Macarıstan Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlıdır

 

Sentyabrın 10-da Milli Məclis Sədrinin birinci müavini, parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Macarıstan Müdafiə Nazirliyinin dövlət katibi Aqneş Vadainin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdü.

Qonaqları salamlayan Ziyafət Əsgərov dedi ki, Azərbaycan dövlət müstəqilliyini qazandıqdan sonra bir çox dövlətlərlə, o cümlədən Macarıstanla ikitərəfli əlaqələr yaratmışdır. Hazırda bu əlaqələr yüksələn xətlə inkişaf etməkdədir. Həm Azərbaycanın, həm də Macarıstanın münasibətləri daha dərinləşdirmək üçün böyük potensialı var. Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstana və Macarıstanın Baş nazirinin Azərbaycana səfərlərini xatırladan Ziyafət Əsgərov bu ərəfələrdə görüşlər zamanı imzalanmış sənədlərin iki ölkə arasında əlaqələrin inkişafına mühüm töhfələr verdiyini dedi. Macarıstanın beynəlxalq qurumlarda hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsinin ölkəmizdə razılıqla qarşılandığı diqqətə çatdırıldı.

Ziyafət Əsgərov Azərbaycan - NATO əlaqələrindən də söz açdı. Bildirdi ki, Azərbaycanın qoşulduğu "Sülh naminə tərəfdaşlıq" proqramı və "Fərdi tərəfdaşlığın Əməliyyat Planı" ordumuzun müasir standartlara uyğun modernləşməsinə mühüm töhfələr verir.

Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqisəsinə toxunan Ziyafət Əsgərov Ermənistanın beynəlxalq hüququn normalarına məhəl qoymadığını və Azərbaycanın 20 faiz torpaqlarını işğal altında saxladığını diqqətə çatdırdı. Beynəlxalq ictimaiyyət isə Ermənistanın bu hərəkətlərini sadəcə seyr edir. Ziyafət Əsgərov NATO Parlament Assambleyasının bu məsələdə qəti mövqe nümayiş etdirməsinin vacibliyini önə çəkdi.

Səmimi görüş üçün təşəkkürünü ifadə edən Aqneş Vadai dedi ki, rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfərində məqsəd ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığa dair müzakirələr aparmaqdır. Onun sözlərinə görə, Macarıstan Azərbaycanla bütün sahələrdə əməkdaşlığın genişlənməsində maraqlıdır. 2007-ci ildə Macarıstan parlamentində Azərbaycanla parlamentlərarası əlaqələrə dair dostluq qrupunun yaradılması, Azərbaycanda Macarıstanın səfirliyinin fəaliyyətə başlaması ikitərəfli münasibətlərə gözəl töhfələrdir.

Macarıstanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və suverenliyinə hörmətlə yanaşdığını deyən Aqneş Vadai ölkəsinin Ermənistanla Azərbaycan arasında aparılan danışıqları diqqətlə izlədiyini və Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə ümidvar olduqlarını dedi.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparıldı.

 

 

Azərbaycan.- 2009.- 11 sentyabr.- S. 2.