Ölkəmizdə məktəbəqədər
təhsil sisteminin müasir səviyyədə qurulması,
uşaqların intellektual, fiziki və psixoloji inkişafı
üçün lazımi şəraitin yaradılması,
onların şəxsiyyətinin formalaşması, təlim-tərbiyə
prosesinin məzmunca yeniləşdirilməsi istiqamətində
ardıcıl tədbirlər görülür.
Hazırda respublikada 100
mindən çox uşağı əhatə edən 1604 məktəbəqədər
təhsil müəssisəsi fəaliyyət göstərir.
"Azərbaycan
Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi
Proqramı(2007-2010-cu illər)"nda nəzərdə
tutulmuş tədbirlərin icrasını sürətləndirmək
məqsədi ilə qərara alıram:
1. Ölkədə məktəbəqədər
təhsil müəssisələrinin yenidən qurulması
işlərinin davam etdirilməsi üçün 2009-cu ilin
dövlət büdcəsində nəzərdə tutulmuş
Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan
Respublikasının Təhsil Nazirliyinə 2,0 (iki) milyon manat məbləğində
vəsait ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyinə
tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində
nəzərdə tutulan vəsaitin maliyyələşdirilməsini
təmin etsin.
3. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli
gələn digər məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 sentyabr 2009-cu il
Azərbaycan.- 2009.- 11 sentyabr.- S. 1.