Mədəniyyət turizm naziri mətbuat konfransı keçirmişdir

 

I Bakı Beynəlxalq kitab sərgi-yarmarkası çərçivəsində keçirilən tədbirdə nazir demişdir ki, Azərbaycan hökuməti xalqımızın tarixi irsinin qorunmasına, mənəvi sərvətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasına böyük diqqət yetirir. Nazir Prezident İlham Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" sərəncamına əsasən, nəşr edilmiş kitabların bugünkü və gələcək nəslə böyük töhfə olduğunu bildirmişdir.

Tədbirdə nazirliyin dəstəyi ilə üç dildə nəşr olunmuş "Azərbaycan qayaüstü incəsənəti" kitabının təqdimatı keçirilmişdir. Şair-publisist Çingiz Əlioğlu, tarix elmləri doktoru Qüdrət İsmayılzadə və digər natiqlər bildirmişlər ki, əsərdə işlənmə texnikasına və üslub xüsusiyyətlərinə görə petroqliflərin mədəni-tarixi təsnifatı verilmişdir. Kitabda verilmiş materiallar əsasında müəllif Azərbaycan qayaüstü incəsənətinin erkən yaranma formaları haqqında özünün orijinal konsepsiyasını qurmuşdur. Kitabın ən qədim dövrlərdə ölkəmizin coğrafi mühitinə həsr olunmuş xüsusi fəslində üst poliolit dövrünün əsas ov obyekti olan və qədim rəssamların yaradıcılığında əksini tapmış heyvanların rəsmləri verilmişdir.

Qeyd edilmişdir ki, kitabda, əsasən, Qobustanın qayaüstü rəsmləri, Naxçıvan ərazisində "Gəmiqaya" və Ordubad ərazisində - Tivi kəndi yaxınlığında Nəbiyurd, Qızgəlinçuxur yaylaqlarında aşkar olunmuş petroqliflər, Gəncəçay, Xanlar, Xəzəryanı rayonlar və s. ərazilərdə tapılmış qayaüstü rəsmlər nəşr olunmuşdur.

Kitabın elmi redaktoru AMEA-nın müxbir üzvü V.Əliyev, rəyçilər tarix elmləri doktoru, professor Q.İsmayılzadə və tarix elmləri namizədi N.Müseyibli, foto və illüstrasiyaların müəllifi Məlahət Fərəcovadır.

"Azpoliqraf" nəşriyyatında nəfis tərtibatla 120-dən çox rəngli qayaüstü rəsmin toplandığı kitab 384 səhifədən ibarətdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 12 sentyabr.- S. 3.