Birinci Bakı kitab sərgi-yarmarkasında 20 ölkənin çap məhsulları nümayiş etdirilir

 

Sentyabrın 10-da Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Muzey Mərkəzində Birinci Bakı Beynəlxalq kitab sərgi-yarmarkasının təntənəli açılış mərasimi keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Baş nazirin müavini Elçin Əfəndiyev demişdir ki, Azərbaycan xalqı daim kitaba məhəbbət, hörmət və ehtiram hissi ilə yanaşmışdır. "Kitabi-Dədə Qorqud"dan tutmuş bugünümüzə qədər xalqımız və onun qabaqcıl ziyalıları kitaba müqəddəs bir "varlıq" kimi baxmışlar. Azərbaycana rəhbərliyinin bütün dövrlərində ümummilli lider Heydər Əliyev kitablara, onların çap edilərək gənc nəslə çatdırılmasına daim diqqət və qayğı ilə yanaşmışdır.

Son illər yeni, latın qrafikalı nəşrlər hesabına kitabxanaların zənginləşdirilməsi istiqamətində xeyli iş görülmüşdür. Bu işlər Prezident İlham Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 2004-cü il 12 yanvar tarixli sərəncamından sonra həyata keçirilmişdir. Sərəncama əsasən, son illərdə 400 adda 10 milyondan çox ədəbiyyat nəşr edilərək ölkə kitabxanalarına hədiyyə olunmuşdur.

Bildirilmişdir ki, sərgi Azərbaycanda kitab işinin təbliğinə təkan verəcək, eyni zamanda naşirlərimizə əcnəbi həmkarlarının gördükləri işlərlə yaxından tanış olmaq imkanı qazandıracaqdır. Sərgi birgə layihələrin həyata keçirilməsinə yardımçı olacaqdır.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev demişdir ki, "Bakı - İslam mədəniyyətinin paytaxtı - 2009" layihəsi çərçivəsində keçirilən Birinci Bakı Beynəlxalq kitab sərgi-yarmarkasında iştirak etmək üçün şəhərimizə dünyanın 20-dən çox ölkəsindən qonaqlar gəlmişlər. Ümumilikdə isə burada 80-dən çox çap və poliqrafiya müəssisəsi, çap işi ilə məşğul olan qurumların təmsilçiləri iştirak edirlər. Tədbirə ölkəmizdə çap işi ilə məşğul olan 60-dan çox qurumun nümayəndəsi qatılmışdır. İldə 5-6 beynəlxalq kitab sərgisinin iştirakçısı olan Azərbaycan indi möhtəşəm bir tədbirə ev sahibliyi edir.

Nazir vurğulamışdır ki, Heydər Əliyev Fondunun müxtəlif səpkili nəşrlər kolleksiyası sərgini daha da zənginləşdirmişdir. Fond Azərbaycan həqiqətlərindən, Qarabağ müharibəsinin əsl mahiyyətindən və onun yaratdığı humanitar fəlakətdən, erməni təcavüzü nəticəsində dağıdılmış tarixi-mədəni abidələrimizdən bəhs edən kitabları müxtəlif dillərdə nəşr etdirməklə dünya ictimaiyyətinə obyektiv informasiya çatdırır. Heydər Əliyev Fondunun dəstəyi ilə milli-mənəvi qaynaqlarımız, tarixi keçmişimiz, tanınmış şəxsiyyətlər haqqında nəşr edilən kitablar gənc oxucu auditoriyası üçün zəngin mənbədir. Fond Azərbaycanın klassik yazıçılarının, tədqiqatçı alimlərin əsərlərini müxtəlif dillərdə nəşr etdirir, xarici ədəbiyyat nümunələrinin dilimizə çevrilərək nəşr olunmasına dəstək verir. Bütün bunlar bir daha sübut edir ki, Heydər Əliyev Fondunun son illərdə nəşr etdirdiyi kitablar belə beynəlxalq sərgilərdə Azərbaycanın haqq işinə dəstək verməklə yanaşı, ölkəmizin tanıdılmasına, sevilməsinə əvəzsiz xidmət göstərir.

Nazir demişdir ki, tədbirin məqsədi Azərbaycanda poliqrafiya, nəşr işinin təşkilinə kömək etmək, məhsullarımızın dünya bazarına çıxarılmasına təkan verməkdir. Eyni zamanda, belə sərgilər kitaba marağı artırır. Biz inanırıq ki, bu sərgidən sonra kitabxanalarda oxucularımızın sayı artacaq və gənclərimiz kitaba daha çox maraq göstərəcəklər. Qərara almışıq ki, bu sərgi iki ildən bir keçirilsin. Burada ilk dəfə olaraq bütün xərcləri dövlət öz üzərinə götürmüşdür. Bir neçə il bu ənənəyə sadiq qalacağıq. Sərgidə bütün çap işi ilə məşğul olan qurumların iştirakı pulsuzdur və onlar burada öz məhsullarını sata da bilərlər. Lakin bu sərgilər ənənə halını aldıqdan və beynəlxalq qurumların bu tədbirə marağı artdıqdan sonra iştirakçılar müəyyən məbləğdə pul ödəyəcəklər.

Bildirilmişdir ki, üç gün ərzində Bakı sakinləri və Azərbaycan paytaxtının qonaqları dünyanın tanınmış nəşriyyatlarının, kitab evlərinin çap məhsulları ilə tanış olacaqlar. Burada kitab təqdimatları, imza mərasimləri, naşirlər arasında "dəyirmi masa"lar, müəlliflərlə görüşlər təşkil ediləcəkdir. Sərgi-yarmarka çərçivəsində "Azərbaycan qayaüstü incəsənəti" kitabının, "Mədəniyyət" kataloqunun və "Poeziya günü" toplusunun təqdimat mərasimləri də təşkil olunacaqdır. Bu cür sərgilərin təşkili gələcəkdə Azərbaycanda kitab nəşri işinin inkişafına güclü təkan verəcəkdir.

Sonra hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Bakıdakı səfirləri, paytaxt ictimaiyyətinin nümayəndələri müxtəlif stendlərdə 2007-ci ildən bugünədək ölkəmizdə və dünyada nəşr olunmuş kitab, dərslik və jurnallara maraqla baxmışlar. Onlara muzeyin birinci mərtəbəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə buraxılmış kitablar, həmçinin Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə çap edilmiş nəşrlər, "Azərbaycan dünya çapında", "Yaddan çıxmaz Qarabağ" adlı bölmələrdə yer almış çap məhsulları barədə ətraflı məlumat verilmişdir.

Heydər Əliyev Fondu tərəfindən Azərbaycan muğam sənətinin inkişafı və muğam mədəniyyəti ənənələrinin qorunub saxlanmasını nəzərdə tutan nəfis şəkildə nəşr olunmuş "Qarabağ xanəndələri" musiqi albomu, həm elektron, həm də çap variantlarında işıq üzü görən "Muğam Ensiklopediyası", eləcə də "Muğam-Antologiya" layihəsi çərçivəsində muğamla bağlı zəngin nəzəri musiqi irsinin qiymətli nümunələri iştirakçılarda böyük maraq doğurmuşdur.

Ümumilikdə isə, sərgidə fondun 200-ə yaxın çap məhsulu nümayiş etdirilir.

İştirakçılar Birinci Bakı Beynəlxalq kitab sərgi-yarmarkasında nümayiş olunan ABŞ, Fransa, İran, Türkiyə, Albaniya, Çin, Kuba, Polşa, Pakistan, Estoniya, Latviya, və MDB ölkələrinin nəşrlərinə, eləcə də Azərbaycanda son illərdə çap olunmuş kitablara baxmışlar. Nəfis tərtibatla nəşr olunmuş bu kitablar oxuculara müxtəlif xalqların böyük dühalarını tanıtmaqla yanaşı, həm də müasir cəmiyyət həyatında aktuallığını itirməyən mövzulara diqqət yetirmək baxımından müstəsna əhəmiyyət daşıyır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 11 sentyabr.- S. 2.