Ölkənin dinamik
inkişaf edən iqtisadiyyatının müvafiq kadrlara olan
ehtiyacının ödənilməsində texniki peşə
təhsili mühüm rol oynayır. Bu sahəyə yönəlmiş
tədbirlərin həyata keçirilməsinin vacibliyi son illərdə
qəbul edilmiş bir sıra dövlət proqramlarında
öz əksini tapmışdır.
Hazırda respublikada 108
texniki peşə təhsili müəssisəsi mövcuddur. Respublikanın
peşə məktəbi və peşə liseylərində
130 peşə üzrə 25 mindən artıq şagird təhsil
alır.
"Azərbaycan
Respublikasında texniki peşə təhsilinin inkişafı
üzrə Dövlət Proqramı(2007-2012-ci illər)"nda
nəzərdə tutulmuş tədbirlərin icrasının
sürətləndirilməsi, habelə texniki peşə təhsil
müəssisələrinin tikintisi və yenidən
qurulması işlərinin davam etdirilməsi məqsədi ilə
qərara alıram:
1. 2009-cu ilin dövlət
büdcəsində nəzərdə tutulmuş Azərbaycan
Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan
Respublikasının Təhsil Nazirliyinə 2,0 (iki) milyon manat məbləğində
vəsait ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyinə
tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində
nəzərdə tutulan vəsaitin maliyyələşdirilməsini
təmin etsin.
3. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli
gələn digər məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 sentyabr 2009-cu il
Azərbaycan.- 2009.- 11 sentyabr.- S. 1.