Böyük Britaniya və Şimali İrlandiya
Birləşmiş Krallığının milli bayramı
şərəfinə
Sentyabrın 10-da
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş
Krallığının Azərbaycandakı səfirliyi
ölkəsinin milli bayramı - Kraliça ülyahəzrət
II Elizabetin doğum günü münasibətilə rəsmi
qəbul təşkil etmişdir.
Böyük
Britaniyanın Azərbaycandakı səfiri Kerolin Braun ölkələrimiz
arasında əlaqələrin genişlənməsindən məmnunluğunu
bildirərək son vaxtlar əməkdaşlığımızın
inkişafının daha da sürətləndiyini
vurğulamışdır. Diplomat demişdir ki, Azərbaycan hökumətinin əlverişli
investisiya siyasəti britaniyalı sahibkarların diqqətini cəlb
edir, müştərək şirkətlərin sayı
artır, energetika, təhsil, mədəniyyət sahələrində
əlaqələr inkişaf edir. Böyük Britaniya Azərbaycanı
özünün strateji tərəfdaşı sayır.
Yaxın vaxtlardan etibarən
Azərbaycanın dünya bazarına daha böyük enerji
ixrac etməyə başlayacağını diqqətə
çatdıran səfir Britaniya şirkətlərinin
respublikamızın iqtisadiyyatında, xüsusən də neft
və qaz bölməsində uğurla təmsil olunduğunu
demişdir.
Sənaye və energetika
naziri Natiq Əliyev əlamətdar gün münasibətilə
Böyük Britaniya xalqını Prezident İlham Əliyevin
adından təbrik edərək dövlətimizin
başçısının salamlarını və xoş
arzularını çatdırmışdır.
Britaniya şirkətlərinin
Azərbaycan iqtisadiyyatında mühüm rol
oynadığını vurğulayan N.Əliyev onların
ölkəmizin inkişafına böyük töhfələr
verdiyini xatırlatmışdır.
Vurğulanmışdır
ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra
Böyük Britaniya ilə əlaqələrin
inkişafına xüsusi diqqət yetirmiş, ümummilli
liderimiz Heydər Əliyev bir neçə dəfə dost
ölkəyə rəsmi səfər etmiş və dövlətlərimiz
arasında dostluq münasibətlərinin inkişafına
şərait yaradan sənədlər imzalamışdır. Prezident
İlham Əliyev bu ənənəni davam etdirərək
Böyük Britaniya ilə münasibətlərin dərinləşməsinə
xüsusi diqqət yetirir. Azərbaycan Prezidenti İlham Əliyevin
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş
Krallığına cari ilin iyulunda rəsmi səfəri əsası
ulu öndərimiz Heydər Əliyev tərəfindən
qoyulmuş dostluq və sıx əməkdaşlıq
münasibətlərində yeni mərhələ
açmışdır.
Qəbulda Azərbaycan
Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər
şöbəsinin müdiri Əli Həsənov, Milli Məclisin
deputatları, xarici ölkələrin Bakıdakı səfirləri,
beynəlxalq təşkilatların ölkəmizdəki təmsilçiləri,
paytaxt ictimaiyyətinin nümayəndələri iştirak
etmişlər.
Azərbaycan.- 2009.- 11 sentyabr.- S. 2.