Milli Televiziya Radio Şurasında milli mənəvi dəyərlərin qorunması mövzusunda seminar

 

Sentyabrın 11-də Milli Televiziya və Radio Şurasında (MTRŞ) "Milli mənəvi dəyərlərin qorunmasında və inkişaf etdirilməsində elektron medianın rolu" mövzusunda seminar keçirilmişdir.

"Elektron Mediaya Yardım Fondu"nun nümayəndəsi bildirmişdir ki, MTRŞ ilə birgə təşkil olunmuş tədbir Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən layihənin davamıdır. Layihənin məqsədi milli mənəvi dəyərlərin qorunması üçün telekanallarda yeni layihələrin hazırlanmasına kömək göstərməkdir.

Layihə çərçivəsində Azərbaycan teleməkanında milli mənəvi dəyərlərin qorunması ilə bağlı aparılmış araşdırmaların nəticəsi olaraq eyni adlı məqalələr toplusunun nəşr olunduğu diqqətə çatdırılmışdır.

Seminarda çıxış edən MTRŞ-nin sədri Nuşirəvan Məhərrəmov mövzunun aktuallığını vurğulamış, bildirmişdir ki, milli mənəvi dəyərlərin qorunub saxlanılması, gələcək nəsillərə çatdırılması müasir dünyanın xüsusi aktuallıq kəsb edən məsələlərindəndir. Böyük sürətlə baş verən qloballaşma, dünya ölkələrinin hərtərfli inteqrasiyası, təhsilin, dilin dünyəviləşməsi, informasiya texnologiyaları və digər obyektiv proseslər ayrıca götürülmüş bir xalqın milli mənəvi dəyərlərini başqa xalqların dəyərləri ilə qarşı-qarşıya qoyur. Hər bir xalq bu proseslərdən bəhrələnməyə, mütərəqqi bildiyini, inkişafa uyğun gələni qəbul etməyə, yad və zərərli olanları kənarlaşdırmağa, özünün tarixən yaratmış olduğu milli mənəvi-əxlaqi dəyərləri qoruyub saxlamağa və inkişaf etdirməyə çalışmalıdır. Bu çox məsuliyyətli işdə medianın, xüsusilə də elektron medianın üzərinə böyük vəzifələr düşür.

N.Məhərrəmov qeyd etmişdir ki, cəmiyyətin bütün sahələrinə təsiretmə imkanlarını getdikcə artıran milli televiziya və radio bu proseslərdə mənəvi-əxlaqi meşşanlığa, düşgünlüyə, milli yadlaşmaya qarşı mübarizədə öz potensialını ortaya qoymalıdır.

Seminarda "Azərbaycan Televiziyası və Radio Verilişləri" QSC, "İctimai", "ANS", "Space", "Lider", "ATV" və "Xəzər" televiziya kanallarının nümayəndələri çıxış edərək milli mənəvi dəyərlərin qorunması və inkişaf etdirilməsi ilə bağlı görülmüş işlər barədə məlumat vermişlər. Qeyd olunmuşdur ki, qədim mədəniyyətə malik xalqımızın yüksək mənəvi dəyərlərinin kökü, keçdiyi inkişaf yolu, bəşəri dəyərlər xəzinəsinə verdiyi töhfələr haqqında silsilə verilişlər hazırlanmalıdır.

Tədbirdə iştirakçılar tərəfindən mövzunun aktuallığı bir daha vurğulanmış, məsələ ilə bağlı konkret təkliflər səslənmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 12 sentyabr.- S. 2.