Azərbaycan bayrağı Yerevanda üç dəfə dalğalandı

 

Xəbər verildiyi kimi, dünən Ermənistan paytaxtında gənclər arasında cüdo üzrə Avropa çempionatı start götürmüşdür. Bu yarışlarda ölkəmizi beş idmançı - İlqar Müşkiyev (55 kq), Rasim Əsədullayev (60 kq), Fəqan Eminoğlu (66 kq), Ramin Qurbanov (81 kq) və Elmar Qasımov (100 kq) təmsil edirlər.

Avropa birinciliyinin ilk günü Azərbaycan cüdoçuları bir gümüş və iki bürünc medala sahib olmuşlar və medalların təqdimetmə mərasimində ölkəmizin bayrağı üç dəfə dalğalanmışdır.

Yığmamızın heyətində hələ ki, ən yüksək göstərici İlqar Müşkiyevə (55 kq) məxsusdur. O, ardıcıl olaraq ispaniyalı Viktor Qarsiya, fransalı Maksim Dyufo və rumıniyalı Kosmin Lazareana qalib gəlmiş, yalnız finalda rusiyalı Viktor Açkinadzeyə uduzaraq gümüş medal qazanmışdır.

Daha bir medalı Rasim Əsədullayev əldə etmişdir. 1/8 final mərhələsindən yarışa qoşulan Rasim ukraynalı Artyom Xarçenko, kiprli Andreas Krassasa qalib gəlsə də, yarımfinalda fransalı Floren Uraniyə uduzmuşdur.

Mübarizəni təsəlliverici görüşlərlə davam etdirən idmançımız bu mərhələdə italiyalı Amedeo Assorsi üzərində qələbə qazanaraq üçüncü yeri tutmuşdur.

Fəqan Eminoğlu isə Evert Roopson (Estoniya), Sedrik Bessi (Monako), Jolt Qorjanatsdan (Macarıstan) üstün olmuşdur. O, yarımfinalda ukraynalı Artyom Bulıqaya uduzsa da, üçüncü yer uğrunda görüşdə Ares Xerreronu (İspaniya) məğlub edərək bürünc medala sahib olmuşdur.

Bu gün yığmamızın digər üzvü Ramin Qurbanov, sabah isə Elmar Qasımov Avropa çempionatında medallar uğrunda mübarizə aparacaqlar.

 

 

Azərbaycan.- 2009.- 12 sentyabr.- S. 3.