Azərbaycan, Qazaxıstan, Rusiya Türkmənistan prezidentlərinin görüşü

 

Sentyabrın 11-də Qazaxıstanın Aktau şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin, Rusiya Prezidenti Dmitri Medvedevin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun görüşü olmuşdur.

Əvvəlcə görüş iştirakçıları xatirə şəkli çəkdirdilər.

Qazaxıstan Prezidenti Nursultan NAZARBAYEV görüşü açaraq dedi:

- Çox təşəkkür edirəm ki, Siz bu gün, cümə günü Qazaxıstanın Xəzər dənizinin yaxınlığında yerləşən daha bir guşəsini sizə qeyri-rəsmi şəraitdə göstərə bilmək, istirahət günlərini burada keçirmək, işlərimiz, ölkələrimiz arasında ticarət barədə söhbət etmək üçün mənim təklifimi qəbul etdiniz. Bu da çox vacibdir ki, Qazaxıstan buradan, Aktau ərazisindən Bakı, Mahaçqala, Türkmənbaşı ilə ticarət edir və biz dövlətlərimizin hamısının rifahı naminə bu işi gücləndirə bilərik. Bu gün biz Xəzər dənizi problemini müzakirə etmirik - təbii ki, bu, başqa mövzudur. Biz həmin mövzunu axırıncı dəfə Tehranda müzakirə etdik, növbəti görüşü Bakıda keçirmək qərara alındı. Ümid edirik ki, yaxın gələcəkdə biz hamımız, Tehran tərəfinin də iştirakı ilə, bir yerə toplaşacaq və hamımız üçün vacib olan bu məsələni müzakirə edəcəyik. Buna görə bu məsələ bizim bugünkü gündəlikdə yoxdur. Bu görüş qeyri-formal görüşdür. Biz burada ikitərəfli, çoxtərəfli məsələləri müzakirə edə və Xəzər sahilində vaxtımızı xoş keçirə bilərik. Sağ olun.

 

***

Sonra Rusiya Federasiyasının Prezidenti Dmitri MEDVEDEV çıxış edərək dedi:

- Hörmətli həmkarlar, mən Sizin hamınızın yanında Nursultan Abişeviçə bizi burada vaxtımızı keçirməyə dəvət etdiyinə görə təşəkkür etmək istərdim. Hər halda, bura mənim üçün tamam təzə yerdir. Mən Aktauya və gedəcəyimiz başqa yerlərə məmnuniyyətlə tamaşa edəcəyəm. Söhbət üçün mövzular isə kifayət qədərdir. İndicə biz Orenburqda ikitərəfli görüş keçirdik. Bizim hamımızın ikitərəfli layihələrimiz vardır. Onları inkişaf etdirmək lazımdır, söhbət üçün mövzu da vardır.

Mən hesab edirəm ki, əlbəttə, Xəzər mövzusu bu məsələyə aidiyyəti olan bütün dövlətlərin iştirakı ilə müzakirə olunmasını tələb edir. Buna görə də təklif edilən ideya - burada müzakirələr aparmaq və sonra Tehran görüşünün qərarına əsasən Bakıda keçiriləcək Sammitə hazırlaşmaq səmərəli ideyadır. Əlbəttə, İlham Heydər oğlu bizi öz Vətəninə qonaq çağıracaqdır. Lakin əsas məsələ, əlbəttə, o vaxta qədər bu və ya digər baza parametrləri barəsində razılığa gəlməkdir.

Bugünkü görüşün gündəliyinə gəldikdə isə, zənnimcə, həqiqətən kifayət qədər məsələ vardır. Bunlar həm ikitərəfli, həm də çoxtərəfli məsələlərdir. Qarşıda BMT-nin Baş Məclisi kimi bir neçə iri beynəlxalq tədbir gözlənilir. Biz həmin tədbirdə bu və ya digər qisimdə iştirak edəcəyik. Baş Məclisdən sonra dünyanın ən iri iqtisadiyyata malik olan 20 ölkəsinin liderlərinin görüşü keçiriləcəkdir. Bu məsələyə dair Rusiyanın mövqeyi, bizim nə təklif etməyə hazırlaşmağımız, hansı mərhələdə olmağımız barədə sizə yoldaşcasına məlumat vermək istərdim. Görünür, iqtisadiyyatlar gərgin vəziyyətdən çıxmağa başlayır. Lakin arxayınlaşmaq hələ tezdir və çox vacibdir ki, dünya birliyi, ən iri iqtisadiyyatlar beynəlxalq maliyyə sistemində islahatlar və onun yenidən qurulması istiqamətində növbəti addımlar atsınlar.

Mən hiss edirəm ki, bu gün heç də hamı buna çalışmır. Bəziləri istəyir ki, bütün bu vəziyyəti olduğu kimi donduraq və deyək ki, hər şey yaxşı idi. Deməli, heç kəsin heç bir təqsiri yoxdur və gələcəkdə daha yaxşı olacaqdır. Əslində isə, heç də belə deyildir. Beynəlxalq maliyyə sisteminin əsaslı şəkildə yenidən qurulmasına bizim hamımızın ehtiyacı var və dünya maliyyə böhranının təsirini ölkələrimiz, ümumiyyətlə, öz üzərlərində hiss edirlər. Hamımızın çətinlikləri vardır. Buna görə də mən məsələyə öz yanaşmalarımızı sizinlə müzakirə etmək və ola bilsin ki, müəyyən ümumi mandata malik olub, iyirmilərin görüşündə bu mövqeyi müdafiə etmək istərdim. Əlbəttə, başqa məsələləri də imkan daxilində müzakirə etmək lazımdır. Sağ olun.

 

***

Türkmənistan Prezidenti Qurbanqulu BERDİMƏHƏMMƏDOV dedi:

- Nursultan Abişeviç, dəvətinizə görə, bu gün gözəl Qazaxıstan torpağında olmağımıza görə sağ olun. Həqiqətən, burada çox düzgün olaraq deyildi ki, Xəzər dənizi məsələlərini beştərəfli formatda, yəni İranın iştirakı ilə nəzərdən keçirmək yaxşı olardı. Onu da düzgün dedilər ki, bizim aramızda həm dövlətdaxili, həm də regional xarakterli çoxlu məsələlər yığılıb qalmışdır. Mənim fikrimcə, bizim görüşümüz prinsip etibarilə əməkdaşlıq məsələlərində çox yaxşı nəticələr verəcəkdir. Sağ olun.

 

***

Daha sonra Azərbaycan Prezidenti İlham ƏLİYEV çıxış edərək dedi:

- Hörmətli Nursultan Abişeviçə bizi qardaş Qazaxıstana dəvət etdiyi üçün təşəkkürümü bildirmək istərdim. Mən Sizin ölkəyə gələrkən, - həm ünsiyyətdə olmaq, həm də yeni şəhərlərlə tanışlıq imkanına görə, - həmişə çox yaxşı hisslər keçirirəm. Biz müxtəlif tədbirlərdə, o cümlədən MDB-nin formal və qeyri-formal sammitlərində tez-tez görüşürük. Buna görə bizim ünsiyyətimiz təbii prosesdir və Sizin təşəbbüsünüzlə keçirilən bugünkü görüş də qarşılıqlı maraq doğuran məsələlərə dair, qeyri-formal şəraitdə, gündəliyi təsdiq edilməmiş, istər çoxtərəfli, istərsə də ikitərəfli formatda, sadəcə, fikir mübadiləsi aparmaq üçün yaxşı imkan yaradacaqdır.

Ölkələrimiz arasında çox yaxşı münasibətlər vardır. Təbii ki, biz Xəzəryanı dövlətlərin Tehranda keçirilmiş axırıncı sammitində qərara alındığı kimi, növbəti sammiti Bakıda keçirməyə hazırlaşırıq. Fəal iş gedir, ekspertlər işləyir və əlbəttə, istərdik ki, biz Bakıda keçiriləcək sammitə konkret qərarlarla gedək, elə edək ki, bu sammit də Tehran sammiti kimi irəliyə doğru böyük bir addım olsun. Tehran sammitinin qərarları çox vacibdir və əminəm ki, həmin qərarların həyata keçirilməsi nəticəsində Xəzər dənizinin delimitasiyası məsələləri dostluq, mehriban qonşuluq zəminində uğurla həll ediləcəkdir. Bu gün ölkələrimiz arasında başqa sahələrdə də mövcud olan məsələləri müzakirə etmək üçün, sadəcə, yaxşı imkan yaranmışdır.

Mən hörmətli həmkarlarımı bir daha salamlamaq və Nursultan Abişeviç, Sizə təşəkkür etmək istərdim ki, Siz, adətən, olduğu kimi ünsiyyət üçün bu cür gözəl şərait yaradırsınız.

 

***

Nursultan NAZARBAYEV təşəkkür edərək dedi:

- Əziz dostlar! İndicə Dmitri Anatolyeviçlə Orenburqdan, ikitərəfli regional görüşdən gəlmişik. Bizim Rusiya ilə, Türkmənistanla, Azərbaycanla çox səmimi, etimada əsaslanan münasibətlərimiz vardır. Bizim aramızda ciddi, böyük problem yoxdur. Yaranan digər problemləri danışıqlar yolu ilə həll edə bilərik və biz hamımız belə də edirik. Bu söhbət, sərbəst fikir mübadiləsi bizim hamımızın xeyrinə, xalqlarımızın xeyrinə olacaqdır! Çox sağ olun ki, buradasınız. Təşəkkür edirəm.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 12 sentyabr.- S. 1.