Ən yaxşı ümumtəhsil məktəbi

 

Qarabağda yaşı yüz iyirmi altıya çatan şərəfli bir ünvan var - Ağcabədi şəhəri 3 saylı texniki humanitar fənlər təmayüllü məktəb-lisey. Bu günlər məktəbdə əsl bayram əhval-ruhiyyəsi yaşanır.

"2008-2009-cu tədris ilində keçirilmiş ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2009-cu il tarixli sərəncamında bu qocaman təhsil ocağının da adı qaliblərin sırasındadır. Məktəbin direktoru Tofiq Zeynalova ünvanlanan təbriklərin sayı-hesabı yoxdur. Tofiq müəllim sevincini bizimlə də bölüşür:

- 30 ildir direktor işləyirəm. Həyatımda uğurlar, fərəhli günlər çox olub. Amma ömrüm boyu, səmimi deyirəm, indiki qədər sevinməmişəm. Qazanılan qələbə ona görə bu qədər şirindir ki, orada möhtərəm Prezident İlham Əliyevin imzası var. Ölkəmizin hər yerində olduğu kimi, Ağcabədi rayonunda da təhsilə dövlət qayğısı aydın hiss olunur. Son beş ildə rayonumuzda 30 yeni məktəb binası tikilmiş, çoxlu sayda təhsil ocağı əsaslı təmir olunmuşdur. Təhsilin inkişafında, onun maddi-texniki bazasının möhkəmləndirilməsində ən böyük təşkilatçı və yardımçı olan Heydər Əliyev Fonduna, onun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya çox minnətdarıq.

Vətənin, millətin yolunda çəkdiyin zəhmət, yaşadığın narahat anlar, keçirdiyin yuxusuz gecələr qiymətləndiriləndə ürəyinə yeni həvəs, qollarına yeni qüvvət gəlir. Varlığına sözlə ifadə edə bilmədiyin bir rahatlıq hopur.

Müstəqil Azərbaycanımızın işıqlı sabahı üçün layiqli vətəndaşlar yetişdirmək müəllimlərin ali məqsədidir. Bu şərəfli məqsədi uğurla reallaşdırmaq üçün qarşımızda geniş imkanlar açılmış, əlverişli şərait yaradılmışdır. Dövlətimizin qayğısı isə bizə stimul verir. Maddi və mənəvi maraqlarımız hərtərəfli inkişaf etmiş, yüksək intellektual səviyyəyə malik yeni nəsil yetişdirməyə yönəldilmişdir. Bu şərəfli və məsuliyyətli yolda qazandığımız uğurlar respublikamızın Prezidenti tərəfindən layiqincə qiymətləndirilir, yüksək mükafata layiq görülürsə, ayların, günlərin zəhməti, ağrı-acısı bir andaca unudulur.

Xoş xəbəri yeni dərs ili ərəfəsində almışıq. Sevincimiz böyük olsa da, arxayınlaşmırıq. Buna haqqımız da yoxdur. Axı, həyat davam edir. Yeni dərs ilinə nümunəvi hazırlaşmışıq. Məktəbimizin pedaqoji kollektivi yeni ildə uğurları daha da artırmaq üçün bütün səylərini, qüvvə və bacarıqlarını sərf etmək əzmindədir.

Məktəbdə ömrünü gənc nəslin işıqlı sabahı üçün şam kimi əridən müəllimlər çoxdur. Ağcabədidə nurlu ziyalı kimi böyük hörmət sahibi olan, müəllim adını həmişə uca tutan Camal Abbasovun, Fazil Alıyevin, Mətanət Quluyevanın, əməkdar müəllim Zəhra İbrahimovanın, Ballı Atakişiyevanın bu nailiyyətin qazanılmasında böyük əməkləri var.

Məzunlarımızdan bu il 20 nəfər ölkəmizin nüfuzlu ali təhsil ocaqlarına qəbul olunmuşdur. Məktəbin yetirməsi, keçən il 686 balla Azərbaycan Tibb Universitetinə daxil olan Şirin Qəhrəmanlı Prezident təqaüdü alır. Son on ildə şagirdlərimiz fənn oimpiadalarının respublika turunda bir qayda olaraq layiqli yerlər tuturlar. Bu il məktəbin 4 şagirdi fənn olimpiadalarının respublika turunda qalib gəlmişdir.

Sosial-iqtisadi inkişafın bütün istiqamətlərində böyük nailiyyətlər qazanan, hazırda, sözün həqiqi mənasında, əsl intibah dövrünü yaşayan Ağcabədidə təhsilin yüksəlişinə böyük önəm verilir. Son illərin ənənəsinə uyğun olaraq Ağcabədi Rayon Icra Hakimiyyətinin başçısı Şahin Məmmədov ölkənin ali məktəblərinə qəbul olunmuş, 500-dən yuxarı bal toplayanları fəxri fərmanlar və qiymətli hədiyyələrlə mükafatlandırmışdır. Qəbulda şəhər 3 saylı məktəbin məzunu, Azərbaycan Pedaqoji Universitetinin I kurs tələbəsi Gülbəyi Paşayeva da çıxış etmiş, qayğı və diqqətə əla qiymətlərlə cavab verəcəklərini vurğulamışdır.

İndi qocaman təhsil müəssisəsində bayram ovqatı yaşanır. "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibləri yeni qələbələr sorağındadırlar.

 

 

Lazım QULİYEV

 

Azərbaycan.- 2009.- 10 sentyabr.- S. 5.