İqtisadi göstəricilərinə görə Azərbaycanın beynəlxalq aləmdə mövqeyi daha da möhkəmlənir

 

Dünya İqtisadi Forumunun "2009-2010-cu illərdə dünya ölkələrinin rəqabət qabiliyyətli iqtisadiyyatları haqqında hesabat"ında bildirilir ki, Azərbaycan iqtisadi göstəricilərinə görə mövqeyini xeyli möhkəmləndirmişdir. Forumun nəticələrinə əsasən, ölkəmiz rəqabət qabiliyyətli iqtisadiyyata malik dövlətlər sırasında 34-cü pillədən 13-cü pilləyə yüksəlmiş və iqtisadi göstəricilərinə görə, hətta bir çox inkişaf etmiş ölkələri geridə qoymuşdur. Bu, ilk növbədə ölkədə düzgün müəyyənləşdirilmiş davamlı iqtisadi siyasətin nəticəsində mümkün olmuşdur.

Dünya İqtisadi Forumu ilə paralel olaraq Dünya Bankının (DB) və Beynəlxalq Maliyyə Korporasiyasının (İFC) tərtib etdikləri sahibkarlıq fəaliyyəti üçün əlverişli şərait reytinqi də ("Biznesin aparılması-2010: çətin vaxtda islahatlar" ("Doing Business-2010") açıqlamışdır. Bu reytinqdə isə Azərbaycan 183 ölkə arasında 38-ci yeri tutmuşdur. Hesabatı tərtib edən ekspertlər belə hesab edirlər ki, biznes sahəsində son islahatlar Azərbaycanda sahibkarlıq fəaliyyəti üçün əlverişli şərait yaradılmasına imkan vermişdir.

Hesabatda Azərbaycan biznesin həyata keçirilməsi indikatoruna görə 38-ci, biznesin başlanmasına görə 17-ci, işə qəbula görə 33-cü, əmlakın qeydiyyatına görə 9-cu, kreditlərin alınmasına görə 15-ci, investorların qorunmasına görə 20-ci, müqavilələrin icrasının təmin edilməsinə görə 26-cı olmuşdur. Digər istiqamətlər üzrə də ölkəmizin nəticələri qənaətbəxşdir.

Məlumat üçün bildirək ki, liderlər sırasına postsovet məkanından yalnız Estoniya düşə bilib. Qonşu Qafqaz ölkələrindən Gürcüstan 90-cı, Ermənistan 97-ci yeri tutub.

Beynəlxalq Valyuta Fondunun, Dünya Bankının hesabatlarında Azərbaycan iqtisadiyyatı davamlı olaraq müsbət xarakterizə edilməkdədir. Ölkəmiz karbohidrogen ehtiyatlarının hasilatı sahəsində BMT-nin xüsusi mükafatına layiq görülüb. Bütün bunlar dünyada qlobal iqtisadi böhranın davam etdiyi bir dövrdə mümkün olmuşdur. Qlobal böhrana qarşı həyata keçirilən uğurlu iqtisadi strategiya nəticəsində ölkəmizdə onun fəsadları bir o qədər hiss edilməmişdir.

Yaradılmış irihəcmli valyuta ehtiyatları iqtisadiyyatın yüksək maliyyə dayanıqlığını təmin etmişdir. Digər tərəfdən, əvvəlki illərdə yaradılmış möhkəm iqtisadi potensial hesabına böhran aylarında respublikada sosial-iqtisadi inkişafın davamlığı təmin olunmuşdur.

Dünya İqtisadi Forumunun yaydığı sənəddə qeyd edilir ki, Azərbaycanın 34-cü pillədən 13-cü pilləyə irəliləməsi ilk növbədə makroiqtisadi sabitlik, yüksək milli yığımlar, böyük büdcə profisititi və dövlət borclarının azaldılması ilə bağlıdır.

Makroiqtisadi sabitliyə gəldikdə qeyd etməliyik ki, əvvəlki illərdə olduğu kimi, cari ilin yeddi ayı ərzində də makroiqtisadi göstəricilərdə artan dinamika qeydə alınmışdır. Belə ki, ötən yeddi ay ərzində 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə ümumi daxili məhsul istehsalı 688,3 milyon manat artaraq 17,3 milyard manata çatmışdır. Ümumi daxili məhsulun tərkibində ən böyük çəkiyə sənaye sahəsi malik olmuşdur. Bu sahədə fiziki şəxslərin fəaliyyəti də nəzərə alınmaqla keçən ilin yanvar-iyul ayları ilə müqayisədə 11,3 milyard manatlıq çox sənaye məhsulu istehsal olunmuşdur.

Makroiqtisadi sabitliyi şərtləndirən sahələrdən olan inşaat kompleksində isə ilin əvvəlindən 4,1 milyard manat məbləğində investisiyadan istifadə edilmişdir ki, bunun da 2,9 milyard manatı bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. Qeyd edək ki, tikinti-quraşdırma işlərinə yönəldilmiş vəsait ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,5 faiz artmışdır. Yeddi ayda bir sıra istehsalat və sosial obyektlər, yaşayış sahələri, məktəblər, səhiyyə və idman kompleksləri, avtovağzallar, soyuducu anbarlar istismara verilmişdir.

İqtisadiyyatın dinamik inkişafı ölkə əhalisinin gəlirlərinin də artımını təmin etmişdir. Muzdla işləyənlərin orta aylıq əməkhaqqı yanvar-iyul aylarında 17,8 faiz artmışdır. Sənaye, tikinti, nəqliyyat və digər sahələrdə işləyənlərin əməkhaqqı daha yüksək olmuşdur. Gəlirlərin artması ticarət şəbəkələrində daha çox istehlak mallarının alınmasına və xidmətlərdən geniş istifadə edilməsinə şərait yaratmışdır.

Azərbaycanın Dünya İqtisadi Forumunun reytinq cədvəlində mövqeyinin möhkəmləndirilməsində yüksək milli yığım ikinci vacib şərt kimi qeyd olunur. Bununla bağlı göstərmək olar ki, büdcə daxilolmaları son illər olduğu kimi, cari ilin yeddi ayı ərzində də vaxtında və artıqlaması ilə yerinə yetirilib. Maliyyə Nazirliyinin məlumatına əsasən, sözügedən dövrdə dövlət büdcəsinə 4861,9 milyon manat həcmində, yaxud ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz çox vəsait daxil olub. Büdcə yığımının 1007,9 milyon manatı əlavə dəyər, 535,2 milyon manatı mənfəət, 298,5 milyon manatı əhalidən tutulan gəlir, 121,7 milyon manatı aksis, 41,8 milyon manatı mədən vergilərindən ibarət olmuşdur.

Hesabatda o da qeyd olunur ki, ölkənin reytinqdə irəliləməsini şərtləndirən əsas səbəblərdən biri də böyük büdcə profisititinin yaradılmasıdır. Qeyd edək ki, dünyanın ən inkişaf etmiş ölkələrinin büdcələrində belə son dövr qlobal maliyyə böhranı nəticəsində kəskin difisit yaranmış və onlar müxtəlif ehtiyat fondlarına əl atmalı olmuşlar. Azərbaycanın dövlət büdcəsinə gəldikdə isə nəinki müsbət saldo qorunub saxlanmış, hətta artım qeydə alınmışdır. Cari ilin birinci yarısında dövlət büdcəsinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,9 milyard, xərcləri isə 4,4 milyard manat olmuşdur. Büdcənin icrasında yaranan 424 milyon manatlıq profisit ümumi daxili məhsulun 3 faizini təşkil edir.

Karbohidrogen ehtiyatları və digər təbii sərvətlər, eləcə də ölkədəki ictimai-siyasi sabitlik xarici investorların Azərbaycana marağını daha da artırır, ölkənin neft və qeyri-neft sektoruna irihəcmli investisiyalar yatırımı davam edir. Bu həm də onun nəticəsidir ki, ölkəmiz hesabatda qeyd olunduğü kimi, dövlət borclarının azaldılması istiqamətində uğurlu addımlar atır. Məsələn, neft gəlirlərindən yaranmış irihəcmli valyuta ehtiyatlarından kiçik faizlə bir sıra iri şirkətlərə kredit xətləri açılır ki, bu kredit vasitəsi ilə də şirkətlər xarici borclarının azaldılmasında və borcların faiz dərəcəsinin aşağı salınmasında istifadə edir. Bu da bütövlükdə ölkənin beynəlxalq miqyasda etibarlığını təmin edir.

Hesabatda Azərbaycanın əmtəə bazarındakı göstəriciləri üzrə də uğurları qeyd olunmuşdur. Bu göstəricilərə görə, ölkəmiz 89-cu pillədən 71-ci pilləyə qədər irəliləmişdir. İnkişaf göstəriciləri sırasında fərdi biznesin qeydiyyatı üçün müddətin 30 gündən 16 günə, tələb olunan sənədlərin sayının 13-dən 6-ya endirilməsi də müsbət amil kimi qeyd olunmuşdur.

Ölkəmizdə istər iqtisadi, istərsə də sosial sahədə inkişafın təmin edilməsi birbaşa vətəndaşların rifah halının yüksəldilməsinə xidmət edir. İqtisadi inkişafın yeni mərhələyə qədəm qoyması Azərbaycanın dünyanın qabaqcıl ölkələri ilə rəqabət aparmaq bacarığını ortaya qoyur, ölkənin beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirir. Bunu son illər nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında Azərbaycan iqtisadiyyatının möhkəmlənən və bazar iqtisadiyyatının inkişaf etdirilməsi sahəsində ciddi uğurlara imza atan ölkə kimi səciyyələndirməsi də sübut edir.

 

 

Azərbaycan.- 2009.- 11 sentyabr.- S. 1.