XX əsrdən etibarən
bəşəriyyətin üzləşdiyi ən dəhşətli
problemlər sırasında yer alan məsələlərdən
biri də günü-gündən yeni faciələrə yol
açan və hələ də göstərilən səylərə,
aparılan mübarizənin genişlənməsinə rəğmən,
qarşısının alınması mümkünsüz olan
terrorizmdir. Hazırda terrorizmin doğurduğu ən qorxunc fəsadlardan
biri də onun əhatə dairəsinin kifayət qədər
geniş olması və demək olar ki, bütün
dünyanı əhatə etməsidir.
Heç bir dövlət təkbaşına terrorla
mübarizə apara bilməz
Terror aktlarının
coğrafiyasinın kifayət qədər geniş olması səbəbindən,
nüfuz və qüdrətindən asılı olmayaraq,
dünyanın hər hansı dövlətinin onunla təkbaşına
mübarizəsi istənilən nəticəni vermir. Elə bu
səbəbdəndir ki, indi dünya ölkələri terrorla
mübarizədə vahid mövqedən çıxış
etməyi və bu ağır bəlaya qarşı birgə
mübarizə aparmağı daha effektiv sayırlar. Bununla
bağlı Prezident İlham Əliyev bildirir: "Terrorizmlə
mübarizə aparmaq üçün bütün ölkələrin
səyləri birləşməlidir. Təkbaşına bu bəla ilə mübarizə aparmaq mümkün deyildir".
2001-ci ilin faciəli 11
sentyabr hadisələri bir daha heç bir dövlətin terror
bəlasından tam sığortalanmadığını təsdiqlədi.
Ancaq həmin dəhşətli hadisə beynəlxalq antiterror
koalisiyasının yaranmasında da müstəsna rol
oynadı. Xatırladaq ki, sözügedən tarixdə
Nyu-Yorkda yerləşən Ümumdünya Ticarət Mərkəzinin
əkiz qüllələrindən birinə - şimal qülləsinə
"American Airlines" şirkətinə məxsus sərnişin
təyyarəsi çırpıldı. Sonra isə cənub
qülləsi buna bənzər hücuma məruz qaldı.
Sonuncu hücumdan 40 dəqiqə sonra Amerika Birləşmiş
Ştatlarının Müdafiə Nazirliyinin binası da təyyarə
tərəfindən vuruldu. Bu hücumdan 25 dəqiqə
keçdikdən sonra
eyni məqsədlə
qaçırılan bir
sərnişin təyyarəsinin
vurularaq zərərsizləşdirildiyi
açıqlandı. Həmin
təyyarənin hədəfinin
isə Ağ Ev olduğu bildirildi. Bu hadisələr nəticəsində
3 minə yaxın insan həlak oldu. Baş verən həmin
terror hadisələrinə
görə məsuliyyəti
"Əl-Qaidə"
təşkilatı öz
üzərinə götürdü.
İndiyə qədər
bu terror təşkilatını, eləcə
də onun rəhbəri və dünyada bir nömrəli terrorçu
kimi qəbul olunan Üsamə bin-Ladeni zərərsizləşdirmək
mümkün olmayıb.
Bununla da 11 sentyabr hadisələri
dünyanın gedişini, eləcə də ABŞ-ın
terrorizmə qarşı mübarizəsini xeyli dəyişdirdi.
Terrora qarşı qlobal müharibə adı altında
kampaniya başladı və bu məsələdə Birləşmiş
Ştatlar öz müttəfiqlərini və dostlarını
yenidən nəzərdən keçirdi. Azərbaycan da daxil
olmaqla, bir sıra ölkələr terrora qarşı
mübarizədə ABŞ-ın yeni müttəfiqlərinə
çevrildilər.
Azərbaycan terrora qarşı mübarizədə
etibarlı tərəfdaşdır
Əslində, terrordan əziyyət
çəkən bir dövlət kimi bu problemə
qarşı mübarizədə Azərbaycanın
ABŞ-ın etibarlı tərəfdaşlarından biri
olması təbiidir. Çünki Azərbaycan dəfələrlə
erməni terroruna məruz qalan dövlət kimi bu problemin nə
dərəcədə təhlükəli xarakter
daşımasından, hansı fəsadlara yol
açmasından yaxşı xəbərdardır. Təsadüfi
deyil ki, 11 sentyabr hadisələrindən dərhal sonra
ümummilli lider Heydər Əliyev bəyanatla
çıxış etdi. Bəyanatda qeyd olunurdu ki, bəşəriyyətin
böyük ümidlərlə qədəm qoyduğu XXI əsrin
başlanğıcında terrorçuluğun sərhəd
tanımayan qlobal bir cinayət olduğu, onun bütün insani
dəyərlərə qarşı çevrildiyi tarixdə
misli görünməyən bir tərzdə üzə
çıxmışdır: "Bu gün hədəfdə
ABŞ olsa da, bu dəhşətli bəla potensial olaraq
bütün dövlətlərə və xalqlara qarşı
çevrilə bilər. Terrorçuluğun qorxunc və
acı nəticələrini öz üzərində dəfələrlə
hiss edən Azərbaycan xalqı bu gün dost Amerika
xalqının iztirab və sarsıntılarını
hamıdan yaxşı anlayır və onun sonsuz kədərinə
şərik çıxır.
Terrorçuluğun
bütün təzahür formalarını qətiyyətlə
pisləyən Azərbaycan həmişə terrorçuluğa
qarşı mübarizə aparmış, bu istiqamətdə
dünyanın bütün dövlətləri və
qurumları ilə əməkdaşlığa hazır
olduğunu nümayiş etdirmişdir. Biz bu gün daha
artıq əzmkarlıq və qətiyyətlə belə əməkdaşlığa
hazır olduğumuzu bildiririk".
Ulu öndər bəyanatında
belə bir məqamı da diqqətə çəkirdi ki,
müasir dövrdə terrorçuluq bütün ölkələri
hədəfə çevirə biləcəyi
üçün qlobal problemdir. Elə bu səbəbdən
ümummilli lider xüsusi vurğulayırdı ki,
terrorçuluq təhlükəsinin tamamilə aradan
qaldırılması və gələcəkdə heç
bir xalqın, heç bir dövlətin belə dəhşətli
sınaqlara və sarsıntılara məruz qalmaması
üçün beynəlxalq ictimaiyyət, bütün
dünya xalqları və dövlətləri səylərini
birləşdirməli, terrorçuluğa qarşı
barışmaz mübarizə əzmini əməli işdə
və sıx əməkdaşlıqda sübuta yetirməlidirlər:
"Azərbaycan bu
istiqamətdə öz üzərinə
götürdüyü öhdəlikləri bundan sonra da
dönmədən yerinə yetirəcəyini və terrora
qarşı mübarizədə dünya birliyinin səylərini
birmənalı şəkildə dəstəkləyəcəyini
bəyan edir".
Hadisələrin
sonrakı gedişi Azərbaycanın həqiqətən
terrora qarşı mübarizədə öncüllər
sırasında olduğunu, beynəlxalq antiterror
koalisiyasının vacib üzvlərindən birinə
çevrildiyini göstərdi. Bu fakt, əslində, Azərbaycan
sərhədlərindən kənarda, məsələn, elə
ABŞ-ın özündə geniş şəkildə etiraf
olunur. ABŞ Dövlət Departamentinin dünyada terrorizmin vəziyyətini
əks etdirən sonuncu hesabatında bildirilir ki, terrorizmə
qarşı mübarizədə Azərbaycanla Birləşmiş
Ştatlar arasında güclü əməkdaşlıq
mövcuddur. Azərbaycanın Əfqanıstana gedən hava
yolunda həlledici məkanda yerləşdiyinə diqqət
çəkən hesabat müəllifləri bildirirlər ki,
bu ölkə hava uçuşları üçün
lazımi şərait yaradıb, hüquq-mühafizə
orqanları ilə əməkdaşlıq və məlumat
mübadiləsi sahəsində əməkdaşlıq edib, ABŞ-a
və koalisiya qüvvələrinə dəstək olaraq
Bakı mülki hava limanlarında təyyarələrin enmələr
etməsinə və yanacaq doldurmasına icazə verib.
O da xüsusi olaraq
vurğulanmalıdır ki, Azərbaycan 2003-cü ilin avqust
ayından 2008-ci ilin noyabr ayına kimi İraqda həyata
keçirilən sülhməramlı əməliyyatda
iştirak edib və 150-yə qədər hərbçisi
İraqdakı Hadisa bəndinin qorunmasını həyata
keçirib. Həmçinin 2002-ci ilin noyabr ayından Azərbaycan
əsgərləri Əfqanıstanda sülhməramlı
missiya yerinə yetirirlər.
Ölkəmiz müxtəlif
proqramlar, məsələn, İxrac Nəzarəti və Sərhəd
Təhlükəsizliyi, eləcə də Təhlükələrin
Kooperativ İxtisarı proqramları çərçivəsində
də terrorçuluğun qarşısını almaq
üçün quru, dəniz sərhədlərinin
etibarlı qorunması istiqamətində səylərini
gücləndirmək məqsədilə də ABŞ-la
sıx əməkdaşlıq edir.
Buna görə də
ABŞ Konqresinin Azərbaycan üzrə İşçi
qrupunun həmsədri Bill Şuster qeyd edir ki, enerji təhlükəsizliyi
və beynəlxalq terrora qarşı mübarizədə
ABŞ-ın ən sadiq müttəfiqi olan Azərbaycana ilk
olaraq əlimizi uzatmalı və münasibətlərimizi
möhkəmləndirməliyik.
Erməni terroru hələ də dünyanın
qınaq hədəfində deyil
Bütün bunlar Azərbaycanın
yerli və beynəlxalq miqyasda terrora qarşı fəal
mübarizə aparan tərəflərdən biri kimi
çıxış etməsini bir daha təsdiqləyir. Ancaq
çox təəssüf olsun ki, bəzən Azərbaycan
birbaşa üzləşdiyi terrora görə beynəlxalq
ictimaiyyətdən lazım olan dəstəyi görmür. Söhbət
terroru dövlət siyasətinə çevirən Ermənistanın
istər Azərbaycan ərazilərinin işğalı
zamanı, istərsə də ondan sonrakı dövrdə bəşəriyyətin
birmənalı şəkildə pislədyi bu dəhşətli
üsuldan daim ölkəmizə qarşı istifadə etməsinə
dünya birliyinin təsirli tədbir görməməsindən
gedir. 1989-cu ildən indiyə kimi ermənilərin azərbaycanlılara
qarşı törətdiyi terror aktlarına görə bu
dövlətə hələ də lazımi cəza tədbirləri
tətbiq edilmir. Əsasən dinc sakinləri hədəfə
alan belə terror aktlarının sayı isə kifayət qədərdir.
Hələ 1989-1993-cü illər ərzində erməni
terrorçuları tərəfindən nəqliyyatda 29
partlayış törədilmiş, 2 vertolyot və 2 təyyarə
vurulmuşdu. 1989-cu il sentyabrın 16-da Tiflis-Bakı
marşrutu ilə işləyən avtobusun partladılması
nəticəsində 5 nəfər ölmuş, 25 nəfər
yaralanmışdı. Həmin ildə 7 oktyabr tarixində Xankəndi
ətrafında körpü partladılmışdı. 16
fevral 1990-cı ildə Şuşa-Bakı marşrutu üzrə
işləyən avtobus partladılmış, 2 nəfər
ölmuş, 13 nəfər yaralanmışdı. 1990-cı
il avqustun 19-da Tiflis-Ağdam marşrutu üzrə işləyən
avtobusun partladılması nəticəsində 20 nəfər
ölmüş, 30-u yaralanmışdı. 1991-ci il
noyabrın 20-də Dağlıq Qarabağ səması üzərində
Mİ-8 N72 hərbi vertolyotu erməni terrorçuları tərəfindən
vurulmuş və nəticədə bu vertolyotda olan Azərbaycanın
bir sıra dövlət xadimləri və digər şəxslər
həlak olmuşlar.
Erməni
terrorçularının çirkin əməllərinin ən
dəhşətlisi isə 1992-ci ilin fevralında 7000 nəfərdən
artıq əhalisi olan Xocalı şəhərinin
darmadağın edilməsi və yüzlərlə dinc
sakinini qətlə yetirmələridir.
28 yanvar 1992-ci ildə isə
ermənilər Qarabağın səmasında
Ağdam-Şuşa reysi ilə uçan mülkü vertolyotu
vurmaqla 41 sərnişin və üç heyət
üzvünün həyatnıa son qoymuşlar. Məlumdur ki,
müxtəlif vaxtlarda erməni terrorçuları tərəfindən
qatarlarda və digər nəqliyyat vasitələrində də
xeyli sayda insan ölümü ilə nəticələnən
terror aktları həyata keçirilmişdir. İndinin
özündə də müxtəlif terrorçu
qruplaşmaların Ermənistanda, Azərbaycanın
işğal edilmiş ərazilərində terror təlimi
keçməsi halları mövcuddur.
Ermənistan terrorizmin
maliyyələşdirilməsində yaxından iştirak edən
dövlətlərdən biridir. Ermənistan həm daxilində,
həm də Azərbaycanın işğal olunmuş ərazilərində
terrorçu qruplaşmaların yerləşməsində,
onların maliyyə və digər vasitələrlə təminində
əsas rol oynayır.
Bu dövlətin siyasətinin
mahiyyətinin biri məhz terrorizmdir. Elə buna görə Azərbaycanın
xarici siyasətinin əsas prioritetlərindən biri də
dünyanın erməni terrorizminə qarşı adekvat
reaksiya verməsi və bu terroru dayandırmaq üçün
aktiv fəaliyyətə başlamasıdır. Təəssüf
ki, hələ dünya birliyi Ermənistana qarşı
yeritdiyi terror siyasətinə görə lazımi tədbirlər
görmür.
Lakin bir gün dünya
birliyi erməni terrorunun qarşısının
alınması və indiyədək bu terrorun Azərbaycana
vurduğu ağır ziyanlara lazımi qiymət verməli
olacaq. İlk növbədə ona görə ki, terror
dünya ölkələrinə ağır zərbə vurur,
böyük itki verir. Bunun qarşısı alınmasa, terror
problemi yenə də dünyanı lərzəyə salmaqda
davam edəcək.
Rasim BAYRAMOV
Azərbaycan.- 2009.- 11
sentyabr.- S. 3.