Məktəb insan həyatının
ikinci dünyasıdır. Həm də elə bir dünyadır ki, hər kəsin
taleyində, həyatında mühüm rol oynayır, əvəzsiz
xidmətləri ilə yaddaşlarda iz qoyur. Bu gün Azərbaycan
məktəbi haqqında geniş ictimaiyyət arasında
müxtəlif fikirlər səslənir. Yaxşı və
pis məktəb, güclü və zəif müəllim
anlayışları bütün hallarda müasir təhsilimizin
səviyyəsinin göstəricisi kimi çıxış
edir. Gəlin açıq etiraf edək ki, hazırda müəllim
nüfuzu, müəllim-şagird münasibətləri, məktəbə
olan hörmət və ehtiram barədə söhbət
düşəndə mənfi məqamlar bizi daha çox
narahat edir.
Çünki insanı
yetirən, formalaşdıran ilk ocaq ailədən sonra məktəb
və pedaqoji mühitdir. Müstəqil zövq, fərdi əqidə,
əsl vətəndaşlıq səmimiyyəti, mühitlə
qaynayıb-qarışmaq, daim axtarışda olmaq meyili,
marağı, bir sözlə, bütöv şəxsiyyət
probleminin həlli məhz məktəbdən, tədris
sistemindən asılıdır. Müəllim isə ta qədimdən
xüsusi hörmətə layiqdir. Çünki o,
insanları kamillik zirvəsinə səsləyir. O,
ağıl-kamal sahibidir, gözəl mənəviyyat
timsalıdır, ən əsası isə, əsrlər boyu
toplanmış elmi biliyi öyrədən, şagirdlərdə
yaradıcı təxəyyülün axarını
açan, ümumbəşəri mədəniyyəti sevdirəndir.
Təhsil-təlim işlərini müəllim yerinə
yetirir.
Artıq ikinci ildir ki,
respublikada dövlət səviyyəsində ən
yaxşı məktəb və ən yaxşı müəllim
müsabiqələri keçirilir. 2008-2009-cu tədris ilindəki
müsabiqənin qalibləri məlumdur. Həmin qaliblər
arasında intellekti, bilik və təcrübəsi, mehriban
davranışı, ünsiyyəti ilə diqqəti cəlb
edənlərdən biri də akademik Zərifə Əliyeva
adına məktəbin Azərbaycan dili və ədəbiyyatı
müəllimi Mehriban Vəliyevadır. Bu gün qabaqcıl
müəllimin 20 illik pedaqoji fəaliyyəti çoxları
üçün örnəkdir desək, yanılmarıq.
...1964-cü ildə
Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin
filologiya fakültəsini bitirib. Müəllimlik fəaliyyətinə
Suraxanı rayonundakı 278 saylı məktəbdə
başlayıb. 2001-2008-ci illər ərzində Heydər Əliyev
adına Müasir Təhsil Kompleksində
çalışıb. Həmkarları, yetirmələri tərəfindən
həmişə sevilib. Ötən ildən isə akademik Zərifə
Əliyeva adına məktəbdə işləyir. Bundan
başqa, Mehriban Vəliyeva AMEA-nın Nəsimi adına
Dilçilik İnstitutunun dissertantıdır. Dəfələrlə
müxtəlif müsabiqələrin, o cümlədən
qabaqcıl müəllim, ilin pedaqoji mühazirəsi
müsabiqələrinin qalibi olub. VII sinif üçün
"Ədəbiyyat" dərsliyinin müəlliflərindən
biridir. Təhsilin problemləri ilə bağlı beynəlxalq
treninqlərin iştirakçısı olub.
Qabaqcıl müəllimlə
redaksiyada görüşdük. Mehriban xanımın 20 illik
pedaqoji fəaliyyətinin ən yaddaqalan məqamları barədə
söhbətləşdik. 1989-cu ildə ilk dəfə müəllim
kimi sinifə daxil olduğu anları xatırladı:
- Şagird müəllimin
əsəridir, - dedi. - Müəllim təkcə biliyini yox,
ömrünü də şagirdləri arasında paylayır.
Həm də müasir anlamda yalnız öyrətmir, eyni
zamanda, yetişdirir, tərbiyə edir, formalaşdırır
və hər bir gənci xalqa, cəmiyyətə təqdim
edir. Ona görə də qabaqcıl müəllim ilk gündən
öz yetirmələrində mənəvi varlığın əzəli
qaynağı olan xalq xəzinəsinə, folklora meyili,
marağı artırır, yaddaşın ilk qatlarını
el yaddaşı təməlində formalaşdırır. O,
şagirdlərin zehni fəallığını təmin etmək
üçün müstəqil işləmələri
qayğısına qalır, yetirmələrini
düşündürücü suallar üzərində
çalışdırır, keçilən mövzunu
müasir həyatla əlaqələndirir, hər bir dərsin
həm də tərbiyəvi xarakter daşımasına,
uşaqların mənəvi aləminin zənginləşməsinə
ciddi diqqət yetirir. Əsl
müəllimin bütün dövrlərdə
özünü yaxşılaşdırmaq istəyi daim məqsəd
olmalı, vərdişə çevrilməlidir. Təbii ki,
burada zehni, bədii sərvətlər öz müsbət
rolunu oynayır. Üstün rol isə kitablara məxsusdur.
Oxucu həvəskarlığı özünütərbiyə,
özünütəhsil vasitəsi kimi çoxdan sınaqdan
çıxmışdır.
Mehriban xanım
istedadlı və xüsusi qabiliyyətə malik şagirdlərin
seçilməsi, onların təlim və
yaradıcılıq istiqamətlərinin düzgün təşkili
sahəsində də böyük səy göstərir. Biz nəyi axtarırıq, necə
və nə üçün axtarırıq suallarının
ilk gündən dəqiq elmi cavablarını özü
üçün müəyyənləşdirir.
Yaradıcı axtarış, hadisələri önləmə,
irəlini görmə, proqnozlaşdırma və s. keyfiyyətlər
fərdin inkişafının müxtəlif mərhələlərində
təzahür edir. Həmin amilləri yeniyetmələrdə
aşkar etmək, onun təşəkkülünə
düzgün istiqamət vermək bu gün müəllimin
üzərinə düşən mühüm vəzifədir.
Cəmiyyətdəki sosial,
iqtisadi, siyasi dəyişikliklər, elmi-texniki inkişaf tədrisin
məzmununu zaman-zaman yeniləşdirir və onun prinsiplərini
müəyyənləşdirir. Bütün hallarda yenə də
üstünlük tərbiyəyə, o cümlədən dərsin
məqsədinə istiqamətləndirilir. Ona görə də
dərs həmişə müasirləşmə prosesi
keçir və cəmiyyətin inkişafında böyük
rol oynayan funksiyalar daşıyır. Hazırda XXI əsr
insanının başlıca fərqi ondadır ki, o, daim
öyrənməyə və özünü yetişdirməyə
səy göstərməlidir. Buna görə də informasiya
cəmiyyətində yeni insan modelini formalaşdırmaq
bilavasitə təhsilin üzərinə düşür.
Mehriban müəllimə
ilə yeni məktəb modeli, müasir dərs, onun vəzifələri,
funksiyaları barədə xeyli söhbət etdik. Bildirdi ki, informasiya cəmiyyətində
müəllimin əsas rolu öyrənmə
üsullarını şagirdə mənimsədərək
ona məlumatı necə əldə edə bilməyi və
ondan faydalı yararlanmağı öyrətməkdir. Bəzən
sovet təhsil sistemini tənqid edirlər. Məsələ
burasındadır ki, qarşısına sovet vətəndaşını
yetişdirmək məqsədi qoyan sovet təhsili insanı məqsəddən
çox vasitəyə çevirirdi. Buna çatmaq
üçün öz təhsil sistemini qurub istədiyinə
nail olur, uğurlar da qazanırdı. Lakin yeni quruluş, yeni cəmiyyətdə
insan amili ön plana keçərkən təhsildə məqsəd
də, buna müvafiq məzmun və forma da dəyişməli
oldu. Qabaqcıl müəllim kurikulum islahatlarının mərhələsini
nəticəyönümlü təhsilə yeni bir istiqamət
açdığını xüsusi vurğuladı: "Fənn
kurikulumları hər fənn üzrə fəaliyyətlər
sistemini ümumiləşdirir. Bu proses müasir məktəbi
yaddaş məktəbindən idrak məktəbinə,
müasir dərsi təfəkkürün inkişafına
yönəldir. Biz müəllimlər isə şagirdlərdə
axtarıb tapmaq, öyrənmək, tətbiq etmək
bacarıqları formalaşdırmalıyıq. Sual oluna bilər
ki, ümumiyyətlə, çevik düşünən,
çətin vəziyyətdən çıxmağı
bacaran, hərtərəfli inkişaf etmiş şəxsiyyəti
formalaşdırmaq üçün müəllim nə etməlidir?
Öz təcrübəmdən çıxış edərək
demək istəyirəm ki, bunun üçün müəllim
yalnız elmi bilikləri öyrətməklə deyil, bu biliklər
vasitəsilə inkişafetdirici və tərbiyəedici məqsədi
də qarşısına qoyub həyata keçirməlidir. Bu
gün idraka söykənən müasir məktəb və
müasir dərsin tələblərinə psixoloji biliklər
olmadan çatmaq mümkün deyil. Təsadüfi deyil ki, yeni
bir elm sahəsi, psixopedaqogika müəllim həyatına vacib
sahə kimi daxil olmaqdadır. Mən bura psixometodikanı da
daxil edərdim. Müasir məktəb idraki inkişafı
önə çəkirsə, bu, öz həllini elmi və
sistemli şəkildə tapmalıdır. Təhsil sistemi
açıq olmalıdır, oxuyub öyrənmək istəyənlərin
qarşısına çıxan bütün maneələr
aradan qaldırılmalıdır".
Mehriban Vəliyevanın
dərs dediyi uşaqların mənimsəmə faizi ilə
maraqlandıq. "Həmişə
yüksək olub, istədiyim nəticəni ala bilmişəm",
- dedi və əlavə etdi ki, yeni təhsil modeli ilə
qurulan dərslər başlıca olaraq şagirdləri əzbərçilikdən
uzaqlaşdırır. Əvəzində onlar dərs prosesində
bilik və bacarıqları axtarışlar yolu ilə əldə
edir, bu da uşaqların təfəkkür və
düşüncələrinin inkişafına gətirib
çıxarır. Nəticədə şagirdin şəxsiyyət
kimi özünə inamı artır, ətrafındakılara
daha məsuliyyətlə yanaşır. Məktəb
uşaqların həyatında elə bir məkandır ki,
buradan təfəkkürün müxtəlif prizmalarından
onun fərdiliyi, özünüdərki, keçmişə,
gələcəyə münasibəti meydana
çıxır.
Söhbət əsnasında zəif
şagird-zəif müəllim probleminə də toxunduq.
Ötən tədris ilində 19 mindən artıq məzunun
test üsulu ilə buraxılış imtahanlarından
keçməyib attestat ala bilməməsi hər birimizdə
böyük narahatlıq doğurmuşdur. Təcrübəli
pedaqoq bu məsələyə də öz münasibətini
bildirdi və ilkin olaraq müəllim peşəkarlığını
önə çəkdi. Qeyd etdi ki, hazırda müəllimlərin
əksəriyyəti iki fikir qarşısındadır. Bilmirlər
ki, ənənəvi, yaxud müasir təhsil sistemini
seçsinlər. Onun da bir çox problemləri mövcuddur.
Biz artıq yeni təhsil sisteminə keçmişik, təlim
üsulları təkmilləşdirilib.
Təfəkkürün
inkişafı sistemi, əslində, psixoloji bir faktordur. Lakin bəzən bizim psixoloji səviyyəmizin
çatışmazlığı ona gətirib
çıxarır ki, sistemsizlik üzündən səmərəli
fəaliyyət əldə edə bilmirik. Məhz bu səbəbdən
də məktəblərimizdən bu gün çoxlu gileylər,
şikayətlər var. Yaddaş məktəbinə söykənən
müəllimlər əvvəlki nəticəni ala bilmirlər.
Çünki hazırda elə bir informasiya bolluğu
mövcuddur ki, onların hamısını hafizədə
saxlamaq qeyri-mümkündür. Ona görə də müəllimlər
uşaqları təfəkkür istiqamətində işlətməlidirlər
ki, lazımi məqamda zəruri olan informasiyanı alıb
yaddaşlarına həkk etsinlər. Bu gün maraqlar
genişdir. Gənc nəsil informasiya texnologiyalarına,
kompüterə, internetə meyillidir. Elə etməliyik ki,
uşaq oxumaq üçün lazım olanları maraqlı tərəflərdə
tapa bilsin. Hazırda təlimin taksonomiyası deyilən bir
anlayış var. Bura üç əsas məqsəd - elmi, tərbiyəedici
və inkişafetdirici məqamlar daxildir. Müəllimlərimiz
həmin məqamları reallaşdıranda da böyük
problemlərlə qarşılaşırlar. Onlar dəqiq
bilmirlər ki, bu metoddan istifadə edəndə təfəkkürləmi,
təxəyyülləmi, yaxud hafizə ilə işləyirlər.
Əsas məsələ odur ki, düzgün istiqamətləndirməyi
bacarasan. Bəzən görürsən ki, uşağın
diqqəti hələ formalaşmayıb, müəllim isə
təfəkkürlə, təxəyyüllə işləyir.
Nəticə almayanda isə başlayır gileylənməyə:
uşağın yaddaşı yoxdur, diqqəti zəifdir, mənimsəyə
bilmir və s. Amma göstərilən məqamları sistemli
şəkildə həyata keçirərsə, nəticə
də alar, uğur da qazanar.
Digər tərəfdən,
biliklər cəmiyyətində öyrənməyən,
passiv bir müəllimin ondan gözlənilən vəzifələri
yerinə yetirə bilməsi mümkün deyildir. Müəllim şagirdlərin
şəxsiyyətinə hörmətlə
yanaşmalıdır və sinfin sosial strukturunu nəzərə
almalıdır. Kurikulum həm də müəllimi öz
üzərində çalışıb yeniliklərdən xəbərdar
olmağa sövq edir, dərslərinin daha maraqlı və rəngarəng
keçməsinə imkan yaradır. Əgər dərs müəllimin
45 dəqiqəlik ömür yaşantısına
çevrilmirsə, şagirdi sevindirmir, kədərləndirmir,
təəccübləndirmirsə, o dərsdə kamil şəxsiyyətlər
formalaşa bilməz. Əsl müəllimin hər bir dərsi
onun yaradıcılıq əsəridir. Dərsdə təkcə
nitq yox, baxış da, yeriş də, səsin tonu da tərbiyə
edir və öyrədir.
Mehriban Vəliyeva onu da
qeyd etdi ki, çalışdığı məktəbin cəmi
bir yaşı var. Təhsil ocağında çox sağlam
pedaqoji mühit formalaşdırılmışdır. Bu il
iş yoldaşlarından beş nəfər "Ən
yaxşı müəllim" müsabiqəsinin qalibi
olmuşdur. Məktəbin direktoru Məhəbbət Vəliyeva
müasir tələblərə cavab verən təhsil
ocağının inkişafı üçün əlindən
gələni əsirgəmir. Yeni dərs ili başlayır. Məktəbin
kollektivi bu ilə də yeni ideyalarla qədəm qoyur. Fəal
təlimdə fikri fəaliyyətlərin inkişafına
sistemli nail olmaq üçün məktəbin psixoloqu ilə
birlikdə müəllimlər üçün treninqlər nəzərdə
tutulmuşdur. Təcrübə mübadiləsi şəraitində
aparılacaq treninq gələcəkdə fənn
kurikulumlarının həyata keçirilməsinə
hazırlıq mərhələsi olacaqdır.
Şagird nailiyyəti
müəllimin arzu və istəyindən də
asılıdır. Nağıllardakı kimi, qırx
qapını açıb sonda istədiyini əldə etmək
üçün addım-addım, səbir və səylə,
ürəkdən işləmək lazımdır. Şagirdi
duymaq, sevmək müəllimin uğurlu fəaliyyəti
üçün birinci qapının ilk sehrli
açarıdır. Mehriban Vəliyeva böyüməkdə
olan nəslin inkişaf qanunlarını öyrənib bilməyə,
fəaliyyətini bu qanunlar üzərində qurmağa
çalışır. O, dərsə başladığı
ilk gündən milli mədəniyyətin, ədəbiyyatın,
tarixin, adət-ənənələrimizin dərindən
öyrənilməsinə xüsusi diqqət yetirir. Fənləri
milli-mənəvi dəyərlər zəminində tədris
etməyi həmişə ön plana çəkir. Qabaqcıl
müəllimin hər dərsi yeniliyi, müasirliyi,
özünəməxsusluğu, dəst-xətti ilə
seçilir. Bu yenilik isə şagird təfəkküründə
aydınlığa çevrilir, daim inkişafa istiqamətlənir.
İradə ƏLİYEVA
Azərbaycan.- 2009.- 10 sentyabr.- S. 5.