Azərbaycan ilə Avropa
Şurası arasında
çox gözəl münasibətlər formalaşmışdır
Sentyabrın 11-də
Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov
ölkəmizdə səfərdə olan Avropa Şurası
Yerli və Regional Hakimiyyətlər Konqresinin sədri vəzifəsini
icra edən Yan Mikallefin rəhbərlik etdiyi nümayəndə
heyəti ilə görüşmüşdür.
Qonaqları Azərbaycan
parlamentində salamlamaqdan məmnun olduğunu bildirən Z.Əsgərov,
ölkəmizlə Avropa Şurası arasında çox
gözəl münasibətlərin
formalaşdığını vurğulamış bu səfərin
ikitərəfli əməkdaşlığın daha da
inkişaf etdirilməsinə təkan verəcəyini söyləmişdir.
Azərbaycanın
hakimiyyət orqanlarının, o cümlədən parlamentin
yerli demokratiyanın inkişafına mühüm əhəmiyyət
verdiklərini diqqətə çatdıran Milli Məclis Sədrinin
birinci müavini, cari ilin dekabrında ölkəmizdə
keçiriləcək bələdiyyə seçkilərinin
bu istiqamətdə uğurlu addım olacağını
bildirmişdir.
Milli Məclis Sədrinin
birinci müavini Azərbaycanda bu il martın 18-də
keçirilmiş referendumun nəticələrinə uyğun
olaraq, Konstitusiyaya bir sıra əlavələrin və dəyişikliklərin
edildiyini avropalı qonaqların diqqətinə
çatdırmışdır. Vurğulamışdır ki,
bunlardan biri yerli demokratiyanın inkişafı məsələsi
ilə bağlıdır. Konstitusiyaya edilmiş dəyişikliklərə
əsasən, bundan sonra bələdiyyələr ölkənin
qanunverici orqanı olan Milli Məclis qarşısında
hesabat verəcəklər. Eyni zamanda, referendumun nəticələrinə
uyğun olaraq, ölkədə bələdiyyələrin
birləşdirilməsi prosesi gedir. Biz hesab edirik ki, kiçik
bələdiyyələrin böyük yerli
özünüidarəetmə orqanlarına birləşdirilməsi
ölkədə yerli demokratiyanın daha da inkişafına təkan
verəcəkdir.
Ziyafət Əsgərov
demişdir ki, Azərbaycan Avropa Şurasına üzv qəbul
olunarkən bu nüfuzlu beynəlxalq qurum qarşısında
götürdüyü öhdəliklərin böyük əksəriyyətini
artıq yerinə yetirmişdir. Qalan bəzi öhdəliklərin
reallaşdırılması istiqamətində fəal iş
aparıldığını deyən Z.Əsgərov buna bariz
nümunə kimi "Alvernativ xidmət haqqında" qanun
layihəsini göstərmişdir. Bildirmişdir ki, artıq
bu qanun layihəsinə bir sıra əlaqədar yerli orqanlar
müsbət rəy vermişlər və yaxın vaxtlarda sənəd
münasibət bildirmək üçün Avropa
Şurasının Venesiya Komissiyasına göndəriləcəkdir.
Milli Məclis Sədrinin
birinci müavini Azərbaycanın qarşıdakı parlament
seçkilərində Avropa Şurası Yerli və Regional
Hakimiyyətlər Konqresinin tövsiyələrini yerinə
yetirməyə hazır olduğunu vurğulamışdır.
Nümayəndə heyətinin
rəhbəri Yan Mikallef səmimi görüşə görə
minnətdarlığını bildirərək təmsil
etdiyi qurumun Azərbaycanda yerli demokratiyanın inkişafı
istiqamətində atılan addımları yüksək qiymətləndirdiyini
söyləmişdir. Qonaq Avropa Şurası Yerli və
Regional Hakimiyyətlər Konqresinin Azərbaycanda bu ilin sonunda
keçiriləcək bələdiyyə seçkilərini
izləmək niyyətində olduğunu diqqətə
çatdırmışdır. Vurğulamışdır ki, əgər
Azərbaycanın hakimiyyət orqanlarının müsbət
rəyi olsa, təmsil etdiyi qurum seçkiqabağı proseslərdə
iştirak etməyə də hazırdır.
Görüşdə Azərbaycan
ilə Avropa Şurası arasında əməkdaşlığın
inkişaf perspektivləri, eləcə də
qarşılıqlı maraq doğuran digər aktual məsələlər
ətrafında geniş fikir mübadiləsi
aparılmışdır.
***
Avropa Şurası Yerli
və Regional Hakimiyyətlər Konqresinin sədri vəzifəsini
icra edən Yan Mikallefin rəhbərlik etdiyi nümayəndə
heyəti həmin gün Milli Məclisin Beynəlxalq
münasibətlər və parlamentlərarası əlaqələr
komitəsinin sədrı Səməd Seyidov ilə də
görüşmüşdür.
AzərTAc
Azərbaycan.- 2009.- 11 sentyabr.- S. 2.