Ölkəmizdə səfərdə
olan Avropa Şurası Yerli və Regional Hakimiyyətlər
Konqresinin sədri vəzifəsini icra edən Yan Mikallef
sentyabrın 11-də Ədliyyə Nazirliyində olmuşdur.
Ədliyyə Nazirliyinin
mətbuat xidmətindən bildirmişlər ki, Azərbaycanın
yerli özünüidarəetmə sahəsində Avropa
Şurası ilə səmərəli əməkdaşlığını
qeyd edən nazir müavini Vilayət Zahirov respublikamızda gedən
geniş demokratik dəyişikliklərdən, bələdiyyələrin
fəaliyyətinin yaxşılaşdırılması, milli
qanunvericiliyin təkmilləşdirilməsi üzrə həyata
keçirilən məqsədyönlü tədbirlərdən
danışmış, bu sahədə Konqresin fəal
iştirakını və dəstəyini
vurğulamış, bu ilin martında ölkə
Konstitusiyasına edilmiş mütərəqqi dəyişikliklərin
yerli demokratiyanın daha da möhkəmləndirilməsi
baxımından əhəmiyyətini diqqətə
çatdırmışdır.
Eyni zamanda, yerli
demokratiyanın möhkəmlənməsi, əks-mərkəzləşmənin
dərinləşməsi strategiyasının həyata
keçirilməsində "2008-2015-ci illlərdə Azərbaycan
Respublikasında yoxsulluğun azaldılması və
davamlı inkişaf Dövlət Proqramı" ilə
bağlı ölkə başçısının sərəncamından
irəli gələn vəzifələrin mühüm önəm
kəsb etdiyi bildirilmiş, bələdiyyələrin səlahiyyətlərinin
genişləndirilməsi, bələdiyyələrin birləşmə
imkanlarının asanlaşdırılması, bələdiyyə
torpaqlarının yalnız hərrac və ya müsabiqə
yolu ilə mülkiyyətə və icarəyə verilməsi
üzrə və digər tədbirlərin yerli
özünüidarənin inkişafına kömək edəcəyi
qeyd olunmuşdur.
Avropa Şurası Yerli və
Regional Hakimiyyətlər Konqresi ilə əməkdaşlığın
inkişafında ölkəmizin güclü siyasi iradə
nümayiş etdirdiyini vurğulayan qonaq Azərbaycanda gedən
davamlı iqtisadi tərəqqinin şahidi olduğunu
bildirmiş, yerli demokratiyanın təzahürü olan bələdiyyələrin
inkişafı sahəsində görülən işləri
müsbət qiymətləndirmişdir. Y.Mikallef şəhər,
kənd və qəsəbə bələdiyyələrinin
milli assosiasiyalarının rolunun gücləndirilməsi
üzrə həyata keçirilən tədbirləri təqdir
edərək, bu ilin dekabrında Kopenhagendə keçiriləcək
İqlim Dəyişmələri üzrə Tərəflər
Konfransında ölkəmizin fəal iştirak edəcəyinə
ümidvar olduğunu, habelə Konqresin Azərbaycanda
demokratiyanın inkişafında növbəti addım olacaq bələdiyyə
seçkilərində iştirakı ilə bağlı
arzusunu bildirmişdir.
Görüşdə
qarşılıqlı münasibətlərin bundan sonra daha
da genişlənəcəyinə əminlik ifadə
edilmiş, Konqresdə Azərbaycanın milli nümayəndə
heyətinin fəaliyyəti, habelə bələdiyyələrin
fəaliyyətinə inzibati nəzarətin həyata
keçirilməsi üzrə işlər müzakirə
olunmuş, qarşılıqlı maraq doğuran məsələlər
ətrafında faydalı fikir mübadiləsi
aparılmışdır.
Elə həmin gün
Yan Mikallef nazirliyin Bələdiyyələrlə İş Mərkəzində
Avropa Şurası Yerli və Regional Hakimiyyətlər
Konqresində Azərbaycanın milli nümayəndə heyəti
ilə görüşmüşdür.
AzərTAc
Azərbaycan.- 2009.-12
sentyabr.- S.2.