Bakı Dövlət Universiteti təhsildə lider statusunu qoruyub saxlamaq əzmindədir

 

"Bakı Dövlət Universiteti Azərbaycanın aparıcı təhsil ocağıdır. Burada çox güclü professor-müəllim heyəti vardır və bütün dövrlərdə universitet Azərbaycanda peşəkar kadrların hazırlanmasında çox böyük işlər görmüşdür. Bu gün isə universitet inkişafının yeni mərhələsini yaşayır".

 

İlham Əliyev

 

Müsəlman Şərqində ilk dünyəvi və müasir ali təhsil ocağı olan, tarixin ən müxtəlif mərhələlərində elmi və ictimai düşüncənin lokomotivi kimi çıxış edən Bakı Dövlət Universiteti 90 illik yubileyi ərəfəsindədir. Azərbaycan Prezidenti İlham Əliyev bu ali təhsil ocağının cəmiyyət həyatındakı yerini və müstəsna rolunu yüksək dəyərləndirərək 24 aprel 2009-cu il tarixdə "Bakı Dövlət Universitetinin 90 illik yubileyinin keçirilməsi haqqında" sərəncam imzalamışdır. Dövlət başçısının sərəncamında da vurğulandığı kimi, Azərbaycanın simasını müəyyən edən dövlət, elm və mədəniyyət xadimlərinin böyük bir qismi məhz Bakı Dövlət Universitetinin yetirmələridir. Xalqımızın milli sərvətinə çevrilən universitet bu gün də dövlət idarəçiliyi, iqtisadiyyat, elm, təhsil və mədəniyyətin müxtəlif sahələrində uğurla çalışan çoxsaylı məzunları ilə müstəqil Azərbaycanın inkişafına töhfələrini əsirgəmir.

Bakı Dövlət Universitetinin rektoru, akademik, əməkdar elm xadimi Abel MƏHƏRRƏMOV qəzetimizə müsahibəsində universitetin dünəni, bugünü və gələcək inkişaf perspektivləri ilə bağlı mülahizələrini bölüşmüşdür.

 

- Abel müəllim, bu il ölkə Prezidentinin sərəncamı ilə Bakı Dövlət Universitetinin 90 illik yubileyi keçiriləcək. Demək olar ki, respublikanın bütün ziyalıları bu yubileyi səbirsizliklə gözləyir. Hər zaman Azərbaycan elminin flaqman ali təhsil müəssisəsi olan BDU-nun ötən 90 ildə keçdiyi yola nəzər salarkən nələri demək istərdiniz?

- Klassik universitetlər hər zaman dövlətin və dövlətçiliyin barometrləri hesab olunublar.

Hər bir ölkənin milli ideologiyası hazırlanarkən bu universitetlərin fəaliyyəti müstəsna əhəmiyyət kəsb edir. Ölkələrin elm, təhsil, kadr potensialının, ziyalı təbəqəsinin formalaşmasında, habelə cəmiyyətdə maarifçiliyin genişlənməsində klassik universitetlərin xüsusi xidmətləri olub. Bu baxımdan Azərbaycanın ilk ali təhsil ocağının, klassik universitetinin - Bakı Dövlət Universitetinin (BDU) yubileyi, əslində, ümumxalq yubileyidir. BDU yarandıqdan sonra Azərbaycanda maarifçilik sürətlə inkişaf edib, elmi potensial formalaşıb. Azərbaycan Milli Elmlər Akademiyası yaranarkən BDU-nun və onun məzunlarının elmi potensialından geniş istifadə olunub. Bu da təsadüfi deyil ki, bir çox tarixi şəxsiyyətlər məhz Bakı Dövlət Universitetini bitiriblər. Əlbəttə, mən ilk növbədə, təhsil ocağının dünya şöhrətli məzunu, ümummilli lider Heydər Əliyevi yada salmaq istəyirəm. Eləcə də çoxsaylı yazıçılarımız, ziyalılarımız, şairlərimiz, böyük elm xadimlərimiz universitetin məzunu olublar. Onlar Azərbaycan elmini BDU-da aldıqları təhsil hesabına yüksəklərə ucaldıblar.

Klassik universitetlərin digər universitetlərdən bir böyük üstünlüyü də var. Burada həm təbiət, dəqiq və texniki elmlər, həm də humanitar elm sahələri fəaliyyət göstərir. BDU-nun fakültələri və mövcud olan ixtisaslar bütövlükdə Azərbaycan cəmiyyətinin bütün strukturlarını təmsil edir. Universitetin alimləri hüquq-mühafizə orqanları, elm, təhsil, səhiyyə, mədəniyyət və digər mühüm sahələrdə fəaliyyət göstərirlər. Təqribi hesablamalara görə, respublikada dövlətin ali struktur rəhbərliyinin 70-75 faizi BDU-nun məzunlarıdır.

Bütün bunların fonunda BDU-nun yubileyi cəmiyyət həyatı üçün çox böyük tarixi hadisədir. Çünki yubiley özü böyük bir hesabatdır - ali təhsil ocağı 90 ildə nə əldə edib, xalqa nə verib? Əgər hesabatı uğurlu hesab etsək, yubiley şənliyə çevrilir. Düşünürəm ki, BDU keçdiyi 90 illik tarixi yolda formalaşmış ali təhsil ocağıdır və yüksək səviyyədə hesabat verə biləcəkdir. Bu hesabat yalnız Azərbaycan xalqı qarşısında deyil, ilk növbədə, möhtərəm Prezidentimizin qarşısındadır. Eyni zamanda dünyanın aparıcı universitetlərinin rektorları qarşısında hesabat olacaqdır.

Bir məsələyə də xüsusi toxunmaq istəyirəm. Biz bu gün 90 illik yubiley ərəfəsində universitetin ilk rektoru, professor Vasili Razumovskidən akademik Abel Məhərrəmova qədər olan yolu nəzərdən keçirsək görərik ki, BDU böyük bir tarixi yol keçmişdir. 1919-cu ilin sentyabrın 1-də parlamentin qərarından sonra universitet açılarkən V.Razumovski deyib ki, Şərqlə Qərbin kəsişməsində bir məşəl yandı. Və bu məşəlin alovu bütün Azərbaycanı isidə biləcəkdir. Doğrudan da 90 ildən sonra görürsən ki, bu alov Şərqlə Qərbin - Avropa ilə Asiyanın kəsişməsində bir məşəl oldu. Dinindən, irqindən asılı olmayaraq həm azərbaycanlılara, həm də ətrafda olan bir çox ölkələrə öz istisini verə bildi. Vaxtilə Razumovski və digər ziyalılar universitetin əsasını qoyarkən, ilk maddi bazasını yaradarkən və burada ilk mühazirə oxunarkən düşünürdülər ki, ali təhsil ocağının gələcəyi necə olacaq? Xüsusən ilk 20 ilində baş verən müdhiş hadisələr gələcək haqqında heç də optimist əsaslar vermirdi. Amma 90 illik yubileydə Razumovskidən başlayan o ağrılı, acılı olayları analiz edərkən belə nəticəyə gəlirik ki, bu gün BDU nəinki cəmiyyətdə öz lider mövqeyini möhkəmləndirmiş, hətta dünya miqyasında da özünəməxsus yer tutmuşdur.

Universitetlər də insanlar kimi uşaqlıq, yetkinlik, gənclik və müdriklik dövrlərini yaşayırlar. 90 illik yolda BDU bütün bu mərhələləri keçib. Universitet hazırda müdriklik dövrünü yaşayır. Bir çox universitetlər şəbəkəsinin üzvüdür, aparıcı mövqeyə malikdir. Məsələn, Moskva Dövlət Universitetinin rəhbərliyi ilə Avrasiya Universitetlər şəbəkəsi var. Bura o vaxt SSRİ-nin ən klassik universitetləri daxil idi: Kiyev, Sankt-Peterburq, Donetsk, Novosibirsk universitetləri və s. BDU da həmin şəbəkənin və onun idarə heyətinin üzvüdür. Ora hər hansı bir universitet daxil olarkən biz də bunu təhlil edir, öz sözümüzü deyir, həmin ali təhsil ocağı haqqında məsləhətimizi veririk. Bu yaxınlarda Azərbaycan Dövlət İqtisad Universiteti, habelə Lənkəran Dövlət Universiteti BDU-nun vəsatəti ilə həmin quruma üzv qəbul olunublar. Biz bu məsələni ona görə qaldıra bildik ki, idarə heyətində əsas səsə malikik. Baxmayaraq ki, həmin şəbəkənin 300-dən çox üzvü var. Yəni istər MDB məkanında, Avropa, Qara dəniz universitetləri şəbəkəsində, istərsə də Xəzərətrafı universitetlər şəbəkəsi sistemində BDU-nun öz yeri var. Biz bununla iftixar hissi keçiririk. Universitetin elm və təhsil sahəsindəki uğurları, güclü maddi-texniki bazası, kadr potensialı var. Bu gün ali məktəbdə 300-ə yaxın elmlər doktoru, professor çalışır, 1500-ə yaxın elmlər namizədi, dosent fəaliyyət göstərir. 22 nəfər AMEA-nın həqiqi və müxbir üzvü çalışır, 18 minə yaxın tələbə təhsil alır. Onun 1400-ü 15 ölkədən gəlmiş tələbələrdir. Bütün bunlar hamısı bizdə iftixar hissi doğurur.

- Ümummilli lider Heydər Əliyev həmişə deyirdi ki, Bakı Dövlət Universiteti Azərbaycan xalqının milli sərvətidir. Sizcə, universitetin xalqın milli inkişaf və tərəqqi prosesindəki müstəsna rolu nə ilə şərtlənir?

- Öncə qeyd edim ki, ulu öndər Heydər Əliyev BDU-nun məzunu olmağı ilə fəxr etdiyini bütün çıxışlarında həmişə vurğulamışdır. Özünün dediyi kimi, onun şəxsiyyətinin formalaşmasında universitet təhsilinin, mühitinin böyük rolu olmuşdur. Ümummilli liderin təhsil illəri, sonralar təhsil ocağı ilə sıx əlaqələri BDU-nun şanlı tarixinin böyük və əlamətdar mərhələsini təşkil edir. Universitetin fəaliyyət tarixinin ən məhsuldar dövrü Heydər Əliyevin Azərbaycana rəhbərliyi ilə üst-üstə düşür. Əsl hesabat yubileyləri də məhz bu dövrə təsadüf edir. Ulu öndər 50, 60, 75, 80 illik yubiley komissiyalarının sədri olmuşdur. Universitet kollektivi öz hesabatını xalqın böyük oğlu Heydər Əliyevə vermişdir. Yaxşı yadımdadır ki, 1969-cu ildə tələbə idim və təhsil ocağının yubileyi keçirilirdi. Mərasimdə Moskvadan rəhbər işçilər, xarici qonaqlar iştirak edirdilər. O dövrdə bütün ittifaq respublikalarında rus dili hakim idi. Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev həm də yubiley komissiyasının sədri kimi yığıncaqda o dövrdə keçirilən belə tədbirlər arasında ilk dəfə olaraq Azərbaycan dilində çıxış etdi. Yubiley iştirakçıları, qonaqlar çox təəccüb etdilər. Bu təəccüb ulu öndərin milli təəssübkeşlikdən irəli gələn cəsarətli addımı ilə bağlı idi. Mərkəzin nəzarəti altında o dövrdə belə bir addım atmaq mümkün deyildi.

Ulu öndər dərin məzmunlu nitqində bir çox maraqlı məsələlərə toxundu, bəzi şəxsiyyətlərin adı isə son 50 ildə ilk dəfə səsləndirildi. Məsələn, o, xüsusi olaraq Azərbaycan filosofu Bəhmənyar haqqında danışdı. Halbuki həmin dövrdə Bəhmənyar haqqında danışmağa qoymurdular. Nizami, Füzuli bizim tarixi yadigarlarımızdır, amma Bəhmənyarın milli təəssübkeşlik düşüncəsindən, yazdığı məqalələrdən qorxanlar onun adını çəkməyə ehtiyat edirdilər. Heydər Əliyev ilk dəfə olaraq Bəhmənyarın və digər adları qadağan edilən insanları yada saldı və bu tarixi bir çıxış oldu. Bu çıxışla o, bir növ qabaqcıl və vətənpərvər universitet ziyalılarına mənəvi ruh verdi. O vaxtdan bugünə kimi biz onun universitetə qayğısını həmişə hiss etmişik.

Ulu öndər Heydər Əliyevin böyük qayğısı və diqqəti nəticəsində o zaman universitetdə neçə-neçə zəruri sahəni əhatə edən fakültələr açıldı. Böyük rəhbərin səyi ilə Azərbaycanda ehtiyac duyulan ixtisaslar üzrə kadrların hazırlanması işi sürətləndi. Uzaqgörən siyasi xadim Rusiyanın və digər ölkələrin ali məktəblərinə tələbələrin göndərilməsini mütəşəkkil təşkil etməklə yanaşı, onların sayını da ilbəil artırdı, gənclərin təhsili, problem və çətinlikləri ilə maraqlandı. Moskvaya gələndə tələbələrlə görüşür, onlara maliyyə köməyi edir, narahat məqamları aradan qaldırır, gənclərin işlə təminatını nəzarətdə saxlayırdı. Bunları deməkdə həm də məqsədim odur ki, biz SSRİ dövründə nədən bəhrələnməsək də, sovet elmindən, təhsilindən bəhrələnmişik. Bu gün Azərbaycanda elmi potensialı özündə formalaşdıran, təhsil islahatlarını uğurla aparan insanların əksəriyyəti məhz ümummilli lider Heydər Əliyev tərəfindən ötən əsrin 70-80-ci illərində SSRİ-nin nüfuzlu ali təhsil ocaqlarına göndərilən, həmin mühiti respublikaya gətirən insanlardır. Dahi rəhbər bu addımı məqsədyönlü şəkildə düşünüb həyata keçirmişdir. Mən onları Heydər Əliyev universitetinin yetirmələri adlandırıram. Həmin tələbələrin hər biri bəlkə də Azərbaycanda təhsil alan 3-4 tələbəyə bərabər idi. Mən fəxr edirəm ki, özüm də o mühitdə formalaşmışam.

Ulu öndər Heydər Əliyev respublikaya ikinci dəfə rəhbərliyi dövründə universitetin 75 və 80 illik yubileylərini də yüksək səviyyədə təşkil etdi. 80 illik yubileydə universitetin 69 alimi mükafatlandırıldı - "Şöhrət" ordeni, əməkdar elm xadimi, əməkdar müəllim adı, "Tərəqqi" medalı ilə təltiflər oldu. Mən əminəm ki, 90 illik yubileydə daha böyük təltiflər olacaq. Çünki 80 illiyə nisbətən uğurlarımız 90 illikdə daha çoxdur.

- Bakı Dövlət Universiteti Avropa təhsil məkanına inteqrasiyanı vacib sayan, Bolonya prosesinə qoşulan nüfuzlu ali təhsil ocağıdır. Tədrisin məzmun və keyfiyyətcə müasirləşdirilməsi prosesində hansı uğur və nöqsanları sadalaya bilərsiniz?

- Bu gün respublikada həyata keçirilən təhsil islahatlarının mühüm istiqamətlərindən biri də Azərbaycanın Bolonya prosesinə, yəni Avropa elm və təhsil məkanına qoşulmasıdır.

Azərbaycan Prezidenti cənab İlham Əliyev bununla əlaqədar xüsusi sərəncam da imzalamışdır. Biz bəzən düşünürük ki, Azərbaycanın maddi-texniki bazası o qədərdir ki, islahat aparsaq, Avropaya çata bilərik. Amma mən bu fikirdə deyiləm. Əlbəttə, ölkə rəhbəri çox düzgün siyasət aparır ki, biz Avropaya inteqrasiya edək. İnteqrasiya isə belədir ki, obrazlı desək, sanki çay axır və çayın bir üzündən digər üzünə keçmək lazımdır. Ona görə də körpü elə bir bucaq altında qurulmalıdır ki, gedərkən nə geri düşəsən, nə də yıxılasan. Yəni təhsil standartları, onun maddi-texniki bazası, kadr potensialı bərabər olanda inteqrasiyadan danışmaq mümkündür. Bunu necə etmək olar? Açıq danışmaq lazımdır, bu gün Azərbaycan birbaşa Avropa deyil. Biz müstəqilliyimizin ilk illərini yaşayırıq. Bəs necə etmək olar ki, körpü düzgün qurulsun və gənclər oradan rahat keçə bilsinlər? Əlbəttə, birinci növbədə Azərbaycanda həmin şəraiti yaratmaq lazımdır. Dövlət başçısının göstərişi ilə ölkə daxilində islahatlar aparılır, təhsildə, elmdə hər il müntəzəm olaraq müxtəlif proqramlar qəbul olunur.

İkincisi, 2007-2015-ci illərdə, yəni 8 il ərzində Azərbaycandan kənara 5 min istedadlı gənc göndəriləcək ki, oranın elmi mühiti respublikaya gətirilsin. Yəni bir tərəfdən özümüzdə islahatlar aparmaq, iqtisadiyyatımızı intellekt kapitalına çevirmək, digər tərəfdən Azərbaycan gənclərinin xaricdə, ən aparıcı ali məktəblərdə, universitetlərdə oxutdurub respublikaya gətirmək lazımdır.

Əgər həmin gənclərin işləməsi üçün maddi-texniki baza zəifdirsə, yeni innovasiyalar, müasir cihazlar yoxdursa, o, biliyini harada tətbiq edəcək? Deməli, üçüncü bir istiqamət də Azərbaycana nouxaotipli elmi avadanlıqların inkişafı üçün investisiyaların cəlb edilməsidir. Yəni xaricdə yeni istehsal olunmuş avadanlığı ölkəyə gətirmək zəruridir. Bax, bu üç istiqamətin birliyi hesabına qarşıya qoyulan məqsədi reallaşdırmaq olar. Deməli, bu gün Azərbaycanda təhsil islahatının metodologiyası bir tərəfdən ölkədə islahatlar aparıb proqramlar qəbul etmək, habelə 5 min tələbəni xaricə göndərib həmin mühiti Azərbaycana gətirmək, digər tərəfdən həmin şəxslərin ölkəyə qayıdandan sonra yeni texnologiyalarla işləməsini təşkil etməkdir. Hazırda Avropada, yaxud Avratlantik məkanda təhsilə, elmə daha çox dəstək verilir, böyük maliyyə vəsaiti ayrılır. Məsələn, elmi inkişaf etdirmək üçün yeddinci çərçivə proqramı var. Həmin çərçivə proqramının vəsaiti təqribən 52 milyard avrodur. Bu, Azərbaycanın büdcəsindən dəfələrlə çoxdur.

Təhsili universitetlərdə inkişaf etdirmək üçün "ERASMUS MUNDOS", "SOCRATES", "TEMPUS" və başqa proqramlar var. Yeri gəlmişkən mən təklif edirəm ki, Azərbaycanda Heydər Əliyev proqramları olsun. Mən dəfələrlə bununla bağlı müraciət etmişəm, akademiyanın iclaslarında da, rəsmi yazılarda da fikrimi bildirmişəm. Qoy dünya bilsin ki, Azərbaycanda elmi, təhsili inkişaf etdirmək üçün Heydər Əliyev proqramı var.

Bir əsas məsələni də xüsusi qeyd edim ki, Bolonya prosesinə qoşularkən biz milli mentaliteti, milli xüsusiyyətləri, təəssübkeşliyi yaddan çıxarmamalıyıq. Sovetlər dövründə bir məkan və ümumi ideologiya var idi. Amma indi biz milli məkandan Avropaya inteqrasiya edərkən milli dəyərləri qorumaqla gəncləri həmin körpüdən keçirməliyik. Bu baxımdan hazırkı mövqeyimiz Avropanın ali təhsil ocaqlarının mövqeyindən 2 dəfə ağırdır. Böyük dövlətlərdə belə xüsusiyyətlərə o qədər də əhəmiyyət verilmir. Məsələn, super dövlətin gənci təkcə ingilis dilini bilirsə, bu kifayət edir, ancaq Azərbaycan gənci birinci növbədə ana dilini bilməlidirsə, rus dilini də mütləq bilməlidir. Çünki yanımızda super dövlət yerləşir. Dünyaya çıxmaq üçün ingilis dilini bilməlidir, lazım olanda alman, ərəb dillərini də öyrənməlidir. İndi görün, üzərimizə nə qədər yük düşür. Bu gənci həmin istiqamətdə hazırlaşdıran müəllimlərin və onların çalışdıqları universitetlərin üzərinə nə qədər məsuliyyət düşür. Ona görə biz bu işə çox düşüncəli şəkildə hazırlaşmalıyıq. Hər tədris standartını hazırlayarkən, Avropa modelini qəbul edərkən milli xüsusiyyətləri, milli irsi qorumaq məqsədilə islahatları elə aparırıq ki, həm bunlar qalsın, həm də inteqrasiya edə bilək.

Bolonya prosesinə qoşulmaq üçün onu dərindən dərk etmək lazımdır. Yəni təhsil standartlarının hazırlanması, müəllimlərin mühazirə mətnlərinin, onların audio-video görüntülərinin kompüterə və internet şəbəkəsinə daxil edilməsi, tyutor (tyutor - tələbələrin akademik maraqlarını qoruyan, onların fərdi planlarının qəbulunu təşkil edən, işçi planları tərtib edən, ixtisaslar üzrə lazım olan bütün metodik materialları hazırlayan akademik məsləhətçi) institutunun yaradılması və digər amillərin hamısı birgə imkan verir ki, körpünün biz tərəfdən asılı hissəsini Bolonya prosesinə, Avropa modelinə uyğun tənzimləyək. Yalnız bu halda gənclər oradan rahat keçə bilərlər. Mən hesab edirəm ki, hər hansı ali məktəbdə tyutor institutu fəaliyyət göstərmirsə, orada Bolonya prosesi həyata keçirilə bilməz. Tyutor institutu Bolonya prosesində hər bir tələbə üçün ayrıca tədris planı müəyyənləşdirməyə imkan verir. Sovet rejimində hər bir ixtisas üçün vahid tədris planı var idi. BDU-da, Pedaqoji Universitetdə, Moskva Universitetində həmin tədris planı rəhbər tutulurdu və ona uyğun dərslər keçirilirdi. Bolonya prosesində isə tələb olunur ki, hər bir tələbənin öz tədris planı ola bilər və özü üçün müəllim seçə bilər. Bunu kim yerinə yetirər? Dekan, dekan müavini həyata keçirə bilməz. Bunun üçün tyutor institutu lazımdır ki, bu mexanizmi düşünsün, həll etsin. Məsələn, bizim riyaziyyat fakültəsində oxuyan tələbə deyir ki, mən ADNA-da dərs deyən professorun mühazirəsinə internet vasitəsilə baxmışam, o, çox yaxşı mühazirə deyir. Mən gedirəm ondan kredit alım, yaxud hansısa xarici universitetin müəllimi ilə məşğul olum. Bu gün bizə təəccüblü gəlir ki, onu ora kim aparacaq, kim buraxacaq. Amma Bolonya prosesi bunu tələb edir. İstəsə lap Fransanın hər hansı ali təhsil ocağının kafedrasında bu arzusunu reallaşdıra bilər. Mobillik bu deməkdir. Bolonya prosesi tələbələrə sərbəstlik verir. Müəllimi tələbə seçir. Tyutor institutu bununla məşğul olmalıdır.

Bizdə tyutor institutu yaradılıb. Artıq 30 nəfər həmin kursları Avropada oxuyub bitirmişdir. Həmin şəxslər gecə-gündüz fakültələrdə çalışırlar.

- Müasir dövrdə elmi mübadilə beynəlxalq səviyyədə əməkdaşlığı zəruri edir. Bu baxımdan BDU-nun beynəlxalq əlaqələri barədə məlumat verməyinizi istərdik.

- Beynəlxalq təhsil sisteminə inteqrasiya etmək üçün biz ilk növbədə universitet daxilində çox böyük islahatlar aparırıq. Çalışırıq ki, təhsil ocağının veb saytında bütün müəllimlər, əməkdaşlar haqqında 3 dildə - Azərbaycan, ingilis və rus dillərində məlumatlar yerləşdirilsin. Təsəvvür edin ki, avqust ayında bizim internet saytına 87 dövlətdən, o cümlədən Ermənistandan 12 min 363 müraciət olunub. Onların 65 faizi yeni müraciətlərdir. Hamı birgə proqram və qrant üzərində alimlərimizlə işləmək istəyir. Çünki orada alimlərimizin hər biri haqqında ayrıca səhifə var: onun oxuduğu mühazirələr, yetişdiyi mühit, tərcümeyi-halı, elmi məktəbi, elmi istiqaməti, jurnallarda dərc olunmuş məqalələri və s. haqqında məlumat var. Əgər xarici alimi hansısa problem maraqlandırırsa, o bizə məktubla təklif edir ki, gəlin əməkdaşlıq edək. Həmin adamın imkanı genişdirsə və proqramı varsa, bizə artıq o proqramlarla müraciət edirlər. Bu baxımdan son aylar ümumilikdə 2 milyon dollara yaxın vəsaitlə bizə müraciətlər olunub və bunun da təqribən yarısından çoxu reallaşıb.

İkinci bir tərəfdən, yubiley ərəfəsində biz BDU-da xüsusi qurum yaratmışıq. Sovet məkanında alimlərimizin əksəriyyəti yalnız Azərbaycan və rus dillərini bilirdilər, ingilis dilinə meyil çox az idi. Bu gün Avratlantik məkana çıxmaq üçün biz alimlərimizin məqalələrini ingilis dilinə tərcümə edirik. Buna görə bizdə xüsusi qurum yaradılıb - BDU elmini dünya müstəvisinə çıxaran qurum. Həmin qurumda hər fakültədən, hər ixtisasdan nümayəndələr var və onlar universitetin xüsusi vəsaiti hesabına yüksək əməkhaqqı alırlar. Qurumun üzvləri sanballı alimin hər hansı məqaləsini ingilis dilinə tərcümə etməyi və dünyanın ən aparıcı jurnalına göndərməyi təklif edir və bu işdə onlara kömək göstərirlər.

Bu yaxınlarda Təhsil Nazirliyinin konfransında yalnız BDU-nun 61 aliminin dünyanın aparıcı jurnallarında məqalələrinin dərc olunduğu xüsusi vurğulandı. Heç bir universitetdə belə göstərici olmayıb. 61 alim Tomson Reyter Agentliyinin Elmi İnformasiya İnstitutu tərəfindən tərtib edilmiş, təsir əmsalı olan jurnallarda çap etdirdikləri elmi məqalələrə görə müntəzəm olaraq mükafatlandırılırlar. "A" kateqoriyalı jurnallardakı hər bir məqalə üçün 200, "B" kateqoriyasına düşən hər bir məqalə üçün 150, "C" kateqoriyasına düşən məqalə üçün 100 manat miqdarında mükafat verilir. Bütün dünyada təbiət və humanitar elmlər üzrə qəbul olunmuş jurnallar var. Həmin jurnallarda dünyanın ən aparıcı alimlərinin məqalələri dərc olunur. Oradakı məqalələrə yüksək səviyyəli elmi rəy verilir. Artıq bu, məqalə deyil, yenilikdir. Elmi məktəbi olmayan alimin isə həmin jurnallarda məqaləsi çıxa bilməz. Bu, 2008-ci ilin hesabatıdır. 2009-cu ildə isə bu rəqəm 100-ü ötəcək.

Yubiley ərəfəsində BDU-da təbiət və humanitar ixtisaslar istiqamətində xüsusi vəsait hesabına 50+50 qrantlar yaratmışıq. Bu qrantın 50-i müəllimlərə aiddir. Bir illik 1 qrant 1000-1500 manat ətrafındadır. 50 qrant da aspirantlar, magistrlər və tələbələr üçündür. Universitet onu öz vəsaiti hesabına ayırır.

Biz həmişə qürur hissi ilə qeyd edirik ki, Azərbaycanda Milli Elmlər Akademiyası fəaliyyət göstərir. Orada böyük alimlər çalışırlar. Ancaq xaricdən gələn qonaqlar, ilk növbədə, elmi məktəblərlə maraqlanırlar. Çünki xaricdə elm universitetlərdədir. Bizdə də, əslində, elm həm akademiyada, həm də universitetdə olmalıdır. Təsəvvür edin ki, Azərbaycanda təqribən 1800 elmlər doktoru var. Bunun 1200-ə yaxını təhsil ocaqlarında çalışır.

- Bildiyimizə görə, BDU-nun nəzdində orta məktəb - lisey də fəaliyyət göstərir. Sabahın gəncliyinin təhsilə, elmə olan marağı Sizi qane edirmi?

- BDU-nun nəzdində gənc istedadlar liseyi yaradılıb. Bu il həmin məktəbin ilk məzunları oldu. Yeri gəlmişkən deyim ki, bizim gənc istedadlar liseyinin məzunlarının hamısı yüksək balla ali məktəblərə daxil oldular. Bir nəfər də olsa kənarda qalmadı.

Hazırda məktəbimizə çox böyük axın var. Hətta 5-ci sinifdən liseyə daxil olmaq üçün bir yerə 23 nəfər ərizə verib. Bizim əsas məqsədimiz ondan ibarətdir ki, uşaqlarımız hələ orta məktəblərdə oxuyarkən professorlarla, dosentlərlə təmasda olsunlar. Onlar həftədə 1-2 dəfə həmin uşaqlarla söhbət edirlər. Tərdis prosesinin əksəriyyəti bəzən universitetin laboratoriyasında keçirilir. Gənclər universitetin idman kompleksindən, kitabxanasından istifadə edirlər. Mən özüm də daxil olmaqla, müəllimlərimiz orada müntəzəm şəkildə dərs deyirik. Əminəm ki, gənc istedadlar liseyinin məzunları nəinki ali məktəbə qəbul olunacaq göstəriciyə malikdirlər, onların hər biri gələcəkdə elmi məktəb yarada biləcəklər. Biz liseyi bu arzu ilə açmışıq. Bura qəbul olunmaq ilk pillədir, amma bizim üçün həlledici pillə deyil. Düzdür, yüksək göstərici var, biz bunu qəbul edirik. Bizim üçün həlledici odur ki, bu gənclərin elmi yolunu gələcəkdə də izləyə bilək.

- Ulu öndərin siyasi kursunu bütün sahələrdə inamla davam etdirən dövlət başçısı İlham Əliyev BDU-nun inkişafı üçün bütün zəruri tədbirləri həyata keçirir. Bu barədə nə demək istərdiniz?

- Azərbaycan Prezidenti son illər iqtisadi nailiyyətləri intellekt kapitalına çevirmək istiqamətində məqsədyönlü strategiya həyata keçirir. Təhsilin, elmin inkişafı istiqamətində mühüm sərəncamlar, dövlət proqramları qəbul edilir. Dövlət büdcəsində elmə, təhsilə ayrılan vəsaitlər ildən-ilə artırılır, yeni məktəblər tikilir, ali məktəblərin maddi-texniki bazası gücləndirilir. Xüsusi vurğulamaq istərdim ki, möhtərəm Prezidentimizin bu sahəyə qayğısı BDU-nun da hərtərəfli inkişafına müsbət təsirini göstərir. Dövlət başçısı mütərəqqi ictimai düşüncənin əsas mərkəzinə çevrilən Bakı Dövlət Universitetinin milli təhsil sistemindəki müstəsna yeri və rolunu, milli kadr hazırlığı prosesindəki əvəzsiz xidmətlərini yüksək qiymətləndirib.

Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci ilin sentyabrında Bakı Dövlət Universitetinin müasir standartlara cavab verən yeni tədris korpusunun açılış mərasimində iştirakı və dərin məzmunlu nitq söyləməsi bu ali təhsil ocağının tarixində əlamətdar hadisələrdən birinə çevrilmiş, yeni dərs ilində çoxsaylı professor-müəllim və tələbə heyətində böyük ruh yüksəkliyi doğurmuşdur. Uzun illərdən bəri tikintisi yarımçıq qalmış bu tədris korpusunun qısa zamanda və müasir tələblər səviyyəsində inşası eyni zamanda universitetin cəmiyyət həyatındakı müstəsna roluna verilən yüksək dəyərin ifadəsidir. Həmin tədris korpusunun inşasına hələ 1991-ci ildə başlansa da, sonradan maliyyə problemləri üzündən burada işlər dayandırılmışdı. Lakin son illərdə açılan yeni fakültələr, kafedralar, elmi-tədqiqat institutları və digər bölmələr, o cümlədən tələbələrin sayının ciddi şəkildə artması yeni korpusun tez bir zamanda istifadəyə verilməsi zərurətini yaratmışdı. Bu zərurət nəzərə alınaraq 2006-cı ildə tədris korpusunda yenidən əsas inşaat işlərinə başlanılmış, həmin il dövlət büdcəsindən 600 min manat, 2007-ci ildə 2,5 milyon manat vəsait ayrılmışdır. 2008-ci il mayın 20-də imzalanmış "Bakı Dövlət Universitetinin yeni tədris korpusunun tikintisi ilə bağlı bəzi tədbirlər haqqında" sərəncamla Bakı Dövlət Universitetinin yeni tədris korpusunun tikintisinə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 4,6 milyon manat vəsaitin ayrılması isə inşaat işlərinin uğurla yekunlaşmasına zəmin yaratmışdır.

Dövlət başçısının 24 aprel 2009-cu il tarixində universitetin 90 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalaması da məhz bu diqqət və qayğının nəticəsidir. Bu, müsəlman Şərqində ilk Avropa tipli ali təhsil ocağı olan BDU-nun milli kadr hazırlığındakı müstəsna yeri və roluna verilən yüksək qiymətdir. Bütün bunların müqabilində BDU da üzərinə düşən məsuliyyəti düzgün dəyərləndirir. 90 illik yubileyini böyük uğurlarla qeyd edən Bakı Dövlət Universiteti təhsil sistemindəki lider statusunu qoruyub saxlamaq əzmindədir!

 

 

İ.ƏLİYEVA

 

Azərbaycan.- 2009.- 11 sentyabr.- S. 4.