Bu işlərin həyata
keçirilməsində Prezident İlham Əliyevin 11 fevral
2004-cü ildə imzaladığı regionların
sosial-iqtisadi inkişafı Dövlət Proqramı öz
mahiyyəti etibarilə tərəqqinin lokomotivi rolunu
oynadı. Şəhərlərimiz, qəsəbə və kəndlərimiz
günü-gündən abadlaşıb gözəlləşdi.
Ulu öndər Heydər Əliyevin çox böyük
uzaqgörənliklə imzaladığı neft kontraktı,
digər layihələr səmərəsini verməyə
başladı. Əldə edilən gəlirlər
başlıca olaraq müharibə şəraitində olan
respublikamızda ordu quruculuğunun möhkəmləndirilməsinə,
təhsil, səhiyyə, mədəniyyət sahəsindəki
problemlərin həllinə, vətəndaşlarımızın
sosial vəziyyətinin yaxşılaşdırılmasına
yönəldildi.
Uzaq və yaxın tarix
Hər elin, obanın öz tarixi var. Uzaq və yaxın tarixi. Azərbaycanın müxtəlif bölgələrində aşkar olunan tarixi abidələrin daş yaddaşı aydın şəkildə göstərir ki, eramızdan çox-çox əvvəl ulu əcdadlarımız bu torpaqlarda məskən salmış, yaşamışlar. Aşkar olunan yeraltı şəhərlər, müxtəlif əmək, ov alətləri öz qədimliyi, nadirliyi ilə dünya arxeoloqlarını heyrətdə qoyur. Bu yaxınlarda Bərdə ətrafında və Tovuz rayonunun Göytəpə yaşayış ərazilərində aparılan arxeoloji qazıntılar zamanı tapılan unikal abidələr xalqımızın qədim tarixinə işıq salır. Kim bilir, torpaq altında hələ neçə belə şəhərlər yatır.
Ölkəmizin qədim yaşayış məskənlərindən biri də Lerik rayonudur. Buranın nadir təbiəti insan ömrünə, sağlamlığına məlhəmdir. Bir zamanlar planetimizin ən yaşlı sakinləri olmuş Mahmud Eyvazov və Şirəli Müslümov da dağlar diyarı Lerikdə yaşayıb ömür sürmüşlər. Hazırda rayon ərazisində 200-dən çox tarixi abidə mövcuddur. Cəngəmiran kəndi ərazisində Xəlifə Zəkəriyyə məzarlığındakı qoç şəkilli qəbir daşları tarixçilərimizi düşündürməkdədir. Lerik şəhərindən çıxıb üzü Savalan dağı istiqamətinə gedərkən nə vaxtsa vulkan püskürməsindən yaranan çılpaq dağlar, sal daşlar, qayalar özü də təbiətin gücündən yaranan abidə təsiri bağışlayır. Onların yaşını dəqiq-dürüst təyin etmək, müəyyənləşdirmək qeyri-mümkündür. İstər-istəməz adam düşünür: görəsən, insan övladı bu məkanda nə vaxt məskunlaşıb?
Lerikin tarixi haqqında isə bildiklərimiz bunlardır: rayon 8 avqust 1930-cu ildə inzibati ərazi vahidi olaraq təşkil olunmuş, 1938-ci ilə kimi Zuvand adlanmışdır. Ərazisi 1084 kv kilometr, əhalisi 73 min nəfərdən çoxdur. Rayonda 162 yaşayış məntəqəsi, o cümlədən 1 şəhər, 161 kənd var. Ərazisi Talış dağlarının əhatəsindədir. Cənub və cənub-qərbdə Yardımlı, şimal-şərqdə Masallı, şərqdə Lənkəran, cənub-şərqdə Astara rayonları ilə həmsərhəddir. İran İslam Respublikası ilə sərhəd boyu Talış dağ silsiləsi, bundan şimalda Peştəsər və Buravar dağ silsilələri uzanır. Ən yüksək zirvələri olan Talış silsiləsindəki Kömürgöy və Qızyurdu dəniz səviyyəsindən 2 min 493 və 2 min 433 metr yüksəklikdə yerləşir. Bitki örtüyü əsasən kolluq və seyrək meşəli çəmənlərdən və dağ meşələrindən (palıd, vələs, fındıq) ibarətdir. Meşələrində digər vəhşi heyvanlarla yanaşı ayıya da rast gəlmək mümkündür.
Rayon təxminən ötən əsrin 30-cu illərindən inkişaf etməyə başlayıb. Rayondakı "Sovet Kubası" adına keçmiş sovxoz respublikanın ən adlı-sanlı təsərrüfatlarından biri olub. O zamanlar rayonda ziyalıların da böyük bir zümrəsi yetişib. Neçə-neçə lerikli gənc respublikanın ali məktəblərində təhsillərini davam etdirərək alim, müəllim, həkim, mühəndis olmuşlar. Onlar indi ölkəmizin müxtəlif elm, səhiyyə, təhsil ocaqlarında çalışaraq Lerikin adını ucaldırlar.
Əsrə bərabər son 6 il
"Gün var min aya dəyər",
"Əsrə bərabər gün" sözləri məna
dərinliyinə görə dilimizdə artıq aforizmə
çevrilmişdir. İllər uğurlu gələndə,
insanlar sülh və əmin-amanlıq, bolluq-firavanlıq
içində yaşayıb-yaradanda ömür daha mənalı
olur. Dağlıq Qarabağ və digər bir sıra problemlərimiz
qalsa da, inamla, cəsarətlə demək olar ki, Azərbaycan
son 6 ildə əsrlərə bərabər yol
keçmişdir. Bunlar xalqın gözü
qarşısındadır. Bu işlərin həyata keçirilməsində
Prezident İlham Əliyevin 11 fevral 2004-cü ildə
imzaladığı regionların sosial-iqtisadi inkişafı
Dövlət Proqramı öz mahiyyəti etibarilə tərəqqinin
lokomotivi rolunu oynadı. Şəhərlərimiz, qəsəbə
və kəndlərimiz günü-gündən
abadlaşıb gözəlləşdi. Ulu öndər Heydər
Əliyevin çox böyük uzaqgörənliklə
imzaladığı neft kontraktı, digər layihələr səmərəsini
verməyə başladı. Əldə edilən gəlirlər
başlıca olaraq müharibə şəraitində olan
respublikamızda ordu quruculuğunun möhkəmləndirilməsinə,
təhsil, səhiyyə, mədəniyyət sahəsindəki
problemlərin həllinə, vətəndaşlarımızın
sosial vəziyyətinin yaxşılaşdırılmasına
yönəldildi. Son 5 il ərzində Azərbaycanda 1800-dən
çox yeni məktəb tikildi, köhnələri əsaslı
təmir edildi. Bölgələrimizdə müalicə
diaqnostika mərkəzləri, olimpiya idman kompleksləri
tikildi, yollar çəkildi, habelə digər həyati əhəmiyyətli
işlər görüldü və həmin işlər bu
gün də davam etdirilməkdədir. Əməkhaqları,
pensiyalar artırıldı, imkansız ailələrə
ünvanlı sosial yardımlar verilməyə başlandı.
Tikilən, fəaliyyətini bərpa edən müəssisələr
hesabına istehsal tempi durmadan yüksəldi, yeni iş yerləri
açıldı, əhalinin məşğulluğu
artdı. Son 5 ildə ölkədə 800 minə yaxın
iş yeri açıldı, yeni-yeni infrastruktur layihələri
həyata keçirildi. Bunlar ümumilikdə görülən
işlərin yalnız bir hissəsi, qısa
xronikasıdır. 2003-cü ildən başlayan uğurlu
inkişaf strategiyası bu gün də davam etdirilir. 2009-2013-cü
illər üçün regionların sosial-iqtisadi
inkişafı Dövlət Proqramının icrası çərçivəsində
həlli vacib olan məsələlər həyata
keçirilir.
Faktlar zamanın güzgüsüdür
Lerikə avtomobil yolu
1930-cu ildə çəkilsə də, sonralar, xüsusən
1980-1990-cı illər arasında həmin yollar
baxımsızlıq üzündən yararsız hala
düşdü. 56 kilometrlik Lənkəran-Lerik yolunu
maşınla ən azı 2 saata getmək olurdu. Bu bir yana
qalsın, yolda tez-tez xoşagəlməz hallar baş verirdi.
Qayalardan uçub
aşağı yuvarlanan daş parçaları yolu
bağlamaqla yanaşı, neçə-neçə
insanın ömrünə son qoyurdu. Odur ki, yolun əsaslı
şəkildə yenidən qurulması 2004-2008-ci illərin
Dövlət Proqramına salındı. Əlaqədar təşkilatlar
burada gecəli-gündüzlü iş apardılar. Yola keyfiyyətli
şəkildə asfalt örtük döşəndi, kənarına
istinad divarları hörüldü, yağış-qar
sularını aparan küvetlər, dayanacaqlar tikildi, yol
nişanları qoyuldu və digər işlər həyata
keçirildi.
Dünya standartlarına
cavab verən dağ yolunun istifadəyə verilməsi
münasibətilə Prezident İlham Əliyev 2005-ci il
sentyabrın 8-də Lerikə səfər etdi. Yolun
açılışından sonra ölkə
başçısı rayon mərkəzinə gələrək
burada dağlar diyarının ağsaqqalları, ictimaiyyətin
nümayəndələri ilə görüşüb
söhbətlər apardı, adamların gün-güzəranı
ilə maraqlandı, Lerikin inkişafı ilə bağlı əlaqədar
nazirliklərin, digər icra strukturlarının rəhbərlərinə
tövsiyə və göstərişlər verdi. Demək
olar ki, elə o vaxtdan da rayonun sürətli inkişafı
başladı.
"Yollar
iqtisadiyyatın qan damarıdır" deyənlər
yanılmayıblar. Yenidən qurulan yolla paytaxt Bakıdan,
qonşu Lənkəran rayonundan və digər yerlərdən
Lerikə hər gün onlarla maşın tikinti materialları
daşınmağa başlandı. Çox çəkmədi,
Lerikin tarixində misli-bərabəri olmayan bir hadisə
baş verdi. O hadisə ki, yaşı əsrlərin,
eraların arxasından boylanan bu qədim yaşayış məskənində
təbii qaz şölələndi. Bundan insanlar kimi təbiət
də rahatlıq tapdı. Meşələrdən gələn
balta səsləri kəsilməyə başladı. Təxminən
bir ildən sonra - 2006-cı il oktyabrın 23-də ölkə
başçısı təbii qazın verilməsi ilə əlaqədar
yenidən Lerikə gəldi. Qazın verilməsi ilə
bağlı keçirilən tədbirdə cənab İlham Əliyev
dedi: "Lerik rayonuna qaz kəmərinin çəkilişi
sırf sosial məqsəd daşıyır. Ən
qabaqcıl, ən zəngin və inkişaf etmiş ölkələrdə
belə heç vaxt yanacaq-enerji sahəsi ilə əlaqəli
sosial xarakter daşıyan layihələrə vəsait
ayrılmır. Amma Azərbaycanda biz bunu edirik. Məqsədimiz
də budur ki, ən ucqar bölgələrdə, ucqar kəndlərdə,
o cümlədən Lerik rayonunda yaşayan insanlar təbii
qazla təmin olunsunlar, ekologiya, meşələr qorunsun. Bu,
insanlara rahatlıq gətirən hadisə olduğundan əhəmiyyəti
çox böyükdür. Əgər biz belə çətin
relyefdə, hündür dağlardan keçən bu kəməri
çəkə bildiksə, deməli, hər bir işin
öhdəsindən gəlməyə qadirik".
Bundan əlavə, son 5
ildə Lerikdə geniş miqyasda tikinti, quruculuq, abadlıq
işləri də görülmüşdür. Parklar,
xiyabanlar salınmış, küçələrə asfalt
döşənmiş, səkilərə plitələr
düzülmüş, işıqlandırma sistemi təzələnmiş,
hər yana ağaclar, gül kolları əkilmiş, yöndəmsiz
ticarət köşkləri yeniləri ilə əvəz
olunmuş, yaşayış evlərinin, inzibati binaların
dam örtüyü dəyişdirilmişdir. Gənclərin
asudə vaxtının təşkilində, mənalı
keçməsində mühüm rol oynayan rayon mərkəzi
stadionu təmir olunaraq idmançıların ixtiyarına
verilmişdir. Uzun illərdən bəri təmir olunmayan rayon
mədəniyyət evi ən yüksək səviyyədə
yenidən qurulmuşdur. Əhalinin içməli suya olan tələbatının
ödənilməsi məqsədilə yaşayış məntəqələrində
artezian quyuları qazılmış və digər tədbirlər
həyata keçirilmişdir
Abonentlərin elektrik
enerjisi ilə təminatında əvvəllər mövcud
olan problemlərin hamısı, demək olar ki, aradan
qaldırılmışdır. Bu gün rayon əhalisinə
fasiləsiz olaraq işıq verilir, indi Lerik şəhərinin
gecələri daha füsunkardır. Rəngli fəvvarə
qurulmuş park sakinlərin ən çox sevdiyi məkandır.
Rayonda Qarabağ əlillərinə,
şəhid ailələrinə xüsusi həssaslıqla
yanaşılır. Keçən il onlar üçün ikimərtəbəli
16 mənzilli yaşayış evi tikilmişdir. Hazırda daha
biri inşa edilir. Lerik şəhərinin girəcəyində
isə keçən il Böyük Vətən müharibəsində
və Qarabağ uğrunda döyüşlərdə həlak
olan lerikli igid əsgərlərin xatirəsinə park
salınmışdır. Bu park da şəhər əhalisinin
ən çox sevdiyi bir yerdir.
Baba-nənələr,
valideynlər xüsusən ilin bu fəslində öz nəvələrinin,
övladlarının əlindən tutaraq onları Şəhidlər
parkına gətirir, Vətən yolunda canlarından keçən
igid həmyerliləri haqda onlara məlumat verirlər.
Bunlarla yanaşı, bir
çox idarə və təşkilatlar üçün
ucaldılan müasir binalar rayon mərkəzinə xüsusi
görkəm verir. Artıq rayon mərkəzi qəsəbədən
çox şəhərə oxşayır. Elə buna görə
ölkə başçısı keçən il Lerikə
şəhər statusu verilməsi barədə sərəncam
imzalamışdır.
Respublikamızın hər yerində olduğu kimi, Lerik rayonunda da təhsilə diqqət və qayğı artırılmışdır. Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində son illər burada böyük işlər görülmüşdür. Təkcə keçən dərs ilində 12 yeni məktəb tikilib istifadəyə verilmişdir. Belə ki, Piran kəndində 360, Gürdəsər kəndində 192, Tikəband kəndində 200 şagirdlik orta, Rəzgov kəndində 140, Büzeyir və Buruq kəndlərinin hər birində 80 şagirdlik əsas, Əliabad kəndində 100, Peştətük, Çeşman, Bilnə və Hiramo kəndlərinin hər birində 60 şagirdlik ibtidai məktəb binası inşa olunmuşdur. Bundan əlavə, Dövlət Neft Şirkətinin sponsorluğu ilə Lerik şəhər 1 saylı orta məktəbin binası əsaslı şəkildə təmir edilmiş, 2 saylı orta məktəbin dam örtüyü təzələnmişdir.
Məktəblərə 80 adda 36 min 685 nüsxə dərslik, 1350 parta, 180 yazı lövhəsi, 420 müəllim stulu, 70 məktəbə 326 dəst kompüter verilmiş, 10 məktəbdə informatika kabineti yaradılmışdır.
Hazırda Lerikdə yeni dərs ilinə hazırlıq işləri görülür. Çayrud kəndində dövlət vəsaiti hesabına inşa olunan 200 şagirdlik orta məktəbdə son tamamlama işləri aparılır. Müasir tipli yeni məktəb 2 korpusdan ibarətdir. İkimərtəbəli əsas korpusda sinif otaqları, fənn kabinetləri, ikinci korpusda isə idman və akt zalları, kitabxana, emalatxana və s. yerləşir. Məktəbin istilik sistemi var. Bundan başqa, daxili imkanlar hesabına tikilən Qılqılov kənd 100 şagirdlik əsas məktəbin binasında da işlər yekunlaşmaq üzrədir. Yeni dərs ili ilə əlaqədar məktəblərə 200 şagird partası, 300 müəllim stulu, 50 stol, 30 yazı lövhəsi verilmişdir.
İnkişafın yeni mərhələsi
Lerik inkişafın yeni mərhələsinə qədəm qoymuşdur. Rayonun icra orqanları, yerli bələdiyyələr əl-ələ verərək qüvvələrini qarşıda duran vəzifələrin yerinə yetirilməsinə yönəltməyə çalışırlar. İkinci Dövlət Proqramına uyğun olaraq, rayon ərazisində, xüsusilə Lerik şəhərində tikinti, quruculuq, abadlıq işləri uğurla davam etdirilir. Cari ilin ötən vaxtı ərzində 300 nəfər bu işlərə cəlb edilmişdir.
Yeri gəlmişkən qeyd edək ki, 2004-2008-ci illərdə rayonda 4,5 mindən çox yeni iş yeri açılmışdır ki, onun da 2 mindən çoxu daimidir.
Ölkədə əhalinin içməli su ilə təminatı mühüm məsələ kimi qarşıda durur. Bu səbəbdən rayonun daxili imkanları hesabına Lerik şəhərində sıradan çıxmış su xətlərinin yeniləşdirilməsi ilə bağlı bir sıra işlər görülmüş, rayonun Göydərə, Kəlvəz və Noda kəndlərində artezian quyuları qazılmış, Züvüç kəndinə 7,5, Qələbinə 3,7 kilometrlik su xətti çəkilmiş, Qosmalianda 2 kilometrlik böyük diametrli borular təzələnmişdir.
Lənkəran-Lerik yolu boyunca yerləşən turizm istirahət-əyləncə mərkəzlərində isə yeni koteclər, istirahət meydançaları tikilmişdir. "Relax", "Təbəssüm", "Meşəbəyi", "Xəyal", "Ağgöl", "Paradiz", "Altun" və digər istirahət-əyləncə mərkəzlərində, eyni zamanda 600-ə yaxın turistin istirahət etməsi üçün şərait yaradılmışdır. Hazırda Qosmalian kəndi ərazisində "Relax"ın yeni istirahət evləri tikilir. Bilnə kəndi yaxınlığında isə yeni "Şəfa" turizm istirahət mərkəzinin tikintisinə başlanmışdır. Eyni zamanda Lənkəran-Lerik yolunun 50-ci kilometrində müasir standartlara cavab verən ticarət mərkəzinin tikintisində iş davam etdirilir. Yolun Piran kəndindən keçən hissəsində işıqlandırma sistemi yaradılmışdır. Bundan başqa, iş adamları tərəfindən "Aqrotexservis" ASC-nin binalarında yenidənqurma və tikinti işləri aparılır. Rayondaxili yolların bərpası və təmiri də diqqət mərkəzindədir. Belə ki, daxili imkanlar hesabına hazırda 12 kilometrlik Lerik-Nuravud yolu əsaslı təmir edilir. Həmçinin Dövlət Neft Şirkətinin vəsaiti hesabına rayon mərkəzi xəstəxanasında əsaslı təmir işləri aparılır. Piran və Blaband kəndlərindəki həkim məntəqələri isə artıq istifadəyə verilmişdir.
Rayon icra hakimiyyəti və Baytarlıq İdarəsi üçün yeni inzibati binalar tikilir, ümummilli lider Heydər Əliyevin adını daşıyan meydan yenidən qurulur, burada ulu öndərin möhtəşəm abidə kompleksi yaradılır, fəvvarələr tikilir, yaşıllıq zolaqları salınır. Tikilən Heydər Əliyev muzeyində isə son tamamlama işləri görülür. Habelə "Uzunömürlülər" muzeyi üçün yeni binanın tikintisinə başlanılmışdır.
Lerik əsasən kənd təsərrüfatı rayonudur. Heyvandarlıq onun əsasını təşkil edir. Hazırda rayonda 36 min 198 baş qaramal, 127 min 300 başdan çox davar var. Keçən ilin yarımili ilə müqayisədə bu ilin eyni dövründə ət, süd, yun və yumurta istehsalı xeyli artmışdır. Cins mal-qaranın alınıb rayona gətirilməsi sahəsində də müəyyən işlər görülmüşdür. Pirasora kənd sakini İman Hüseynov 7, Gürdəsər kənd sakini Müqabil Şahbazov 1 baş cins inək almış, daha 4 nəfər bu məqsədlə "Aqrolizinq" ASC-nin rayon filialına müraciət etmişdir. Dövlət tərəfindən əkinçilərə və buğda əkənlərə verilən subsidiyalar və yardımlar bu sahəyə marağı artırmışdır. Bu il rayonda 5 min 446 ton taxıl istehsal edilmişdir ki, bu da keçən ildəkindən 1195 ton çoxdur.
Həllini gözləyən məsələlər
də var
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov bizimlə söhbət zamanı dedi ki, rayonda görülən bütün işlər ölkə başçısı İlham Əliyevin göstərdiyi diqqət və qayğının nəticəsidir. Həyata keçirilən bütün tədbirlər rayon əhalisinin gözü qarşısındadır və onlar bu işləri yüksək qiymətləndirirlər. Lakin görüləsi işlər, həlli vacib olan problemlər də var. Rayondaxili yolların təmiri, əhalinin qaz, elektrik enerjisi, su ilə təminatının yaxşılaşdırılması, yeni tibb müəssisələrinin tikilməsi, yeni emal müəssisələrinin yaradılması, dağ turizminin, xalq sənətkarlığının və digər sahələrin inkişaf etdirilməsi sahəsində hələ çox iş görülməlidir.
Məqsəd aydın olanda arzulara çatmaq, qarşıda duran vəzifələri yerinə yetirmək asanlaşır. Lerikdə olarkən istər ayrı-ayrı adamlar və istərsə də rayon rəhbərliyi ilə söhbətlər zamanı bu inamı, istəyi gördük. Və bizdə belə bir əminlik yarandı ki, dağlar qoynundakı bu diyarın qədim tarixinə yeni səhifələr yazılacaq, sakinləri daha xoşbəxt və firavan günlərə qovuşacaqlar.
Seyran CAVADOV
Azərbaycan.- 2009.- 10 sentyabr.- S. 4.