"365 gündə sevimli peyğəmbərim" kitabı balaca oxuculara ən gözəl hədiyyədir

 

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Muzey Mərkəzində keçirilən Birinci Bakı Beynəlxalq kitab sərgi-yarmarkası çərçivəsində Regionların İnkişafı İctimai Birliyinin xüsusi layihəsi əsasında çap olunmuş "365 gündə sevimli peyğəmbərim" kitabının təqdimat mərasimi keçirilmişdir.

Birliyin sədri Seymur Quliyev demişdir ki, son illərdə təmsil etdiyi qurum tərəfindən Azərbaycan mədəniyyətinin, incəsənətinin təbliği, tarixi həqiqətlərin araşdırılması istiqamətində çoxlu sayda işlər görülmüş, yeni kitablar çap edilmişdir. Qurumun vəsaiti ilə buraxılan çap məhsulları bir çox beynəlxalq sərgilərdə ölkəmizi layiqincə təmsil etmiş və mükafatlar qazanmışdır.

Bildirilmişdir ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2009-cu ilin "Uşaq ili" elan olunması münasibətilə "Çaşıoğlu" nəşriyyatında çapdan çıxan "365 gündə sevimli peyğəmbərim" kitabı balaca oxuculara pulsuz paylanacaqdır. Nurdan Damlanın müəllifi olduğu bu kitab "Timaş Yayımları" şirkəti tərəfindən ötən il İstanbulda nəşr edilmişdir. Anadolu türkcəsindən Azərbaycan türkcəsinə uyğunlaşdırılan 465 səhifəlik bu kitabda sevimli peyğəmbərimizin həyatından seçilmiş 365 xatirə yer almışdır. Hekayə üslubu ilə yazılmış mövzularda xronoloji ardıcıllığa riayət olunmuşdur.

Ön sözün müəlliflərindən akademik Vasim Məmmədəliyev bildirmişdir ki, peyğəmbərimizin həyat tərzinə, davranışına, insanlarla münasibətinə və ünsiyyətinə dair uşaqların şüur səviyyələrinə uyğun ədəbiyyatın az olduğu bir zamanda belə bir kitabın çap edilməsi olduqca böyük əhəmiyyət kəsb edir. "365 gündə sevimli peyğəmbərim" əsərinin əhatə etdiyi mövzular sadələşdirilmiş, uşaqların psixologiyasına uyğun olaraq müxtəlif rəsmlərlə zənginləşdirilmişdir. Bu isə bəhs olunan mövzuların daha yaxşı qavranılmasına kömək edəcəkdir.

Sonda kitab bütün iştirakçılara pulsuz olaraq hədiyyə edilmişdir.

 

 

Azərbaycan.- 2009.- 12  sentyabr.- S. 3.