, Türkiyə, Albaniya, Çin, Kuba,
Polşa, Pakistan, Estoniya, Latviya, və MDB-dən olan ölkələrin
nəşrləri ilə yanaşı, Azərbaycanda son illərdə
çap olunmuş kitablar da nümayiş etdiriləcəkdir.
Tədbirə ölkəmizdə fəaliyyət göstərən
60-dan çox çap və poliqrafiya müəssisəsi,
çap işi ilə məşğul olan qurumların təmsilçiləri
qatılacaqlar. Nəfis tərtibatla, rəngarəng
miniatürlərlə nəşr olunmuş bu kitablar oxuculara
müxtəlif xalqların böyük dühalarını
tanıtmaqla yanaşı, həm də müasir cəmiyyət
həyatında aktuallığını itirməyən
mövzulara diqqət yetirmək baxımından müstəsna
əhəmiyyət daşıyır.
Mədəniyyət və
Turizm Nazirliyinin nəşriyyat, reklamın təşkili və
informasiya şöbəsinin müdiri Vaqif Bəhmənli
demişdir ki, beynəlxalq sərgi çərçivəsində
kitab təqdimatları, imza mərasimləri, naşirlər
arasında "dəyirmi masa"lar, müəllif
görüşlər təşkil ediləcəkdir. Bu
cür sərgilərin təşkili gələcəkdə
Azərbaycanda kitab nəşri işinin inkişafına
güclü təkan verəcəkdir.
Bildirilmişdir ki, sərgi-yarmarka
çərçivəsində "Azərbaycan
qayaüstü incəsənəti" kitabının, "Mədəniyyət"
kataloqunun və "Poeziya günü" toplusunun təqdimat
mərasimləri də təşkil olunacaqdır. Silsilə tədbirlər
çərçivəsində xalq yazıçısı
İsa Hüseynovun (Muğanna) 6 cildlik seçilmiş əsərlərinin,
xalq şairi Zəlimxan Yaqubun "Mən öz
dastanımı yazıb gəlmişəm" və "Millətdə,
dövlətdə, sənətdə" kitablarının təqdimat
mərasimi keçiriləcəkdir.
V.Bəhmənli
demişdir ki, sərgidə bütün çap işi ilə
məşğul olan qurumların iştirakı pulsuzdur və
onlar burada öz məhsullarını sata da bilərlər.
AzərTAc
Azərbaycan.- 2009.- 10 sentyabr.- S. 3.