Naxçıvan Muxtar Respublikası
Ali Məclisində müşavirə
Naxçıvan Muxtar
Respublikası Ali Məclisində 2009-2010-cu tədris ilində
ali məktəblərə qəbulun yekunu, təhsilin vəziyyəti
və qarşıda duran vəzifələrlə əlaqədar
müşavirə keçirilmişdir.
Naxçıvan Muxtar
Respublikasının təhsil naziri Piri Nağıyev muxtar
respublikanın təhsil sistemində aparılan islahatlardan, həyata
keçirilən quruculuq işlərindən
danışmış, ali məktəblərə qəbulun
yekunu barədə məlumat vermişdir.
Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin sədri Vasif Talıbov
müşavirədə çıxış edərək
demişdir: Verilən məlumatlar göstərir ki, təhsilin
səviyyəsi ildən-ilə artır, inkişaf vardır. Qəbul
imtahanlarında yüksək nəticə göstərən tələbələrin
sayı ildən-ilə artmaqdadır. Bu onunla əlaqədardır
ki, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən
qoyulan təhsil islahatını Prezident İlham Əliyev
uğurla davam etdirir. İndi dünyanın əksər
ölkələrindən fərqli olaraq Azərbaycanda təhsil
pulsuzdur. Məktəblər dövlət tərəfindən
tikilir, dərsliklərlə, bədii ədəbiyyatlarla,
kompüterlərlə təmin olunur, internetə qoşulur. Fərqlənən
müəllimlərin əməyi, məktəblərin fəaliyyəti
qiymətləndirilir.
Əgər keçən
il 15 orta məktəbin məzunlarından ali məktəblərə
qəbul olunmamışdısa, bu il onların sayı 10-a
enmişdir.
Müşavirədə
ümumtəhsil məktəblərinin kompüter
texnologiyaları ilə təminatı da müzakirə
olunmuş, təhsil ocaqlarında kompüterlə
yanaşı, elektron lövhələrin qurulması
mühüm vəzifələrdən biri kimi irəli
sürülmüşdür. Qeyd olunmuşdur ki, Azərbaycan
Respublikası Prezidentinin 2004-cü il 21 avqust tarixli sərəncamı
ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında
ümumtəhsil məktəblərinin informasiya və
kommunikasiya texnologiyaları ilə təminatı Dövlət
Proqramının icrası ilə əlaqədar muxtar
respublikanın ümumtəhsil məktəblərində
oxuyan hər 23 şagird 1 kompüter dəsti ilə təmin
edilmişdir. Ümumilikdə muxtar respublikanın ümumtəhsil
məktəblərinə 2335 kompüter dəsti verilmişdir
ki, bunların 1179-u və ya 50,5 faizi internetə
qoşulmuşdur. Muxtar respublikanın ümumtəhsil məktəblərində
kompüterləşdirmə davam etdirilməli, hər 18
şagird 1 kompüterlə təmin olunmalıdır.
Ali Məclisin sədri
Vasif Talıbov müşavirəyə yekun vuraraq demişdir
ki, bizim gələcəyimiz bu gün yetişdirilən gənc
nəsildən asılı olacaqdır. Biz savadlı kadr,
yaxşı mütəxəssis, sənət, peşə sahəsi
yetişdirmək istəyiriksə yaxşı təhsil verməli,
öyrətməliyik. Təhsilin səviyyəsinin, bu sahədə
nizam-intizamın yüksəldilməsi hər birimizin gündəlik
fəaliyyətində əsas yer tutmalıdır.
AzərTAc
Azərbaycan.- 2009.- 12 sentyabr.- S. 3.